Prezident İlham Əliyev Zirə Mədəniyyət Mərkəzinin
və eko-parkın açılışında iştirak edib
Dekabrın 30-da Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zirə Mədəniyyət Mərkəzində yaradılmış şəraitlə tanış olublar.
Bildirilib ki, Heydər Əliyev Fondunun Bakının Zirə qəsəbəsində həyata keçirdiyi bu layihə möhtəşəmliyi ilə diqqəti cəlb edir və son illərdə ölkədə icra olunan ən orijinal layihələrdən biridir. Bu nadir məkanın qəsəbədə yaradılması isə onun əhəmiyyətini daha da artırır. Belə ki, yerli sakinlər, xüsusilə də gənclər üçün cəlbedici olan bu yer qəsəbənin sosial-mədəni inkişafında mühüm rol oynayacaq. Digər tərəfdən, bu layihə Heydər Əliyev Fondunun regional inkişaf konsepsiyasında önəmli yer tutur.
Xüsusi layihə əsasında tikilmiş Zirə Mədəniyyət Mərkəzinin ümumi sahəsi 6 min kvadratmetrdir. İkimərtəbəli binanın girişində Ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətlərini əks etdirən fotostend qurulub. Qalereyada yaşıllıq sahəsi salınıb, müxtəlif növ ekzotik bitkilər, gül və ağaclar əkilib, köşklər qurulub, su-kanal sistemi yaradılıb. Mərkəzin xarici dil kabinetində ingilis, rus və fransız dillərinin öyrənilməsi üçün bütün dərs vəsaitləri var. Kabinetdə elektron lövhə qurulub, hər bir şagird masası son elektron texnologiyalı kompyuterlərlə təchiz olunub. Zirə Mədəniyyət Mərkəzindəki IDEA resurs mərkəzi ölkə üzrə fəaliyyət göstərən analoji mərkəzlərdən biridir və Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq Təşkilatının ideyası ilə yaradılıb. Burada qlobal iqlim, flora və fauna dəyişikliyi problemləri, kimyəvi tullantılar, ekoloji tarazlığın pozulması ilə bağlı görüşlərin, “dəyirmi masa”ların keçirilməsi planlaşdırılır. Mərkəzdə yaşıllaşdırma, landşaft dizaynı və bağçılıqla bağlı treninqlər də keçiriləcək. Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsis etdiyi IDEA kampaniyası nəsli kəsilməkdə olan heyvanların - xüsusilə də Qafqaz faunasının nəsli kəsilməkdə olan beş növünün populyasiyasının qorunub saxlanılmasına və qoruqların mühafizəsinə həsr olunub.
Şahmat sinfində bu qədim oyunun sirlərini öyrənmək istəyənlərin məntiqi düşüncələrinin düzgün formalaşdırılması üçün ən üstün elektron texnologiya qurulub. Kabinet elektron şahmat lövhələri ilə təmin edilib. Oyunlar eyni vaxtda internet vasitəsilə monitorda nümayiş olunur.
Moda studiyası da müasir tikiş avadanlıqları ilə təmin olunub. Bura dərzilik kursu, tikiş dərsləri ilə yanaşı, geyimlərin sifarişi, həm də nümayiş xarakterli bir məkandır. Paltarların biçimi və tikişi kursu fərdi və qrup xarakteri daşıyır.
Muzey formatında yaradılan Zirə Xalça Muzeyi də Mədəniyyət Mərkəzində yerləşir. Muzeydə 150 ildən çox yaşı olan Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri qorunur. Burada xovlu və xovsuz xalçalar, kilim, palaz nümunələri nümayiş olunur. Xüsusi elektron tanıtım sistemi ilə təchiz edilən muzeydə hər bir xalça haqqında Azərbaycan və ingilis dillərində geniş məlumat verilir. Xalça Muzeyinin nəzdində Xalçaçılıq Tədris Mərkəzi də fəaliyyət göstərir. Burada xalçalarımız haqqında praktik və nəzəri dərslər keçirilir. Bu dərslərdə müxtəlif yaş qruplarına aid insanlar iştirak edir. Tədris mərkəzi xalçaçılıqda istifadə olunan ləvazimatlarla və hanalarla təchiz olunub. Dərslərin səmərəli keçirilməsi üçün mərkəz Azərbaycan xalçaçılığından bəhs edən audio və video materiallar, kitablar, kataloq və jurnallarla təmin olunub. Mərkəzdə tədris zamanı istifadə olunan xalça eskizlərinin və çeşnilərin hazırlanması üçün rəssamlıq otağı da yaradılıb. Burada 30-dan artıq şagirdə xalçaçılığın sirləri öyrədiləcək. Perspektivdə xalça fabrikinin yaradılması nəzərdə tutulur.
