Avropa Oyunlarının standartları Bakıda müəyyənləşəcək
Prezident İlham
Əliyev: Biz Avropa
Oyunlarını Yay Olimpiya
Oyunlarının səviyyəsində keçirmək əzmindəyik.
Bu Oyunlar bir Avropa bayramına
çevrilməlidir
Azərbaycan birinci Avropa Oyunlarının həyəcanı ərəfəsindədir. Hazırda Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən yarışların yüksək səviyyədə keçirilməsi üçün intensiv hazırlıq işləri həyata keçirilir. Bu günlərdə Bakıda keçirilən Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının V iclasında qurumun prezidenti Patrik Hikki Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi məqsədilə güclü və peşəkarlardan ibarət komandanın çalışmasından məmnunluğunu ifadə edib. İclasda vurğulandığı kimi, birinci Avropa Oyunlarına hazırlıq işləri qrafik üzrə davam etdirilir. Yarışların keçiriləcəyi bir sıra məkanlar artıq hazırdır. Fevralın sonunadək bütün idman məkanlarının daimi bazasının tikintisinin yekunlaşdırılması nəzərdə tutulub. Hazır olan idman qurğularında yayda birinci Avropa Oyunlarında idmançıların yüksək səviyyədə çıxış etmələrinə imkan yaratmaq üçün sınaqlar keçirilir. Ümumiyyətlə, rəsmi yarışlar başlayanadək müxtəlif idman obyektlərində 35 sınaq tədbiri və sınaq yarışmasının keçirilməsi nəzərdə tutulub. Bundan başqa, ən yüksək dünya standartları səviyyəsində yaradılan atletlər kəndi də birinci Avropa Oyunlarının iştirakçılarının istifadəsinə veriləcək. Atletlər kəndi 7300 çarpayısı olan 1000-dən artıq mənzildən ibarətdir.
Göründüyü kimi, Azərbaycan tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarına ən yüksək səviyyədə hazırlaşır. Yeri gəlmişkən, ölkəmizin birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcəyi bu yaxınlarda Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə Davosda keçirilən “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimində də xüsusi vurğulanıb. İsveçrənin ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələrinin, həmçinin, Davos İqtisadi Forumunun təmsilçilərinin qatıldıqları təqdimat mərasimində Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Avropanın idman tarixində yeni səhifə açacağı, beynəlxalq miqyasda idman hərəkatına, xalqlar və ölkələr arasında əməkdaşlığa sanballı töhfələr verəcəyi bildirilib.
Xatırladaq ki, birinci Avropa Oyunlarının 2015-ci ilin yayında Bakıda keçirilməsi barədə qərar 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Baş Məclisində qəbul edilib. Avropanın idman-olimpiya ailəsi Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəkləyib. Bakıda keçiriləcək yarışlarda Avropa Olimpiya Komitəsinə üzv olan bütün ölkələrin iştirakı gözlənilir. Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən, Bakıda keçiriləcək yarışlara 49 ölkədən 20 idman növü üzrə 6 mindən çox atlet qatılacaq. Təşkilatçılar bəyan ediblər ki, “Bakı-2015” oyunlarından 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına kvalifikasiya platforması qismində istifadə ediləcək. Belə ki, birinci Avropa Oyunları çərçivəsində keçiriləcək yarışlardan 16-sı olimpiya idman növüdür. Buraya velosiped idman növü, güllə atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvando, triatlon və digər idman növləri daxildir.
Bütün bunlar isə birinci Avropa Oyunlarının nüfuzuna və miqyasına dəlalət edir. Tarixdə ilk dəfə baş tutacaq belə mötəbər yarışların ölkəmizin paytaxtında keçirilməsi isə heç də təsadüfi deyil. Bu, ilk növbədə, Azərbaycanın dünya üçün nümunə ola biləcək reallıqları ilə bağlıdır.
Ölkəmizin malik olduğu dəyərlər bu gün Avropaya çox lazımdır
Hazırda dünyanın mənzərəsi bir sıra siyasi, iqtisadi narahatçılıqlarla səciyyələnsə də, Azərbaycan özünün möhkəm daxili sabitliyə və dinamik sosial-iqtisadi tərəqqiyə rəvac verən inkişaf modeli ilə fərqlənir. Dünya üçün bir çox problemlərlə keçən son 11 ildə ölkəmiz kənardan heç bir kömək olmadan, xarici borclanmasını artırmadan öz iqtisadiyyatını 3 dəfədən çox genişləndirməyə, strateji valyuta ehtiyatlarını 50 milyard dollara çatdırmağa müvəffəq olub. Belə dinamik iqtisadi inkişaf geniş məzmunlu sosial siyasətlə tamamlanır. Prezident İlham Əliyev xalqımızın maraqlarına əsaslanan siyasət həyata keçirir, daim cəmiyyətin tələb və təklifləri ilə səsləşən sosial təşəbbüslər irəli sürür və qısa müddətdə onların icrasına nail olur. Bu isə ölkədə vətəndaş məmnunluğunu təmin edir, insanlarda ölkə rəhbərliyinə inamı artırır, cəmiyyətin monolitliyinə zəmin yaradır.
Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri isə son 11 ildə ölkədə davamlı olaraq siyasi islahatların həyata keçirilməsidir. Respublikamızda iqtisadi islahatlarla paralel surətdə siyasi islahatlara da ciddi önəm verilir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında vurğuladığı kimi: “Çünki iqtisadi islahatları aparmaqla, eyni zamanda, siyasi islahatlara da böyük önəm veririk. Bütün demokratik təsisatlar yaradılıb. Bütün azadlıqlar - söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı, din azadlığı təmin edilib. Bu azadlıqlar nəinki təmin edilib, eyni zamanda, bu, bizim həyat tərzimizdir, bu, dövlət siyasətidir”.
Eyni zamanda, Azərbaycan cəmiyyəti yüksək tolerantlığı ilə fərqlənir. Ölkəmizdə milli-dini zəmində hər hansı qarşıdurmaya, dözümsüzlük nümayiş etdirilməsinə zəmin yoxdur. Əksinə Azərbaycan cəmiyyəti başqa mədəniyyətlərə açıq olmasını özünün üstün dəyəri kimi getdikcə daha da möhkəmləndirməyə çalışır. Xalqımız milli-dini müxtəlifliyin ölkəmizi daha rəngarəng etməsi ilə qürur duyur. Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada məscidlərlə yanaşı, sinaqoqlar, kilsələr də dövlət vəsaiti hesabına təmir olunur və yaxud yeniləri yaradılır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs olunan iclasındakı çıxışında Azərbaycan cəmiyyətinə xas olan dəyərlərin bu gün Avropa üçün vacib olduğunu bildirib: “Ölkəmizdə mövcud olan ictimai-siyasi vəziyyət, multikulturalizm, dini-milli dözümlülük, dünyaya açıq olmağımız - bütün bu amillər bu gün Avropa, dünya üçün lazımdır. Çünki əfsuslar olsun ki, real həyatda biz bir çox hallarda tam başqa mənzərəni görürük - qanlı toqquşmalar, terrorizm, ədavət, ikili standartlar və s”.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızın beynəlxalq miqyasda nüfuzunun artması, etibarlı tərəfdaş imicinin formalaşması, ölkəmizin iqtisadi potensialının yüksəlməsi, cəmiyyətimizin monolitliyi Avropa idman ailəsinin birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar verməsində həlledici rol oynayıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında birinci Avropa Oyunlarının yalnız idman tədbiri olmadığını nəzərə çatdıraraq deyib: “Ona görə, Avropa Oyunlarının keçirilməsi sadəcə olaraq bir idman tədbiri deyil. Hesab edirəm ki, bu tədbirdə iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla əlbəttə ki, tanış olacaqlar və Azərbaycanın uğurlu inkişaf modelini görəcəklər”.
Prezident İlham Əliyev Davosda keçirilən “Bakı-2015”in təqdimat mərasimində Azərbaycanın beynəlxalq miqyasda xalqlar və dövlətlər arasında etimadın, qarşılıqlı inamın artmasına töhfə vermək əzmini bir daha nəzərə çatdırıb: “Son illər ərzində Azərbaycanda idman infrastrukturunun inkişafı bizim üçün çox əhəmiyyətli məsələ olub. Fəxr edirik ki, 2015-ci il Avropa Oyunlarından sonra 2016-cı ildə biz Dünya Şahmat Olimpiadasını keçirəcəyik və eyni zamanda, ilk dəfə olaraq, “Formula - 1” yarışmaları regionumuza gələcək. Bu yarış şəhər daxilində baş tutacaq. 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bu oyunlar müsəlman dünyasını bir araya gətirir. Bunun çox rəmzi mənası var. İki il ərzində Bakı Avropa Oyunlarını və İslam Oyunlarını qəbul edəcək. Azərbaycan bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı çoxmillətli və çoxkonfessiyalı, çoxmədəniyyətli ölkədir. Bu yaxınlarda Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında qəbul edilmiş qərarın tarixi əsasları var. Bu, dövlət siyasətimizin real təzahürüdür”.
