Ermənistana
qarşı sanksiyalar tətbiq
olunmalıdır
Prezident İlham
Əliyev: ...Xüsusilə sanksiyaların tətbiq olunduğunu gördüyümüzdə biz özümüzə sual
veririk: Nəyə görə bu sanksiyalar Ermənistana
qarşı tətbiq olunmur?
Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional və qlobal təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Ümumilikdə, münaqişə bölgənin inkişafına, uzunmüddətli sabitliyə mane olan dağıdıcı faktorlardan biri kimi çıxış edir. Ona görə də bu problemin həlli beynəlxalq təhlükəsizliyin diktə etdiyi zəruri amildir.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq göstərsə də, Ermənistan danışıqlar prosesini pozmağa çalışır
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli istiqamətində fəallıq göstərsə də, Ermənistan qeyri-konstruktiv mövqe və təxribatçı hərəkətlər nümayiş etdirməklə danışıqlar prosesini pozmağa çalışır. Ümumiyyətlə, Ermənistan ordusunun bir müddətdir ki, qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində təxribatçı hərəkətlərini davam etdirməsi bu ölkənin mövqeyini açıq şəkildə əks etdirir.
Əlbəttə, bütün bunlar münaqişənin həlli məsələsi ətrafında cərəyan edən hadisələrin real mahiyyətini əks etdirir və bir sıra məqamları yenidən aktuallaşdırır. Birincisi, ermənilərin işğalçılıq eyforiyası davam edir. Belə ki, bu zamana qədər təcavüzkar ritorika ilə çıxış edən Ermənistan rəhbərliyi yeni separatçı, təcavüzkar davranışlar həvəsində olduğunu nümayiş etdirir. İkincisi, bütün bunlar göstərir ki, işğalçı ölkə beynəlxalq hüquq normalarına biganə yanaşır, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəmir. Məhz son hadisələr Ermənistanın rəsmi dövlət siyasətinin təcavüzkar, təxribatçı xarakterə malik olduğunu göstərməklə yanaşı, həm də işğalçı ölkə rəhbərliyinin mövqe və siyasətinin beynəlxalq hüquq normaları ilə təsbit olunmuş qanunlara, dəyərlərə zidd olduğunu sübut edir.
Azərbaycanın uğurlu diplomatiyası
sayəsində Ermənistan
dalana dirənib
Azərbaycan öz qətiyyətli mövqeyi və prinsipial siyasəti ilə diplomatik cəbhədə davamlı
uğurlar əldə
edib. Azərbaycanın tutduğu
prinsipial mövqeyin və sərgilədiyi
praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri
və beynəlxalq təşkilatlar Dağlıq
Qarabağ münaqişəsinin
beynəlxalq hüquq normalarına əsasən
həllinin zəruri və qaçılmaz bir proses olduğunu
hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
beynəlxalq hüquq normaları çərçivəsində
həlli ilə bağlı fundamental və
zəruri qətnamələr
qəbul edilib.
Başqa sözlə, Azərbaycanın
diplomatiyası sayəsində
Ermənistan dalana dirənib. Eyni zamanda, Cənubi
Qafqazın lider dövləti olaraq Azərbaycan işğalçı
ölkəni bütün
regional və beynəlxalq
layihələrdən təcrid
edib. Təbii ki, bu amil təcavüzkar Ermənistandakı sosial-iqtisadi
böhranın dərinləşməsini
şərtləndirib.
İkili
standartlar və ədalətdən kənar
yanaşma münaqişənin
həllinə mane olur
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq normaları əsasında həlli məsələsində beynəlxalq
təşkilatlar laqeydlik
nümayiş etdirir, hüquq və ədalətdən kənar
yanaşmaya istinad edirlər. Hətta bir sıra regionlarda
baş verən separatizmi, eynitipli problemlər və münaqişələri qınaq
obyektinə çevirsələr
də, Ermənistanın,
eləcə də, Dağlıq Qarabağdakı
terrorçu rejimin bölücülük əməllərinə,
qeyri-qanuni fəaliyyətinə
qarşı heç bir reaksiya verilmir.
