Azərbaycanda “Kənd təsərrüfatı ili” çərçivəsində bir sıra mühüm layihələr reallaşdırılacaq

 

Prezident İlham Əliyev: Kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Bu, sosial, iqtisadi sahədir, qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı olaraq həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birini kənd təsərrüfatında yüksək inkişafa nail olunması, o cümlədən respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması təşkil edir. Dövlət başçısı kənd təsərrüfatında artım tempinin təmin olunmasını və bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən səmərəli tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ilielan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir. Sərəncamda vurğulandığı kimi, respublikada həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Azərbaycanda 2015-ci ilin “Kənd təsərrüfatı ilielan olunması isə kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemlikompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi daşıyır.

Prezident İlham Əliyev yanvarın 27-də keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinin Azərbaycanın dövlət siyasətinin prioriteti olduğunu bir daha nəzərə çatdırıb. Dövlət başçısı onu da vurğulayıb ki, sənaye inkişafı ilə yanaşı, kənd təsərrüfatı da ölkəmizdə qeyri-neft sektorunun əsas istiqamətlərindəndir: “Bu il “Kənd təsərrüfatı ilielan edilmişdir. Bu, bizim üçün prioritetdir. Gələcəkdə kənd təsərrüfatı, sənaye inkişafı bu qeyri-neft sektorunun əsas istiqamətləridir, islahatlar aparılır”.

Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi real zəminə və respublikanın güclü iqtisadi potensialına əsaslanır

Elə ölkələr var ki, sırf coğrafi-iqlim xüsusiyyətləri baxımından kənd təsərrüfatının inkişaf etdirilməsi qeyri-mümkündür. Azərbaycanda isə bu baxımdan vəziyyət tamam fərqlidir. Respublikamızda aqrar sektorun inkişafı real zəminə əsaslanır. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir.

Azərbaycanda son illərdə aqrar sektorun dinamik inkişaf relslərinə çıxmasında vacib amillərdən biri də ölkəmizin güclü iqtisadi potensialı, geniş maliyyə imkanlarıdır. Məlumdur ki, ölkəmizdə neft gəlirləri Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq davamlı şəkildə iqtisadiyyatın diversifikasiya edilməsinə, qeyri-neft sektorunun üstün inkişafının təmin olunmasına yönəldilir. Bu baxımdan son illərdə respublikamızda kənd təsərrüfatının maliyyə təminatının gücləndirilməsi aqrar sektorda əsaslı dönüşə səbəb olub. Dövlət başçısı sözügedən konfransdakı çıxışında bu məqama toxunaraq deyib: “Ona görə kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Bu, sosial, iqtisadi sahədir, qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir”.

Ölkədə kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir. Respublikamızda “AqrolizinqASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu, texnikanın dəyərinin 40 faizi dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilib. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir. Son bir ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqlə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən, taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artıb. O da əlamətdar haldır ki, kənd təsərrüfatı istehsalçılarına verilən texnikanın 83 faizini, kombaynların isə 79 faizini Avropa ölkələrinin ən tanınmış şirkətlərinin məhsulları təşkil edib. Tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə ediblər. Bu da məhsulun maya dəyərinin əhəmiyyətli dərəcədə azalması nəticəsində fermerlərin gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə müsbət təsir göstərib. Bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoxillik bitkilərin becərilməsində istifadə edilən yanacaqmotor yağlarına görə isə 51,8 milyon manat yardım göstərilib.

Kənd təsərrüfatının inkişafı böyük dərəcədə infrastruktur layihələrindən asılıdır

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyindən söhbət açarkən son illərdə ölkəmizdə həyata keçirilən bir sıra infrastruktur layihələrinin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Prezident İlham Əliyevin 2013-cü ilin sentyabrında Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimindəki çıxışında vurğuladığı kimi: “Kənd təsərrüfatının inkişafı böyük dərəcədə infrastruktur layihələrindən asılıdır”.

