BTC-dən sonra ikinci əfsanə: “Cənub” qaz dəhlizi layihəsi

 

Prezident İlham Əliyev: “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyi layihəsidir

 

Müstəqil xarici siyasət kursuna malik olan Cənubi Qafqaz regionunun lider dövləti kimi çıxış edən Azərbaycan regional beynəlxalq təhlükəsizliyə müstəsna töhfələr verir. Eyni zamanda, ölkəmiz özünün zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Azərbaycan artıq milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatikrasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusuna çevrilib. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Xüsusilə də, Avropa enerji təhlükəsizliyinin təmin olunmasında, qarşılıqlı-faydalı əməkdaşlıq platformalarının gerçəkləşdirilməsində Azərbaycanın enerji siyasətinin əhəmiyyətini xüsusi olaraq bəyan edir. Çünki Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirir.

XXI əsrin layihəsi olan “Cənub” qaz dəhlizi Azərbaycanın praqmatik enerji siyasətinin qanunauyğun nəticəsidir

Məlum olduğu kimi, beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfələr verən Azərbaycanda ötən ilin sentyabr ayında daha bir möhtəşəm enerji layihəsinin - XXI əsrin layihəsi kimi xarakterizə edilən “Cənub” qaz dəhlizinin icrasına start verilib. Cari il fevralın 12-də isə Bakıda Asiya ilə Avropanı, Xəzər hövzəsi ilə uzaq Adriatik dənizi sahillərini əlaqələndirəcək “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.

Şübhəsiz, XXI əsrin layihəsi adını alan “Cənub” qaz dəhlizi Azərbaycanın praqmatik enerji siyasətinin, bu kontekstdə beynəlxalq əməkdaşlığının qanunauyğun nəticəsi kimi xarakterizə edilir. Dövlətimizin başçısı “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin ilk görüşündə çıxışı zamanı bu məqamlara toxunaraq qeyd edib ki, “Cənub” qaz dəhlizi layihəsi burada - Azərbaycanda son 20 il ərzində tərəfdaşlarımızla apardığımız işə əsaslanır.

Beləliklə, ölkəmizin enerji diplomatiyası regionalqlobal təhlükəsizliyə, əməkdaşlığa fundamental töhfələr verir. Bütövlükdə isə, bu layihə BTC-dən sonra ikinci əfsanə kimi xarakterizə edilir. Ümumilikdə, layihənin reallaşması enerji təhlükəsizliyi istiqamətində bu zamana qədər görülən işlərin qanunauyğun nəticəsi kimi dəyərləndirilir. Bu səbəbdən Azərbaycanın səmərəli enerji diplomatiyasının mahiyyətini əks etdirən bir sıra kompleks məsələlərə nəzər yetirmək lazımdır.

Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın təməli Azərbaycanın rasional enerji siyasəti ilə qoyulub

Sirr deyil ki, karbohidrogen ehtiyatları ilə zəngin olan Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın təməli Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ulu öndər Heydər Əliyev ölkəmizin uzunmüddətli inkişafına və rifahına hesablanan yeni neft strategiyasını hazırladı. Məhz Ümummilli liderin vəziyyəti düzgün qiymətləndirməsi və çox böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsinə dair “Əsrin müqaviləsi” adını alan beynəlxalq kontrakt imzalandı. Bununla da Xəzər xoşməramlı beynəlxalq əməkdaşlıq mərkəzinə çevrildi. Beləliklə, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın neft strategiyasının reallaşdırılması nəticəsində dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinin Azərbaycan milli sektorunda karbohidrogen ehtiyatlarının hasilatı və nəqlinə cəlb olunub, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeni etibarlı mənbə rolunu oynamağa başlayıb.

“Əsrin müqaviləsi”nin imzalanması “Azəri-Çıraq-Günəşli” yatağının beynəlxalq konsorsium tərəfindən uzun illər ərzində uğurlu istismarı ilə nəticələnib. İndiyədək layihə çərçivəsində 2,5 milyard barel neft hasil olunub və təxminən 30 milyard dollar həcmində investisiya yatırılıb.

