Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə Moskvada Dünya
Azərbaycanlılarının Həmrəylik Günü
qeyd edilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Moskvada Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr edilmiş tədbir keçirib.
RAGB-nin İdarə Heyətinin üzvü Emin Hacıyev tədbiri açaraq iştirakçıları Birliyin sədri Leyla Əliyevanın adından qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, təşkilatın 2015-ci ildəki fəaliyyəti barədə məlumat verib. O vurğulayıb ki, üzvlərinin sayı ildən-ilə artan Rusiyanın Azərbaycanlı Gənclər Birliyi bu il də bir sıra maraqlı layihələr həyata keçirib.
Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev ölkəmizin son illərdə qazandığı uğurlardan söz açıb. O, Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığa böyük töhfələr verən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirib.
Rusiya-Azərbaycan Dostluğu Mərkəzinin rəhbəri Natalya Krasovskaya, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev gənclərə uğurlar arzulayaraq bildiriblər ki, RAGB fəallarının hər bir təşəbbüsü Rusiyadakı Azərbaycan diasporunun möhkəmlənməsinə və birləşməsinə xidmət edir. Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilatın Rusiyada yaşayan və təhsil alan gənclərin birləşməsində, elm, təhsil, yaradıcılıq sahələrində, habelə ictimai təşəbbüslərin reallaşdırılmasında fəaliyyəti əvəzsizdir.
Rəsmi hissədən sonra milli musiqi və rəqslərdən ibarət konsert olub.
Yeni Azərbaycan.- 2015.- 26 dekabr.- S.2