Mərkəzdə 300 nəfərlik 3D kinozalı da fəaliyyət göstərir. “Nizami” Kino Mərkəzində nümayiş olunan filmlərin müasir texnologiya ilə təchiz olunan bu kinozalda da yayımlanması nəzərdə tutulub. Burada xüsusi akustik sistem, lisenziyalı proyektor, işıq və havalandırma sistemləri qurulub. Zalda konsert, musiqili gecələr, iclas, toplantı və təqdimatların keçirilməsi də mümkündür.
Nikah evində nikahların qeydiyyatı aparılacaq və bununla əlaqədar tədbirlər keçiriləcək. Yeni evlənənlərin tibbi müayinəsi və onlara tibbi arayışın verilməsi, yeni doğulmuş körpələrin qeydiyyatı da burada aparılacaq. Mədəniyyət Mərkəzində yeni evlənənlər üçün müxtəlif mərasimlərin və əyləncələrin təşkili ilə bağlı geniş imkanlar var.
Mərkəzdə idman və bədii gimnastika təlimləri üçün nəzərdə tutulan gimnastika zalı da yaradılıb və zal Gimnastika Federasiyası tərəfindən müvafiq avadanlıqlarla təchiz olunub. Art-studiya isə rəngkarlığın sirlərini öyrənmək istəyən müxtəlif yaş qruplarına aid istedadlı gənclərin cəlb olunması üçün nəzərdə tutulub. Studiya zəruri avadanlıq və rəngkarlıq vasitələri ilə təchiz edilib. Burada gələcəkdə tanınmış rəssamların ustad dərslərinin təşkili planlaşdırılır.
Elektron kitabxana mərkəzləşdirilmiş sistemlə təchiz olunub və üç mindən çox elektron vəsait bazaya yüklənib. Kitabxana xüsusi dizaynla tərtib olunub. İstifadəçilərin rahatlığı üçün kitablar sərbəst istifadəyə verilib.
Foto-video studiya da rəqəmsal texnologiyanın ən son avadanlıqları ilə təchiz edilib. Burada müasir fotostudiya - xüsusi fon pərdələri, işıq sistemi, kompyuterləşmiş fotoavadanlığı qurulub. Studiyada peşəkar çəkiliş və xidmətlə yanaşı, foto-video-montaj dərslərinin keçirilməsi, mərasimlərin işıqlandırılması nəzərdə tutulub.
Zirə Mədəniyyət Mərkəzində seçicilər, qəsəbə sakinləri ilə qəbul və görüşlərin keçirilməsi üçün də hər cür şərait yaradılıb. Seminar, treninq, iclas, təqdimat və yığıncaqların təşkili üçün zəruri avadanlıqla təchiz olunan 60 nəfərlik konfrans zalı qurulub.
Mərkəzin özəlliyini artıran mühüm amillərdən biri də burada Orxideya Evinin yaradılmasıdır. Ölkədə ilk dəfə yaradılan bu məkanda 150 nəfərlik qonaq qəbulu və müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Zalın tərtibatında müxtəlif ekzotik gül və ağac kompozisiyalarından, rəngarəng orxideya növlərindən istifadə olunub.
Sonra Prezident İlham Əliyev və ailə üzvləri Xəzər rayonunun və Zirə qəsəbəsinin bir qrup sakini ilə görüşüblər.
Prezident İlham Əliyev deyib: Bu gün çox əlamətdar bir gündür. Zirədə belə gözəl Mədəniyyət Mərkəzi və eko-park açılır. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da nadir layihədir. Deyə bilərəm ki, bu, nəinki ölkəmizdə, dünya miqyasında seçilən layihələrdən biridir. Burada həm böyük park yaradılıbdır, 10 hektar ərazidə, eyni zamanda, bu Mədəniyyət Mərkəzində müxtəlif dərnəklər, studiyalar fəaliyyət göstərir, xalça muzeyi, kinozal, kitabxana, konfranslar üçün müxtəlif otaqlar var. Yəni, bu, doğrudan da müasir, çox gözəl mərkəzdir və şadam ki, bu mərkəz Zirə qəsəbəsində yaradılıbdır.
