Regionlarda
yeni sosial infrastruktur layihələrinin icrası uğurla davam
etdirilir
Dövlət
proqramlarında nəzərdə tutulan layihələrin
ardıcıllıqla icra edilməsi vətəndaşların
sosial rifahının yüksəlməsinə xidmət
göstərir
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən davamlı inkişaf
strategiyası, ilk növbədə, sosial məzmunu ilə fərqlənir. Düşünülmüş
səmərəli siyasət sayəsində ölkənin
iqtisadi potensialının artması, maliyyə
imkanlarının genişlənməsi sosialyönümlü
layihələrin və proqramların həyata keçirilməsinə,
eləcə də infrastrukturların yenilənməsinə
geniş imkanlar açıb. Ölkəmizin
ümumi sosial-iqtisadi inkişafını şərtləndirən
əsas amillər sırasında mütləq şəkildə
regionların inkişafını nəzərdə tutan konkret
bu proqram və layihələrin rolu əvəzsizdir. Hazırda Azərbaycanın bütün
rayonlarında böyük infrastruktur layihələri həyata
keçirilir. İqtisadiyyatın yeni
sektorlarına fəal qaydada sərmayə yatırılır.
Regionların sosial-iqtisadi inkişafını özündə
ehtiva edən birinci və ikinci Dövlət proqramlarında nəzərdə
tutulan tədbirlərin həyata keçirilməsi, xüsusilə
də rayonlardakı mövcud sosial infrastrukturun və kommunal
xidmət sektorlarının tam yenidən qurulması artıq
qarşıdakı illər üçün başqa hədəflər
üzrə tədbirlərə yol açıb, sürətlə
inkişaf edən Azərbaycanın qarşısında yeni
proqressiv meyillərə uyğun sosial-iqtisadi vəzifələr
yaradıb. Yəni regionlarda elektrik enerjisi, qaz,
su, kanalizasiya, yol və digər sosial infrastrukturların
yaradılması başa çatdırıldıqdan sonra əsas
məqsədlər birbaşa rayonların iqtisadi
potensialının səfərbər edilərək tam hərəkətə
gətirilməsinə yönəldilib. Yaxın
gələcəkdə orta gəlirli dövlətlər
statusuna malik ölkə kimi Azərbaycanda inkişaf meyillərinin
tələblərinə uyğun layihələrin icrası da
zərurətə çevrilib. 2014-2018-ci
illərə dair növbəti regional inkişaf
proqramının uğurla icra olunması bu reallığı
təsdiqləyir.
Beləliklə, məhz sadalananların fonunda bu gün
bölgələrimizdə yeni infrastruktur və sosial təyinatlı
obyektlərin inşası layihələrinin həyata
keçirilməsi prosesi davam etdirilir. Məsələn, cəbhə
bölgəsində yerləşən Ağdam rayonunun
Quzanlı qəsəbəsində inşa edilən Heydər
Əliyev Mərkəzində son tamamlama işləri
aparılır. Mərkəzdə akt və iclas
zalları, kompüter, xarici dil kursları, elektron kitabxana, rəsm,
heykəltəraşlıq və xalçaçılıq
qalereyası, inzibati otaqlar, Ulu öndər Heydər
Əliyevin həyat və fəaliyyətini əks etdirən
eksponatlardan ibarət muzey fəaliyyət göstərəcək.
Bundan başqa, mərkəzdə gənclərin
asudə vaxtlarının səmərəli təşkili
üçün 3D formatında kinoteatrın
quraşdırılması da nəzərdə tutulub.
Şəkinin
ən ucqar yaşayış məntəqəsi olan, rayon mərkəzindən
90 kilometr aralıda yerləşən Qaratorpaq kəndində
isə Təhsil Nazirliyi tərəfindən tam orta məktəb
üçün inşa edilən yeni məktəb binası
istifadəyə verilib. Vurğulamaq
lazımdır ki, son illər Şəkidə 26 yeni məktəb
binası tikilib və ya əsaslı təmir olunub. O
cümlədən, cari ildə rayonda 4 yeni məktəb
binası qapılarını şagirdlərin üzünə
açıb. Qaratorpaq kəndində istifadəyə
verilən məktəb 132 şagird üçün nəzərdə
tutulub. İkimərtəbəli məktəb
binasında 11 sinif otağı, həmçinin 2 laboratoriya,
kompüter otağı, kitabxana, bufet, akt və idman zalı fəaliyyət
göstərir. Məktəb binası maye
yanacaqla işləyən müasir istilik sistemi ilə təchiz
olunub. 97 şagirdin təhsil
aldığı məktəbdə 22 müəllim
çalışır.
