Azərbaycanın sənayeləşmə
siyasətində yeni mərhələ
Prezident İlham
Əliyev: Mənim göstərişimlə indi
hər bir rayonda sənaye
zonası yaradılmalıdır
Məlum olduğu kimi, Azərbaycanın müasir dünya çağırışları nəzərə alınmaqla müəyyənləşdirilən sosial-iqtisadi inkişaf strategiyasında innovasiyalara əsaslanan, elm tutumlu sənaye quruculuğu mühüm yer tutur. Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq ölkəmizdə sənayeləşmə sahəsində bir sıra hədəflər müəyyənləşdirilib. Mövcud istehsalatların modernləşdirilməsi, daha çox tələbat duyulan, əsasən də ixracyönümlü yeni sənaye müəssisələrinin yaradılması, sənayenin regional strukturunun təkmilləşdirilməsi Azərbaycanın müasir dövrdə sənaye hədəfləri sırasındadır. Prezident İlham Əliyev yanvarın 27-də keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında ölkəmizdə sənayeşmə siyasətinin uğurla həyata keçirildiyindən məmnunluğunu ifadə edib: “Keçən il Azərbaycanda “Sənaye ili” elan edilmişdir. Bu, bizim siyasətimizi göstərir. Çünki sənayeləşmə Azərbaycanda uğurla aparılır. Sənayeləşmə aparılmasaydı, biz həmişə neft amilindən asılı vəziyyətdə olacaqdıq. Çoxsaylı sənaye müəssisələri yaradılıbdır”.
Azərbaycanda sənaye quruculuğu real zəminə əsaslanır
Qeyd edək ki, ölkəmizdə müasir sənaye quruculuğu real zəminə əsaslanır. Respublikanın zəngin əmək, xammal və kadr potensialı, əlverişli biznes mühiti, investisiya qoyuluşunun təşviq edilməsi, institusional islahatların dəstəklənməsi, möhkəm daxili sabitlik, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması və digər müsbət amillər ölkəmizdə müasir sənaye quruculuğunu şərtləndirir.
Eyni zamanda, ölkəmizdə dövlət bu sahənin inkişafına güclü siyasi iradə nümayiş etdirir. Son illərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq Azərbaycanda sənaye sahəsinin inkişafının hüquqi bazasını təmin etmək üçün əməli addımlar atılıb. Dövlət başçısı iqtisadiyyatın və regionların inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni iş yerlərinin açılması, müasir idarəetmə təcrübəsindən istifadə olunması, rəqabətqabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədilə hələ 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Ölkəmizdə “Xüsusi iqtisadi zonalar haqqında” ayrıca Qanun qəbul edilib. Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib. Bu sənəd sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm baza sənədidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin “Sənaye ili” elan edilməsi ölkəmizdə sənaye sahəsinin üstün inkişafına göstərilən diqqətin daha bir ifadəsidir. Prezident İlham Əliyevin 26 dekabr 2014-cü il tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” ölkə sənayesinin qarşısında yeni inkişaf perspektivləri açır. Dövlət Proqramında vurğulanır ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və strukturunun təkmilləşdirilməsi baxımından sənayenin inkişafı ölkədə aparılan iqtisadi siyasətin əsas prioritetlərindən biridir. Sənayeləşmə təkcə iqtisadi baxımdan deyil, həm də əhalinin məşğulluğu, gəlir səviyyəsi, urbanizasiya, ixtisaslı işçi qüvvəsi, araşdırma və tədqiqat kimi bir sıra sosial, elmi və mədəni aspektlər baxımından əhəmiyyətlidir.
Ölkəmizdə dövlət başçısının müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq müasir sənaye quruculuğu ilə bağlı həyata keçirilən davamlı tədbirlər gözəl nəticələr verir. Belə ki, davamlı dövlət dəstəyi sayəsində son 11 ildə Azərbaycan sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olub. 2003-2014-cü illərdə respublikamızın sənaye xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Məsələn, son 11 il ərzində respublikanın müxtəlif regionlarında 500-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib və bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib. Ötən illərdə Azərbaycan təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya çevrilib, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş statusu qazanıb. Ölkədə elektrik stansiyalarının enerji gücləri 50 faizdən çox artırılıb. Respublikamızda ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişlənməsi ilə paralel surətdə yeni istehsal sahələri yaradılıb, əsas qida məhsulları və inşaat materialları ilə özünütəminat səviyyəsi yüksəlib. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən artaraq hazırda 50 faizi ötüb. Ümumilikdə, son 11 ildə sənaye istehsalı 2,7 dəfə, o cümlədən, tikinti materialları istehsalı 2,5 dəfə, elektrik avadanlıqları istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2, geyim istehsalı 2,5 dəfə artıb.