Son vaxtlar ölkəmizin hər bir yerində, o cümlədən Bakı şəhərində ictimai yerlər yaradılır, parklar salınır. Misal üçün bizim ən böyük parkımız bulvardır. Əvvəlki uzunluğu 3 kilometr idisə, indi 16 kilometrə çatıb və ən yüksək səviyyədə qurulubdur. Həmçinin yeni parklar salınıbdır. Məsələn, Mərkəzi Park - Heydər Əliyev Sarayının arxasında yerləşən park yeni yaradılıbdır. Yasamal parkı - bu da yeni yaradılıb, şəhərimizin ən böyük parklarından biridir, Dədə Qorqud parkı və digər parklar. Şəhərdə indi ekoloji layihələr icra edilir. Böyükşor gölünün bir hissəsi təmizlənib, orada da gözəl bulvar salınıb, böyük park yaradılıbdır. Heydər Əliyev Mərkəzinin qarşısında təqribən 7-8 hektar ərazidə park yaradılıbdır. Şadam ki, nəinki şəhərin mərkəzində, eyni zamanda, qəsəbələrdə də gözəl parklar salınır. Bu imkanlardan həm qəsəbə sakinləri, həm də qonşu qəsəbələrdən gələn qonaqlar istifadə edəcəklər. Eyni zamanda, hesab edirəm ki, buraya mütləq şəhərimizin sakinləri və xarici qonaqlar da gələcəklər. Çünki mehmanxanalarımızda bu parkla bağlı kitabçalar təqdim ediləcək və xarici qonaqlar gəlib görəcəklər ki, Azərbaycanda belə gözəl əsərlər yaradılır.
Zirə qəsəbəsinin inkişafı uğurla gedir və burada xüsusilə sizin deputatınızın fəaliyyətini qeyd etmək istəyirəm.
Sakinlər: Allah cansağlığı versin.
Prezident İlham Əliyev: Mehriban artıq 10 ildir ki, sizin deputatınızdır. Zirə qəsəbəsində və digər qəsəbələrdə inkişaf Mehribanın adı ilə bağlıdır. Bu layihə də Heydər Əliyev Fondu tərəfindən icra edilibdir. Şadam ki, bu layihənin ekoloji komponentinin müəllifi mənim qızım Leyladır.
Sakinlər: Allah saxlasın, xoşbəxt olsun.
Prezident İlham Əliyev: O da çalışır ki, ölkəmizin ümumi inkişafına töhfə versin, xüsusilə ətraf mühitin, nadir heyvanların qorunması istiqamətində çox böyük işlər görür. Azərbaycanda ekoloji vəziyyətlə bağlı görülən işlər artıq beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bu yaxınlarda Parisdə iqlim dəyişikliyi ilə bağlı dünya əhəmiyyətli beynəlxalq konfrans keçirilmişdir. Azərbaycanın təqdim etdiyi nailiyyətlər orada xüsusilə qeyd edilmişdir. Çünki ətraf mühitin qorunması işində biz doğrudan da böyük uğurlara nail ola bilmişik. Xüsusilə Bakıda, Abşeronda, əfsuslar olsun ki, on illiklər ərzində neft hasilatı nəticəsində böyük ərazilər çirklənmişdir. İndi o ərazilərin təmizlənməsi işi gedir və o cümlədən dediyim kimi Böyükşor gölünün, Bibiheybət buxtasının təmizlənməsi artıq reallıqdır.
Son illər Zirə qəsəbəsində müxtəlif sosial layihələr icra edilmiş, səhiyyə, təhsil ocaqları yaradılmışdır. Əminəm ki, bu gözəl yeni layihə Zirə sakinlərinin sərəncamına veriləndən sonra buraya insanlar gələcəklər, istirahət edəcəklər. Uşaqlar burada müxtəlif dərnəklərdə təlim alacaqlar. Yəni, Zirə qəsəbəsinin son illərdəki inkişafı doğrudan da çox müsbətdir, uğurludur. Əminəm ki, Heydər Əliyev Fondu gələcəkdə bu qəsəbədə və bütün başqa yerlərdə öz fəaliyyətini uğurla davam etdirəcəkdir.
İnfrastruktur layihələri icra edilir və yollar
salınır.
İndi bu gözəl aeroport yolundan ta
Pirallahıya qədər yeni yol artıq salınır,
genişləndirilir, onun bir hissəsi istifadəyə
verilmişdir. Pirallahıya gedən yol əsaslı
şəkildə təmir olunur, yenidən qurulur, körpü
tikilir. O körpünün də çox böyük
ekoloji mənası var. Çünki bu günə qədər
bu bənd sanki dənizi bölür və imkan vermir ki, su təmizlənsin.
İmkan vermir ki, ekoloji vəziyyət
normallaşsın. İndi bəndin əvəzinə
körpü salınır və bunun çox böyük müsbət
ekoloji təsiri olacaqdır.
Ümumiyyətlə, son illər ərzində Bakı qəsəbələrində
gedən işlər demək olar ki, mövcud problemlərin
böyük hissəsini həll edibdir. Çünki hər bir qəsəbədə
yollar salınır, içməli su xətləri çəkilir,
qazlaşdırma demək olar ki, başa
çatmışdır, elektrik enerjisi təchizatı
normallaşıb, iş yerlərinin yaradılması istiqamətində
addımlar atılıbdır, o cümlədən Zirə qəsəbəsində.