Əlamətdar haldır ki, respublikamızda dövlət kənd təsərrüfatının inkişafı baxımından zəruri sayılan infrastruktur layihələrinin maliyyə təminatını öz öhdəsinə götürür, həmçinin, genişmiqyaslı meliorasiyairriqasiya tədbirləri həyata keçirir. Son iki ildə istifadəyə verilən Taxtakörpü və Səmkirçay su anbarları aqrar sektorun inkişafı baxımından çox mühüm əhəmiyyət daşıyan layihələrdir. Samur-Abşeron suvarma sisteminin yenidənqurulması layihəsi çərçivəsində inşa edilən Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Bu qurğunun ümumi su tutumu 270 milyon kubmetr, gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir. Dövlət Neft Fondunun vəsaiti hesabına inşa olunan Taxtakörpü su anbarı son illərdə qeyri-neft sektorunda ən böyük investisiya tutumlu layihələrdən biridir. Layihənin icrasına təxminən 1 milyard manat vəsait yönəldilib. Prezident İlham Əliyev layihənin icrasını tarixi hadisə kimi dəyərləndirərək bildirib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılır: “...Bu, qeyd etdiyim kimi, tarixi layihədir. Taxtakörpü su anbarının və Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan su kanallarının fəaliyyətə başlaması nəticəsində 150 min hektar torpaqda suvarma yaxşılaşdırılacaq, 30 min hektar isə yenidən əkin üçün yararlı olacaqdır. Bu torpaqların böyük hissəsi, təqribən 11 min hektarı Şabran rayonunun ərazisinə düşür. Yəni, kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılır”.

Son illərdə reallaşdırılan və aqrar sektorun inkişafı baxımından ciddi önəm daşıyan böyük investisiya tutumlu layihələrdən biri də ötən ilin noyabr ayında dövlət başçısının iştirakı ilə istifadəyə verilən Şəmkirçay su anbarıdır. Şəmkirçay su anbarı, su elektrik stansiyası, su kanalları vahid bir kompleks təşkil edir. Bu infrastruktur obyektinin fəaliyyəti ölkə iqtisadiyyatına, kənd təsərrüfatına, sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Bu su anbarının fəaliyyəti nəticəsində 54 min hektar torpaqda suvarma, 17 min hektar torpaqda isə yenidən suvarma imkanları yaxşılaşıb. Prezident İlham Əliyevin Şəmkirçay su anbarının açılış mərasimindəki çıxışında vurğuladığı kimi, bu layihələr Azərbaycan dövlətinin gücünü və ölkədə aparılan siyasətin istiqamətini göstərir: “Bu, çox böyük investisiyatutumlu layihədir. 700 milyon manatdan çox dövlət vəsaiti qoyulmuşdurTaxtakörpü su anbarından sonra qeyri-neft sektoruna qoyulan ikinci böyük investisiyadır. Biz keçən ilin sonunda Taxtakörpü su anbarının və kanalların açılışını qeyd etmişdik. O, 1 milyard manat dəyərində olan layihədir. Bu gün isə biz Şəmkirçay su anbarının açılışını qeyd edirik. Bu iki mühüm layihə əlbəttə ki, bugünkü Azərbaycanın gücünübizim siyasətimizin istiqamətini göstərir”.

Davamlı dövlət qayğısı sayəsində kənd təsərrüfatında istehsal genişlənib

Son illərdə ölkədə kənd təsərrüfatının inkişafına göstərilən davamlı dövlət qayğısı bu sahədə diqqətəlayiq uğurlar əldə olunması ilə nəticələnib. Ötən bir ildə aqrar sektorda 5,2 milyard manatlıq məhsul istehsal olunub. Dünya Bankının məlumatına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz olub ki, bu da respublikamızda aqrar sahənin dinamik inkişafını təstiqləyir.

Məlumdur ki, hazırda qlobal miqyasda müşahidə edilən arzuolunmaz tendensiyaların fonunda yaranan yeni çağırışlardan biri də ölkələrin ərzaq təminatı ilə bağlıdır. Beynəlxalq səviyyəli ayrı-ayrı qurumların proqnozlarına əsasən, 2050-ci ildə dünyada ərzağa olan təlabat 2006-cı ildəki ilə müqayisədə 70 faiz artacaqdır. Təkcə bu fakt bir daha təsdiqləyir ki, müasir dövrdə aqrar sektorun inkişaf etdirilməsi, ələlxüsus da ərzaq təhlükəsizliyinə nail olunması hər bir ölkə və xalq üçün ümummilli, strateji mahiyyət kəsb edir. Bu mənada Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə ölkəmizdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi nikbinlik doğurur. Dövlət başçısı regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında ərzaq təhlükəsizliyi məsələsini bir daha gündəmə gətirərək vurğulayb: “Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün böyük önəm daşıyır”.

Ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunmasında normativ-hüquqi bazanın yaradılması müstəsna rol oynayır. Belə ki, Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da isə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub. Sərəncama uyğun olaraq qısa müddətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsi hazırlanıb. Burada ölkədə gələcək aqrar siyasətin əsas prinsipləri, kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflər və prioritet istiqamətlər öz əksini tapıb.

Son illərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq respublikanın ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. Respublikanın 19 rayonunda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin verilməsi istehsalın artması, ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib. Bundan başqa, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisəsinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsini təmin edibyeni ixrac imkanları yaradıb. Ötən illər ərzində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən, 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyini təmin edir.

Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Dünya Bankının hesabatına əsasən, son 10 ildə dünyada ərzaq məhsullarının istehsalında artım 18 faiz olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil edib. Belə yüksək dinamikanın nəticəsidir ki, son illərdə ölkəmizin bir sıra ərzaq məhsulları ilə təminatı sırf daxili istehsal hesabına həyata keçirilir. Respublikamızda əhalinin ət və ət məhsullarına, üzümə, kartofa, tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə çatması məmnunluq doğurur.

Ölkəmizdə ərzaq təminatı ilə bağlı qarşıya qoyulan hədəf isə belədir: Növbəti 5 il ərzində Azərbaycan bütün istiqamətlər üzrə daxili tələbatı tam şəkildə yerli istehsal hesabına təmin etməlidir. Prezident İlham Əliyevin yuxarıda haqqında bəhs olunan konfransdakı çıxışında vurğuladığı kimi: “Biz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməliyik və ixrac etməliyik”.

İri fermer təsərrüfatlarının yaradılması ilə respublikada taxıl tədarükü də artacaq

Ölkələrin ərzaq təhlükəsizliyi proqramlarında daxili taxıl tədarükü müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında respublikamızda taxıl istehsalının artırılmasının zəruriliyini bir daha gündəmə gətirib. Dövlət başçısı son illərdə bir sıra istiqamətlər üzrə daxili tələbatın yerli istehsal hesabına ödənilməsindən məmnunluğunu ifadə etsə də, ərzaq təminatında ən ağır pozisiyanın məhz taxılçılıqla bağlı olduğunu bildirib:Biz bütün bu pozisiyalar üzrə 100 faiz səviyyəsinə çatmalıyıq. Burada ən ağır pozisiya, əlbəttə ki, taxıldır. Ancaq hesab edirəm ki, iri fermer təsərrüfatlarının yaradılması nəticəsində biz bu məqsədə çatacağıq”.

Qeyd edək ki, hazırda respublika üzrə taxıl istehsalında məhsuldarlıq hər hektarda cəmi 23-24 sentner təşkil edir. Bu, əlbəttə ki, aşağı göstəricidir. Bunun əsas səbəbi isə taxıl istehsalının xırda təsərrüfatlarda cəmləşməsi ilə bağlıdır. Təcrübə göstərir ki, iri fermer təsərrüfatlarında daha yüksək məhsuldarlığa nail olmaq mümkündür. Buna görə də respublikamızda taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılmasına start verilib. İlkin nəticələrə əsasən, iri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektar üzrə 55 sentner səviyyəsində olub ki, bu da kifayət qədər yüksək göstəricidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, respublikamızda bu proses davam etdiriləcək: “Birinci mərhələdə 4 min 8 yüz hektar torpaq sahəsi əhatə edilmişdir. İndi icra edilən layihələr çərçivəsində 30 min hektar torpaqda iri fermer təsərrüfatları fəaliyyət göstərəcək”.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2015.- 27 fevral.- S.3.