Bu müddət ərzində Xəzərdə uğurlu beynəlxalq əməkdaşlıq Azərbaycana böyük dividendlər gətirib. Ölkənin neft sənayesinə irihəcmli investisiya qoyuluşu təmin edilib, yeni texnologiyaların tətbiqinə başlanılıb. Beləliklə, “Əsrin müqaviləsi”nin reallaşdırılması ilə Azərbaycanın mənzərəsi dəyişib və ölkənin qarşısında yeni inkişaf perspektivləri açılıb. “Cənub” qaz dəhlizi isə Azərbaycanın dinamik inkişafına yeni təkan verəcək.

Qeyd etdiyimiz kimi, “Cənub” qaz dəhlizi layihəsi BTC-dən sonra ikinci əfsanə kimi xarakterizə edilir. Bu məqamda vurğulamaq gərəkdir ki, bu gün “Əsrin müqaviləsi” çərçivəsində hasil edilən əsas neft Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri vasitəsilə Avropa bazarlarına çatdırılır. Bir vaxtlar bu kəmərin inşasına skeptik yanaşılır, onu utopik layihə adlandırırdılar. Ancaq Azərbaycan xalqının Ümummilli lideri, uzaqgörən siyasətçi Heydər Əliyev vəziyyəti real qiymətləndirirdi. Bakı-Novorossiysk və Bakı-Supsa böyük neftin dünya bazarlarına çıxarılması üçün yetərli deyildi. Buna görə də Ümummilli lider Heydər Əliyev yeni kəmərin perspektivlərini əsaslandırdı və onun tikintisində israr etdi. Yalnız Ulu öndər Heydər Əliyevin yüksək nüfuzu və müxtəlif ölkələrin dövlət və hökumət başçıları, siyasi, işgüzar dairələrin nümayəndələri, beynəlxalq neft şirkətlərinin rəhbərləri ilə mütəmadi danışıqlar aparması nəticəsində Azərbaycan neftinin Türkiyəyə nəql olunması və oradan dünya bazarlarına çıxarılması barədə mühüm hökumətlərarası sənədlər imzalandı. Ümummilli lider Heydər Əliyevin qətiyyətlə əsaslandırdığı ideyanın gerçəkləşməsi istiqamətində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 1999-cu ilin noyabrında İstanbulda keçirilən sammiti mühüm rol oynadı. Belə ki, sammit çərçivəsində “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazisi ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsi”nə dair saziş imzalandı. Eyni zamanda, zirvə görüşündə Azərbaycan, Türkmənistan, Gürcüstan, Qazaxıstan, Türkiyə və ABŞ prezidentləri layihəni dəstəkləyən “İstanbul Bəyannaməsi”ni imzaladılar. Zaman Ulu öndərin uzaqgörənliyini bir daha təsdiqlədi. Bu gün əsas neftin daşınması üçün Bakı-Tbilisi-Ceyhanın (BTC) ən optimal seçim olduğu heç kəsdə şübhə doğurmur. Məlumat üçün bildirək ki, uzunluğu 1768 kilometr, gündəlik ötürmə qabiliyyəti 1 milyon barel olan əsas ixrac boru kəmərinin inşası 2003-2005-ci illərdə həyata keçirilib. Kəmərin neftlə doldurulmasına 2005-ci il mayın 10-da - Ulu öndərin anım günündə başlanılıb. Kəmərlə Ceyhan limanına nəql olunan xam neft doldurulan ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb. Sevindirici haldır ki, XXI əsrin ən böyük enerji layihələrindən sayılan Bakı-Tbilisi-Ceyhan onun ideya müəllifi və reallaşmasının əsas təşəbbüskarı olan Ümummilli lider Heydər Əliyevin adını daşıyır.

“Cənub” qaz dəhlizi layihəsi Avropanın iqtisadisiyasi təhlükəsizliyinə strateji töhfələr verəcək

Başlıca strateji məqamlardan biribudur ki, “Cənub” qaz dəhlizi layihəsinin reallaşdırılması fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu daha da artacaq. Ümumiyyətlə, son illərdə dünyada baş verən kataklizmlər, o cümlədən də siyasi böhranlar Avropa ölkələrini etibarlı enerji təhlükəsizliyi barədə daha ciddi düşünməyə sövq edir. Bu kontekstdə qeyd etmək olar ki, “Cənub” qaz dəhlizi Avropanın enerji təhlükəsizliyinə sanballı töhfə olacaq. Yeni dəhliz vasitəsilə Xəzərin qaz ehtiyatları Avropa İttifaqının mərkəzi ölkələrinə çatdırılacaq. İstehlakçı ölkələr sırasında Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, növbəti mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələrin adlarını sadalamaq mümkündür.