Bildiyiniz kimi, bütün bu işlər Bakı və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafı
Dövlət Proqramının nəticəsində
mümkün olmuşdur. Proqram davam edir, gələn il də
bir çox layihələr icra ediləcəkdir. Qarşıya vəzifə qoyulmuşdur ki, Bakıətrafı
qəsəbələrdə bütün infrastruktur, sosial məsələlər
öz həllini tapsın. Yaxşı yollar
salınsın, məktəblər, uşaq
bağçaları, tibb ocaqları, idman obyektləri tikilsin,
iş yerləri yaradılsın. Biz bu istiqamətdə
ardıcıl şəkildə bütün işləri
görürük və əminəm ki, yaxın gələcəkdə
qəsəbələrdə bütün problemlər öz həllini
tapacaq.
Mən xüsusilə içməli su layihələrini
qeyd etmək istəyirəm. Bu yaxınlarda
Ceyranbatan su anbarında yeni, dünyanın ən böyük
sutəmizləyici qurğusu istifadəyə verilmişdir.
Bu qurğu hesabına Bakı sakinlərinə
Dünya Səhiyyə Təşkilatının səviyyəsinə
uyğun 24 saat ərzində içməli su verilməlidir.
Artıq bu proqram da başlanıbdır.
Biz sizinlə
bu gün Yeni il, Dünya Azərbaycanlılarının
Həmrəylik Günü ərəfəsində
görüşürük. 2015-ci ildə mənim
bir çox ölkələrə rəsmi və
işgüzar səfərlərim olmuşdur. Mən xaricdə 20 beynəlxalq tədbirdə
iştirak etmişəm. Ölkə
üzrə də təqribən 20-dən çox rayonda
olmuşam. Amma ili mən burada, Zirədə
ailəmlə, sizinlə bərabər başa vururam və
sizi bir daha salamlayıram. Xahiş edirəm ki, mənim
salamlarımı bütün Zirə sakinlərinə
çatdırasınız. 2016-cı ildə
sizə, bütün Azərbaycan xalqına xoşbəxtlik,
uğurlar, əmin-amanlıq arzulayıram.
2015-ci il sınaq ili olmuşdur. Dünyada
gedən proseslər istər-istəməz bizə də təsir
etmişdir. Ancaq 2015-ci ildə Azərbaycanda
ictimai sabitlik təmin edildi, xalqımız sülh, əmin-amanlıq
şəraitində yaşayır və yaşamalıdır.
Baxmayaraq ki, indi ətraf bölgələrdə
müşahidə olunan mənzərə çox
acınacaqlıdır. Əfsuslar olsun ki,
2015-ci ildə həm dünyada, həm bölgədə
qanlı toqquşmalar, müharibələr,
ayrı-seçkilik və anlaşılmazlıq
özünü daha qabarıq şəkildə büruzə
verir. Azərbaycanda isə bütün
işlər normal məcrada davam edir, xalqımızın təhlükəsizlik
şəraitində yaşaması təmin edilir, milli birlik, həmrəylik
hökm sürür. Əlbəttə, biz
diqqəti xüsusən gələcək iqtisadi
inkişafımıza yönəltməliyik. Son illər ərzində bu istiqamətdə
böyük uğurlar əldə edilmişdir. Şəhərlərimizin siması dəyişdi,
Bakı dünyanın ən gözəl şəhərinə
çevrildi. Ancaq görüləsi
işlər çoxdur. Gələn il
xüsusilə idarəetmə sahəsində çox ciddi
islahatlar davam etdiriləcək. Bu islahatlar daim
aparılır. Ancaq gələn il
daha da ciddi struktur islahatları aparılacaq. Biz
xüsusilə idarəetmə sahəsində artıq yeni
formatda daha böyük səmərə ilə işləməliyik.
Bütün sahələrdə tam şəffaflıq
təmin edilməlidir ki, dövlət büdcəmizin gəlirləri
ilə bağlı heç bir problem olmasın. Biz elə işləməliyik ki, neftin qiymətindən
asılılığı aradan götürək. Mən bunu dəfələrlə bəyan etmişəm
və son illərdə qeyri-neft sektorunun inkişafı, bax, bu
məqsədi güdür. Əgər biz bu
islahatları aparmasaydıq, bu gün çox ağır vəziyyətdə
ola bilərdik.
Ancaq neftdən asılılıq hələ ki, davam edir
və davam edəcək. Bu asılılığı ən
aşağı səviyyəyə endirmək
üçün həm iqtisadi islahatlar, həm idarəetmə
sahəsində çox ciddi islahatlar aparılmalıdır.
İlk növbədə, bütün sahələrdə
şəffaflıq tam təmin edilməlidir. İcra orqanlarının, vergi-gömrük
orqanlarının fəaliyyəti, ümumiyyətlə, bizim
bütün maliyyə sistemimiz şəffaf olmalıdır.
Biz dünyanın inkişaf etmiş ölkələrinin
praktikasını tam şəkildə tətbiq etməliyik.