Xaçmaz rayonunda isə Respublika Baş Dövlət
Yol Polisi İdarəsinin “Siqnal”
İxtisaslaşdırılmış Layihə İstehsalat
İdarəsi tərəfindən müasir
işıqforların quraşdırılmasına
başlanılıb. Dörd metr hündürlüyündə olan 20 ədəd
müasir işıqfor şəhərin Heydər Əliyev
prospektində, Hacı Zeynalabdin Tağıyev, Məhəmməd
Əmin Rəsulzadə və Nəriman Nərimanov
küçələrində, eləcə də Xudat şəhərində
quraşdırılıb.
Yüngül konstruksiyalı bu qurğular
hündürlüyü və ölçülərinə
görə mövcud işıqforlardan daha böyük
olduğundan sürücülərin diqqətini tez cəlb
edir. Önündə iritutumlu nəqliyyat vasitəsi dursa
belə, digər avtomobillərin sürücülərinin
işıqforu görməsi məhdudlaşmır. İşıqforların quraşdırılması
ilə yanaşı, yeni salınan küçə və
prospektlərdə yol nişanları da qoyulur. Həmçinin yararsız nişanlar yeniləri ilə
əvəzlənir.
Qeyd edək ki, Xaçmaz rayonunda işlər başa
çatdıqdan sonra Şabran rayonunda yeni işıqfor və
yol nişanlarının quraşdırılmasına
başlanılacaq.
Bölgələrdə təmir, abadlıq işləri
də geniş vüsət alıb. Belə ki, Ağstafa şəhərində
çoxmənzilli yaşayış binalarının dam örtüklərinin
dəyişdirilməsi, blok girişlərinin
və pilləkənlərin təmiri, qapı və pəncərələrin
dəyişdirilməsi işləri davam etdirilir.
Hazırda Ağstafa şəhəri R.Alıcanov
küçəsi 1 və 2 ünvanında yerləşən
16 mənzilli iki binanın dam örtükləri tamamilə
yenidən qurulur. Binaların dam örtüyü təzələnib,
müasir örtüklər vurulub, yağış
sularının axıdılması üçün boru xətləri
quraşdırılıb.
Ağstafa şəhərinin Eyvaz Qələmçəli
və Nüsrət Kəsəmənli küçələrində
aparılan yenidənqurma işləri də sürətlə
davam etdirilir.
Sumqayıtda da abadlıq işləri sürətlə
və yeni məzmunda davam etdirilir. Şəhərin 9-cu
mikrorayonu ərazisində uzun illərdən bəri
yarımçıq qalan tikilinin sökülməsi, ərazinin
abadlaşdırılaraq yerində bağça və musiqi məktəbinin
inşa olunması nəzərdə tutulur.
Şəhərin 1-ci, 3-cü, 6-cı, 9-cu, 17-ci və
18-ci mikrorayonlarında, 47-ci, 48-ci məhəllələrində
daxili yolların, bağlar massivinə gedən yolun
asfaltlanması təmin olunub. Heydər Əliyev, Azərbaycan
prospektləri və 20 Yanvar küçəsi boyunca
yaşayış binalarının fasadları aqlay daşla
üzlənib. Şəhərin əsas
girişində - Sülh küçəsinin
başlanğıcında yolun genişləndirilməsinə,
Çerkassı küçəsinin təmirinə və dənizkənarı
ərazidə yenidənqurma işlərinə, Heydər
Əliyev Mərkəzinin yeni binasının inşasına
başlanılıb.
Həmçinin şəhərdə 48 uşaq
bağçasının dam örtüyünün və
istilik sisteminin əsaslı təmir olunması, 17-ci və
18-ci mikrorayonlarda yaşayış binalarının dam
örtüyünün dəyişdirilməsi, zirzəmilərdə
əsaslı təmir işləri aparılır.
Məlum olduğu kimi, qlobal maliyyə
böhranının davam etməsi bir sıra ölkələri
ağır iqtisadi çətinliklərə salıb. Azərbaycan
isə Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi
strategiyanın Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilməsi və iqtisadiyyatın məqsədyönlü
şaxələndirilməsi sayəsində nəinki bu
çətinliklərdən yan keçməyə müvəffəq
olub, eyni zamanda, neft gəlirlərindən məharətlə
bəhrələnərək iqtisadiyyatın digər sahələrini
inkişaf etdirib. Hazırda ölkə
üzrə ümumi daxili məhsulun daha çox hissəsi -
70 faizi məhz qeyri-neft sektorunda yaranır. Proqnozlara əsasən, gələcəkdə bu
göstərici daha da artacaq.
