İtaliya ilə Azərbaycan arasında
qarşılıqlı-faydalı əməkdaşlıq mövcuddur
Bir çox sahələrdə intensiv əlaqələrin inkişafı iki ölkənin münasibətlərində yeni dinamikaya səbəb olub
Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, ictimai-siyasi və sosial həyatı ilə bağlı İtaliya ictimaiyyətini məlumatlandıran “İRS-Patrimonio” jurnalının növbəti nömrəsi böyük maraqla qarşılanıb. Nəşr Naxçıvan, qavaldaş, ölkəmizdəki arxeoloji ərazilər və digər mövzularla bağlı önəmli məlumatları əks etdirir. Jurnalın baş redaktoru Musa Mərcanlının Naxçıvanla bağlı məqaləsində bildirilir ki, Azərbaycanın bu bölgəsi bəşər tarixində insanların ilk məskunlaşdığı ən qədim mədəni mərkəzlərdən biri hesab olunur. Azərbaycan-İtaliya mədəni əlaqələrinin təhlil olunduğu digər bir yazıda Veronada keçirilmiş “İpək yolundan musiqi yolu ilə” adlı Azərbaycan musiqisi konserti barədə məlumat verilir. Bundan əlavə, nəşrdə IV Bakı Beynəlxalq Humanitar Forumu, Qarabağ xanlığının tarixi, Azərbaycanda ailə münasibətləri və ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı məqalələr də yer alıb.
Bu məqamda qeyd edək ki, Azərbaycanın dövlət müstəqilliyini
bərpa etməsindən sonra Avropa ölkələri içərisində
ölkəmizlə ən yüksək səviyyədə iqtisadi əməkdaşlığı və siyasi münasibətləri gücləndirən
ilk dövlətlərdən biri məhz İtaliya
olub. İtaliya
Respublikası Azərbaycan Respublikasının müstəqilliyini
1 yanvar 1992-ci il
tarixində tanıyıb. Eyni zamanda, 8 may
1992-ci il tarixində iki ölkə arasında diplomatik əlaqələr
yaradılıb.
Bununla belə,
məhz Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsindən sonra iki ölkə arasında münasibətlər
inkişaf etməyə
başlayıb. 1997-ci ilin
martında İtaliya Respublikasının Azərbaycanda,
2003-cü ilin dekabrında
isə Azərbaycan Respublikasının İtaliyada
səfirliyi təsis edilib. Azərbaycan ilə İtaliya
arasında indiyədək
30 sənəd imzalanıb.
İki ölkə arasında əməkdaşlıq rəsmi
səfərlər sayəsində
daha da möhkəmlənib.
Ümummilli lider Heydər
Əliyevin İtaliyaya
ilk rəsmi səfəri
24-27 sentyabr 1997-ci ildə
baş tutub. Prezident İlham Əliyev isə 2005-ci ilin 24-26 fevral tarixlərində İtaliyada rəsmi səfərdə olub.
Eyni zamanda, 2 iyun 2011-ci il
tarixində İtaliyanın
birləşdirilməsinin 150 illiyi münasibətilə
Romada təşkil edilmiş rəsmi tədbirdə iştirak etmək məqsədilə
Prezident İlham Əliyev həmin ölkəyə səfər
edib. Onu da qeyd edək
ki, 2013-cü ilin 5-6
mart tarixində Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin üzvü Mehriban Əliyeva İtaliyada səfərdə
olub və Romada “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti”
sərgisinin açılışında
iştirak edib. Qarşılıqlı səfərlər parlament və hökumət nümayəndələri
səviyyəsində də
davam etdirilib ki, bu da
Azərbaycanla İtaliya
arasında əlaqələrin
bütün sahələr
üzrə inkişafına
təkan verib.
Ümumiyyətlə, birgə əməkdaşlığa
dair mühüm razılaşmaların əldə
olunması İtaliya ilə Azərbaycan arasında qarşılıqlı-faydalı
əməkdaşlığın güclənməsinə əlverişli
zəmin yaradıb. “Əsrin
müqaviləsi”nin imzalanması və Azərbaycanın neft ehtiyatlarının işlənməsində
İtaliya şirkətlərinin
təmsil olunması isə ölkələr arasında iqtisadi-siyasi əlaqələrin yeni mərhələdə inkişafına
təkan verib. Enerji sahəsində əməkdaşlıqla
yanaşı, siyasi, iqtisadi, sosial, humanitar, elmi-mədəni,
təhsil, səhiyyə,
turizm və digər bölmələrdə
intensiv əlaqələrin
inkişafı İtaliya-Azərbaycan
münasibətlərində yeni dinamikaya səbəb olub. İtaliya Respublikası ilə Azərbaycan Respublikası
arasında yaradılmış
hökumətlərarası komissiyanın intensiv fəaliyyəti hər iki dövlətin siyasi-iqtisadi münasibətlərinə
yeni dinamizm elementləri əlavə edib. Son illərdə
möhkəm təməllər
üzərində dərinləşən
Azərbaycan-İtaliya əlaqələri,
öz növbəsində,
ikitərəfli münasibətlər
çərçivəsindən kənara çıxaraq Avropa regionunu əhatə edən böyük əməkdaşlıq
fazasına qədəm
qoyub. Hər iki dövlət
Trans-Avropa enerji şəbəkəsinin formalaşmasında
həlledici rola malik olmaqla strateji
əhəmiyyət kəsb
etməyə başlayıb.