Azərbaycan həm də yüksək idman ənənələrinə malik ölkədir
Davamlı dövlət qayğısı sayəsində Azərbaycan həm də idmanın yüksək səviyyədə inkişaf etdiyi, yeni idman ənənələrinin yarandığı ölkəyə çevrilib. İdmançılarımız beynəlxalq səviyyəli yarışlarda getdikcə daha inamla çıxış edirlər. Respublikamızın Olimpiya Oyunlarında hər dəfə daha böyük uğur qazanması bunun təsdiqidir. Əgər Azərbaycan müstəqil ölkə kimi Atlanta Olimpiadasında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanmışdısa, son London Olimpiadasında təmsilçilərimizin qazandıqları medalların sayı 10-a çatıb və respublikamız medalların sayına görə Avropa ölkələri arasında 15-ci yerdə qərarlaşıb. Azərbaycan idmançıları daha bir böyük uğuru 2014-cü ildə Çində keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazanıblar. Dünyanın 200-ə yaxın ölkəsinin iştirakı ilə keçirilən bu olimpiadada Azərbaycanın komandası 10-cu pillədə qərarlaşıb ki, bu da respublikamızı təmsil edən gənc idmançıların tarixi nailiyyətləridir.
Bütün bunlar, Avropa idman ailəsinin tarixdə ilk dəfə təşkil olunan birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verməsinə də öz təsirini göstərib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Davosda keçirilən “Bakı-2015”in təqdimat mərasimindəki çıxışında birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verilməsinin həm də Azərbaycanın özünü idman ölkəsi kimi tanıtması, atletlərimizin beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərlə bağlı olduğunu bildirib: “Fikrimcə, bu Oyunların Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərarın bir səbəbi də atletlərimizin nailiyyətləri ilə bağlıdır. Azərbaycan müstəqillik illəri ərzində özünü həm də idman ənənələri ilə seçilən ölkə kimi tanıdıb”.
Son illərdə Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına, həmçinin, respublikamızda yaradılan güclü idman infrastrukturu da böyük təsir göstərib. Prezident İlham Əliyevin Davosda təşkil olunan “Bakı-2015”in təqdimat mərasimindəki çıxışında bildirdiyi kimi: “Son illər ərzində Azərbaycanda idman infrastrukturunun inkişafı bizim üçün çox əhəmiyyətli məsələ olub”.
Ölkəmizin idmançıları 1997-ci ildə Milli Olimpiya Komitəsinin (MOK) rəhbərliyinin dəyişməsindən sonra MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz böyük hamilərini tapdılar, desək, əsil həqiqəti ifadə etmiş olarıq. Həmin vaxtdan etibarən MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda idman təsərrüfatının yenilənməsinə, o cümlədən də, bu sahədə müasir infrastruktur qurulmasına start verilib. Ölkənin idman təsərrüfatının yenilənməsi ilə bağlı iki istiqamət müəyyənləşdirilmişdi. Bunlardan biri mövcud idman qurğularının müasir dünya standartları səviyyəsində yenidən qurulması, digəri isə yeni idman obyektlərinin inşa edilməsi idi. 1997-ci ildən bəri hər iki istiqamətdə böyük həcmli layihələr reallaşdırılıb. Respublikamızda idman infrastrukturunun yenilənməsi ilə bağlı reallaşdırılan layihələr içərisində dövlət başçısının müvafiq Sərəncamına əsasən Tofiq Bəhrəmov adına Respublika Stadionun maddi-texniki bazasının möhkəmləndirilməsini xüsusi qeyd etmək lazımdır. Yenidənqurma işlərindən sonra Respublika Stadionu beynəlxalq standartlara cavab verən müasir arenaya çevrilib.
Bu qəbildən olan yenidənqurma işləri digər idman qurğularında da uğurla həyata keçirilib. Hazırda Heydər Əliyev adına İdman-Konsert Sarayında, Bakı İdman Sarayında böyük həcmli yenidənqurma işləri uğurla davam etdirilir.
Son illərdə ölkəmizdə ən müasir dünya standartları səviyyəsində inşa edilən idman arenaları istifadəyə verilib. Bu sırada “Bakı”, “Azal”, “Qəbələ” futbol klublarının yeni təlim-məşq bazalarını, “Xəzər-Lənkəran” komandası üçün inşa edilən stadionu və digərlərini misal göstərmək mümkündür. Bakıda yelkən idmanı üçün nəzərdə tutulan Yaxt-klub, Stend Atıcılığı Mərkəzi, “Musado” Taekvando evi, Otüstü xokkey kompleksi, “ABU-Arena” həndbol mərkəzi yeni tikilən idman obyektləri sırasındadır. Ötən ilin birinci yarısında Bakıda möhtəşəm Milli Gimnastika Arenası istifadəyə verilib. Müstəqillik illərində ölkəmizdə ən müasir standartlar səviyyəsində 50-dən artıq idman-olimpiya kompleksləri tikilib istifadəyə verilib ki, onların da böyük əksəriyyəti bölgələrin payına düşür.
