“İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr olunub

 

Azərbaycan mədəniyyətinin, incəsənətinin xaricdə təbliği ilə məşğul olan “İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr edilib.

Nəşrin baş redaktoru Musa Mərcanlı birinci Avropa Oyunlarına həsr olunan məqaləsində qeyd edir ki, tarixdə ilk dəfə keçirilən bu cür əhəmiyyətli tədbirin təşkilinin Azərbaycana həvalə olunması ölkəmizin beynəlxalq aləmdə böyük nüfuzunun göstəricisidir. Oyunları yüksək səviyyədə keçirən Azərbaycan hamıya sübut etdi ki, ən nüfuzlu beynəlxalq yarışları başqalarından yaxşı təşkil etməyə qadirdir.

Azərbaycan xalqının qonaqpərvərliyindən, idmançılarımızın qələbələrindən də ətraflı söz açan müəllif yazır ki, Azərbaycan iyun ayının 17 günü ərzində idmansevərlərin diqqət mərkəzində oldu, özü də təkcə Avropada deyil. Hamı inandı ki, Azərbaycan təkcə neft ölkəsi deyil, həm də yüksək mədəniyyəti, qonaqpərvərlik ənənələri olan bir ölkədir.

Jurnalda xarici işlər naziri Elmar Məmmədyarovun “Azərbaycanın ərazi bütövlüyü heç zaman danışıqların predmeti olmayıb və olmayacaq” adlı müsahibəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə çinli oxucuların daha ətraflı məlumatlandırılmasında mühüm mənbə rolunu oynayacaq. Münaqişə barədə ətraflı məlumat verən nazir problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini, işğal faktının təkcə Azərbaycan üçün deyil, bütün region üçün əsas təhdid olduğunu diqqətə çatdırır. O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə əminlik ifadə edir.

Bundan başqa, jurnalda Azərbaycan xalqının qonaqpərvərliyindən, kəlağayının tarixindən bəhs edən məqalələr də yer alıb.

Digər məqalə isə Azərbaycanın mədəniyyət mərkəzlərindən olan Şuşa haqqındadır. Məqalədə Şuşanın mədəni tariximizdəki rolundan danışılır, bu şəhərin yetirməsi olan dahi incəsənət adamlarından söz açılır.

Jurnalda Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutunun Çin tərəfdən direktoru xanım Xu Fenxuanın Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı məqaləsi də dərc olunub.

Yeni Azərbaycan.- 2015.- 31 dekabr.- S. 9