Gəlirlərə, xərclərə nəzarət
gücləndirilməlidir, xüsusilə ictimai nəzarət.
Mən bu barədə də dəfələrlə
demişəm ki, ictimaiyyət daha da fəal olsun.
Əhaliyə göstərilən xidmətlərdə
çox ciddi islahatlar aparılmışdır. “ASAN xidmət”
artıq iki ildir fəaliyyət göstərir, 7 milyondan
çox insan bu xidmətin imkanlarından istifadə edib və
əvvəlki illərdə olan pozuntular, nöqsanlar artıq
yoxdur. Yəni, bunu etmək
mümkündür. Hər bir sahədə
şəffaflıq olmalıdır, yerli və mərkəzi
icra orqanları, ilk növbədə, insanlara xidmət
göstərməlidirlər, anlamalıdırlar ki, onlar
insanlar üçün çalışırlar. Xalq tərəfindən onlara verilən qiymət, yəni,
münasibət əsas meyardır. Mən
onların fəaliyyətinə qiymət verəndə, ilk
növbədə, bu amili nəzərə alıram və
alacağam.
Əlbəttə
ki, 2016-cı il iqtisadi cəhətdən
asan il olmayacaq. Biz bunu bilməliyik. Ancaq elə işləməliyik ki, mənfi tərəfləri
minimum səviyyəsinə endirək. Mən
əminəm ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı
inkişaf edəcək, heç bir sosial proqramın icrası
ilə bağlı heç bir problem olmayacaq. Biz daha da ciddi sosial siyasət aparacağıq və
çalışacağıq ki, daha çox xarici sərmayəni
cəlb edək, israfçılığa yol verməyək.
Qeyd etdiyim kimi, idarəetmə sistemində
xoşagəlməz halların aradan qaldırılması
işində daha da fəal işləyəcəyik.
Mən bir daha sizi qarşıdan gələn bayramlar
münasibətilə təbrik etmək istəyirəm. Azərbaycan
inamla inkişaf edəcək. Biz inkişaf
yolu ilə, müstəqillik yolu ilə gedirik, müstəqil
siyasət aparırıq. Ona görə bəzi
hallarda əsassız təzyiqlərə məruz
qalırıq. Ancaq biz ləyaqətli siyasət
aparırıq. Azərbaycan xalqının
maraqları mənim üçün hər şeydən
üstündür və mən bundan sonra da bu maraqları
müdafiə edəcəyəm. Mən xalqın dəstəyini
hiss edərək bu işləri daha da inamla aparıram. Bir daha sizi təbrik edirəm, bayramlarınızı
təbrik edirəm.
Sakinlər:
Çox sağ olun, Allah Sizə
cansağlığı versin.
Zirə qəsəbəsinin
sakini: Bu gün çox sevindirici haldır. Siz
ailənizlə üçüncü dəfədir Zirə kəndinə
təşrif buyurursunuz. Bu, sevindirici
haldır. Mən öz adımdan, Zirə
kəndinin əhalisi, ziyalıları, ağsaqqalları
adından Sizə təşəkkür edirəm. Demək istəyirəm ki, Zirə qəsəbəsində
bütün yollar qısa zamanda asfaltlaşdırılıb.
Az vaxt ərzində Heydər Parkı, xəstəxana,
idman kompleksi, bu mərkəz və eko-park yaradılıb. Kimin təşəbbüsü ilə?
Hamısı bizim hörmətli Prezidentimiz və Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü
ilə! Yəni, demək istəyirəm ki, bu
kiçik qəsəbədə bu qədər işlər
görülübsə, baxın, Azərbaycanın
rayonlarında, qəsəbələrində nə qədər
böyük işlər görülüb. Bu işlərin hamısı Sizin təşəbbüsünüzlə,
göstərişinizlə görülüb. Ona görə də qəsəbəmizin, Bakıətrafı
kəndlərin əhalisi adından Sizə öz təşəkkürümüzü
bildiririk. Bir neçə gün bundan əvvəl Sizin ad gününüz olub. Camaatımız,
ağsaqqallarımız, ziyalılarımız adından Sizi
təbrik edirik, Sizə uzun ömür,
cansağlığı arzu edirik. Allah-Təaladan arzu
edirik ki, Sizə, ailənizə ən gözəl nemət
olan cansağlığı versin. Allah-Təala
Sizi yerin, göyün bəlalarından hifz etsin. Allah-Təala Sizin kimi Prezidenti biz Azərbaycan
xalqına çox görməsin. Allah Sizi
hifz etsin.
