Məmurlar xalqa
xidmət etməlidirlər
Prezident İlham
Əliyev: Məmurlar, dövlət qurumlarının nümayəndələri
xalqla bir yerdə
olmalıdırlar, onların qayğıları ilə
yaşamalıdırlar, kobudluğa, yekəxanalığa
yol verilməməlidir
Hər bir ölkənin sosial-iqtisadi inkişafını, qlobal risklərə dayanıqlılığını şərtləndirən amillər sırasında cəmiyyətin monolitliyi mühüm yer tutur. Tarixi təcrübə də göstərir ki, ideoloji həmrəyliyə malik olan, iqtidar-xalq birliyi yüksək səviyyədə təmin edilən ölkələr qarşıya qoyulan bütün hədəflərə müvəffəqiyyətlə çatırlar. Bu mənada bütün dünyada yeni inkişaf modeli kimi qəbul edilən Azərbaycanın nümunəsi daha xarakterikdir.
Məlumdur ki, son illərdə qlobal miqyasda dünyanın mənzərəsi bir sıra arzuolunmaz proseslərlə səciyyələnir. Müharibələr, dünyanın hegemon güclərinin ambisiyaları üzündən bu və ya digər regionda yaşanan siyasi, iqtisadi kataklizmlər, maliyyə çatışmazlığı, son vaxtlarda isə həm də birjalarda neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ayrı-ayrı dövlətləri ciddi sınaq qarşısında qoyub. Dünyadakı belə neqativ mənzərəyə baxmayaraq, Azərbaycan qlobal risklərə yüksək dayanıqlılıq nümayiş etdirir və özünün iqtisadi potensialını ilbəil artırır. Təkcə onu vurğulamaq kifayətdir ki, dünya üçün asan olmayan son 11 ildə respublikamızda əsas iqtisadi göstərici olan ümumi daxili məhsul istehsalında 3,4 dəfə artıma nail olunub, qeyri-neft sektoru bundan təxminən iki dəfə çox artıb, ölkənin 50 milyard dollardan çox strateji valyuta ehtiyatları yaranıb. Bütün bu müsbət iqtisadi göstəricilər paralel surətdə genişməzmunlu sosial layihələrin həyata keçirilməsində öz əksini tapıb. Son 11 ildə aparılan məqsədyönlü siyasət sayəsində ölkədə işsizlik və yoxsulluq 5 faizə enib, əhalinin gəlirləri inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyib, respublikanın bütün bölgələrində geniş quruculuq-abadlıq işləri, zəruri infrastruktur layihələri reallaşdırılıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev bu günlərdə keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında qlobal risklər fonunda Azərbaycanın sabitlik adası və inkişaf məkanı kimi fərqlənməsindən məmnunluğunu ifadə edərək ölkəmizin reallıqlarını belə səciyyələndirib: “Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır. Siyasi, iqtisadi islahatlar, müstəqil siyasət, dinlərarası dialoq, yüksək səviyyəli milli dini tolerantlıq, dözümlülük, sosial siyasət və görülən işlər göz qabağındadır. Bunu dost görür sevinir, düşmən gəlib görəndə kefi pozulur”.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan bütün bu uğurlara təkbaşına, kənardan heç bir kömək olmadan, xarici borclanmanı artırmadan nail olub. Dövlət başçısının haqqında bəhs olunan konfransdakı çıxışında vurğuladığı kimi, bəzi hallarda əsassız təzyiqlərə də məruz qalmışıq. Bəzi hallarda bizə qarşı kampaniyalar da aparılıbdır və aparılır. Azərbaycanın bu qədər müstəqil ölkə olması, hər şeyin yaxşı getməsi, respublikanın gündən-günə çiçəklənməsi bəzilərinin xoşuna gəlmir. Bununla belə, ölkəmiz ildən-ilə inkişaf dinamikasını artırır və daha yüksək nəticələr qazanır.
Ölkəmizdə məqsədyönlü siyasət sayəsində bərqərar olan möhkəm ictimai-siyasi sabitlik qlobal risklər və kənar mənfi təsirlər şəraitində Azərbaycanın dünyaya nümunəvi inkişaf modeli təqdim etməsini şərtləndirən əsas faktor qismində çıxış edir. Prezident İlham Əliyev haqqında bəhs olunan konfransda xalqla iqtidar arasındakı birliyi, görülən real işləri uğurlu inkişafımızın əsas amili kimi səciyyələndirərək bildirib: “Biz real işlərlə məşğuluq. Real işlər həyatda öz əksini tapır. Ona görə bu gün Azərbaycan modeli var. Ona görə ki, biz boşboğazlıqla yox, real işlərlə məşğuluq, xalqa xidmət edirik və edəcəyik”.
