Azərbaycanda gənclər
siyasəti dövlət siyasətinin mühüm
tərkib hissəsidir
Mirhəsən Seyidov: “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası”nın məqsədlərinə nəzər salsaq burada da gənclərin maarifləndirilməsindən tutmuş onların fərdi inkişafını əhatə edən bütün məsələlər öz əksini tapıb
Müsahibimiz “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidovdur:
- Mirhəsən müəllim, bildiyimiz kimi, Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Bu siyasətin fundamental əsasları və mahiyyəti barədə fikirlərinizi bilmək istərdik...
- Hazırda Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.
Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib: Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı; İstedadlı gənclərə dövlət qayğısı; Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı; Gənclərin məşğulluğunun təmin edilməsi; Gənc ailələrə dövlət yardımı; Gənclər təşkilatlarına dövlət yardımı. Məhz bu təməl prinsiplər Azərbaycan gəncliyinin birbaşa inkişafına yönəlib.
- Azərbaycan gəncliyinin inkişafına xidmət edən bir sıra dövlət proqramları həyata keçirilib və hazırda bu proses davam etməkdədir. Sizcə, bu proqramların əhəmiyyəti nədən ibarətdir?
- Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncam imzalanıb. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. Əsas məqsəd Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.
- Bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalandı. Bu sənəd gənclər üçün hansı hədəfləri nəzərdə tutur? Strategiyanın əhəmiyyəti haqqında fikirlərinizi bildirməyi xahiş edirik...
- Prezident İlham Əliyev tərəfindən təsdiq edilən və qarşıdakı 10 il üçün nəzərdə tutulmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın tətbiqi mövcud problemlərin həlli istiqamətində mühüm rol oynayacaq. Bundan əvvəl gənclər üçün həyata keçirilmiş proqramların davamı olaraq burada da gəncliyin gələcək inkişafının müxtəlif aspektləri nəzərdə tutulub. Strategiyanın hədəf qruplarına baxdıqda aydın olur ki, burada bütün sahələr əhatə olunub. Nəinki ölkə daxilində, hətta ölkədən xaricdə oxuyan və ya işləyən gənclər də bu strategiyadan yararlana biləcəklər. Strategiyanın məqsədlərinə nəzər salsaq burada da gənclərin maarifləndirilməsindən tutmuş onların fərdi inkişafını əhatə edən bütün məsələlər öz əksini tapıb.
Bu gün cəmiyyətdə müxtəlif səbəblərdən narazı gənclərin olduğu danılmazdır. Məhz bu gənclər həyatda bir qədər çətinliklə üzləşdikdə bunun günahını dövlətdə görür və müxtəlif qrupların hədəfinə çevrilir. Lakin inanırıq ki, bu cür proqramlara məhz həmin gənclərin də cəlb edilməsi onların həyat istəklərini tapmasına səbəb olacaq. Həmçinin, cəmiyyət üçün daha faydalı olan işlərlə məşğul olacaqlar.
Burada digər bir məsələ də strategiyanın icrası ilə bağlıdır. Gənclərin inkişafı üçün strategiyada nəzərdə tutulmuş addımların, sadəcə olaraq, konfranslar, seminarlar formatında deyil, birbaşa gənclərə təsir edə biləcək əməli şəkildə tətbiq edilməsi də zəruridir. Eyni zamanda, bu işdə müxtəlif gənclər təşkilatlarının, ictimai birliklərin cəlb edilməsi, onlar arasında koordinasiya edilərək birgə proqramların icrası üçün layihələrin dəyərləndirilməsi önəmlidir.
Bir məsələ burda çox vacibdir ki, bu sənəd birbaşa cənab Prezident tərəfindən “Azərbaycan gənclərinin İnkişaf Strategiyası” adlandırılmışdır. Bu sənəd biz gənclərin üzərinə də böyük məsuliyyət qoyur. Biz gənclər bu sənədin işlənmə mexanizmi haqqında geniş tədbirlər planı ilə çıxış edəcəyik.
- Məlum olduğu kimi, minlərlə azərbaycanlı gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil alır. Eləcə də, müxtəlif layihələr, proqramlar çərçivəsində gənclər xaricdə bir sıra tədbirlərdə iştirak edirlər. Gənclərimiz Azərbaycanı beynəlxalq müstəvidə hansı səviyyədə təmsil edirlər?
