Ulu öndər Heydər Əliyevin Fərmanı ilə yaradılmış Vergilər Nazirliyi böyük inkişaf yolu keçib

 

Fazil Məmmədov: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar, reallaşdırılmış kompleks tədbirlər, konkret hədəflərə yönəlmiş proqramların uğurla yerinə yetirilməsi nəticəsində qısa müddətdə ölkəmizdə müasir beynəlxalq standartlara cavab verən vergi xidməti yaradılıb

 

Fevralın 9-da Bakıda Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yaradılmasının 15 illik yubileyinə həsr olunmuşAzərbaycanın vergi sistemi: reallıqlar perspektivlərmövzusunda IV Vergi Forumu öz işinə başlayıb. Forumun Plenar iclasında Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, digər dövlət orqanlarının, Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, BMT-nin, Avropa İttifaqının, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Rusiya, Türkiyə, Litva və Qazaxıstanın vergi xidməti orqanlarının, yerli bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin, kütləvi informasiya vasitələrinin nümayəndələri və adamları iştirak ediblər.

Plenar iclas Vergilər Nazirliyinin 15 illik fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə başlayıb. Sonra çıxış edən vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Forum iştirakçılarını salamlayaraq bildirib ki, ənənəvi olaraq, hər il vergi xidməti işçilərinin peşə bayramı günü ərəfəsində keçirilən Vergi Forumu, bu dəfə həm də Vergilər Nazirliyinin yaradılmasının 15-ci ildönümünə təsadüf edir. Qeyd olunub ki, 15 il əvvəl Ulu öndər Heydər Əliyevin Fərmanı ilə yaradılmış Vergilər Nazirliyi böyük bir inkişaf yolu keçib: “Ümummilli lider Heydər Əliyevin Vergilər Nazirliyinin müstəqil dövlət strukturu kimi yaradılması barədə verdiyi siyasi qərar ölkəmizin həyatında aparılan köklü və davamlı islahatların dərinləşdiyi və artıq öz müsbət nəticələrini verməyə başladığı bir dövrə təsadüf edirdi. 2000-ci ildə Heydər Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, Vergi Məcəlləsinin layihəsi hazırlandı və geniş müzakirələrdən sonra Milli Məclis tərəfindən qəbul edilərək 2001-ci il yanvar ayının 1-dən qüvvəyə mindi. Ulu öndərin təşəbbüsü ilə vergi sistemində çox ciddi islahatlara başlanıldı, vergi siyasətinin əsas istiqamətləri, vergilərin sayı və dərəcələrinin optimal səviyyəsi müəyyənləşdirildi, ölkədə vergi yükünün aşağı salınması, vergi menecmentinin müasirləşdirilməsi istiqamətində əhəmiyyətli uğurlar əldə olundu. Sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın vergi xidmətinin modernləşdirilməsi istiqamətində növbəti islahatlar keçirilib, vergi inzibatçılığı modernləşdirilib, vergi sisteminin texnoloji bazası gücləndirilərək, biznes və dövlət strukturları arasında yeni tərəfdaşlıq münasibətlərinin formalaşdırılmasına başlanılıb. Həyata keçirilmiş genişmiqyaslı islahatlar, reallaşdırılmış kompleks layihələr, konkret hədəflərə yönəlmiş proqramların uğurla yerinə yetirilməsi nəticəsində ölkəmizdə müasir beynəlxalq standartlara cavab verən vergi xidməti yaradılıb”.

