Heydər Əliyev bütün həyatını,
varlığını mənsub olduğu
doğma xalqına həsr etmiş
liderdir
Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov www.yap.org.az saytına müsahibə verib:
- Fəttah müəllim, 12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür. Ulu öndər Heydər Əliyev Azərbaycan tarixinə xüsusi dəst-xətti ilə düşən böyük siyasətçidir. Onun Azərbaycan xalqı qarşısındakı xidmətləri misilsizdir. Ulu öndərlə bağlı xatirələriniz bizim üçün maraqlıdır...
- Azərbaycan xalqının Ümummilli liderinin əziz xatirəsini anarkən, ilk növbədə, Onunla bağlı olan hadisələri, Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərini xatırlayırıq. Ulu öndərin ölkəyə ilk dəfə rəhbərlik etdiyi dövrdə ictimai-siyasi müstəvidə təmsil olunan gənclərdən biri idim və əyani olaraq Ümummilli liderimizin həyata keçirdiyi siyasətin uğurlu nəticələrini müşahidə etmişəm. 1969-cu ildən başlayaraq xalqımızın Ümummilli liderinin rəhbərliyi altında çalışmışam və Onun Azərbaycan xalqı, dövlətçiliyi qarşısındakı tarixi xidmətlərinin şahidi olmuşam. Tərəddüdsüz deyə bilərəm ki, Ümummilli liderimiz Heydər Əliyev bütün həyatını, varlığını mənsub olduğu doğma xalqına həsr edib. Dünya siyasətində böyük şəxsiyyətlər çoxdur, amma xalqının tarixinə çevrilən, millətinin, dövlətinin adı çəkilən kimi yada düşən siyasi xadimlər nadirdir. Heydər Əliyev məhz belə şəxsiyyətdir. Bu gün Ümummilli liderimizi xatırlayanda gözümüzün önündə canlanan ilk tablo da müstəqil Azərbaycandır.
Heydər Əliyev fenomeni Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yer tutur. Müstəqillik yolumuz Ümummilli lider Heydər Əliyevin parlaq zəkasının, Onun Azərbaycan torpağına, Azərbaycan insanına olan sevgisinin təzahürü kimi meydana çıxdı. Azərbaycan xalqı, ictimaiyyət nümayəndələri çox haqlı olaraq bu illər ərzində ölkədə bütün sahələrdə uğurlara aparan yolun parlaq bir yol olduğunu qeyd edir və bu yol Heydər Əliyev yolu adlandırılır. Bu gün ölkəmiz Ümummilli liderin ideyaları əsasında inkişaf edir.
Azərbaycanda cərəyan edən inkişaf prosesi yeni mərhələyə qədəm qoyduqca, ölkəmizdə gedən böyük dövlət quruculuğu prosesi öz səmərəli nəticələrini verdikcə, Azərbaycanın beynəlxalq mövqeyi daha da gücləndikcə ölkəmizin müstəqilliyinin, Azərbaycanın zəngin və şərəfli inkişaf yolunun mahiyyəti daha yaxşı dərk edilir. Ölkəmizin, xalqımızın, dövlətçiliyimizin keçdiyi yola nəzər saldıqda hər bir Azərbaycan vətəndaşı bu yolu uğurlu, şərəfli və gələcəyə çox böyük ümidlər yaradan bir yol kimi görür.
- Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində gördüyü işlər haqqında nə deyə bilərsiniz?
- Ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafına, xalqımızın və dövlətimizin öz mövcudluğunu qoruyub saxlamasına xidmət edən müstəsna, tarixi xidmətləri sübut edir ki, Onun həyat və fəaliyyətinin başlıca amalını Azərbaycana xidmət təşkil edib. Bu, istisnasız olaraq bütün tarixi dövrlərə aiddir. Əvvəla onu nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması ölkəmizin Sovet dövrü tarixində dönüş nöqtəsi oldu.
Bilirsiniz ki, SSRİ-nin tərkibində olan Azərbaycan 1969-cu ilədək müxtəlif iqtisadi problemlərlə qarşı-qarşıya idi, sənaye, kənd təsərrüfatı və digər sahələrdə tənəzzül müşahidə edilirdi. Azərbaycan İttifaq miqyasında ayrı-ayrı sahələrin inkişaf dinamikasına görə sonuncu yerlərdə qərarlaşmışdı. Bu, kifayət qədər potensiala sahib olan Azərbaycan üçün olduqca mənfi göstərici idi. Amma məhz Ulu öndərin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmasından sonra görülən tədbirlər, həyata keçirilən uğurlu siyasət sayəsində çoxsaylı uğurlar əldə edildi. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı, maşınqayırma, metallurgiya və digər sahələrdə də əhəmiyyətli irəliləyişlər qeydə alındı. Sənaye sahəsinin inkişaf etdirilməsi aqrar sektorun da tərəqqisinə təkan verdi. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi.