Yuxarıda da vurğuladığımız
kimi, İtaliya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin əsas
prioriteti neft və qaz sahəsində
əməkdaşlıqla bağlıdır. Belə ki,
Bakı-Tbilisi-Ceyhan
(BTC) kəməri ilə
nəql olunan neftin əsas alıcılarından biri
İtaliyadır. Hazırda Avropa
bazarlarına nəql olunan neft resurslarının
böyük bir hissəsi məhz İtaliya limanları vasitəsilə Avropa İttifaqı (Aİ) ölkələrinə
çatdırılır. Bu dövlət ölkəmizə
məxsus neftin 40 faizini öz ərazisi ilə Avropaya tranzit edir. İtaliya Avropa İttifaqında
yüksək nüfuza
malik dövlət kimi regionda Azərbaycanla
enerji sahəsində əməkdaşlığın möhkəmlənməsinə töhfə verməsi ilə diqqəti cəlb edir. Rəsmi Roma öz enerji siyasətini həyata keçirərkən Azərbaycanla
uzunmüddətli və
davamlı xarakterə
malik strateji layihələri prioritet kimi qəbul edir.
Məlum olduğu kimi, İtaliya neftlə bərabər, qaz resurslarının da əsas alıcısıdır. Xatırladaq ki,
hələ 2007-ci ilin
dekabrında Azərbaycanla
İtaliya arasında qaz sektorunda əməkdaşlığa dair
protokol imzalanıb.
Əlavə edək ki,
“Şahdəniz” konsorsiumu
28 iyun 2013-cü ildə
elan edib ki, “Şahdəniz-2” layihəsindən
hasil ediləcək qaz həcmlərini Yunanıstan, İtaliya və Cənub-Şərqi
Avropadakı müştərilərə
çatdırmaq üçün
Trans-Adriatik boru kəmərini (TAP) seçib.
13 fevral 2013-cü ildə Yunanıstan, İtaliya və Albaniya hökumətləri
Trans-Adriatik boru kəməri üzrə hökumətlərarası saziş
imzalayıb. Bir sözlə,
İtaliya Azərbaycanın
şaxələndirmə siyasətini
dəstəkləyərək regionda iri yanacaq-kommunikasiya
dəhlizlərinin yaradılmasına
təşəbbüs göstərən
əsas dövlətlərdən
biridir.
Beləliklə, görünən odur ki, enerji əməkdaşlığı
formatı gələcəkdə
daha geniş coğrafi miqyas alacaq. Azərbaycanın müəllifi olduğu
Bakı-Tbilisi-Ərzurum
(BTƏ) kəmərinin coğrafiyası
daha da genişlənəcək
və Balkanlara qədər uzanan qaz xəttinin birləşdirilməsi nəticəsində
Avropada ən nəhəng qaz şəbəkəsi yaranmış
olacaq. Yanacağın Azərbaycandan Türkiyə
və Yunanıstana, oradan isə İtaliyaya, Balkan yarımadasına
və başqa Avropa ölkələrinə
ixracı üçün
regionda ən iri qaz marşrutu
mövcud olacaq. Eyni zamanda, bu enerji
sistemi şaxələnərək
Mərkəzi Avropanın
bir çox dövlətlərini əhatə
edəcək. Yanacağın sözügedən marşrut
üzrə Xəzər
hövzəsindən, Orta
Şərqdən və
Mərkəzi Asiyadan Avropaya çatdırılması
nəzərdə tutulur.
Gələcəkdə, həmçinin, Qazaxıstanın və Türkmənistanın da qaz resurslarının bu dəhlizlə nəqli mümkün sayılır. Bu amil
İtaliya ilə Azərbaycan arasında iqtisadi təmasları dərinləşdirməklə yanaşı, məhz respublikamızın enerji strategiyası nəticəsində
bu ölkənin də regionda tranzit dövlətə çevrilməsinə səbəb
ola bilər.
