Vergi ödəyicilərinin hüquqları və qanuni mənafeləri qorunur
Müasir dövrdə insan hüquq və azadlıqlarının təminatı bəşəriyyətin demokratik inkişafının ayrılmaz hissəsinə, mənəvi, hüquqi, siyasi ideallarının ali təzahürünə çevrilməklə vətəndaş cəmiyyətinin yetkinliyinin başlıca meyarı kimi çıxış edir. Azərbaycanda insan hüquqlarının prioritetliyi müstəqilliyimizin bərpasının ilk günlərindən önə çəkilib. Belə ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Azərbaycan Respublikasının “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nda qeyd olunur ki, Azərbaycan Respublikası İnsan Hüquqlarının Ümumi Bəyannaməsinə, Helsinki müşavirəsinin Yekun aktına və hamılıqla qəbul edilmiş, başqa beynəlxalq hüquq sənədlərinə qoşularaq onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların cinsindən, irqindən və milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən, siyasi əqidəsindən və başqa hallardan asılı olmayaraq əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən Vergilər Nazirliyi Əsasnamə ilə ona həvalə edilmiş vəzifə və funksiyalarını icra edərkən hüquqi dövləti səciyyələndirən hüquq və azadlıqların üstünlüyü prinsipini rəhbər tutaraq vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləyir, hüquq və azadlıqların müdafiəsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün zəruri tədbirləri görərək əməli addımlar atır.
Vergi sisteminin təkmilləşdirilməsi və bu sahədə aparılan köklü islahatların daha da sürətləndirilməsi məqsədilə vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil qanunvericilik bazasının yaradılması üçün Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanılmış və nəticədə 2000-ci ildə Azərbaycan Respublikasının Vergi Məcəlləsi qəbul edilərək, 2001-ci il yanvar ayının 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edən Vergi Məcəlləsi müstəqil Azərbaycanın həyatında yeni tarixi bir hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış mühüm addımlardan biri olmuşdur.
Yeni ictimai münasibətlərin yaranması, aparılmış çoxsaylı islahatlar, insan hüquq və azadlıqlarının müdafiəsinin prioritetliyi, vergi sisteminin modernləşdirilməsi, vergi hüquq normalarının beynəlxalq standartlara uyğunlaşdırılması prosesinin sürətləndirilməsi məqsədi ilə Vergi Məcəlləsinə ötən dövr ərzində 45 qanunla bir sıra mütərəqqi dəyişikliklər edilmişdir. Qeyd edilən dəyişikliklərin əksəriyyəti vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına və vergi inzibatçılığının təkmilləşdirilməsinə yönəlmişdir. Qanunvericilik aktlarında vergi ödəyicilərinin hüquqlarının qorunması ilə bağlı maddələrin əks olunması Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər zamanı da diqqətdən yayınmamışdır. Sonuncu bu cür dəyişiklikdən biri də bu yaxınlarda əmlak və yol vergisi ilə bağlı Məcəlləyə edilmiş dəyişiklikdir ki, bu dəyişiklikdən sonra vergi ödəyicilərinin hüquqi vəziyyəti yaxşılaşdırılmış və vergilərin hesablanması mexanizmi təkmilləşdirilərək, daha da asanlaşdırılmışdır. Əmlak vergisinin binaların inventar dəyərinə əsasən hesablanma qaydası ləğv edilmiş, fiziki şəxslərin əmlak vergisi onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə müəyyən edilmiş müvafiq dərəcələr tətbiq olunmaqla hesablanmaya başlanmışdır. Digər mühüm bir dəyişiklik yol vergisi ilə bağlı olmuşdur. Məlum olduğu kimi, 2015-ci ilədək illik yol vergisini fiziki şəxslər avtonəqliyyat vasitələri texniki baxışdan keçirilən zaman onların mühərrikinin həcminə görə, hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər. Bu zaman hüquqi və fiziki şəxslər tərəfindən istismara yararsız avtonəqliyyat vasitələrinə görə də onların avtomobil yollarından istifadə edib-etməmələrindən asılı olmayaraq, yol vergisi ödənilirdi. Bu dəyişikliklə ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisi tətbiq olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq Tarif Şurasının qəbul etdiyi qərara əsasən avtomobil benzininin, dizel yanacağının və maye qazın topdansatış qiyməti 2 qəpik aşağı salınmışdır. Artıq yol vergisinin bəyannaməsini bütün avtomobil sahibləri deyil, yalnız Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər təqdim edəcəklər. Ümumiyyətlə, Azərbaycan Respublikasının Konstitusiyasının insan hüquq və azadlıqlarına verdiyi önəmin nəticəsidir ki, 221 maddədən ibarət olan Vergi Məcəlləsinin 100-dən artıq maddəsi vergi ödəyicilərinin hüquqlarının qorunması və onların qanuni maraqlarının təmin olunması ilə bağlıdır.