Ölkəmizin inkişafı naminə görülən genişmiqyaslı tədbirlərə dair çoxsaylı faktlar sadalamaq olar. Məhz bütün bu proseslər mənim yaxşı xatirimdədir, onların bilavasitə şahidi olmuşam. O zaman Vilayət Partiya Komitəsində təlimatçı vəzifəsində çalışmışam, daha sonra 1970-ci ildə Ordubad rayonunun ikinci katibi olaraq fəaliyyət göstərmişəm. 1978-ci ildə Ordubad rayon Partiya Komitəsinin I katibi, sonra Culfanın I katibi işləyərkən Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi tədbirlərin iştirakçısı olmuşam. Dəfələrlə Onun qəbulunda olmuşam və hər dəfə rayonda olan vəziyyəti soruşmaqla, ümumi işlərin hesabatını dinləməklə yanaşı, o qədər düzgün tapşırıqlar, uzaqgörən məsləhətlər verirdi ki, məhz bu layihələr nəticəsində həmin rayonlarda kompleks inkişaf əldə olunurdu. O, nitqlərində, çıxışlarında hər zaman çıxış yollarını aydın müəyyənləşdirirdi və problemlərin səbəblərini, həll yollarını uzaqgörənliklə sadalayırdı. Azərbaycanda həmin illər ərzində çox böyük işlər görüldü. Ölkəmiz, demək olar ki, İttifaq respublikaları arasında axırıncı yerlərdən ön sıralara yüksəldi.
Bir məqamı ayrıca qeyd etmək istəyirəm. Yüksək vətənpərvərlik hissinə və milli düşüncəyə malik olan Ulu öndər Heydər Əliyev Azərbaycanın paytaxtı Bakı şəhərinin milliləşdirilməsi, xüsusilə də ana dilimizin qorunması istiqamətində konkret tədbirlər gördü. Nümunə olaraq deyim ki, 1978-ci ildə Ümummilli liderin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı. Dövlət dili kimi Azərbaycan dilindən istifadənin miqyası genişləndi ki, bu da dilimizin qorunması və inkişafına böyük töhfələr verdi. Eyni zamanda, Bakının və regionların inkişafına yönəlik ciddi işlər reallaşdırıldı, konkret plan və proqramlar əsasında əldə edilən inkişaf sonrakı nailiyyətlərin qazanılmasında böyük rol oynadı.
Yeri gəlmişkən, Ümummilli liderimizlə bağlı dəyərli bir xatirəni, belə demək mümkündürsə, tarixi məqamı danışmaq istəyirəm. 1974-cü ildə Naxçıvanda yubiley keçirilirdi, Heydər Əliyev Naxçıvanı təltif etmək üçün gəlmişdi. O zaman Naxçıvanın ətrafında olan Ermənistanın rayonlarından həmin tədbirdə iştirak etmək üçün rəhbər şəxslər gəlmişdilər. Ulu öndər parlaq nitqlə çıxış etdi, Azərbaycanın tarixi və gələcək planları, o cümlədən Naxçıvan haqqında çox dəyərli fikirlər söylədi.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi və SSRİ-nin rəhbərlərindən biri oldu. İttifaq səviyyəsində 9 nazirlik və komitənin məsuliyyətini - rəhbərliyini daşıyan Ümummilli liderimiz bu dövrdə də Azərbaycan xalqı və dövlətinin mənafeyindən irəli gələn əhəmiyyətli addımlar atdı, misilsiz xidmətlər göstərdi. Kənd təsərrüfatı, tibb, sənaye, mədəniyyət sahələrində genişmiqyaslı işlər görüldü, Azərbaycanın inkişafına xidmət edən mühüm addımlar atıldı.
- 1990-cı illərin əvvəlində Azərbaycan olduqca mürəkkəb vəziyyətlə qarşı-qarşıya idi və faktiki olaraq siyasi, iqtisadi böhran dərin tənəzzülə yol açmışdı. Həmin dövrdə həm müstəqilliyin qorunub saxlanması, həm də milli dirçəlişin təməlinin qoyulması istiqamətində Ulu öndər Heydər Əliyevin xidmətlərini necə dəyərləndirirsiniz?
- Tərəddüdsüz deyə bilərəm ki, Ulu öndər həm də Azərbaycan xalqının və dövlətinin xilaskarıdır. 1990-cı illərin əvvəlində - SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda siyasi, iqtisadi vəziyyət olduqca gərgin idi. Heydər Əliyevin ölkəmizə rəhbərlik etmədiyi dövr çox gərgin və tənəzzül içində keçdi. SSRİ-nin dağılması ərəfəsində Azərbaycana çox ağır zərbələr vuruldu. 15 İttifaq dövləti sırasında yeganə ölkə Azərbaycan oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Ötən illər ərzində yaradılmış iqtisadi infrastruktur dağıdıldı, ölkə siyasi və iqtisadi baxımdan mürəkkəb vəziyyətlə üzləşdi, bütün sahələr tənəzzülə məruz qaldı.