Deyilənləri ümumiləşdirərək qeyd etmək olar ki, əsas etibarilə, 2000-ci illərin əvvəllərindən başlayaraq Azərbaycanın böyük qaz ehtiyatlarının hasilatı və Avropa istehlakçılarına çatdırılması ilə bağlı müxtəlif təşəbbüs və layihələr irəli sürülüb, lakin bunların praktiki nəticəsi olmamışdır. Azərbaycan bu sahədə də liderliyi öz əlinə götürüb və “Cənub” qaz dəhlizi layihəsinin reallaşdırılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə başlanıb. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında “Cənub” qaz dəhlizi ilə bağlı birgə bəyannamə, 2012-ci ildə Türkiyə ilə TANAP-a dair saziş imzalanıb, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçilib, 2013-cü il dekabrın 17-də “Şahdəniz-2” layihəsinə dair yekun investisiya qərarı qəbul edilib və 2014-cü ildə “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirilib. 2015-ci il fevralın 12-də isə, qeyd edildiyi kimi, Bakıda “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirilib və “Cənub” qaz dəhlizi layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub, mətbuat üçün bəyanat qəbul edilib.

Dolayısıyla, Azərbaycanın təşəbbüsü və liderliyi ilə Avropanın enerji təminatında yeni mənbənin müəyyənləşdirilməsi və yeni dəhlizin yaradılması tarixi hadisədir. “Cənub” qaz dəhlizi Məşvərət Şurasının işində dünyanın ayrı-ayrı ölkələrini təmsil edən vəzifəli şəxslərin iştirakı layihə ilə bağlı müzakirələrin daha yüksək səviyyəyə qaldırıldığını, etibarlı enerji təchizatçısı kimi Azərbaycanın yalnız Avropa üçün deyil, daha geniş miqyasda əhəmiyyətinin artdığını göstərdi. “Cənub” qaz dəhlizi dünya əhəmiyyətli layihəyə çevrilib. Bu layihə, eyni zamanda, Avropa İttifaqının etibarlı tərəfdaşı kimi Azərbaycanın əhəmiyyətini daha da artırıb.

Qeyd etdiyimiz kimi, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə fundamental strateji töhfələr verən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu daha da artacaq. Bu, ilk növbədə, Azərbaycanın praqmatik enerji siyasəti ilə əlaqədardırsa, digər tərəfdən, ölkəmizlə səmərəli işbirliyi kontekstində yeni əməkdaşlıq platformalarının formalaşdırılması ilə bağlıdır. Dövlətimizin başçısının yuxarıda bəhs olunan görüşdəki çıxışı zamanı qeyd etdiyi kimi: “Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq”.

“Cənub” qaz dəhlizi beynəlxalq əhəmiyyətli layihə kimi qiymətləndirilir

Şübhəsiz, bu əməkdaşlıq formatında davam etdirilən işbirliyi, Azərbaycanın Avrasiyanın enerji xəritəsini zənginləşdirəcək layihələrə imza atması, Avropanın enerji təhlükəsizliyinə strateji töhfələr verməsi həm “qoca qitə” təmsilçiləri, həm də bütövlükdə, Qərb tərəfindən yüksək qiymətləndirilir. Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şevçoviç Avropa İttifaqında enerji birliyinin qurulması ilə məşğul olduğunu və gündəlikdə duran layihə ilə bağlı müzakirələrin siyasi baxımdan daha yüksək səviyyəyə qaldırıldığını deyib. O, Avropanın enerji təhlükəsizliyi üçün mənbələrin və resursların şaxələndirilməsində maraqlı olduğunu bildirib. Aparılan hesablamalara görə, Avropa İttifaqının idxal etdiyi qazın həcminin gələcəkdə 84 faiz, neft idxalının isə 94 faiz təşkil edəcəyini açıqlayan Maroş Şevçoviç bundan sonra da Avropa İttifaqının üzvü olan bütün ölkələrin enerji təhlükəsizliyi, Avropa enerji sisteminə real inteqrasiya istiqamətində ardıcıl addımların atılacağını bildirib. O, bu baxımdan “Cənub” qaz dəhlizi layihəsinin uğurla və sürətlə həyata keçiriləcəyinə ümidvar olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, “Cənub” qaz dəhlizi enerji resurslarının mənbələrinin və marşrutlarının diversifikasiyası baxımından Avropanın prioriteti olacaq.