Türkan
qəsəbəsinin sakini: Bu gün Zirədəyik, Zirə qəsəbəsindən
danışırıq. Amma bu, o demək deyil
ki, təkcə elə Zirə qəsəbəsi
abadlaşır. Mən Türkan qəsəbəsinin
ağsaqqalı kimi deyə bilərəm ki, Türkanda illər
boyu qazla bağlı çətinlik olub. Biz
sovet vaxtı da orada qaz görməmişik. Bu gün heç kimin qazla bağlı problemi yoxdur.
Bu da ölkə rəhbərinin təşəbbüsü
ilə mümkün olub. İşıqla
bağlı qəti problem yoxdur. Su haqqında
danışdınız, çox sağ olun, o vaxt Siz
Ağsuda çıxış edəndə mən televizorda
baxırdım. Siz dediniz ki, su bizim həyatımızdır.
Su gələcəyimiz, balalarımızın
sağlam həyatı üçün vacibdir. Artıq
iki aydır ki, biz də sudan fasiləsiz
istifadə edirik. Gecə-gündüz Sizə də,
Mehriban xanıma da, Leyla xanıma da dua edirik. Televizora baxanda görürük ki, dünyanın
bir çox yerində uşaqlar, qocalar üçün binalar
tikilir. Həqiqəti deyirəm, adam
sevincdən kövrəlir. Ona görə biz əgər
başqa ölkələrdə də xeyirxah işlər
görmüşüksə, özümüzü, ölkəmizi
Sizin timsalınızda tanıtdırmışıqsa, bu,
bizim üçün fəxrdir.
Mehriban xanımın təşəbbüsü ilə
Türkanda məktəb tikilib, internat məktəbi təmir
olunub. Gözəl Mədəniyyət Evi var. Əvvəl
Mədəniyyət Evi yox idi. Bu gün
gözəl ikimərtəbəli, geniş, 200 nəfərlik
mədəniyyət evimiz var. Uşaq bağçası
tikildi. Keçən il poliklinika
çox yüksək səviyyədə inşa olundu. Məktəblərimiz var, asfalt yol da ki öz yerində.
Mən də Türkan camaatı adından Sizə
təşəkkür edirəm. Bu gün
burada bildik ki, Mehriban xanımın təşəbbüsü
var. Prezidentimizə və ona cansağlığı arzu
edirik. Biz arzu edirik ki, Prezidentimizlə,
deputatımız Mehriban xanımla həmişə belə
xoş işlərdə görüşək, Sizin rəhbərliyinizlə
ölkəmiz, şəhərlərimiz, qəsəbələrimiz,
kəndlərimiz gündən-günə abadlaşsın.
Allah Sizə cansağlığı versin.
Mən türkanlılar adından Sizə bir daha
təşəkkür edirəm. Çox sağ
olun.
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva çıxış edərək deyib: Çox
minnətdaram. Bu fürsətdən istifadə
edərək, seçkilər zamanı mənə göstərdiyiniz
yüksək dəstəyə, inama görə sizə dərin
minnətdarlığımı bildirirəm. Artıq biz illərdir ki, bərabər
çalışırıq və bütün bu işləri,
əlbəttə, Heydər Əliyev Fondu sizin dəstəyinizlə
həyata keçirir. Əminəm ki, qalan
bütün problemləri də gələcək illərdə
birgə həll edəcəyik və belə gözəl
açılışlarda daha çox iştirak edəcəyik.
Mən sizi təbrik edirəm, sizə
cansağlığı arzu edirəm.
Sakinlər:
Çox sağ olun. Biz də
sizə cansağlığı arzu edirik.
Prezident
İlham Əliyev deyib: Son illərdə Xəzər rayonunun
demək olar ki, bütün qəsəbələrində
doğrudan da çox böyük quruculuq işləri
aparılır. Bu, çox böyük təqdirəlayiq
bir haldır. İnfrastruktur
yaradılır, sosial obyektlər, məktəblər,
poliklinikalar, tibb mərkəzləri tikilir. Mən dəfələrlə demişəm ki, əgər
hər bir qəsəbənin, kəndin problemi həll olunarsa,
onda ölkədə bütün problemlər həll olunacaq.
Ancaq bilirsiniz, vaxtilə tikilmiş binalar
artıq yararsız vəziyyətə
düşmüşdür. Son 10 il ərzində
3 mindən çox məktəb tikildi, təmir edildi. Təsəvvür edin, Azərbaycanda təxminən
5 minə yaxın məktəb var. Onun 3 mini yenidən tikildi,
bərpa edildi. Ancaq hələ ki, qəzalı
məktəblər var. Mən rayonlarda olarkən hər dəfə
arayış alıb baxıram ki, neçə məktəb qəzalıdır.
Yəni, bütün bunları etmək
üçün vəsait, büdcə vəsaiti, gəlirlər
lazımdır.
Biz neftin qiymətinin yuxarı səviyyədə
olduğu dövrdə imkandan istifadə etdik ki, insanları
narahat edən əsas problemləri tezliklə həll edək. Bu problemlər
nə idi? İşıq yox idi, heç
Bakıda yox idi. Gecə vaxtı kəsilirdi.