Vergi xidməti orqanlarının 15 illik fəaliyyətinə nəzər salan vergilər naziri əldə edilən uğurlardan danışaraq bildirib ki, Azərbaycanda çevik və səmərəli vergi siyasətinin həyata keçirilməsi üçün vahid vergi qanunvericiliyi bazası yaradılıb. Bu qanunvericilik təkcə fiskal deyil, həm də iqtisadiyyatın inkişaf etdirilməsi, ayrı-ayrı fəaliyyət sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlb olunması və sosial sahələrin dəstəklənməsi kimi məqsədlərə xidmət edir. Nazir qeyd edib ki, vergi sistemində geniş diapazonlu texniki imkanlara malik texnoloji baza mövcuddur: “Azərbaycanın vergi sistemi dünyanın ən qabaqcıl ölkələrində tətbiq olunan əksər vergi xidmətlərini vergi ödəyicilərinə təqdim edir. Hazırda Vergilər Nazirliyi vergi ödəyicilərinə 59 növ elektron xidmət göstərir. Bu, respublikamızda dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən ən geniş elektron xidmətlər toplusudur”.

Bildirilib ki, vergi bəyannamələrinin təqdim edilməsi, vergi öhdəliklərinin icrası, vergi orqanları ilə təmas imkanı verən bütün proseslər elektronlaşdırılıb. Vergi ödəyicilərinin təxminən 90 faizi vergi bəyannamələrini elektron şəkildə təqdim edir. Son bir neçə ildə ƏDV inzibatçılığının təkmilləşdirilməsi, vergi orqanları və digər vergi ödəyiciləri ilə elektron yazışma sisteminin - onlayn kargüzarlığın təmin edilməsi, vergilərin elektron qaydada ödənilməsi və s. kimi bir çox innovativ-texnoloji yeniliklər tətbiq edilib.

Azərbaycanın vergitutma sahəsində mövqeyinin beynəlxalq reytinqlərdə ildən-ilə irəlilədiyini vurğulayan nazir bildirib ki, Dünya Bankının qiymətləndirmələrinə görə, ölkəmiz vergi ödəyicilərinin elektron qeydiyyatı sisteminin uğurlu tətbiqi nəticəsində dünyanın 12 aparıcı dövləti sırasındadır. Son bir neçə ildə yeni nəsil texnologiyalara söykənən “Elektron audit” və “ASAN İmzakimi mühüm layihələr həyata keçirilib. Ölkəmizin “ASAN İmza” təcrübəsi ötən il Avropa Parlamentində də uğurla təqdim edilib.

Fazil Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatının dinamik və davamlı inkişafı, bu inkişafa adekvat olan vergi inzibatçılığının formalaşdırılması nəticəsində dövlət büdcəsinə vergilərin və digər daxilolmaların həcmi son 15 il ərzində 14 dəfəyədək, qeyri-neft-qaz sektorundan daxilolmalar 14,4 dəfə, regionlardan daxilolmalar isə 14,8 dəfə artıb.

Sonra BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Bruk, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Larisa Leşçenko, Türkiyə Maliyyə Nazirliyinin Gəlirlər İdarəsinin başqanı Adnan Ertürk çıxış edərək Azərbaycanın vergi sistemində həyata keçirilən islahatları müsbət qiymətləndiriblər.

Tədbirdə Prezident İlham Əliyevin bir qrup vergi xidməti əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsi və ali xüsusi rütbələr verilməsi haqqında müvafiq sərəncamları oxunub. Vergilər naziri Fazil Məmmədov Nazirliyin kollektivi adından göstərilən bu böyük diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib, vergi əməkdaşlarının bu etimadı fədakar əməkləri ilə doğruldacaqlarını vurğulayıb.

Tədbirdə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) prezidenti Hans Blokpoelin Vergilər Nazirliyinin rəhbərliyinə və ölkəmizin vergi xidməti əməkdaşlarına video təbriki nümayiş etdirilib, Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin sədri Daulet Yerqojin, Litva Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyinin rəhbəri Dainoras Bradauskas, Rusiya Federasiyası Federal Vergi Xidmətinin rəis müavini Natalya Zavilova, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxış ediblər.

Fasilədən sonra Forum öz işini sessiyalarda davam etdirib.

 

Nadir AZƏRİ

Yeni  Azərbaycan.-2015.- 10 fevral.- S.5.