Bu isə Azərbaycana
qarşı tətbiq
edilən ikili standartların əyani nümunəsidir. Bu kontekstdə hazırda beynəlxalq gündəmin
aktual mövzusuna çevrilən məsələlərdən
biri də Ukrayna məsələsində
dünya ictimaiyyətinin
istinad etdiyi yanaşmaya Ermənistanın
qeyri-konstruktiv mövqeyinin
timsalında Dağlıq
Qarabağ məsələsində
rast gəlinməməsidir.
Yeri gəlmişkən,
fevralın 7-də 51-ci Münxen
Təhlükəsizlik Konfransı
çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr”
mövzusunda panel müzakirəsində
çıxış edən
və sualları cavablandıran Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev qeyd edib ki,
Ukrayna məsələsindən
çıxarılan dərslər
çox diqqətlə
öyrənilməlidir: “Ermənistan-Azərbaycan
münaqişəsi həll
edilmiş olsaydı, bəlkə də, Ukrayna indi bu
münaqişə ilə
üzləşməzdi. Çünki burada eyni ssenari
- ərazi bütövlüyünün
eyni qaydada pozulması, eyni nəticə, işğal,
separatizm var. Bunlar sanki bir-birinin güzgüdəki əksidir.
Ona görə də biz beynəlxalq ictimaiyyətdən,
dünyanın aparıcı
ölkələrindən eyni
yanaşmanı gözləyirik.
Bizə gəldikdə,
postsovet məkanının
digər münaqişələrindən
fərqli olaraq BMT Təhlükəsizlik Şurasının
bu münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamə var.
Bu qətnamələrin icra
olunmaması faktı onu göstərir ki, həmin qətnamələri qəbul
edən ölkələr
öz qərarlarına
hörmət etmirlər”.
Beynəlxalq təşkilatların bəyanatları kağız üzərində qalır
Ümumiyyətlə, dünya ictimaiyyətinə yaxşı bəllidir ki, Azərbaycan diplomatik səylərini gücləndirdiyi və lazımi addımları atdığı halda, işğalçı Ermənistan münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. Məhz buna görə də, müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətində kifayət qədər diplomatik resurslara malik olan aparıcı beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu, həmçinin bu qurumlarda təmsil olunan güc mərkəzləri (aparıcı milli dövlətlər nəzərdə tutulur- N.Q.) münaqişənin həlli ilə bağlı imperativ və operativ səciyyəli tədbirlər görməlidirlər. Məsələn, BMT bundan öncə qəbul etdiyi 4 qətnamənin icrası ilə bağlı daha effektiv islahedici metodlara istinad etməli və prinsipial mövqe sərgiləməlidir.
Onu da qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrdə problemin mahiyyəti konkret olaraq əks olunsa da, icra mexanizminin formalaşdırılmaması neqativ hal kimi çıxış edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamələr və digər beynəlxalq təsisatlar həmişə bizim mövqeyimizi dəstəkləyiblər. Lakin zaman keçdikcə biz gördük ki, bu qətnamələr, sadəcə, kağız üzərində qalır və bunlar, sadəcə, bəyanatlardır, səfərlərdir, fəaliyyətlərdir, lakin heç bir nəticə yoxdur. Sonra biz başa düşdük ki, dövlətimizin taleyi bizim öz əlimizdədir”.
Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə təhdid kimi...
Digər tərəfdən, dünya ictimaiyyəti, xüsusilə də, müvafiq beynəlxalq təşkilatlar nəzərə almalıdırlar ki, münaqişənin “dondurulmuş” vəziyyətdə saxlanılmasına yönəlik cəhdlər strateji baxımdan ciddi fəsadlara səbəb ola bilər. Birincisi, bu vəziyyət işğal olunmuş Azərbaycan torpaqlarında mütəşəkkil cinayətkarlığın daha intensiv xarakter almasına, narkobaronların bu bölgəni başlıca bazara çevirməsinə, çirkli pulların mütəmadi surətdə bu məkanda yuyulmasına, bölgənin qanunsuz miqrasiya məkanına çevrilməsinə və digər illeqal proseslərin baş verməsinə səbəb olur ki, bu da gələcək üçün olduqca ciddi fəsadlar vəd edir.
