Bakıda “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib

 

Dekabrın 16-da Bakıda “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə keçirilən konfransda erkən nikahların qarşısının alınması və səbəblərinin araşdırılması, müdafiə mexanizminin gücləndirilməsi, zorakılıq qurbanlarının müdafiəsi, reabilitasiyası, cəmiyyətə reinteqrasiyası və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsinə dair müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan, Əfqanıstan, Tacikistan, Özbəkistan, Türkiyə və İranın dövlət və hökumət rəsmiləri, ölkəmizdəki diplomatik korpusun, vətəndaş cəmiyyətinin nümayəndələri, bir çox beynəlxalq qurumların təmsilçiləri iştirak ediblər.

Konfransı açıq elan edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, qızların hüquqlarının müdafiəsi bəşəriyyətin qarşısında duran vacibqlobal vəzifələrdən biridir. Hazırda dünyada aktuallıq kəsb edən məsələlərdən biri də erkən nikahlardır. Qeyd etmək lazımdır ki, erkən nikah özü-özlüyündə bir neçə problemi əks etdirir. Bunların sırasında ölkənin inkişaf səviyyəsi, onun sosial- iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafı və s. durur. Dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı baş verir. Hazırda belə nikahların daha çox AsiyaAfrika ölkələrində olmasına baxmayaraq, bir sıra Avropa ölkələrində də erkən yaşda nikahlara rast gəlmək olur. Ayrı-ayrı dövlətlər, təşkilatlar bu barədə öz narahatlıqlarını bildirir, ailə institutunun, insan hüquqlarının müdafiəsi istiqamətində həm yerli, həm də beynəlxalq səviyyədə müzakirələr aparır, qanunlar qəbul edirlər. Lakin bu istiqamətdə bütün ölkələr səylərini daha da artırmalı, insanlığa yaraşmayan belə halların qarşısının alınması üçün imkanlarını birləşdirməlidirlər.

Komitə sədri qeyd edib ki, ölkəmizdə də qızların təhsildən yayınması, erkən yaşda ailə qurmağa məcbur edilməsi halları var. Belə nikahlar isə sonradan müxtəlif fəsadlar yaradır. Erkən hamiləlik təkcə körpənin deyil, ananın da həyatını təhlükə qarşısında qoyur. Bu cür nikahların yaratdığı daha bir problem də gənclərin təhsildən yayınması və cəmiyyət üçün sağlam olmayan nəslin yetişməsi, əlilliyi olan uşaqların doğulmasıdır. Sağlamlıq və inkişaflarına olan riskdən başqa, qızların 18 yaşdan tez nikaha daxil olmaları onları həm də fiziki, cinsipsixoloji zorakılıq qurbanına çevirə bilər. Araşdırmalar göstərir ki, gənc yaşda ərə gedən, öz hüquqlarını bilməyən qızların digər qadınlara nisbətən zorakılığa məruz qalma ehtimalı daha çoxdur. Uşaq və yeniyetmələrin, o cümlədən qızların əsl şəxsiyyət və vətəndaş kimi formalaşması üçün yalnız dövlət, ailə yox, həm də cəmiyyət məsuliyyət daşıyır. Azərbaycanda uşaq, xüsusilə qızlarla bağlı məsələlərə dövlət tərəfindən daim diqqət göstərilir. Ölkənin və dövlətin inkişafı, yalnız, onun iqtisadi imkanlarından, sərvətlərindən deyil, həm də uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən dövlət siyasətindən asılıdır. Lakin cəmiyyətin adekvat reaksiyası olmasa, aparılan işlər istənilən nəticəni verməz.

Diqqətə çatdırılıb ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşmaqdadır. Bu siyayətin əsasında uşaqların təhsil və sağlamlıq məsələləri, onların hüquqlarının müdafiəsi dayanır. Bu problemlərin həll olunması güclü qanunlarla tənzimlənir.

“Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulub. Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu, bir çox Dövlət Proqramları vahid dövlət uşaq siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində milli konsepsiyasının inkişafında xüsusi rol oynayır. Eyni zamanda, Azərbaycanda erkən nikahların qarşısının alınması üçün mövcud qanunlar təkmilləşdirilib. Azərbaycan Respublikası Ailə Məcəlləsində dəyişiklik edilərək qadınlar üçün minimum yaş həddi 17-dən 18 -ə qaldırılması aparılan güclü dövlət siyasətinin ən əsas göstəricilərindən biridir. Qeyd etmək istərdim ki, bu sahədə biz hətta bir sıra inkişaf etmiş Avropa ölkələrini qabaqlayırıq. Eyni zamanda, Cinayət Məcəlləsində qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilmişdir. Azərbaycan hökuməti uşaqların öz hüquq və mənafeləri ilə bağlı qərarların qəbul olunmasında iştirakının təmin edilməsində maraqlıdır”, - deyə H.Hüseynova bildirib.