“Cənub” qaz dəhlizi layihəsində iştirak edən ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasında iştirak etmək üçün Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstayn isə keçirdiyi mətbuat konfransında deyib ki, “Cənub” qaz dəhlizi Azərbaycan hakimiyyətinin təşəbbüsü ilə ərsəyə gələn layihədir və ABŞ bunu yüksək qiymətləndirir: “Bu dəhliz Avropanın enerji təhlükəsizliyi baxımından çox böyük önəm daşıyır. Dünyada baş verən son hadisələr də onu göstərir ki, Avropanın enerji təhlükəsizliyinin saxlanması, qorunması və gücləndirilməsi çox əhəmiyyətli mövzuya çevrilib. Buna görə də, biz buradayıq və bu kimi görüşə qatılmışıq. Düşünürəm ki, bu, bir daha ABŞ-la Azərbaycan arasında olan güclü əlaqələrin əyani təzahürüdür. ABŞ-la Azərbaycan müxtəlif səpkidə əməkdaşlıq edirlər, enerji sahəsində əməkdaşlıq isə onlardan biridir”.

A.Hoxstayn vurğulayıb ki, enerji təhlükəsizliyi Avropa ölkələri üçün bilavasitə onların iqtisadimilli təhlükəsizliyi deməkdir. “Vaxtaşırı belə hallarla rastlaşırıq ki, müəyyən Avropa ölkələri enerji təchizatı baxımından tamamilə bir təchizatçıya arxalanır. Bakıya səfərim zamanı keçirdiyimiz görüşlərdə də nəinki enerji təchizatının, onun çatdırılma yollarının şaxələndirilməsinin vacibliyini də vurğuladıq. Yeni boru xətlərinin inşası, yeni dəhlizlərin açılması ilə digər məqamlar da gündəmə gəlir. Bunlardan biri də Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasıdır. Bunun üçün isə yolların şaxələndirilməsi vacibdir”, - deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

Yunanıstanda qurulan yeni hökumətin “Cənub” qaz dəhlizi layihəsinin reallaşmasına tam dəstəyini ifadə etdiyini diqqətə çatdıran amerikalı diplomat qeyd edib ki, bu ölkənin energetika naziri də “Cənub” qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyinin yüksəldilməsində böyük rol oynayacağını söyləyib.

Bundan başqa, ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələrin protokoluna əlavə edilməsi üçün konqresmen Maykl Törnerin bəyanatında da bu məsələlər öz əksini tapıb. Konqresmen bəyanatda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini vurğulayaraq, Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənub qaz dəhlizinin əhəmiyyətindən bəhs edib. Maykl Törner Avropanın enerji təhlükəsizliyinin təmin olunması və regional sabitliyin gücləndirilməsi istiqamətində Azərbaycanla işləməyin davam etdirilməsinin vacibliyini vurğulayıb. Bəyanatda, həmçinin, geosiyasi enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Azərbaycanın ABŞ-ın vacib tərəfdaşı olduğu vurğulanıb.

Bütövlükdə isə, bu layihə regional və beynəlxalq enerji təhlükəsizliyi nöqteyi-nəzərindən strateji əhəmiyyətli faktor kimi dəyərləndirilir. “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə bu məqamlar bir daha diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitqində layihənin əhəmiyyətindən bəhs edərək bildirib ki, “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyi layihəsidir: “Bu, bizim üçün enerji təhlükəsizliyidir. Çünki Azərbaycan beynəlxalq bazarlara böyük həcmdə təbii qazı ixrac etmək imkanı qazanacaq. Bu, həm də istehlakçı və tranzit ölkələr üçün enerji təhlükəsizliyidir”.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni  Azərbaycan.-2015.- 21 fevral.- S.2.