Ölkənin iqtisadiyyatı, sosial həyatı və ictimai münasibətlərin digər sahələrinin tənzimlənməsində hüququn rolunun artması ilə əlaqədar olaraq Vergilər Nazirliyində hüquqi təminat və məhkəmə işlərinin düzgün qurulması böyük əhəmiyyət kəsb edir. Normativ bazanın formalaşdırılmasını, məhkəmələrdə düzgün hüquqi müdafiənin qurulmasını təmin etmək, hüquqi təminat və məhkəmə işlərinin nəzəri və praktiki problemlərini təhlil etmək, yerli vergi orqanlarında hüquqi işlərin təşkilinə metodiki rəhbərliyi gücləndirmək, vergi orqanlarının fəaliyyətində qanunvericiliyin düzgün tətbiqini təmin etmək, vergi işçilərinin qanunvericilikdə baş verən yenilikləri daim izləyə bilmələrini və qanunvericiliyin təkmilləşdirilməsində onların fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının vergilər nazirinin 01 oktyabr 2001-ci il tarixli A-158 nömrəli əmri ilə Vergilər Nazirliyinin Aparatında müstəqil hüquq strukturu yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli 387 nömrəli Fərmanı ilə Vergilər Nazirliyinə Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə təhqiqat və istintaq aparılması səlahiyyətləri verilməsi ilə əlaqədar olaraq vergilər nazirinin 12 sentyabr 2000-ci il tarixli əmri ilə Hüquq-mühafizə orqanları ilə əlaqələndirmə baş idarəsi, 11 iyul 2001-ci il tarixli əmri ilə isə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti yaradılmışdır. Bu Departamentin fəaliyyəti nəticəsində əksər hallarda ibtidai araşdırma zamanı vergi ödəyiciləri tərəfindən büdcədən yayındırılmış vergilərin dövlət büdcəsinə ödətdirilməsi təmin olunur və cinayət işinin başlanaraq məhkəməyə göndərilməsinə ehtiyac qalmır. Sonrakı dövrlərdə həmin strukturlar əhəmiyyətli dərəcədə genişləndirilmişdir və hazırda Vergilər Nazirliyində Hüquq Baş İdarəsi, yerli vergi orqanlarında isə müvafiq hüquq strukturları şəklində fəaliyyət göstərirlər.
Azərbaycan Respublikasında son illər ərzində aparılan məhkəmə hüquq islahatları sayəsində tamamilə yeni və beynəlxalq standartlara cavab verən, vətəndaşların hüquq və azadlıqlarının daha da etibarlı müdafiəsini təmin edən müasir məhkəmə sistemi yaradılmışdır. Ölkədə ilk dəfə olaraq inzibati məhkəmələrin fəaliyyətə başlamasını insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm bir addım kimi xarakterizə etmək olar. Vətəndaş-dövlət orqanı münasibətlərində yaranan mübahisələrin qısa zaman çərçivəsində çevik həllinə imkan verən inzibati-iqtisadi məhkəmələrin yaranması və 2011-ci il yanvarın 1-dən inzibati işlərə məhz yeni yaradılmış həmin məhkəmələrdə baxılması Azərbaycan məhkəmə sistemi üçün tamamilə yeni hadisə olmaqla bərabər, inzibati xarakterli mübahisələrin ixtisaslaşmış birinci instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli, obyektiv araşdırılmasının, ədalətlə və sırf qanuna uyğun olaraq baxılmasının təmin edilməsinə, ümumilikdə isə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir. Respublikada həyata keçirilən məhkəmə-hüquq islahatlarının məntiqi nəticəsi olaraq “İnzibati icraat haqqında” qanunun, İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsi və inzibati-iqtisadi məhkəmələrin fəaliyyətə başlaması vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı təminatların genişləndirilməsinə yönələn addım olmaqla yanaşı, insan hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində yeni bir mərhələ olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi inzibati orqanların icraat qaydalarını hüquqi dövlət prinsiplərinə uyğunlaşdırmaq və şəffaflaşdırmaq, inzibati orqanların fəaliyyətinin qanuna əsaslanmasını təmin etmək, habelə vətəndaşlara və hüquqi şəxslərə inzibati orqanların onlar barəsində qəbul etdiyi qərarların qanuniliyini inzibati məhkəmə qaydasında mübahisələndirmək hüququ vermək məqsədi daşıyır.