Bu gün biz nəyin şahidiyik, bir tərəfdən, Qərbdə, xüsusilə, bəzi Avropa ölkələrində insest və pedofiliyanın leqallaşdırılması məsələsi qaldırılır, digər tərəfdən isə İŞİD terrorçuları Daun sindromlu yeni doğulmuş körpələri və fiziki qüsurlu uşaqları edam edirlər. Bu onu göstərir ki, bəşəriyyətin, insanlığın qarşısında həllini gözləyən çox mühüm problemlər var. Lakin, uşaqların təhsildən yayınması və erkən nikahlar bizi narahat edən məsələdir. Bu isə daha ağır ictimai proseslərin yaranmasına gətirib çıxara bilər ki, bunlardan biriNardaranda baş verən hadisələrdir. Bu fakt onu göstərdi ki, uşaqların savadsızlığından istifadə olunaraq, onları radikal dinisiyasi qruplara cəlb edirlər. Valideynlər 6-cı, 7-ci sinifdən uşaqları məktəbdən uzaqlaşdırırlar. Bizə dəfələrlə xüsusilə, analar tərəfindən müraciətlər olunur ki, onların həyat yoldaşları uşaqları məktəbə getməyə qoymurlar. Burada həm uşaqların hüquqları, həm də dövlətin qanunları pozulur. Son günlər ölkə başçısının verdiyi sərəncamlar və dövlətin həyata keçirdiyi tədbirlər öz müsbət nəticələrini verməkdədir”, - deyə H.Hüseynova əlavə edib.

Azərbaycanda bir müddət erkən nikahların sayı azalsa da, son zamanlar bəzi rayonlarda, Bakının bir sıra kəndlərində belə nikahların sayının artdığını söyləyən komitə sədri bunun qarşısının alınması və effektiv nəticələrin əldə olunması üçün erkən nikahların daha çox rast gəlindiyi yerləri müəyyənləşdirməyin və müvafiq bölgələr üzrə maarifləndirmə işləri aparmağın vacibliyini bildirib: “Komitə yarandığı gündən bu məsələlərlə bağlı qabaqlayıcı və profilaktik tədbirlər görür, belə ailə və onların üzvləri haqqında məlumat bazası yaradılır, müxtəlif xidmətlər göstərilir. Son iki ildə Komitənin nəzdində fəaliyyət göstərən 11 regional uşaq və ailələrə dəstək mərkəzi tərəfindən 20 erkən nikah faktı qeyd olunub, onlardan 17-sinin qarşısı alınıb. Son 3 ildə ümumilikdə 250-yə qədər icma görüşü və maarifləndirici tədbir keçirilib. Mərkəzlərin yerləşdiyi rayonlarda icra nümayəndəlikləri vasitəsilə birbaşa 30 minə qədər ailəyə ünvanlı maarifləndirici məktub göndərilib. 70 mindən artıq məktub isə rayonların ərazisində risk qrupundan olan şəxslərə və məktəblilərə paylanılıb. Həmçinin 2 min nüsxəyə yaxın erkən nikah bukletləri hazırlanaraq paylanılıb. Eyni zamanda, “Sağlam ailə - sağlam cəmiyyətin təməlidir”, “Yaşlı nəslin təcrübəsindən faydalanaq”, “Sağlam həyat naminə erkən nikaha yox deyək”, “Ailə, məktəb, cəmiyyət” adlı maarifləndirici layihələr həyata keçirilir”.

