Müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi diqqət mərkəzində saxlanılır

 

Prezident İlham Əliyevin bu günlərdə imzaladığı Sərəncam müharibə əlillərinin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tədbirlərin daha intensiv şəkildə həyata keçirilməsini təmin edəcək

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Son 12 ildə yoxsulluğunişsizliyin səviyyəsinin 5 faizə endirilməsi ölkəmizdə reallaşdırılan sosial siyasətin kifayət qədər geniş məzmunu barədə konkret təsəvvür yaradır. Azərbaycanda həyata keçirilən geniş məzmunlu sosial siyasətlə bağlı əsas məqam isə ondan ibarətdir ki, Prezident İlham Əliyev ölkədə sosial məsələlərin yüksək səviyyədə həllinə nail olmaq üçün böyük siyasi iradə nümayiş etdirir. Dövlət başçısı qarşıya Azərbaycanda sosial sahədə vəziyyətin dünyanın aparıcı ölkələrindəki səviyyəyə çatdırılması ilə bağlı strateji hədəf qoyub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində bir daha vurğulayıb ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Ölkəmizdə məqsədyönlü sosial siyasətin tərkib hissəsi olaraq sosial öhdəliklərin yüksək səviyyədə yerinə yetirilməsi təmin edilir, həmçinin xüsusi qayğıya ehtiyacı olan insanların, o cümlədən də Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl proqramlar reallaşdırılır. Bu məqamda vurğulamaq yerinə düşər ki, hazırda ölkəmizdə 500 minə yaxın insan, başqa sözlə desək, 114 min ailə ünvanlı sosial yardım alır. Cari ilin birinci yarısında ünvanlı sosial yardımların, aylıq və birdəfəlik sosial müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən 248 milyon manat vəsait xərclənib. Ümumiyyətlə, ölkəmizdə əhalinin qayğıya ehtiyacı olan təbəqələrinə dövlət qayğısı hərtərəfli xarakter daşıyır, o cümlədən də əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası da diqqət mərkəzində saxlanılır. Cari ilin birinci yarısında əlilliyi olan şəxslərdən 165 nəfəri Türkiyə Respublikasında bərpa müalicəsinə, 786 nəfəri isə ölkə ərazisindəki istirahət mərkəzlərinə göndərilib. Hazırda ölkəmizin müxtəlif regionlarında 18 qeyri-hökumət təşkilatı tərəfindən 1500 nəfər ehtiyacı olan uşağı əhatə edən 29 sosial xidmət layihəsi icra olunur.

Bu günlərdə isə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Bəhs olunan Sərəncam ölkəmizin ərazi bötövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsini daha dolğun şəkildə təmin etmək məqsədi daşıyır. Sərəncama əsasən, müvafiq kateqoriyadan olan şəxslərin ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 10,0 (on) milyon manat ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilir ki, qeyd olunan vəsait dövlət başçısının 20 iyun 2014-cü il tarixli Sərəncamının icrası, yəni nazirlik tərəfindən 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış müharibə əlilləri və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və fərdi evlə təmin edilməsi işlərinin davam etdirilməsi üçün nəzərdə tutulub. Layihəyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə müharibə əlilləri və şəhid ailələri üçün ölkənin 52 rayonunda 375 fərdi yaşayış evinin tikintisinə başlanılıb. Onlardan 10 rayon üzrə inşası başa çatmış 65 fərdi ev, habelə 3 şəhərdə hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil, eləcə də Tərtər rayonunda 54 mənzilli yaşayış binası cari ildə müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Beləliklə, cari ilin ötən dövründə 175 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib.

Müharibə əlilləri və şəhid ailələri üçün hazırda respublikanın bölgələrində 310 fərdi ev tikilir ki, onlardan 73 evin inşası artıq tam yekunlaşıb, qalan evlərin isə böyük əksəriyyətinin tikintisi tamamlanmaq üzrədir. Yaxın vaxtlarda Salyan, Sabirabad, Şabran, Siyəzən, Ağdaş, İmişli və digər rayonlarda yeni fərdi evlərin, habelə Bakı şəhərində hazır yaşayış binalarından alınmış mənzillərdən təmir işləri başa çatdırılmış 88 mənzilin müharibə əlilləri və şəhid ailələrinə təqdim olunması nəzərdə tutulur. Bu kateqoriyadan olan şəxslər üçün İmişli və Beyləqan rayonlarının hər birində bir 54 mənzilli, Şamaxı rayonunda isə bir 36 mənzilli yaşayış binasında tikinti işləri də artıq yekunlaşmaq üzrədir. Bundan başqa, hazırda Bakıda 96 mənzilli yaşayış binasının inşası davam etdirilir.

Ekspertlər də dövlət başçısının imzaladığı Sərəncamın praktiki müstəvidə əhəmiyyətinə diqqət çəkirlər. Bildirilir ki, bəhs olunan sənəd sosial siyasətlə bağlı dövlətin siyasi iradəsini ifadə etməklə yanaşı, müvafiq kateqoriyadan olan ailələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tədbirlərin daha intensiv şəkildə həyata keçirilməsinə optimal şərait yaradılmasını da təmin edəcək.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2015.- 26 dekabr.- S.2