Qeyri-neft sektorunun maliyyə təminatının gücləndirilməsi
bu sahənin inkişafına güclü təkan verir. Qeyd edək
ki, son 12 ildə Azərbaycan iqtisadiyyatına 180 milyard dollardan
artıq investisiyalar yönəldilib. Ölkəmizin
sərmayə qoyuluşu baxımından cəlbedici məkana
çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən
düşünülmüş siyasətlə
bağlıdır. Belə ki, ölkədəki
möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata
keçirilən iqtisadi islahatlar, zəngin qanunvericilik
bazası, investisiyaların qorunmasına və təşviq
edilməsinə dövlətin nümayiş etdirdiyi
güclü siyasi iradə, yaradılan əlverişli biznes
mühiti Azərbaycanı investisiya qoyuluşu
baxımından cəlbedici ölkəyə çevirib.
Həyata keçirilən bütün bu və
digər tədbirlər nəticəsində respublikada iqtisadi
fəallıq artıb, ölkəmizdə yerli və xarici
kapital əsasında qurulan çoxlu sayda yeni müəssisələr
yaradılıb. Respublikamızda sərmayə
qoyuluşunda prioritet istiqamətlər kimi neft sektorundan kənar
sahələr - ağır sənaye, alternativ enerji,
informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı,
qida-emal sənayesi, logistika və daşıma, turizm kimi sahələr
əsas götürülür.
Təsadüfi
deyil ki, Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan
iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə
görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq
MDB məkanında 7 ildir lider mövqeyini qoruyur, “G20”yə
üzv olan 8 ölkəni qabaqlayıb, “Makroiqtisadi vəziyyət”
göstəricisi üzrə 10-cu yeri tutub, biznesin təkmilləşdirilməsi,
əmtəə bazarının səmərəliliyi, daxili
bazarın həcmi, infrastruktur göstəriciləri üzrə
əhəmiyyətli irəliləyişlərə nail olub. Avqust ayında “Fitch” beynəlxalq reytinq agentliyi
ölkəmizin reytinqini investisiya səviyyəsində bir daha
təsdiq edərək, proqnozu “sabit” saxlayıb. Həmçinin
Beynəlxalq Valyuta Fondu Azərbaycanın 2015-ci il
üçün iqtisadi artım proqnozunu 4 faizədək
yüksəldib.
Bir sözlə, qeyri-neft sektorunun inkişafının dəstəklənməsi,
iqtisadiyyatın prioritet sahələrinə maliyyə dəstəyinin
daha da gücləndirilməsi siyasəti regionların
sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə
edən sayca üçüncü Dövlət
Proqramının icrasının birinci ilində də davam
etdirilib. Prezident İlham Əliyev 2014-cü ildə bölgələrə
23 səfəri çərçivəsində 120-yə qədər
müxtəlif təyinatlı infrastruktur obyektinin, çoxlu
sayda yeni müəssisələrin açılış və
təməlqoyma mərasimlərində iştirak edib və dəyərli
tövsiyələrini verib. Ümumiyyətlə, ötən
il regionların inkişafına bütün mənbələr
hesabına 4,5 milyard manat vəsait yönəldilib.
2014-cü ildə “Sənaye ili” çərçivəsində
tədbirlər planının icrası regionlarda da sənayenin
inkişafına təkan verib. Belə ki, təkcə
ötən il regionlarda 105 sənaye müəssisəsi
açılıb. Bütövlükdə “Sənaye
ili”ndə görülən tədbirlər nəticəsində
qeyri-neft sənayesi 9 faiz artıb.
Təbii ki, həyata keçirilən Dövlət
proqramlarının uğurlu nəticələrini bu gün
ölkəmizin hər bir şəhər və rayonunda
aydın şəkildə müşahidə etmək
mümkündür. Geniş infrastruktur layihələrinin
icrası, vətəndaşların həyat səviyyəsinin
yüksəlməsi Azərbaycan regionlarının inkarolunmaz
gerçəkliyidir.
Onu da vurğulamaq lazımdır ki, iqtisadi sahədə
keçid dövrünü başa vuran Azərbaycan bu gün
özünəməxsus milli inkişaf modeli ilə
tanınır.
Bu modelin üstün cəhətləri ilə
bağlı beynəlxalq maliyyə qurumlarında geniş
müzakirələr, təhlillər aparılır. Respublikamızın son illərdə bütün
investisiya layihələrini daxili resursları hesabına
reallaşdırmaqla yanaşı, regionda sərmayədar
dövlət kimi çıxış etməsi
reallığa çevrilib. Əminliklə deyə bilərik
ki, ölkədəki sürətli inkişaf və mütərəqqi
islahatlar fonunda bu məqsəd ictimai şüurda getdikcə
möhkəmlənir: Bəli, bu gün hər bir azərbaycanlı
doğma Vətənini abad, müasir, inkişaf etmiş
görmək istəyir və bunu milli ideyanın əsas
prioritetləri kimi qəbul edir.
Pərviz
SADAYOĞLU
Yeni Azərbaycan.- 2015.- 3 dekabr.- S.8