Ölkəmizdə
istehsalın genişləndirilməsi və ixrac
potensialının artırılması strateji
prioritetlərdən biridir
Prezident İlham
Əliyev: Azərbaycanda kifayət qədər xammal
da və artıq sənaye
potensialımız da var.
Həm özümüzü maksimum dərəcədə təmin etməliyik,
həm də ixrac etməliyik
Sirr deyil ki, həyata keçirilən rasional iqtisadi inkişaf strategiyası və praqmatik islahatlar sayəsində bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bütün bunların fonunda hədəflənən nəticələrin əldə olunması, kompleks səciyyəli iqtisadi islahatların həyata keçirilməsi, iqtisadi subyektlərin fəaliyyət mexanizminə əlverişli şəraitin yaradılması kimi tədbirlər milli inkişafın Azərbaycan modelinin yaranmasını şərtləndirib.
Azərbaycan iqtisadiyyatının dinamik inkişafı davamlı xarakter daşıyır
Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, ölkəmizdə hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli tərəqqi, eyni zamanda, dinamik iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Bütün bunlar ona dəlalət edir ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da inkişafın fundamental komponenti kimi çıxış edir. Bunun başlıca göstəricisidir ki, güclü iqtisadiyyata malik olan inkişaf etmiş dövlətlərin əksəriyyətinin ciddi itkilərə məruz qaldığı bir dövrdə - beynəlxalq böhran şəraitində Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını qoruyub saxlamağı bacarıb. Məsələn, statistik göstəricilərə nəzər yetirdikdə məlum olur ki, dünya iqtisadiyyatında işgüzar aktivliyin kəskin azalması və daralması ilə müşayiət olunan böhran dövründə Azərbaycan iqtisadiyyatı krizisin fəsadlarından çox cüzi təsirlənib. Dünyanın iqtisadi nəhənglərinin çox ciddi itkilərlə üzləşdiyi bir mərhələdə Azərbaycan hökumətinin operativ antiböhran tədbirləri sayəsində ölkəmiz qlobal maliyyə böhranına qarşı yüksək dayanıqlılıq nümayiş etdirib, eləcə də, sabit tendensiyalarla müşayiət edilən dinamik inkişafımız davam edib. Düzdür, Azərbaycan iqtisadiyyatının qlobal iqtisadiyyata açıq olması və inteqrasiyası dünya maliyyə böhranının ölkəmizin iqtisadiyyatına da müəyyən qədər təsir etməsinə səbəb olub. Amma son 11 ildə həyata keçirilən milli inkişaf strategiyasının nəticəsi kimi, neft gəlirlərinin səmərəli idarə edilməsi və strateji valyuta ehtiyatlarının formalaşdırılması, həmçinin, konservativ xarici borclanma strategiyası, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sahələrinin tərəqqi proseslərinə qoşulması, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər ölkəmizdə iqtisadiyyatın sabit artım tempinin davam etməsini şərtləndirib. Bu isə nəticə etibarilə ÜDM-in, xarici ticarət dövriyyəsinin müsbət saldosunun, əhalinin gəlirlərinin və investisiya qoyuluşlarının artmasını təmin edib.
Bütün bu sadalananların qanunauyğun nəticəsi kimi, beynəlxalq maliyyə institutları, aparıcı strateji araşdırma mərkəzləri, nüfuzlu ekspertlər Azərbaycanın iqtisadi inkişafını, reallaşdırılan tədbir və islahatları yüksək qiymətləndirirlər. Qeyd edilir ki, Azərbaycanın dinamik iqtisadi inkişafı, o cümlədən, həyata keçirilən iqtisadi siyasət və formalaşdırılmış iqtisadi inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün nümunə qismində çıxış etməkdədir.
Qeyd edilənlərin fonunda artan maliyyə imkanlarından bəhrələnərək yerli istehsalı genişləndirmək, əsas məhsullar üzrə daxili tələbatı məhz yerli istehsal hesabına təmin etmək, eyni zamanda, ölkənin ixrac potensialını artırmaq strateji hədəf kimi müəyyənləşdirilib.
Ölkəmizdə əsas ərzaq məhsulları ilə təminatın daxili istehsal hesabına təmin olunması strateji vəzifə kimi müəyyənləşdirilib
Ölkəmizdə yerli istehsalın genişləndirilməsi yönündə əhəmiyyətli tədbirlərin görüldüyü strateji istiqamətlərdən biri də ərzaq təhlükəsizliyinə nail olunmasıdır. Ümumiyyətlə, ərzaq təhlükəsizliyinin təmin olunması dövlətin iqtisadi sahədə həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyev ölkəmizdə əsas ərzaq məhsulları ilə təminatın daxili istehsal hesabına təmin olunmasını bir vəzifə kimi qarşıya qoyub.
Ölkəmizdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qəbul edilən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın, eləcə də 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramının uğurla reallaşdırılması, bölgələrdə genişmiqyaslı struktur layihələrinin yerinə yetirilməsi, fermerlərə ardıcıl şəkildə maliyyə və texniki dəstək göstərilməsi sayəsində ölkəmizdə ərzaq məhsullarının istehsalının artması və istehlakın daxili istehsal hesabına ödənilməsi sahəsində əhəmiyyətli uğurlar əldə olunub.
