Əfqanıstanın Azərbaycandakı
səfiri Qafqaz Müsəlmanları
İdarəsində olub
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Əfqanıstanın Azərbaycandakı səfiri Mohammad Taqi Xalili ilə görüş keçirilib.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Əfqanıstan xalqları arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb, əlaqələrin inkişaf etdirilməsi arzusunda olduğunu bildirib və səfirə bu istiqamətdə fəaliyyətində uğurlar arzulayıb. Əfqan xalqının mərd, imanlı olduğunu vurğulayan QMİ sədri bu xalqa öz müqəddəratının həllində, sülh, sabitlik və rifaha qovuşmaqda uğurlar diləyib.
Səfir şeyxülislamın təkcə Azərbaycanda və bölgədə deyil, bütövlükdə İslam aləmində tanınmış şəxsiyyət olduğunu və onunla görüşə böyük önəm verdiyini diqqətə çatdırıb. Bildirib ki, əfqan xalqı da QMİ sədrinə ehtiram bəsləyir və onun uzun onilliklər boyu mötəbər beynəlxalq tədbirlərin tribunasından əfqan xalqının problemlərini xatırlatmasını, dünya ictimaiyyətinin diqqətini bununla bağlı məsələlərə yönəltməsini yüksək dəyərləndirir. Səfir ölkəsinin beynəlxalq terror təşkilatlarının əməllərindən xeyli əziyyətlərə düçar olduğunu qeyd edərək, əhali arasında məzhəblərarası münaqişənin yaşanmasına yol verməmək üçün göstərilən səylərdən söhbət açıb.
Azərbaycanda mövcud multikultural dəyərləri, dinlər, məzhəblərarası münasibətlərdə hökm sürən tolerantlıq, qarşılıqlı ehtiram mühitini gözəl örnək kimi qiymətləndirən səfir bu işdə şeyxülislamın da böyük rolunun olduğunu xatırladıb. O, Əfqanıstanın mötəbər din xadimlərinin Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqələrinin qurulmasının vacibliyini vurğulayaraq, bu işdə səfir kimi əlindən gələni əsirgəməyəcəyini deyib.
Şeyxülislamın iqamətgahında keçirilən
iftar mərasimində iştirakını
məmnunluqla xatırlayan əfqanıstanlı səfir orada səsləndirilən fikirlərin bütün müsəlmanlar üçün
önəm kəsb etdiyini bildirib.
Azərbaycanda fəaliyyətdə olduğu bir il ərzində QMİ tərəfindən
keçirilən konfrans və tədbirləri
yaxından izlədiyini, AMEA ilə birgə keçirilən tədbirdə
şəxsən iştirak etdiyini qeyd edən diplomat Azərbaycanın dini
mərkəzinin İslam maarifçiliyi,
İslam həmrəyliyi və dini-mənəvi
dəyərlərin qorunması istiqamətində səylərini
yüksək qiymətləndirdiyini qeyd edib.
Yeni Azərbaycan.-
2015.- 18 dekabr.- S.5