Son illərdə həyata keçirilən sənayeləşmə tədbirləri çərçivəsində neft-qaz, qızıl və digər hasilat sahələrində əldə edilmiş uğurlarla yanaşı, sənayenin diversifikasiyası genişləndirilib, yeni istehsal gücləri istifadəyə verilib, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr yaradılıb.
Sumqayıt Texnologiyalar Parkının, Alüminium İstehsalı Kompleksinin və Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması, Bakıda Gəmiqayırma zavodunun fəaliyyətə başlaması, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodlarının qurulması, Sumqayıtda neft-kimya sənayesində modernizasiya işlərinə başlanılması və Karbamid Zavodunun inşası, Qaradağda Sement Zavodunun istehsal gücünün artırılması və yeni zavodun inşası, Qazaxda, Naxçıvanda yeni sement zavodlarının tikilib istifadəyə verilməsi qeyri-neft sənayesinin növbəti mərhələdə daha dərin şaxələndirilməsi üçün geniş imkanlar yaradıb.
Ötən dövrdə ölkədə qeyri-neft sənayesinin əsas halqalarını formalaşdıran maşınqayırma, avadanlıq istehsalı, cihazqayırma və tikinti materiallarının istehsalı sahələrində yeni rəqabətqabiliyyətli müəssisələr yaradılıb, o cümlədən, Gəncədə traktor və kənd təsərrüfatı texnikası, Naxçıvanda avtomobil, Mingəçevirdə elektron avadanlıqlar, Sumqayıtda günəş panellər, Qaradağda metal konstruksiyalar, Hacıqabulda seramik plitələr istehsalı müəssisələri qurulub. Bununla yanaşı, son illərdə güclü müdafiə sənayesinin qurulması istiqamətində mühüm layihələr icra olunub, qısa müddətdə 50-yə yaxın yeni istehsal sahəsi yaradılıb. Müdafiə sənayesi müəssisələri tərəfindən hərbi təyinatlı məhsullarla yanaşı, mülki məmulatların da istehsalı təşkil olunub ki, onların həcmi son illərdə 2 dəfə artıb.
Azərbaycanda “Sənaye ili” bu sahədə qazanılan bir sıra yeni uğurlarla əlamətdar olub
Respublikamızda “Sənaye ili” bir sıra istehsalatların yaradılması, çoxlu sayda yeni iş yerlərinin açılması ilə əlamətdar olub. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında dövlət başçısı ötən il sənaye quruculuğu sahəsində əldə olunan nailiyyətləri xüsusi vurğulayıb: “Keçən il Azərbaycanda “Sənaye ili” elan edilmişdir və 230-dan çox sənaye müəssisəsi yaradılmışdır. 123 min yeni iş yeri açılmışdır ki, onlardan təxminən 100 mini daimi iş yeridir”.
Azərbaycanda “Sənaye ili”ndə bir sıra irihəcmli layihələr həyata keçirilib. Dövlət başçısı Nazirlər Kabinetinin iclasındakı çıxışında ötən il ölkəmizdə reallaşdırılan layihələri məmnunluqla nəzərə çatdırıb: “Keçən il bir neçə iri layihə icra edilmişdir. Hər bir layihə özlüyündə nəhəng bir layihədir. Mən onların arasında Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulmasını xüsusilə qeyd etmək istəyirəm. Eyni zamanda, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalı istifadəyə verilmişdir. Yəni, bu layihənin birinci mərhələsinin birinci hissəsi artıq icra edilmişdir. Şəmkirçay su anbarı istifadəyə verilmişdir. Bu da nəhəng layihədir, ölkəmizin uzunmüddətli və sürətli inkişafına təkan verəcək. Eyni zamanda, böyük sənaye müəssisələri, o cümlədən, “Norm” sement zavodu istifadəyə verilmişdir ki, orada sementin istehsalı 2 milyon tona bərabərdir”.
Əlamətdar haldır ki, yeni sənaye müəssisələri hesabına respublikamızda bir sıra məhsullara olan daxili tələbatın ödənilməsi tam təmin olunub, hətta ölkəmizin böyük ixrac potensialı da yaranıb. Azərbaycan sementə, gipsə, hörgü bloklarına, metal konstruksiyaya, boya və sair məhsullara olan tələbatını artıq daxili istehsal hesabına tam təmin edir.
Prezident İlham Əliyev Sumqayıtda yaradılan Kimya Sənaye Parkını ölkə sənayesində yeni inkişaf mərhələsi kimi dəyərləndirib. Hazırda sözügedən nəhəng sənaye parkında xarici və daxili infrastrukturun yaradılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Artıq parkda fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına start verilib, yaxın gələcəkdə isə hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin, vərəqə şüşə istehsalına başlanılacaq. Digər bir iri sənaye parkı isə Balaxanıda yaradılır. Burada tullantıları emal edəcək ayrı-ayrı müəssisələr fəaliyyət göstərəcək ki, bu da paytaxtımızın ekologiyasının yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacaq.