Ərzaq təminatının daxili istehsal hesabına təmin olunmasında normativ-hüquqi bazanın yaradılması müstəsna rol oynayıb. Belə ki, Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da isə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub. Sərəncama uyğun olaraq qısa müddətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsi hazırlanıb. Burada ölkədə gələcək aqrar siyasətin əsas prinsipləri, kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflər və prioritet istiqamətlər öz əksini tapıb.
Son illərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq ölkəmizin ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir.
Aqrar sektorda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb
Bu kontekstdə vurğulamaq lazımdır ki, Azərbaycanın 19 rayonunda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin verilməsi istehsalın artması, ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib. Bundan başqa, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisəsinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsini təmin edib və yeni ixrac imkanları yaradıb. Ötən illər ərzində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən, 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyini təmin edir.
Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Dünya Bankının hesabatına əsasən, son 10 ildə dünyada ərzaq məhsullarının istehsalında artım 18 faiz olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil edib. Belə yüksək dinamikanın nəticəsidir ki, son illərdə ölkəmizin bir sıra ərzaq məhsulları ilə təminatı sırf daxili istehsal hesabına həyata keçirilir. Respublikamızda əhalinin ət və ət məhsullarına, yumurtaya, üzümə, kartofa, tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə çatması məmnunluq doğurur.
Beləliklə, Azərbaycanda milli təhlükəsizliyin tərkib hissəsi olan ərzaq təhlükəsizliyinin tam təmin olunması təqdirəlayiq hal kimi xarakterizə edilir. Prezident İlham Əliyev yanvarın 27-də keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında qeyd edib ki, ərzaq təhlükəsizliyi hər bir ölkə üçün böyük önəm daşıyır: “Biz sovet dövründə özümüzü əsas ərzaq məhsulları ilə təmin edə bilməmişik. Ona görə yox ki, təmin edə bilmirdik. Ona görə ki, o vaxt - sovet dövründə bir bölgü var idi. Azərbaycanda neft, ağır sənaye, neft-kimya, pambıq, üzüm istehsalı və s. Ancaq o vaxt heyvandarlığın o qədər də inkişaf etməsinə imkan vermirdilər. Ona görə biz əsas ərzaq məhsullarını Rusiyadan, Ukraynadan gətirirdik. Yəni belə bölünürdü. Sovet xalq təsərrüfatı sistemi belə idi. Ona görə müstəqilliyin ilk dövrlərində biz idxaldan böyük dərəcədə asılı vəziyyətə düşmüşdük. Bu vəziyyəti dəyişmək üçün çox ciddi tədbirlər görüldü və son illər ərzində biz ərzaq təhlükəsizliyimizi, demək olar ki, təmin etmişik”.
Beləliklə, həm ərzaq təhlükəsizliyinin təmin olunması, həm də istehsalın genişləndirilməsi kontekstində davamlı tədbirlərin görülməsi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini, hədəflənən nəticələrin əldə olunmasını şərtləndirir. Dövlətimizin başçısı qeyd edib ki, kənd təsərrüfatı məhsullarının istehsalı, daxili tələbatın ödənilməsi və ixracı bir sistem olmalıdır. Kənd təsərrüfatı intensiv metodlarla inkişaf etməlidir.
Yerli istehsal hesabına ixrac potensialının artırılması mühüm vəzifə kimi qarşıya qoyulub
Bu sahədə yerli istehsal hesabına ixrac potensialının artırılması da müəyyən olunmuş strateji vəzifələrdən biri kimi çıxış edir. Qeyd etmək lazımdır ki, son illərdə müasir aqrar-sənaye komplekslərinin yaradılması nəticəsində respublikamızın xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq imkanları da artıb. Paralel surətdə xarici ölkələrdə respublikamızın ixrac infrastrukturu qurulur. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan bazarı böyüyür: “Azərbaycan indi kiçik ölkə sayıla bilməz. Əhali təxminən 10 milyona yaxınlaşır. Biz əhalinin sayına görə orta səviyyəli ölkəyik. Ancaq bu qədər sürətli inkişafın getdiyi bir ölkədə, əlbəttə ki, daxili bazar ya yerli məhsullarla artıq tam dolacaq, ya da ki bir neçə ildən sonra. Ona görə gələcəkdə Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsi ixrac potensialımız olacaq”.
Digər tərəfdən, aqrar sektorda istehsalın artırılmasında istifadəsiz torpaqların dövriyyəyə cəlb edilməsi də əhəmiyyətli məsələlərdən biri kimi çıxış edir. Bu da öz növbəsində yerli istehsalın genişləndirilməsində mühüm rol oynayır.
Bir sözlə, Prezident İlham Əliyevin vurğuladığı kimi, ixrac olmadan Azərbaycan iqtisadiyyatı, həmçinin, qeyri-neft sektoru inkişaf edə bilməz: “Çünki biz daxili tələbatı artıq ödəyirik. İxrac, bir daha demək istəyirəm ki, düşünülmüş siyasət nəticəsində mümkündür”.
Nəticə etibarilə, istehsalın genişləndirilməsi, daxili tələbatın tam ödənilməsi və ixrac potensialının artırılması Azərbaycanın strateji hədəflərindəndir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, “Azərbaycanda kifayət qədər xammal da və artıq sənaye potensialımız da var. Həm özümüzü maksimum dərəcədə təmin etməliyik, həm də ixrac etməliyik”.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2015.- 20 fevral.- S.2.