Prezident Kuboku uğrunda çövkən milli oyununun rəsmi açılış mərasimi keçirilib

 

Xəbər verdiyimiz kimi, dekabrın 16-da Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlar başlanıb. Xatırladaq ki, bu yarışlar onuncu dəfədir keçirilir.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlarda respublikamızın 22 şəhər və rayonunu təmsil edən 24 komanda mübarizə aparır.

AZƏRTAC xəbər verir ki, dekabrın 17-də Atçılıq Turizm Mərkəzində oyunların rəsmi açılış mərasimi olub. Mərasimdə şəhər rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, iştirakçı rayonlardan gələn qonaqlar, həmçinin yerli azarkeşlər iştirak ediblər.

Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və digər qonaqlar əvvəlcə Mərkəzin həyətində çövkən oyunlarının tarixindən bəhs edən foto və Şəki sənətkarlarının əl işlərindən ibarət sərgilərlə tanış olublar.

Mərasimi Şəki şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Mirvari Zeynalova açaraq 2006-cı ildən etibarən ənənəvi olaraq hər il keçirilən bu yarışların xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin bərpası, təbliği və inkişaf etdirilməsi məqsədi daşıdığını vurğulayıb. Bildirilib ki, yarışlar getdikcə daha kütləvi xarakter alır. On il əvvəl keçirilən ilk oyunlarda 8 komanda iştirak edirdisə, artıq onların sayı 24-ə çatıb.

Musiqi kollektivlərinin çıxışından sonra komandalar cəngi sədaları altında tribunanın önündən keçərək meydanın mərkəzində düzülüblər.

Sonra tamaşaçılar çövkən oyunu üzrə Şəki və Tərtər komandalarının mübarizəsini izləyiblər. Qarşılaşma Şəki komandasının qələbəsi ilə başa çatıb - 9:0. Digər oyunlarda isə nəticələr belə olub: Bərdə-Samux 2:1, Qəbələ-Göygöl 1:0, Qazax-İsmayıllı 1:0, Goranboy-Bərdə 1:0.

Bir gün əvvəl keçirilən seçmə oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb:

Tərtər-Zaqatala 2:1, Göygöl-Tovuz 1:0, Qazax-Şəmkir 1:0, Tərtər-Xaçmaz 2:1.

Seçmə oyunlarda qalib gələn komandalar çövkən oyunu üzrə çıxışlarını davam etdirəcəklər. Uduzan komandalar isə güc sınağı, baharbənd, yaylıq, papaqsür-papaq oyunları üzrə yarışacaqlar.

Prezident Kuboku uğrunda çövkən milli oyununa dekabrın 21-də yekun vurulacaq. Həmin gün final oyunu və yarış iştirakçılarının mükafatlandırılması mərasimi keçiriləcək.

Xatırladaq ki, Azərbaycanın çövkən oyunu 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Yeni Azərbaycan.- 2015.- 18 dekabr.- S.5