Ümumiyyətlə, ölkəmizdə yeni sənaye müəssisələrinin yaradılmasına dövlət tərəfindən böyük dəstək nümayiş etdirilir. Respublikamızda sənaye müəssisələrinin investisiya təminatında dövlət başçısının “İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında” müvafiq Sərəncamına uyğun olaraq 2006-cı ildə yaradılan “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) Açıq Səhmdar Cəmiyyəti böyük rol oynayır.
Azərbaycanda yeni sənaye müəssisələrinin yaradılmasına güzəştli şərtlərlə kreditlər ayrılması da təqdirəlayiq haldır. Son illərdə ölkəmizdə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib, bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib, 24 obyektdə isə işlər davam etdirilir.
Rayonlarda sənaye məhəllələrinin yaradılması sənayenin regional strukturunun təkmilləşməsində mühüm rol oynayacaq
Prezident İlham Əliyevin yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və hər rayonda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Dövlət başçısının yuxarıda haqqında bəhs olunan konfransdakı çıxışında vurğuladığı kimi: “Mənim göstərişimlə indi hər bir rayonda sənaye zonası yaradılmalıdır. Artıq yaxın zamanlarda bu proses də başlayacaq”.
Təbii ki, rayonlarda sənaye məhəllələri yaradılarkən bölgələrin ənənələri və potensial imkanları əsas götürülür. Yeri gəlmişkən, respublikamızda sənayenin regional strukturunun formalaşdırılması, sənaye quruculuğunda regionların potensialından səmərəli istifadə edilməsi baxımından dövlət başçısının cari il 2 fevral tarixində imzaladığı “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncamı da mühüm əhəmiyyət daşıyır.
İlk növbədə, onu vurğulamaq lazımdır ki, dövlət başçısının Neftçala rayonunda sənaye məhəlləsinin yaradılması ilə bağlı ayrıca Sərəncam imzalaması ölkəmizdə müasir sənaye quruculuğunun dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiqləyir. Sərəncam sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi daşıyır. Sərəncama əsasən, Neftçala Sənaye Məhəlləsinin yaradılması ilə əlaqədar ayrı-ayrı mərkəzi icra orqanlarına müvafiq tapşırıqlar verilib. Dövlət başçısının imzaladığı Sərəncamda bildirilir ki, kiçik və orta sahibkarlığa dəstək məqsədi ilə Neftçala Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri yaradılacaq.
Yeni sənaye məhəlləsinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunub. Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Neftçala Sənaye Məhəlləsinin fəaliyyəti üçün 10 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsini 2 ay müddətində təmin etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. İqtisadiyyat və Sənaye Nazirliyi isə Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) təkmilləşdirilməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin edəcək. Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, tənzimlənməsi, inkişafı, istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi də dövlət başçısının imzaladığı Sərəncamla İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılıb.
Göründüyü kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Neftçala rayonunda sənaye məhəlləsinin yaradılması ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Sərəncama istinadən ölkəmizdə sənayeləşmənin yeni mərhələsinin başlandığını demək mümkündür. Neftçala Sənaye Məhəlləsi bu istiqamətdə atılan ilk addımdır. Şübhə yoxdur ki, gələcəkdə digər bölgələrdə də oxşar sənaye məhəllələri təşkil ediləcək. Prezident İlham Əliyev konfransdakı çıxışında bildirib ki, bölgələrdə yeni sənaye məhəllələrinin yaradılmasına yerli icra strukturları da lazımı dəstək göstərməli və təşkilati məsələlərin həllində fəal iştirak etməlidirlər: “Burada yerli icra orqanlarının nümayəndələrinin də böyük dəstəyinə ehtiyac vardır. Çünki onlar bu işi yerlərdə təşkil etməlidirlər ki, bu zonalar müəyyən edilsin. Orada infrastruktur layihələri icra edilməlidir, kommunikasiyalar yaradılmalıdır. Əlbəttə ki, dövlət bu işi öz üzərinə götürür. Ancaq bütün təşkilati məsələlərin həllində də yerli icra orqanları fəal iştirak etməlidirlər”.
Respublikanın müxtəlif bölgələrində belə məhəllələrin yaradılması isə ölkə sənayesinin paytaxt Bakıda və Sumqayıt, Gəncə kimi iri şəhərlərdə təmərküzləşməsinin qarşısını alacaq ki, bu da son nəticədə sənaye istehsalında daha yüksək dinamikaya nail olunmasında, eləcə də, bölgələrin əmək ehtiyatlarından daha səmərəli istifadə etməklə regionların da iqtisadi güc amilinə çevrilməsində mühüm rol oynayacaq.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-2015.- 26 fevral.- S.2.