- Bildiyimiz kimi, dövlət bizim ölkə daxilindəki inkişafımıza diqqət yetirdiyi qədər, gənclərin dünyaya inteqrasiyasına da şərait yaradır. Bu danılmaz bir faktdır ki, dövlət gənclərimizin dünya ölkələrinə daha çox çıxması üçün hər cür yardımlarını edir. İstər tədbirlərlə bağlı, istər layihələr və ya təhsillə bağlı olsun, dövlət heç bir sahədə köməkliyini əsirgəmir. Hazırda dünyanın demək olar ki, hər yerində azərbaycanlıya rast gəlmək mümkündür. Londonda, Brüsseldə, Nyu-Yorkda Azərbaycanı dövlət səviyyəsində və lobbiçilik sahəsində layiqincə təmsil edən gənclər tanıyıram. Bu inteqrasiya əsasən müxtəlif beynəlxalq təşkilatlara üzvlük və beynəlxalq iqtisadi layihələrdə iştirak formasında təzahür edir. XXI əsr elm, təhsil və qlobal düşüncə, Azərbaycan təhsilinin dünyaya inteqrasiyası dövrü kimi səciyyələnir, zaman və məkan müstəvisi baxımından yeni təfəkkürün formalaşması, sivilizasiyanın yeni mərhələsi kimi tarixə yazılır, əbədiləşir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dünya birliyinə inteqrasiya yolunda əhəmiyyətli məsafə qət etmişdir.
Xaricdə təhsil gələcəkdə öz vətəndaşlarımız vasitəsilə xarici təcrübənin ölkəmizdə tətbiqi deməkdir. İmzalanan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nəticəsində bu gün Azərbaycan tələbələrinin səsi dünyanın ən yaxşı təhsil ocaqlarından gəlir və bu siyasət nəticəsində xaricdə təhsil almaq hər bir azərbaycanlı gənc üçün xəyalı yox, reallığa çevrilir. Amma bu, o demək deyil ki, bundan əvvəlki illərdə gənclərin xaricə inteqrasiyası olmayıb.
Gənclər bu prosesdə bir məsələyə xüsusi diqqət etməlidir ki, mən Azərbaycan adlı vətənimin təhsil aldığım ölkədə siması, gənc səfiri və layiqli təmsilçisi olmalıyam. Bu çox vacib amildir.
- Mirhəsən müəllim, rəhbərlik etdiyiniz “İRƏLİ” İctimai Birliyi Azərbaycanda ən böyük gənclər təşkilatlarından biridir. Təşkilatın gənclərlə bağlı həyata keçirdiyi layihələr və bunun nəticələri haqqında məlumat verməyinizi xahiş edirik...
- “İRƏLİ” İctimai Birliyi hal-hazırda Azərbaycanın ictimai-sosial həyatında ciddi rola malikdir. İstər Azərbaycan gənclər siyasətinin aparılmasında, istər gənclərin qərar qəbulu prosesində, istərsə də gəncliyin inkişafına yönəlik ola biləcək proqramların həyata keçirilməsində. Təşkilatın fəaliyyəti son 6 ay müddətində çox uğurlu nəticələr ilə yadda qalıb. Bu gün təşkilatda gənclərin yararlanması üçün 8 fərqli dillərdən ödənişsiz kurslar həyata keçirilir, təşkilat son 6 ay müddətində 4 genişhəcmli layihə ilə gənclərin böyük marağını cəlb edib, təşkilatın beynəlxalq əlaqələrində təmsil olunmaq imkanı əldə edən 100-lərlə gəncimiz var, üzvlərimizin sayı isə hər gün durmadan artmaqdadır. Azərbaycan həqiqətlərinin dünyaya tanıtdırılması istiqamətində “İRƏLİ” sıralarında olan gənclər durmadan informasiya müharibəsində çox aktiv fəaliyyətlərini nümayiş etdirirlər. Bununla paralel olaraq biz gənclərin bir çox sahələrdə olan maraqlarının ödənilməsi istiqamətində müxtəlif layihələr ilə çıxış edirik. Həftə sonlarının daha səmərəli dəyərləndirilməsi üçün aylıq proqramlar “Youth weekend”, “Könüllü kitabxana”, üzvlərimiz üçün ödənişsiz əsaslarla mədəniyyət-tarixi abidələrə ziyarətlərin təşkili, gənclərin hərbi vətənpərvərlik hissinin qaldırılması istiqamətində “Gənclər təşkilatları arasında peyntbol”, “Gənclər təşkilatları arasında atıcılıq turnirləri”, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bir çox tədbirlər, flashmoblar və sənədli filmlər, beynəlxalq istiqamətdə “Ekoloji ofis standartlarının yaradılması” ilk beynəlxalq təcrübə olaraq hazırlanır, bununla yanaşı, yüzlərlə “İRƏLİ” üzvləri beynəlxalq platformalarda Azərbaycanı layiqincə təmsil edir. Gənc jurnalistlərimizin hazırlanması istiqamətində “Gənc Əkinçi” layihəsinə yaxın zamanlarda start verəcəyik ki, bütün bunlar və sadalanmayan bir çox işlər birbaşa cənab Prezidentin gənclərə olan diqqət və qayğısı nəticəsində formalaşıb.
Nəticə etibarilə, biz gördüyümüz işlərin uğurlu olduğuna inanırıq. Bizlər Azərbaycanda aparılan Gənclər Siyasətinə hər zaman lazımi dəstəyi verməyə hazır olan və Prezident İlham Əliyevin ətrafında sıx birləşmiş gənclərik. Bizlər sabahın gəncləriyik hansı ki, Azərbaycanın gələcəyində bu gənclərin çox böyük rolu var.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2015.- 12 fevral.- S. 5.