Böyük elm və mədəniyyət xadimlərinin
adları Rusiyanın və Azərbaycanın ümumi
sərvətidir
Rusiya ilə Azərbaycan arasında qarşılıqlı humanitar əlaqələrin zəngin tarixi gələcək əməkdaşlıq üçün möhkəm təməl olacaq
Bu yaxınlarda Yesentukidə görkəmli rus alim və cərrahı, həyatının son illərini bu şəhərdə keçirmiş Vasili İvanoviç Razumovskinin barelyefinin təntənəli açılış mərasimi keçirilib. V.Razumovskinin xatirəsinin əbədiləşdirilməsi təşəbbüsünü Azərbaycan irəli sürüb. Bu, onunla bağlıdır ki, V.Razumovski müsəlman Şərqində ilk klassik ali məktəbin - Bakı Universitetinin birinci rektoru olub.
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov barelyefin açılış mərasimində çıxış edərək xatırladıb ki, sonrakı dövrdə Bakı Universiteti milli kadrlar yetişdirən mənbə olub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev, görkəmli kimyaçı alim, akademik Yusif Məmmədəliyev, Nobel mükafatı laureatı, fizik Lev Landau və başqaları müxtəlif illərdə bu ali məktəbi bitirib.
Azərbaycanla Rusiya arasında humanitar sahədə əməkdaşlıq həmişə yüksək səviyyədə olub. Azərbaycanda elmin və təhsilin inkişafına böyük töhfələr vermiş rusların adları tarixdə qalacaq. Rusiya tarixi də, öz növbəsində, görkəmli Azərbaycan xadimlərinin adlarını qoruyub saxlayır. Məsələn, azərbaycanlı rejissor Rauf Əliyev Bakı Dövlət Universitetinin tibb fakültəsinin kafedra müdiri və Azərbaycan Dövlət Tibb İnstitutunun mamalıq-ginekologiya klinikasının müdiri olmuş, faktiki olaraq respublikada hamilələrə kömək sistemini yaratmış Fyodor İlyinin taleyindən bəhs edən “Qadın tanrısı” adlı sənədli film çəkib.
Məşhur rus alimi Dmitri Mendeleyev Azərbaycanın neft sərvətlərinin tədqiqinə xeyli vaxt sərf edib. Məhz D.Mendeleyev Bakıda neft hasilatı texnologiyası ilə tanış olandan sonra neftin tərkibindən ağ neft ayrılandan sonra qalan kütlədən sürtkü yağları alınması üçün istifadə olunmasını təklif edib.
Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Nataliya Krasovskaya deyib ki, məşhur bakılıların adları rusiyalıların hər birinə məlumdur. Musiqiçi Mstislav Rostropoviç, sənətşünas Vitali Vulf, aktyor və kinorejissor Yuli Qusman, bəstəkarlar Qara Qarayev, Polad Bülbüloğlu, dünyaşöhrətli müğənnilər Rəşid Behbudov və Müslüm Maqomayev... Bu siyahını bitirmək qeyri-mümkündür.
Nataliya Krasovskaya deyib: “Neft sənayesi coşqun inkişaf dövrü yaşayanda bütün Rusiyadan olan gənc mütəxəssislər Azərbaycana gedirdi. Azərbaycan paytaxtının sakinləri onilliklər ərzində rus dilində danışan, millətlərarası mədəniyyətin daşıyıcıları olan bakılıların unikal birliyini formalaşdırıb. Bu insanların adları hər bir sovet adamına tanış idi”.
Azərbaycan Neft İnstitutunun əməkdaşı Lev Qurviç Rusiya kosmonavtikasına “qatılaşdırılmış benzin” texnologiyasını bəxş edib. Bu yeni yanacaq sayəsində raketlərin quruluşu xeyli sadələşib. Bakı yanacağı ilə işləyən raketin 1933-cü ildə keçirilmiş ilk sınağı əla nəticə verib.
SSRİ adlanan nəhəng
ölkənin xəritəsində Maqnitoqorsk
rus şəhərinin yaranmasında
Qubadlıdan olan mühəndis-metallurq, Maqnitoqorsk Metallurgiya
Kombinatının tikintisinə rəhbərlik etmiş
Çingiz İldırım böyük rol oynayıb.
Bu kombinat
Sovet İttifaqına hər il 2,5
milyon ton çuqun verirdi. Çingiz İldırım “Qırmızı Əmək
Bayrağı” ordeni ilə təltif edilmiş ilk azərbaycanlı
olub.
Rusiyanın neft-qaz sahəsində
bugünkü uğurlar
daha bir azərbaycanlının - həyatının
30 ildən çox dövrünü Qərbi
Sibirdə neft axtarışına həsr
etmiş, Tümenin şimalında 130-dan çox
neft və qaz yatağının kəşf olunmasında iştirak etmiş Fərman Salmanovun adı ilə ayrılmaz surətdə bağlıdır. Fərman
Salmanov Sosialist Əməyi Qəhrəmanı,
Rusiya Federasiyasının
Əməkdar Geoloqu adlarına layiq görülüb, Surqut şəhərində bir
məktəbə və
bir küçəyə,
neft-qaz kondensatı yatağına, teploxoda,
təyyarələrə onun
adı verilib. Moskva, Bakı, Surqut, Salexard, Xantı-Mansiysk və Tümen şəhərlərində
Fərman Salmanova abidələr ucaldılıb,
onun büstləri qoyulub.
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri
Dmitri Savelyevin fikrincə,
əsrlər boyu birgə
yaşamış xalqlarımızın ümumi
tarixi bizi etibarlı
şəkildə bir-birimizə bağlayır. Rusiyalı parlamentari deyir: “Məsələn, heç kəsi
təəccübləndirmir ki,
rusiyalı kinorejissor, Azərbaycanın “Dostluq” ordeni ilə təltif
edilmiş Nikita Mixalkov rus ədəbiyyatının
klassiki Aleksandr Qriboyedov haqqında film üzərində
iki ölkənin
kinematoqrafçılarının birgə işləməsinin
mümkünlüyü məsələsini
Prezident İlham
Əliyevlə müzakirə etmək üçün
Bakıya gedir. Detektiv
romanlar müəllifi Çingiz
Abdullayev azərbaycanlı olsa
da, əsərlərini yalnız rus dilində yazır, Rusiyanın federal telekanallarından birində xəbərlər
buraxılışını azərbaycanlı İradə Zeynalova aparır. Bütün
bunlar bizim ümumi sərvətimizdir, çünki
elm və mədəniyyət xadimləri bir dildə danışır, Rusiya
ilə Azərbaycan arasında humanitar
körpüləri möhkəmlədirlər”
Yeni Azərbaycan.-
2015.- 4 dekabr.- S.-6