Yaxud qazlaşdırma. İndi
Bakı yüz faiz qazlaşdırılıb. İndi bölgələr də buna yaxındır,
ölkə üzrə təxminən 90 faizə
yaxınlaşır. İçməli su
maşınlarla daşınırdı. Biz
də vaxt olub Bakıda evimiz olmayanda qəsəbələrdə
qalmışıq. Biz də bilirik bu nədir! Ona görə də hər bir yerdə, hər qəsəbədə
içməli su olmalıdır. Xətlər
çəkilib, Oğuz-Qəbələ xətti istifadəyə
verilib, Ceyranbatan sutəmizləyici qurğusu yaradılıb
ki, təmiz su gəlsin. Hələ ki, bunu
tam təmin edə bilməmişik. On il bundan əvvəl
Bakı əhalisinin təxminən 45-46 faizi 24 saat su
alırdı, indi bu rəqəm 78 faizdir, amma qalan 22 faiz
almır. Bu, problemdir. O da həll
olunmalıdır, ona da vəsait lazımdır. Bax, biz bu işlərlə məşğul
olmuşuq - elektrik stansiyalarının tikintisi, qaz xətləri,
içməli su üstəgəl sosial obyektlər.
Son 10 ildə Bakıda, bütün bölgələrdə
500-dən çox səhiyyə müəssisəsi
yaradılıb. İndi elə bir rayon yoxdur ki, orada
müasir səhiyyə ocağı olmasın. Uşaq bağçalarına böyük ehtiyac var.
İndi bizdə əhali artır, bu da çox müsbət
haldır. Hər il təxminən
130-140 min körpə dünyaya göz açır. Yəni, uşaq bağçaları problemdir. Çünki yerlər çatmır. Təminat aşağı səviyyədədir.
Yeni bağçalar tikilməlidir, ərazi
ayrılmalıdır. Yenə də vəsait
lazımdır. Ona görə də sosial
məsələlərin həlli daim diqqət mərkəzindədir.
Ancaq bu məsələləri həll etmək
üçün iqtisadi imkan olmalıdır. Əgər sənin imkanın, gəlirin yoxdursa, sən
bunu nəyin hesabına edə bilərsən? Bizim indi gəlirlərimiz çox ciddi şəkildə
azalıb. 2015-ci ildə heç kim
gözləyə bilməzdi ki, neftin qiyməti 3 dəfə
aşağı düşəcək. Yəni,
bu, o deməkdir ki, bizim gəlirlərimiz 3 dəfə
azalıb. Ona görə, indiki şəraitdə biz
ancaq və ancaq çox düşünülmüş siyasət,
səmərəli iş, yenə də deyirəm, idarəetmə
sahəsində aparılan və aparılacaq islahatlar
hesabına öz iqtisadi inkişafımızı təmin edə
bilərik. Bu, iqtisadiyyat üçün bir
stress idi. Əlbəttə, bunun çox
böyük mənfi fəsadları var. Amma digər tərəfdən
bu, bizim hamımızı daha da səmərəli işə
sövq etməlidir. İndi cəmiyyəti,
insanları narahat edən xoşagəlməz hallara son
qoyulmalıdır. Burada əlbəttə
ki, insanlardan çox şey asılıdır. Dövlət siyasəti də aparılır,
aparılacaqdır. Elə tədbirlər
görülməlidir ki, xoşagəlməz halların
meydanı, necə deyərlər, daralsın. Sistem xarakterli islahatlar aparılmalıdır. Məsələn, “ASAN xidmət”, orada 30-a yaxın
xidmət göstərilir və heç bir problemsiz,
bürokratiyasız, rüşvətsiz. Bir
arayışı almaq üçün hansı əzablardan
çıxırdıq. İndi yoxdur.
Yəni, mümkündür. Hər yerdə, hər sahədə, bütün
icra orqanlarında, yerli, mərkəzi, dövlət
strukturlarında belə olmalıdır. Dövlət
məmurları vicdanla işləməlidirlər. Onların, necə deyərlər, vicdanı imkan verməməlidir
ki, ayrı yolla getsinlər. Amma, eyni
zamanda, ictimai nəzarət də güclü olmalıdır.
Xalq da siqnal verməlidir, deməlidir, məlumat
ötürməlidir ki, bax filan yerdə bu və ya digər
çatışmazlıq var. Belə olan halda heç bir
problem bizim qarşımızı kəsə bilməz.