Yüksək səviyyəli infrastrukturun yaradılması respublikamızın mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməsinə imkan verir. Cari ilin yayında Bakıda keçiriləcək birinci Avropa Oyunları bunun daha bir təsdiqinə çevriləcək.
Əlamətdar haldır ki, Azərbaycanda idmana böyük önəm verildiyi Davosda keçirilən “Bakı-2015”in təqdimat mərasimində də vurğulanıb. Belə ki, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxışında bu məqama toxunaraq deyib: “İdman Azərbaycan cəmiyyətində xüsusi yer tutur. “Bakı-2015” idman tarixində yeni maraqlı səhifə olacaq”.
Bakıda keçiriləcək birinci Avropa Oyunlarına beynəlxalq miqyasda böyük maraq var
Avropanın idman ailəsi 2012-ci ilin dekabrında birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verdikdən sonra ölkəmiz bu yüksək etimadı layiqincə doğrultmaq üçün səylə çalışır. Əlamətdar haldır ki, respublikamızda birinci Avropa Oyunlarının keçirilməsinə dövlət qurumları ilə yanaşı, ictimaiyyət tərəfindən də böyük dəstək nümayiş etdirilir. İndiyədək 16 mindən artıq könüllü Bakıda keçiriləcək birinci Avropa Oyunlarına öz dəstəyini ifadə edib. Yeri gəlmişkən, Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının bu günlərdə keçirilən V iclasında ölkəmizdə yarışlara göstərilən ictimai maraq da xüsusi vurğulanıb. “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva təşkilat komitəsində gənclərin çalışmasını birinci Avropa Oyunlarının ən dəyərli miraslarından biri kimi səciyyələndirərək deyib: “Mən qürur duyuram ki, hazırda Bakı Avropa Oyunları Əməliyyat Komitəsində 950 gənc çalışır. Bu, Oyunların ən dəyərli miraslarından biridir və əminəm ki, bu, onların gələcək həyatı üçün böyük təcrübə imkanıdır”.
Eyni zamanda, birinci Avropa Oyunlarına beynəlxalq maraq da kifayət qədər böyükdür. Məlumdur ki, birinci Avropa Oyunlarının təşkil edilməsi ilə beynəlxalq komanda məşğuldur. “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsi 7 rəsmi tərəfdaşla çalışır. Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının bu günlərdə keçirilən V iclasında “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva yarışlara beynəlxalq marağın böyük olduğunu bildirib. Təşkilat Komitəsinin sədrinin vurğuladığı kimi, birinci Avropa Oyunlarını 600-dən artıq beynəlxalq və yerli media nümayəndəsi işıqlandıracaq. İyunun 10-da beynəlxalq mətbuat nümayəndələri üçün tədbir təşkil ediləcək. Bu tədbiri 100-dən artıq ölkəyə yaymaq üçün 43 şirkətə yayım hüququ verilib və beləliklə də, Oyunları Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika və Avstraliyada izləyə biləcəklər.
Azərbaycan birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirmək əzmindədir
Məlumdur ki, son illərdə Azərbaycan mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının keçirildiyi məkana çevrilib. Bir qayda olaraq ölkəmiz beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Bu cəhətdən birinci Avropa Oyunları da istisna təşkil etməyəcək. Azərbaycan birinci Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs olunan iclasında Avropa Oyunlarının tarixdə ilk dəfə ölkəmizdə keçirildiyinə diqqət çəkərək bildirib ki, bu yarışların standartları da məhz Bakıda yaranacaq: “Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir. Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini göstərir. Çünki Avropa Oyunlarının standartları əslində Bakıda qoyulacaq. Çünki heç vaxt bu günə qədər belə oyunlar keçirilməmişdir. Bu oyunlar müxtəlif səviyyədə keçirilə bilərdi. Ancaq biz istəyirik ki, bu möhtəşəm idman bayramı möhtəşəm dostluq bayramına çevrilsin. Buna böyük ehtiyac var”.
Öz növbəsində “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva da Bakıda keçiriləcək yarışların Avropanın idman tarixində hadisəyə çevriləcəyinə əminliyini ifadə edib: “Bu oyunlar Avropa idmanında tarixi hadisə olacaq. Azərbaycan üçün bu, ölkəmiz, ənənələrimiz, mədəniyyətimiz və tarixi köklərimizi daha çox tanıtmaq üçün yaxşı imkandır”.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-2015.- 7 fevral.- S.3.