AZƏRTAC-ın yubileyinə
həsr olunmuş kitab
dörd dildə nəşr edilib
AZƏRTAC-ın 95 illik yubileyinə həsr olunmuş kitab işıq üzü görüb. Nəşr oxucuya dörd dildə - Azərbaycan, ingilis, rus və ərəb dillərində təqdim olunur. Kitabda Prezident İlham Əliyevin Azərbaycan Dövlət Teleqraf Agentliyinin Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlandırılması, AZƏRTAC-ın əməkdaşlarının fəxri adlar və “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncamları, yubiley tədbirləri, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçirilən iclası barədə xəbərlər və digər materiallar toplanıb.
Agentliyin Baş direktoru Aslan Aslanovun kitaba daxil edilmiş “AZƏRTAC: Şərqlə Qərb arasında media körpüsü” sərlövhəli analitik məqaləsində 95 ildə keçilmiş yola müxtəsər nəzər salınır, AZƏRTAC-ın beynəlxalq əlaqələrindən, dünya informasiya məkanında yerindən və mövqeyindən bəhs olunur. AZƏRTAC hazırda 130-a yaxın ölkə ilə informasiya mübadiləsi aparır, 7 dildə xəbər, 5 dildə videomaterial yayır, dünyanın ən mötəbər media qurumlarında təmsil olunur. Eyni zamanda, 2016-2019-cu illərdə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) və Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək. Məqalədə son dövrlərdə qazanılmış bu və digər uğurlar, agentliyin artan beynəlxalq nüfuzunun göstəricisi olan konkret faktlar diqqətə çatdırılır, müasir dövrün çağırışları ilə bağlı mülahizələr irəli sürülür.
AZƏRTAC-ın 95 illik yubileyi bir çox mötəbər qonaqların iştirakı ilə də yadda qalıb. Yubiley tədbirlərində Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti, Səudiyyə Xəbər Agentliyinin rəhbəri Abdullah bin Fəhd Əl-Hüseyn, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal, EANA-nın baş katibi Erik Naylen, OANA-nın prezidenti, Rusiyanın TASS agentliyinin Baş direktoru Sergey Mixaylov, Agentliyin Baş direktorunun birinci müavini, həmyerlimiz Mixail Qusman, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) Baş katibi Fərid Əyyar, habelə Bolqarıstan, Qazaxıstan, İtaliya, Sloveniya, Türkiyə, Rumıniya, Belarus, Litva və digər ölkələrin aparıcı informasiya agentliklərinin rəhbərləri iştirak ediblər. Dünya Xəbər Agentlikləri Konqresi Şurası iclasının həmin günlərə təsadüf etməsi yubiley tədbirlərinə özünəməxsus təravət verib. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Şura iclasının və yubiley mərasiminin iştirakçıları ilə görüşündə Azərbaycanda söz və mətbuat azadlığının bərqərar olması, demokratiyanın inkişafı, müasir medianın aktual problemləri barədə söhbət açılıb, fikir mübadiləsi aparılıb. Görüşdə səslənən çıxışlar və mülahizələr kitabda geniş əksini tapıb.
Yubiley tədbirləri, həmçinin çoxsaylı görüşlərlə, imzalanan yeni əməkdaşlıq müqavilələri ilə əlamətdar olub. AZƏRTAC-da FANA-nın Baş katibi Fərid Əyyar, “Kazinform” (Qazaxıstan) beynəlxalq informasiya agentliyinin Baş direktoru Dauren Diyarov, “BelTA” (Belarus) agentliyinin Baş direktoru Dmitri Juk, AGERPRESS (Rumıniya) milli xəbər agentliyinin Baş direktoru İon Alexandru Giboi, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti, Səudiyyə Xəbər Agentliyinin rəhbəri Abdullah bin Fəhd Əl-Hüseyn və digər tədbir iştirakçıları ilə görüşlər keçirilib, müqavilələr imzalanıb. Kitaba bu görüşlər haqqında informasiyalar da daxil edilib.
AZƏRTAC yubileyi münasibətilə çoxsaylı təbriklər alıb. Kitabda dünyanın nüfuzlu media qurumlarının və xəbər agentliklərinin təbrikləri ilə yanaşı, xarici ölkə KİV-lərinin yubileylə bağlı yaydıqları materiallarla tanış olmaq mümkündür.
Azərbaycanın siyasi, ziyalı elitası AZƏRTAC haqqında nə düşünür, onun fəaliyyətini peşəkarlıq və müasirlik baxımından necə dəyərləndirir? Bu suallara Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun, Baş nazirin müavini, yazıçı Elçin Əfəndiyevin, Milli Məclis sədrinin müavini Bahar Muradovanın, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundovanın kitabda yer alan müsahibələrində cavab tapmaq olar. Onlar AZƏRTAC-ın fəaliyyəti ilə bağlı fikirlərini bölüşür, kollektivin peşəkarlığını və fədakarlığını yüksək qiymətləndirirlər.
Kitaba daxil edilən bütün materiallar fotoşəkillərlə
müşayiət olunur.
Nəşrdən əsas məqsəd
AZƏRTAC-ın yubileyi fonunda
Azərbaycanda KİV-in inkişafına
yaradılan şəraitə və demokratik
mühitə işıq salmaq, Prezident İlham
Əliyevin mediaya yüksək diqqət və
qayğısını dünyanın mətbuat elitasına
çatdırmaqdır. Kitabın dörd
dildə nəşr olunması, ilk
növbədə, bu məqsədə
xidmət edir.
Yeni Azərbaycan.-
2015.- 17 dekabr.- S.- 4