Məlumat verilib ki, Azərbaycanda uşaqların, o cümlədən qızların hüquqlarının müdafiəsi sahəsində gələcəkdə görüləcək tədbirlər artıq müəyyən edilib. Bununla bağlı dövlət başçısının Fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası imzalanıb. Konsepsiyaya əsasən Uşaq Strategiyası hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

BMT-nin Uşaq Fondunun ölkə nümayəndəliyinin rəhbəri Andro Şilakadze isə çıxışında erkən nikahların arzuolunmaz nəticələrə səbəb olduğunu, qızların fizikipsixoloji inkişafının qarşısını aldığını vurğulayıb. Qeyd edib ki, bu da qızlar uçun mənfi nəticələrə gətirib çıxarır. “Qızlarını tez ərə verən valideynləri başa düşə bilmirəm. Onlar anlamırlar ki, bununla öz övladlarını gələcək parlaq arzularından məhrum edirlər. Bu, elmi cəhətdən də sübut edilib”, - deyə A.Şilakadze əlavə edib. BMT rəsmisi Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib və yaxın gələcəkdə ölkəmizdə erkən nikahların tamamilə aradan qaldırılacağına inandığını bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, bu gün dünyada elm, texnologiya inkişaf etdikcə onun qarşısını alacaq cinayətlər də böyük inkişaf yolu keçir:Bu, həyəcan təbilidir. Bunlara qarşı konkret tədbirlər görmək lazımdır. Bəzən ailəyə müasir və ənənəvi yanaşmalar ziddiyyət təşkil edir. Azərbaycan hökumətinin bu məsələyə münasibəti birmənalıdır. Hökumət qadınlar və uşaqların hüquqlarına prioritet məsələ kimi baxır və üzərinə düşən vəzifəni yerinə yetirir. Azərbaycan parlamentinikah və ailə qanunvericiliyi sahəsində ciddi uğurlar əldə edib. Bu məsələyə cəmiyyətin münasibəti də aparıcı rol oynayır. Qanunların qəbulu, məzmunu ideal ola bilər, lakin qanunun aliliyi ənənələrdən aşağı tutulacaqsa, deməli, biz çətinliklərlə üzləşəcəyik. Biz ailədaxili tərbiyəyə diqqət ayırmalıyıq. Qızlarımızı başqalarının iradəsindən asılı, oğlanları isə başqasının üzərində hökmran kimi tərbiyə etməməliyik”.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, erkən nikahlar ümumbəşəri problemdir. Erkən nikahı bəzən islam dini ilə bağlamağa çalışırlar. Lakin bütün dinlərdə, bütün müqəddəs kitablarda ailə müqəddəs elan edilib və erkən nikahlara çağırış yoxdur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə “Buraxılış və qəbul imtahanlarında gender aspektləri” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Bakının Nardaran qəsəbəsində orta məktəbə gedən 100 qızdan uzağı 10-11 nəfəri 11-ci sinfə gəlib çatır. Son illərdə ali məktəbə sənəd verən qızların sayı azalıb. Qəbulun nəticələri isə fərqlidir. Bu il ali məktəblərə 49 min oğlan, 43 min qız sənəd vermişdi. Qəbul olunanlar arasında qızların sayı üstünlük təşkil edir.

M.Abbaszadə qeyd edib ki, 2004-cü ildə 1998-1999-cu illərdə anadan olan 125 mindən çox uşaq birinci sinfə daxil olub. Onların 50 faizi qızlar, 50 faizi isə oğlanlardır. Doqquz ildən sonra 3,5 faiz uşaq heç 9-cu sinfə gəlib çatmayıb. Deməli, 4 min 500-dən çox uşaq (600-ü oğlanlar, yerdə qalanı isə qızlar) təhsil ala bilməyib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə erkən nikahlara qarşı mübarizəni gücləndirməyin, gənclərin dünyagörüşünün artırılmasının zəruriliyini bildirib.

Konfransda Əfqanıstan İslam Respublikasının qadın məsələləri üzrə naziri Dilbar Nazari, Tacikistan Respublikasının Qadın və Ailə məsələləri üzrə Komitəsinin sədri Maxfirat Xıdırzoda, BMT-nin Uşaq Fondunun regional ofisinin gender məsələləri üzrə məsləhətçisi xanım Muna Maha və başqaları çıxış edərək erkən nikahların qarşısının alınması baxımından konfransın əhəmiyyətindən danışıblar.

Sonra “Erkən nikaha Yox deyirik” adlı sosial çarx nümayiş etdirilib.

Konfrans işini “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi”, “Qızların təhsil alması və bacarıqların əldə etməsi üçün imkanların artırılması”, “Sağlamlıq haqqında məlumat və xidmətlər” mövzuları üzrə sessiyalarla davam etdirib.

Yeni Azərbaycan.- 2015.- 17 dekabr.- S.- 4