Yenə də
deyirəm, 2016-cı il iqtisadi cəhətdən
asan il olmayacaq. Ancaq mən tam əminəm ki, Azərbaycan
inkişaf edəcək, biz bütün sosial proqramları icra
edəcəyik. Bununla bərabər,
investisiyalar üçün də bizdə kifayət qədər
vəsait olacaqdır. Hesab edirəm ki, gələn
ilin əvvəlində biz dövlət büdcəmizə
yenidən baxmalıyıq. Dürüstləşmə
aparılmalıdır və orada həm insanların sosial təminat
məsələləri öz həllini tapacaq, həm
investisiya məsələləri ki, biz 2016-cı ildə
uğurla inkişaf edək. Bax, bizim vəzifəmiz
bundan ibarətdir.
Sakin:
Möhtərəm Prezidentimiz, bu gün mənim
üçün bəlkə də burada oturanlardan daha
uğurlu bir gündür. Bəlkə də 2015-ci il daha uğurlu ildir. Sizin dekabr
ayında imzaladığınız Sərəncama əsasən
mənim işlədiyim təhsil müəssisəsi ilin ən
yaxşı ümumtəhsil müsabiqəsinin qalibi olub.
Prezident
İlham Əliyev: Təbrik edirəm.
Sakin:
Çox sağ olun. Mən
buna görə şəxsən heç inanmazdım ki,
üzbəüz gəlib Sizə bu barədə öz təşəkkürümü
bildirərəm. Biz Sizin
gördüyünüz o uğurlu işləri dəstəkləyirik.
Deyirsiniz ki, birlik lazımdır. Əlbəttə, biz Sizinlə birlikdəyik. Əgər xalq öz rəhbəri, lideri ilə birləşməsə
heç bir uğur əldə etmək olmaz. Amma bu gün Sizinlə xalqın arasında olan bu
gözəl münasibət bunun bariz nümunəsidir ki, biz
uğurla addımlayırıq. Sizə dəstək
olan gözəl xanımınız, bizim rayonumuzun deputatı
Mehriban xanımla həmişə qürur duyuruq. Mehriban xanım, Sizə bildirirəm ki,
inşalarımızda mən bu birliyi həmişə
şagirdlərimizə nümunə çəkmişəm.
Sizin ailəniz bizə nümunə olub. Bu
gün Sizin tərbiyə etdiyiniz bu gözəl
Leyla balamız bizim gənclərimizə nümunədir.
Hörmətli cənab Prezident, Sizin 148 nömrəli məktəbdə
etdiyiniz çıxışdan irəli gələn vəzifələr
bu gün bizim fəaliyyət planımızda ən prioritet
sahə kimi qarşımızda qoyulan istiqamətlərdəndir. Siz bu
çıxışınızda milli mənəvi dəyərlərimizə,
azərbaycançılıq məfkurəsinə
böyük qiymət vermisiniz, milli ruhumuzun, milli
şüurumuzun formalaşmasına böyük diqqət
yetirmisiniz. Çünki uğurumuzun rəhni
yalnız budur. Biz də öz işimizlə
Sizin bu uğurlarınıza, əlbəttə, dəstək
olmalıyıq. Gözəl adət-ənələrimizdən
biri də qeyd olunur ki, sələflərimizin xələflərinə
verdikləri adlardır. Bu gün həmin
adı, Ulu öndərimizin adını daşıyan bir
balamız var. Biz inşamızda da yenə bildirirəm ki, bunu
qeyd etmişik. Ulu Heydər Əliyevin
adını daşıyan kiçik Heydər Əliyevimiz.
O da bizim gənclərimizə nümunədir. Biz
onun bu gün nümunəvi davranışını Azərbaycan
gənclərinə nümunə göstəririk. Arzumuz budur ki, gələcəkdə bu adın məsuliyyətini
Sizə layiq şəkildə davam etdirsin, inşallah.
Bir daha Sizi bu həmrəylik günü münasibətilə
təbrik edirik. Bizimlə görüşməyinizi bir xəyal
hesab edirdik. Bayaq orada “dəyirmi masa”da
ağsaqqallarımızla bir yerdə əyləşmişdik.
Deyirdik Allahın bizə lütfüdür ki, biz bu gün
Sizinlə yeni təqvim ilimizi, 2016-cı ili
qarşılayırıq. Allah-Təala həmrəyliyimizi
bizə çox görməsin. Mən əminəm
ki, bu xalq həmişə Sizin arxanızda olacaq, bu tandemin
arxasında olacaq.
Sosial rifahımızın yüksəlməsi
üçün əlinizdən gələni edirsiniz. Ölkəmizdə,
bölgələrimizdə, rayonlarımızda, kəndlərimizdə
hətta hər xırda problemi belə hamıdan gözəl
bilirsiniz. Allah-Təala Sizə o qədər
cansağlığı versin ki, bu məqsədlərinizə
çatmağa nail olasınız, inşallah. Allah
balalarınızı xoşbəxt etsin. Sağ olun.
Yeni Azərbaycan.-
2015.- 31 dekabr.- S.3