Azərbaycan iqtidarı daim xalqın mənafeyini qoruyur və ölkəni inamla idarə edir
Son 11 ildə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin ana xəttini məhz xəlqilik təşkil edib. Azərbaycan iqtidarı daim xalqın mənafeyini qoruyur və ölkəni inamla idarə edir. Ölkəmizdə dövlət siyasətinin, strateji hədəflərin müəyyənləşdirilməsində cəmiyyətin istəyi bir qayda olaraq nəzərə alınır. Son 11 ilin təcrübəsinə diqqət yetirdikdə Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq. Dövlət başçısı regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında Azərbaycan iqtidarının heç vaxt populist bəyanatlarla çıxış etmədiyini bir daha xatırladaraq deyib: “...Heç vaxt populist bəyanatlarla çıxış etməmişik, heç vaxt xaricdə yerləşən hansısa quruma xoş gəlmək üçün addımlar atmamışıq. Ancaq praqmatik siyasət aparmışıq, Azərbaycan xalqının maraqlarını qorumuşuq və ölkəmizi inamla idarə etmişik. Ona görə əminəm ki, üçüncü proqramın icrası ilə də bağlı heç bir problem olmamalıdır. Proqramı icra etmək üçün bütün cəmiyyət səfərbər olmalıdır və əminəm ki, biz buna nail olacağıq”.
Yeri gəlmişkən, ölkəmizdə 2004-cü ildən bəri uğurla icra edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının qəbul edilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin prioritetlərinin müəyyən edilməsində xalqın istəyini, cəmiyyətdən gələn sifarişləri əsas götürməsinin bariz nümunəsidir. Qeyd edək ki, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının qəbul edilməsi təşəbbüsünü Prezident İlham Əliyev hələ 2003-cü ildə seçicilərlə görüşlərində irəli sürüb. Artıq 2004-cü ildən bəri ölkəmizdə Onun rəhbərliyi altında uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları sayəsində Azərbaycanın bütün bölgələri iqtisadi güc amilinə çevrilib. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən indiyədək Azərbaycanın bölgələrində 56 minə yaxın müəssisə fəaliyyətə başlayıb. Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər 6 dəfə artıb. Ümumilikdə, proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən, birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib. Prezident İlham Əliyev Dövlət proqramlarının icrasını daim nəzarətdə saxlayır. Dövlət başçısı son 11 il ərzində bölgələrə səfərləri çərçivəsində 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirak edib və dəyərli tövsiyələrini verib. Yerlərdə ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə əlavə olaraq 737,4 milyon manat vəsaitin ayrılması barədə 240 Sərəncam imzalaması Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi böyük qayğının ifadəsidir. Dövlət başçısı təkcə 2014-cü ildə bölgələrə 23 səfər edib və 120-yədək müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərinə qatılıb. Bölgələrə səfərlər, yerlərdə keçirilən görüşlər, əlbəttə ki, izsiz ötüşmür. Bu qəbildən olan görüşlərdə insanların irəli sürdükləri təkliflər gələcəkdə dövlət siyasətində mütləq nəzərə alınır. Prezident İlham Əliyevin ötən il ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 270 milyon manat vəsaitin ayrılması barədə 72 Sərəncam imzalaması deyilənlərin təsdiqidir.
Qısa müddətdə əhalinin məşğulluq probleminin həllinə nail olunması ölkəmizdə cəmiyyətin tələbatının və istəyinin dövlət siyasətində mütləq nəzərə alınmasının daha bir ifadəsidir. Vaxtilə bu problem respublikamızda çox kəskin hal almışdı. Əməli işlə xalqın inamını qazanmağı fəaliyyətinin əsas məqsədi sayan Prezident İlham Əliyev hələ 2003-cü ildə seçkiqabağı təbliğat kampaniyası çərçivəsində dövlət başçısı seçiləcəyi təqdirdə ölkədə yeni iş yerlərinin açılacağı ilə bağlı vəd vermişdi. Cəmi 11 il ərzində respublikamızda işsizliyin 5 faizədək azalması Prezident İlham Əliyevin necə praqmatik və öz vədinə sadiq qalan siyasətçi olduğunu bir daha təsdiqləyir. Qeyd edək ki, 2004-cü ildən bəri Prezident İlham Əliyevin səyləri sayəsində respublikamızda 1 milyon 300 mindən artıq yeni iş yerləri açılıb ki, onların da böyük əksəriyyəti daimidir.
Ötən ilin birinci yarısında respublikamızda ölkə Prezidentinin tapşırığına əsasən dərin sosial əhəmiyyət daşıyan əhalinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası reallaşdırılıb. Kampaniya çərçivəsində 2014-cü il fevralın 17-dən mayın 1-dək ölkənin bütün yaşayış məntəqələrini əhatə etməklə 245 xəstəxana, diaqnostika mərkəzi, dispanser və poliklinikada əhalinin tibbi müayinəsi təşkil edilib. Kampaniya çərçivəsində ölkə əhalisinin 65,6 faizi və ya 6 milyon 230 min nəfərdən çoxu tibbi müayinədən keçirilib, onlardan 545 mini ambulator müalicə alıb, təxminən 25 min nəfər stasionar müalicəyə cəlb edilib, 8 min nəfər isə Bakı şəhərində yerləşən müxtəlif tibb ocaqlarında müalicəyə göndərilib.