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsi hüquqi təminat, məhkəmə işlərinin təşkili və daxil olmuş materialların hüquqi ekspertizası sahəsində tənzimləmə fəaliyyətini həyata keçirir. Baş idarə Əsasnaməsi ilə ona verilmiş səlahiyyətlər çərçivəsində Vergilər Nazirliyini iddiaçı, cavabdeh, zərərçəkmiş və üçüncü şəxs qismində bütün məhkəmə instansiyalarında təmsil edir, vergi orqanlarının iştirak etdiyi məhkəmə işlərinə ümumi nəzarəti həyata keçirir, səyyar və kameral vergi yoxlamaları, operativ vergi nəzarəti tədbirlərinin nəticələri üzrə vergi ödəyicilərinin əməllərində cinayət əlamətlərinin aşkar edilməsinə dair göndərilmiş materialların hüquqi ekspertizasını keçirir, vergi ödəyicilərindən və vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərə baxılmasının nəticəsi üzrə hazırlanmış qərar və cavab məktublarının layihələrinə, habelə baş idarəyə daxil olmuş hüquqi akt layihələrinə münasibət bildirir, aidiyyəti hüquqi akt layihələrini hazırlayır və vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı nazirliyin rəhbərliyinə təkliflər verir.
Yerli hüquq strukturları da vergi orqanlarında hüquqi işlərin təşkilini 3 istiqamətdə: məhkəmə işlərinin təşkili, cinayət xarakterli materialların hüquqi ekspertizası və hüquqi təminat sahəsi üzrə həyata keçirirlər.
Vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, onların təkrar şikayətlərinə (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada baxılması, habelə məhkəməyə qədər sadələşdirilmiş prosedurlara əməl edilməklə mübahisələrin obyektiv şəkildə həll edilməsi məqsədilə vergilər nazirinin 07.03.2008-ci il tarixli əmri ilə Vergi Apellyasiya Şurası yaradılmışdır. Vergi ödəyicilərinin hüquqlarının müdafiəsinin məhkəməyə qədərki icraatı hesab edilən Vergi Apellyasiya Şurasının fəaliyyətinin nəticəsində vergi ödəyicilərinin hüquqları daha mükəmməl şəkildə qorunur və vergi orqanları tərəfindən qanunvericiliyin tələblərinə uyğun olmayaraq qəbul edilən inzibati aktların məhkəmə qaydasında mübahisələndirilməsinin qarşısı alınır. Fiziki və hüquqi şəxslərdən daxil olmuş korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə Vergilər Nazirliyinin Aparatında daxili təhlükəsizlik sahəsində təşkilati və nəzarət tədbirlərini həyata keçirən müvafiq struktur tərəfindən “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun şəkildə baxılaraq, müvafiq qərarlar qəbul edilir.
Hüquq strukturlarının peşə hazırlığını yüksəltmək məqsədilə mütəmadi olaraq təlim və treninqlər təşkil edilir, müvafiq məhkəmə qərarları öyrənilərək təhlil işləri aparılır, vergi orqanları tərəfindən yol verilmiş nöqsanlar ümumiləşdirilir, gələcəkdə həmin hallara yol verilməməsi məqsədi ilə müvafiq tədbirlər görülür ki, bütün bunlar da aparılan işlərin keyfiyyətinə və büdcəyə vergi daxilolmalarının artmasına müsbət təsirini göstərməkdədir.
Samirə MUSAYEVA
Vergilər Nazirliyinin Hüquq
Baş İdarəsinin rəisi
Yeni Azərbaycan.-2015.- 7 fevral.- S.5.