Heydər Əliyev Mərkəzində
məşhur britaniyalı heykəltəraşın sərgisi
açılıb
Dekabrın 18-də Heydər Əliyev Mərkəzində tanınmış britaniyalı heykəltəraş Riçard Dikonun “Digər tərəfdən” (“On the other side”) adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək, sərginin təşkilinə görə heykəltəraş Riçard Dikona və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirib. O deyib: “Sevindirici haldır ki, Heydər Əliyev Mərkəzi ziyarətçilərimiz tərəfindən çox sevilən bir məkana çevrilib. Burada çoxsaylı beynəlxalq sərgilər və tədbirlər keçirilir. Bu sırada 2014-cü ildən keçirilən tədbirləri - Toni Kreqq, Bernar Buffe, “Kosmosa səyahət”, Klassik avtomobil sərgisini, “Qreys Kelli: Şahzadə və stil ikonası” və digərlərini qeyd etmək olar. Riçard Dikonun təqdim olunan sərgisi bizim üçün ən mühüm sərgilərdən biridir. Bundan əvvəl sərgi İsveçrənin Vintertur şəhərində, ümumilikdə isə 10 il ərzində dünyanın bir çox ölkələrində nümayiş olunub və nəhayət, Bakıda təqdim edilir”. Anar Ələkbərov bu sərginin təşkilində əməyi olan bütün insanlara minnətdarlıq edib.
Sərginin açılışında çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov Riçard Dikonun akademiyada olduğunu və elmi şurada iştirak etdiyini bildirib. O, Riçard Dikona Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının fəxri üzvü diplomunu təqdim edib. Vurğulayıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın gördükləri böyük işlər nəticəsində dünyanın ən görkəmli sənətkarlarının, Avropa təsviri incəsənətinin tanınmış simalarının sərgiləri Bakıda nümayiş olunur.
“Bu sərgi həm də biz pedaqoqlara və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinə yaradıcılıq baxımından olduqca faydalıdır. Burada nümayiş etdirilən əsərlər tələbələr üçün böyük yaradıcılıq stimulu olacaq” - deyə Ö.Eldarov vurğulayıb.
Sonra A.Ələkbərov layihənin həyata keçirilməsində xüsusi əməyi olan insanları səhnəyə dəvət edib.
Heykəltəraş Riçard Dikon sərginin təşkilinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirib. Məlumat verib ki, 2007-ci ildə Venesiya Biennalesində Azərbaycan pavilyonu ilə tanış olmaq imkanı qazanıb və o zaman Bakıda fərdi sərgisini təşkil etmək barədə dəvət alıb. Britaniyalı heykəltəraş sərginin təşkilindən hədsiz məmnunluğunu diqqətə çatdırıb, nümayiş etdirilən əsərlərin hər kəsdə xoş təəssürat yaradacağına ümidvar olduğunu bildirib.
Tədbir iştirakçıları sonra sərgi ilə tanış olublar. Sərgidə müəllifin 39 əsəri yer alıb. Ekspozisiyada ağac, metal və keramikadan hazırlanmış həm monumental, həm nisbətən kiçik əsərlər, eyni zamanda, orqanik nümunələr və dəqiq işlənmiş konstruksiyalar təqdim edilib.
Sərgi 2016-cı il iyulun 15-dək davam edəcək.
Xatırladaq ki, R.Dikon 1949-cu ildə Uelsin Banqor şəhərində anadan
olub. Ömrünün
40 ildən çoxunu
yaradıcılığa həsr edən sənətkar
hazırda Londonda yaşayır və fəaliyyət
göstərir. O, 1987-ci ildə müasir
incəsənət sahəsinin nüfuzlu
“Törner” mükafatına, 1999-cu ildə
“Britaniya imperiyasının komandiri” ordeninə layiq görülüb. 2007-ci ildə Venesiya Biennalesində Uelsi
təmsil edib. R.Dikon özünü klassik mənada
heykəltəraş hesab etmədiyini deyir. Buna görə də
çox mürəkkəb əsərlər
üzərində çalışarkən ağac,
yaxud metal üzrə
mütəxəssislərlə əməkdaşlıq şəraitində
işləyir.
Yeni Azərbaycan.-
2015.- 19 dekabr.- S.- 5