Ölkəmizdə dövlət siyasətinin milli maraqlar, cəmiyyətin tələbi və istəyi əsasında formalaşdırıldığını təsdiqləyən belə misalların sayı kifayət qədər çoxdur. Bütün bunlar isə ölkə vətəndaşlarında Azərbaycan iqtidarına, dövlət başçısına böyük inam yaradır, cəmiyyətimizin monolitliyini təmin edir.
Prezident xalqın birinci xidmətçisidir, məmurlar da ondan nümunə götürməlidirlər
Ölkəmizdə vətəndaş-məmur münasibətlərinin sağlam maraqlar əsasında qurulması və bu sahədə şəffaflığın təmin olunması Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı vacib məsələlərdən biridir. Respublikamızda bu məqsədlə ardıcıl tədbirlər, institusional və struktur islahatları reallaşdırılır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında vətəndaş-məmur münasibətlərinin yüksək səviyyədə qurulmasının vacibliyini bir daha gündəmə gətirib. Özünü xalqın birinci xidmətçisi sayan dövlət başçısı məmurları vətəndaşlara münasibətdə yekəxanalığa yol verməməyə və xalqla bir yerdə olmağa çağırıb: “Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir”.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması ilə respublikamızda ictimai xidmət sahəsində mühüm yeniliyin əsası qoyulub. Hazırda bu mərkəzlər çox səmərəli şəkildə fəaliyyət göstərir və ölkəmizdə vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin olunmasında, korrupsiya və rüşvətxorluq hallarının aradan qaldırılmasında mühüm rol oynayır. Əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq olan “ASAN xidmət” mərkəzləri vətəndaşlara müxtəlif hüquqi xidmətlər göstərilməsi sahəsində şəffaflığın təmin edilməsinin Azərbaycan modeli hesab olunur. Hazırda respublikamızdakı “ASAN xidmət” mərkəzlərinin sayı 7-yə çatıb, bundan başqa, 10 avtobus vasitəsilə ölkə vətəndaşlarına səyyar xidmət göstərilir. Cari ildə isə daha 3 mərkəzin açılması nəzərdə tutulub. “ASAN xidmət” mərkəzlərində 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzlərdə 28 növ funksional yardımçı xidmətlər təşkil edilib.
Ölkəmizdə “ASAN xidmət mərkəzlərinin xidmətlərindən bəhrələnən insanlar özlərinin vətəndaş məmnunluqlarını ifadə edirlər. Bütün bunlar isə məmur-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Prezidentin məmurlardan əsas tələbi: təmiz işləyin, rüşvətxorluğa yol verməyin
Azərbaycan dövləti ölkədə şəffaflığın təmin olunması, korrupsiyaya və rüşvətxorluğa qarşı səmərəli mübarizə aparılması ilə bağlı güclü siyasi iradə nümayiş etdirir. Son illərdə Prezident İlham Əliyevin qətiyyəti sayəsində respublikamızda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə mexanizmləri ardıcıl olaraq təkmilləşdirilib, bu sahədə institusional və sistem xarakterli tədbirlər həyata keçirilib, qanunvericilik bazası beynəlxalq təcrübə nəzərə alınmaqla daha da möhkəmləndirilib. Belə ki, respublikamızda korrupsiyaya qarşı mübarizənin səmərəliliyini artırmaq məqsədilə 2004-2006-cı illəri əhatə edən Dövlət Proqramı qəbul olunub. 2007-ci ildə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq edilib. 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun qəbul olunub. Prezident İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib. 2012-2015-ci illəri əhatə edən fəaliyyət planları Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idarəçiliyin müasir standartlara uyğun qurulması, açıq hökumət prinsiplərinin təşviq edilməsi məqsədini daşıyır. Ölkəmiz “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tədbirlər haqqında” dövlət başçısının müvafiq Fərmanı ilə müəyyən edilən strateji kursa uyğun olaraq korrupsiyaya qarşı mübarizə ilə bağlı bir neçə beynəlxalq sənədə imza atıb, o cümlədən, Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”, “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” və Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” konvensiyalarına, həmçinin, “Korrupsiyaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyası”na qoşulub.
Bütün bunlar Azərbaycanda korrupsiya hallarına və rüşvətxorluğa qarşı mübarizənin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini və ölkə əhalisi tərəfindən dərin rəğbətlə qarşılanan bu mübarizənin dönməz xarakter aldığını təsdiqləyir. Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan konfransdakı çıxışında da ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsində böyük uğurlar əldə olunduğunu və bunun beynəlxalq qurumlar tərəfindən də etiraf edildiyini nəzərə çatdırıb: “Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə böyük uğurlar var. Beynəlxalq qurumlar da bunu qeyd edir, əhali də bunu yüksək qiymətləndirir. Cəza tədbirləri, inzibati tədbirlər və sistem xarakterli islahatlar aparılır ki, biz bu bəlanı, bu yaranı aradan götürək”.
Dövlət başçısı konfransdakı çıxışında vurğulayıb ki, vətəndaş-məmur münasibətlərində siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Prezident İlham Əliyev məmurlara qarşı əsas tələblərini bir daha açıqlayaraq bəyan edib ki, etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar: “Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır”.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-2015.- 5 fevral.- S.3.