Yəni,
İtaliya təkcə
Azərbaycan qazının
alıcısı deyil,
həm də yanacağın digər Avropa dövlətlərinə
ixracı üçün
tranzit ölkə rolunu oynamış olacaq. Azərbaycan qazı Avstriyaya,
Bolqarıstana, Macarıstana,
həm də bu ölkənin ərazisindəki marşrutlarla
çatdırılacaq. Bu strateji addım,
eyni zamanda, respublikamızın Avropa regionunda çoxvektorlu enerji sistemləri yaratmaq gücünü ortaya qoyur.
Yeri gəlmişkən,
İtaliya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq
enerji resursları ilə məhdudlaşmır. Belə ki,
indiyədək keçirilən
Azərbaycan-İtaliya biznes
forumlarında müzakirə
olunan əsas məsələlər neft
və qaz sahəsi ilə yanaşı, qeyri-neft sektorunda əməkdaşlığı
da nəzərdə tutur. Tərəflər iqtisadiyyatın bir
çox sahələri
üzrə geniş əməkdaşlıq əlaqələrini
gücləndirmək niyyətindədir.
Onu da bildirmək yerinə düşər ki, hazırda hər iki ölkə çox sıx ticari-iqtisadi əməkdaşlığa
malikdir. Azərbaycanın xarici ticarət
dövriyyəsinin ölkələr
üzrə strukturunda
İtaliya öncül
sıralarda qərarlaşıb.
İtaliya Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə
dair məsələdə
dövlət səviyyəsində
xüsusi olaraq, Azərbaycanın ədalətli
mövqeyini dəstəkləyir. Xatırladaq ki,
İtaliya Senatı Cənubi Qafqazda vəziyyətlə bağlı
qətnamə qəbul
edib. Bu qətnamədə
Cənubi Qafqazda sülhün bərqərar
olmasında, Dağlıq
Qarabağ münaqişəsinin
həllində ölkələrin
ərazi bütövlüyü
prinsipinə böyük
önəm verildiyi öz əksini tapıb.
Azərbaycanla İtaliya arasında əlaqələrin inkişafına təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Eyni zamanda, hazırda iki ölkənin qanunvericilik orqanları arasında əlaqələr də yüksələn xətlə inkişaf etməkdədir. Qeyd edək ki, İtaliya Senatında Azərbaycan üzrə dostluq qrupuna olan diqqətin və marağın artmasının şahidi oluruq. Senat üzrə dostluq qrupunun üzvlərinin sayı 32 nəfərdən ibarətdir. İtaliya, həmçinin, Avropa İttifaqında da söz sahiblərindən biridir. 2006-cı ilin noyabrında Azərbaycan və Avropa İttifaqı arasında qəbul edilmiş Fəaliyyət Planı və 2009-cu ilin martında Avropa İttifaqı Şurasının “Şərq Tərəfdaşlığı” haqqında bəyannaməsi strateji prioritetlərimiz sırasındadır və bu baxımdan, Azərbaycan Aİ-nin üzvü olan ölkələrlə, o cümlədən, İtaliya ilə daha sıx əməkdaşlıq etməyə və onun Avropa İttifaqına inteqrasiya təcrübəsindən faydalanmağa maraqlıdır.
Əksər ekspertlərin də vurğuladıqları kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il iyulun 13-də İtaliyaya rəsmi səfəri iki ölkə arasındakı əlaqələrin inkişafına növbəti təkan olub. Məlumat üçün bildirək ki, səfər çərçivəsində Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Corco Napolitanonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilib. Ölkələrimiz arasında əlaqələrin Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı baxımından önəmi vurğulanıb. Azərbaycanın Avropa Şurasında, İtaliyanın Avropa İttifaqında sədrliyi dövründə səylərin əlaqələndirilməsinin vacibliyi qeyd edilib. Söhbət zamanı energetika sahəsində əməkdaşlığın uğurlu inkişafı vurğulanıb, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verdiyi bildirilib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və İtaliyanın Baş naziri Matteo Renzi tərəfindən “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” qəbul olunub, həmçinin, iki ölkənin bir sıra qurumları arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Beləliklə, bütün bu sadalananlar onu deməyə əsas verir ki, İtaliya ilə Azərbaycan arasında qarşılıqlı-faydalı əməkdaşlıq mövcuddur. Eyni zamanda, bir çox sahələrdə intensiv əlaqələrin inkişafı iki ölkənin münasibətlərində yeni dinamikaya səbəb olub.
Oktay HACIMUSALI
Yeni Azərbaycan.-2015.- 7 fevral.- S. 8.