Onu da qeyd etmək lazımdır ki, mövcud vəziyyət regional təhlükəsizliyə ciddi təhdid yaratmaqla bərabər, eyni zamanda, bölgədə yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına əngəl törədir. Beləliklə, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki, ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür. Ona görə də, münaqişənin həlli prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu da fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini artırmalı və problemin həlli istiqamətində hüquqi norma və qaydalarla təsbit edilmiş effektiv metodlara baş vurmalıdır. Əks təqdirdə, Cənubi Qafqaz yeni qarşıdurmalar meydanına çevrilə bilər. Şübhəsiz, ATƏT-in Minsk qrupu Ermənistana qarşı xüsusi təzyiq mexanizmi və vasitələrindən istifadə etməlidir. Lakin işğalçı ölkəyə qarşı müvafiq təzyiq mexanizmi formalaşdırılmayıb və bu, Ermənistanın qeyri-konstruktiv mövqeyini davam etdirməsinə zəmin yaradır. Başqa sözlə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistanın üzərində kifayət qədər beynəlxalq təzyiq yoxdur: “Biz bəzən onu görürük ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat olmasa da, bir neçə gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə 1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə var və onların heç biri yerinə yetirilməyib. Fikrimcə, təcavüzkara adekvat təzyiq göstərmək üçün vasitəçilərdə siyasi iradənin olmaması bizim bu gün üzləşdiyimiz real vəziyyətə gətirib çıxarıb. Çünki Ermənistan əsasən asılı olan ölkədir. Bu ölkə özünü təmin edə bilmir. Onlar inkişaf edə bilmirlər və hətta onların dövlətçiliyi belə sual altındadır. Ermənistana xarici dəstək göstərilmədən bu ölkə yaşaya bilməz. Onlara dəstək əsasən Minsk qrupuna həmsədrlik edən ölkələr tərəfindən göstərilir. Bu da paradoksdur. Biz burada ikili standartları görürük və bu məsələ bizi məyus edir. Qeyd etmək istəyirəm ki, postsovet məkanındakı bütün münaqişələrə eyni münasibət göstərilməlidir. Azərbaycanın ərazi bütövlüyü indi hər kəsin haqqında danışdığı Ukraynanın ərazi bütövlüyü kimi eyni dəyərə malikdir”.
Bütün bunların fonunda ortaya haqlı bir sual çıxır: beynəlxalq ictimaiyyət nəyə görə Ermənistanın qeyri-konstruktiv mövqeyinə göz yumur? İşğalçı Ermənistana niyə sanksiyalar tətbiq olunmur? Yaxud Ukraynada baş verən hadisələrlə bağlı ciddi sanksiyalar tətbiq edildiyi halda, Ermənistan barədə niyə ölçü götürülmür?
Ermənistanın qeyri-konstruktiv fəaliyyəti və son addımları ona qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradır. Azərbaycan ictimaiyyəti Ermənistanın cəzalandırılmasını və ədalətin bərqərar olunmasını tələb edir. Amma dünya ictimaiyyətinin ikili standartar siyasəti bu məsələdə özünü aşkar şəkildə göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ikili standartlar reallıqdır: “...Xüsusilə sanksiyaların tətbiq olunduğunu gördüyümüzdə biz özümüzə sual veririk: Nəyə görə bu sanksiyalar Ermənistana qarşı tətbiq olunmur? Axı onlar da eyni əməli törədiblər. Niyə onların üzərinə sanksiyalar qoyulmur? Şübhəsiz, cavab budur ki, dünyada Ermənistanı bütün potensial və adekvat məsələlərdən qoruyan çox güclü erməni diasporu var. Buna görə də ikili standartlar siyasəti beynəlxalq gündəlikdən çıxarılan kimi Dağlıq Qarabağ münaqişəsi də tez bir zamanda öz həllini tapacaq”.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək
Bütün hallarda, diplomatik vasitələrin səmərə vermədiyi son məqamda beynəlxalq hüquq normalarında təsbit edildiyi kimi, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün hərbi metoda əl atacaq. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Qeyd etmək lazımdır ki, ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını tezliklə işğaldan azad edəcəyinə dair optimist qənaət yaradır. Ümumiyyətlə, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2015.-
18 fevral.- S.2.