Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayır

Ölkəmiz, eyni zamanda, dinlərarası və mədəniyyətlərarası əlaqələrin inkişafı istiqamətində fəal rol oynayır

Azərbaycan dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə tolerantlıq nümunəsi kimi çıxış edir. Müxtəlif zaman kəsiklərində işğallara məruz qalmasına, müxtəlif xalqlar tərəfindən assimilyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub və yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin formalaşmasına, inkişafına mühüm töhfələr verib. Bunun da nəticəsində bu gün Azərbaycan xalqı yüksək dövlət dəstəyi və qayğısının fonunda ən yüksək mənəvi-əxlaqi davranış nümunələrini özündə təcəssüm etdirməkdə və örnək təşkil etməkdədir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra İslam ənənələrinə əsaslanan müqəddəs bayramların qeyd olunmasının bərpa edilməsi, hər bir vətəndaşa etiqad azadlığından yararlanmağa maksimum şəraitin yaradılması, eləcə də müxtəlif millətlərin və dinlərin nümayəndələrinə istənilən şərait və şərtlərdə yüksək səviyyəli diqqət və qayğının göstərilməsi ölkəmizdəki mövcud humanitar dəyərlərin, eyni zamanda, dinlər və mədəniyyətlərarası münasibətlərin inkişafına yüksək stimul verib. Bu da, şübhəsiz, Azərbaycanı yüksək səviyyəli dəyərlərin daşıyıcısı olan müxtəlif xalqlar və dinlərin nümayəndələrinin yanaşı yaşadığı ideal və arzuedilən məmləkətə çevirib.

O da qeyd edilməlidir ki, Azərbaycanda İslam mədəniyyətinə xas maddi və mənəvi dəyərlər təkcə qorunub saxlanılmır, həm də genişləndirilir, inkişaf etdirilir. Müsəlman ailəsinin bir üzvü olan Azərbaycan xalqının milli, mədəni dəyərlərinin formalaşmasında İslam dəyərləri, digər müsəlman cəmiyyətləri ilə tarixi-mədəni əlaqələrin rolu böyükdür. Şərq və Qərb sivilizasiyalarının, eləcə də milli mədəniyyətin harmonik şəkildə qovuşduğu Azərbaycandakı müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi-mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur.

Sadalananlarla yanaşı, ölkəmizdə İslam dininə mənsub şəxslərin ibadəti üçün yaradılan şərait yüksək qiymətləndirilir. Ümumiyyətlə, bu istiqamətdə görülən tədbirlər ardıcıl səciyyə daşıyır. Müstəqillik illərində Azərbaycanda məscidlərin sayı artıb. Əgər Sovet dövründə Azərbaycanda cəmi 17 məscid var idisə, bu gün məscidlərin sayı 2 mini keçib. Prezident İlham Əliyevin təşəbbüsü ilə və birbaşa nəzarəti altında dini abidələr, ibadət evləri yenidən qurularaq istifadəyə verilib. 2013-cü ildə dünyanın ən qədim məscidlərindən biri hesab olunan, 743-cü ildə tikilmiş Şamaxı məscidi ən yüksək səviyyədə bərpa edilib.

Azərbaycan bütün dünyada islamofobiyaya, İslamın mahiyyətinin təhrif edilməsinə, onu terrorla eyniləşdirməyə qarşı ən kəskin şəkildə öz səsini ucaldan dövlətdir. Bütün bunlar Azərbaycan Prezidentinin və dövlətin İslam dininə, dini dəyərlərimizə verdiyi böyük əhəmiyyətin təzahürləridir.

Mədəniyyət, humanitar sahələrdə də Azərbaycan İslam ölkələri arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, İSESCO kimi aparıcı təşkilatların fəal üzvüdür, onların nüfuzunun yüksəldilməsinə, İslam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir. 2009-cu ildə Bakı şəhəri İSESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan edilib, 2018-ci ildə isə bu şərəfli adı daşımağa Naxçıvan şəhəri layiq görülüb. Bu, İSESCO tərəfindən Azərbaycanın İslam aləmində oynadığı rola verilən yüksək qiymətdir. Yaxın zamanlarda Bakıda İSESCO-nun regional mərkəzinin yaradılması da nəzərdə tutulub. Bu mərkəz İslam aləmində humanitar əməkdaşlığın dərinləşdirilməsində, İslam həmrəyliyinin gücləndirilməsində fəal yol oynayacaq.

Azərbaycan mədəniyyətlərin, dinlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Ölkəmiz dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır. Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilir. 2016-cı ildə Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Eyni zamanda, Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzi kimi tanınır.

Bütün bunların qanunauyğun nəticəsi kimi, həyata keçirilən rasional xarici siyasət kursu Azərbaycanın müsəlman ölkələri arasında - İslam aləmində nüfuzlu, mötəbər dövlət kimi tanınmasını şərtləndirib. Məhz bunun qanunauyğun nəticəsidir ki, ölkəmiz müsəlman ölkələri ilə ikitərəfli və çoxtərəfli praqmatik əlaqələrə malikdir və münasibətlərin inkişafı, bütövlükdə, İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına xidmət edir.

Ümumiyyətlə, bu gün Azərbaycanla müsəlman ölkələri arasındakı münasibətlər bütün sahələrdə dinamik inkişaf tendensiyasına malikdir. Qarşılıqlı əlaqə və təmasların sıxlaşdığı bir dövrdə Azərbaycanla digər müsəlman ölkələri arasındakı münasibətlər, qarşılıqlı dəstək və işbirliyi meyilləri daim inkişaf etdirilməkdədir. Ölkələr arasında ikitərəfli və çoxtərəfli formatda mövcud olan yüksək səviyyəli təmasların fonunda siyasi, iqtisadi, mədəni, elmi, dini, humanitar və digər sahələrdə möhkəm həmrəyliyin formalaşdırılması yönündə mühüm addımlar atılmaqdadır. Bu da, nəticə etibarilə, ölkəmizi müsəlman ölkələrinin etibarlı əməkdaşına çevirməkdədir.

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.- 2015.- 4 dekabr.- S.- 6