Həmin dövrdə Azərbaycan həm də müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi, ölkədə vətəndaş qarşıdurması yaranmışdı. Nə yaxşı ki, həmin dövrdə xalqımızı düşdüyü bu çətinliklər və faciələrdən xilas edəcək dahi şəxsiyyət Heydər Əliyev var idi. Ümummilli lider o zaman, ilk növbədə, Naxçıvan Muxtar Respublikasını xilas etdi. Həmin dövr yaxşı xatirimdədir və əminliklə deyə bilərəm ki, əgər Heydər Əliyev olmasa idi, bu gün Azərbaycanın Qarabağ problemi ilə yanaşı, Naxçıvan dərdi də var idi. O zaman Naxçıvanda Ali Məclisin Sədri seçilən Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində sabitlik təmin edildi və muxtar qurumun sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin təmin olunmasına nail oldu. Əminliklə söyləyə bilərəm ki, Ümummilli lider Heydər Əliyev yorulmaz fəaliyyəti ilə Naxçıvanı işğaldan, fəlakətlərdən, təlatümlərdən xilas etdi.
Təsadüfi deyil ki, 1990-cı il iyunun ortalarında SSRİ və Azərbaycan Ali Sovetinə növbəti seçkilər keçirildi. Həmin dövrdə xalq Ulu öndər Heydər Əliyevə təkidlə müraciət etdi ki, O, Öz namizədliyini versin. Və Ümummilli liderimiz xalqın çağırışına müsbət cavab verdi, 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. Belə bir qərarın qəbul edilməsi böyük cəsarət nümunəsi idi.
Beləliklə, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu öndərin Azərbaycana qayıtmasından sonra fəlakətlərə son qoyuldu, ölkə dirçəlməyə başladı. Azərbaycana, ölkə iqtisadiyyatına, mənəvi mühitinə dərindən bələd olan Ulu öndər Öz düşüncəsini, fəaliyyətini müstəqil dövlət quruculuğuna sərf etdi və yeni bir yolun - Heydər Əliyev yolunun əsasını qoydu.
- Fəttah müəllim, Ümummilli lider Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətində cənab İlham Əliyevi nəzərdə tutaraq, “Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - deyə bildirmişdi. Bu gün Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir...
- Ulu öndər Heydər Əliyev müraciətində qeyd etmişdi ki, “Qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram”. Ümummilli liderimiz bildirirdi ki, “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu, o məna daşıyırdı ki, Ulu öndər Öz övladını olduqca çətin və məsuliyyətli işə, Azərbaycan xalqı qarşısında olduqca şərəfli bir vəzifəyə məsləhət görürdü. Prezident İlham Əliyev bu ağır və məsuliyyətli vəzifənin öhdəsindən uğurla gəldi. Heydər Əliyev Azərbaycanda dövlətçilik məktəbi yaratdı. Bu məktəbi bütün varlığı ilə mənimsəyən cənab İlham Əliyev özündə böyük fəlsəfi məna daşıyan azərbaycançılıq ideyası əsasında ölkəmizdə vətəndaş birliyini daha da möhkəmləndirib.
Ötən zaman birmənalı şəkildə göstərdi ki, Ümummilli liderin fiziki yoxluğu dövründə ölkəsini, millətini düşünüb, müstəqilliyimizin əbədi olması uğrunda qətiyyətlə mübarizə apara biləcək lider məhz Prezident İlham Əliyevdir. Prezident İlham Əliyev təkcə Heydər Əliyevin siyasi məktəbinin deyil, bütövlükdə, həyat məktəbinin yetirməsidir. Ulu öndərimizin Azərbaycan üçün gördüyü işlərin Onun varisi olan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsi nəticəsində əldə edilən çoxsaylı nailiyyətlər sübut edir ki, Ulu öndərimizin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlər böyük uğurla həyata keçirilir, Onun ideyaları əbədiyaşarlıq qazanıb.
Bir sözlə, bu gün Ulu
öndərin siyasi kursunu
uğurla davam etdirən
Onun layiqli varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
uğurla inkişaf edir. Bu gün
dünyada olduqca
mürəkkəb proseslər baş verir, iqtisadi və siyasi böhranlar beynəlxalq
aləmdə olduqca ziddiyyətli, mürəkkəb
vəziyyətin yaranmasına səbəb olub.
Belə şəraitdə Azərbaycanın
inkişafı davam edir,
ölkəmizdə sabitlik hökm
sürür. Əlbəttə, müstəqil
Azərbaycanın bu uğurlu
inkişaf mərhələsinə
asanlıqla çatmadığı hər kəsə bəllidir.
İnkişafa, sabitliyə xidmət edən
bu siyasətin əsası, qeyd etdiyim kimi,
məhz Ümummilli liderimiz
Heydər Əliyev tərəfindən qoyulub
və cənab Prezident İlham
Əliyev tərəfindən uğurla, əzmlə
davam və inkişaf etdirilir.
Yeni Azərbaycan.- 2015.- 11 dekabr.- S.5