Azərbaycan Ordusu istənilən vəzifəni şərəflə yerinə yetirməyə qadirdir

 

Prezident İlham Əliyev: Bu gün maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

 

Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında müasir dövrün tələblərinə müvafiq olaraq uğurla reallaşdırılan daxilixarici siyasət kursu dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi hazırkı dinamik inkişafın əsaslarını təşkil edir. Bir sözlə, Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.

Ordu quruculuğu sahəsində sistemlikompleks işlər görülür

Bütün sahələrin paralel inkişafı fonunda ordu quruculuğu sahəsində də sistemlikompleks işlər aparılır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev Azərbaycanda müasir ordu quruculuğu siyasətini uğurla həyata keçirir. Müharibə şəraitində yaşayan bir ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən köklü islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib. Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Qaradağ rayonunda Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və “N” saylı hərbi hissənin açılışında çıxışı zamanı qeyd edib ki, Azərbaycanda ordu quruculuğu prosesi uğurla gedir:Bu, bizim üçün prioritet məsələdir. Ordumuz inkişaf edir, güclənir. Orduda nizam-intizam artır, aparılan islahatlar öz bəhrəsini verir. Ordumuzun döyüş qabiliyyəti artır, maddi-texniki təminat yaxşılaşır”.

Qeyd etdiyimiz kimi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində planlı, elmi əsaslarla aparılan ordu quruculuğu sahəsində məqsədyönlü işlər görülüb. Bu illər ərzində hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədə olub, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fizikipsixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Bunlarla yanaşı, aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın təmiri və modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılıb. Aviasiya üzrə yeni kompleks uçuş simulyatorlarının alınması və quraşdırılması nəticəsində uçuş heyətinin hazırlığının keyfiyyəti yüksəlib və aviasiya texnikasının texniki resurslarına qənaət olunub. Zenit-raket qoşunları üzrə zenit-raket komplekslərinin modernləşdirilməsi nəticəsində döyüş texnikasının səmərəliliyi və atəş imkanları artırılıb. Hərbi Hava Qüvvələrinin modernləşdirilmiş döyüş texnikalarında rəqəmsal məlumat mübadiləsinin təmin edilməsi üçün yeni rabitə kanalları yaradılıb. Hərbi Dəniz Qüvvələrinin döyüş potensialının gücləndirilməsi istiqamətində də işlər görülür. Görülən bütün bu işlər nəticəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığına nail olub və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir.

Beləliklə, Prezident İlham Əliyevin vurğuladığı kimi: “Son illər ərzində Azərbaycan hərbi potensialını böyük dərəcədə artıra bilmişdir. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilir. Bu gün maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu gün əldə etdiyimiz silahtexnika bizə imkan verir ki, istənilən vəzifəni şərəflə yerinə yetirək”.

Görülən bütün bu işlər nəticəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığına nail olub və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir.

Yüksək vətənpərvərlik ruhu Azərbaycan Silahlı Qüvvələrinin səciyyəvi keyfiyyətlərindəndir

Ordunun döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan olan vətənpərvərlik ruhu da Azərbaycan Silahlı Qüvvələrinin səciyyəvi keyfiyyətlərindəndir. Başqa sözlə, müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biriorduda və ümumiyyətlə, vətəndaşlar arasında sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünə inam, vətənpərvərlik hisslərinin hakim olmasıdır. Bu gün Azərbaycan cəmiyyətində qeyd olunan əhval-ruhiyyə mövcuddur.

Beləliklə, bütün bunların nəticəsidir ki, xalqımız regionda aparıcı güc strukturuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu siyasəti sayəsində bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdəndir. Dövlət başçısının orduya qayğısı, hərbi hissələrə davamlı olaraq baş çəkməsi, cəbhə bölgəsində xidmət göstərən hərbçilərlə görüşməsi onlarda ruh yüksəkliyini daha da artırır. Güclü ordu həm də müstəqilliyin qarantıdır. Azərbaycan Ordusunun gücü və imkanları müstəqilliyimizin sarsılmazlığına inamı artırır.

Azərbaycan Ordusu işğal edilmiş torpaqlarımızı azad edəcək!

Ən əsası, ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını tezliklə işğaldan azad edəcəyinə dair optimist qənaət yaradır. Qoşunların təmas xəttində Ermənistanın təxribatlarının qarşısının uğurla alınması Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə əyani surətdə nümayiş etdirdi. Bir daha bəlli oldu ki, Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulmuş istənilən vəzifəni icra etmək gücü və əzmindədir. Ermənistan ordusunun təxribatçı hərəkətlərinə layiqli cavab verilməsi, eyni zamanda, böyük ruh yüksəkliyi yaratmış oldu. Dövlətimizin başçısının bildirdiyi kimi: “Təmas xəttindəki vəziyyətlə hərbçilər yaxından tanışdırlar. Azərbaycan ictimaiyyəti də bunu bilir. Deyə bilərəm ki, son bir il ərzində Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü əldə edibdir. Keçən ilin yayında Ermənistan təmas xəttində təxribat törətməyə cəhd göstərmişdi. Ancaq bu təxribatın qarşısı layiqincə alındı, düşmən yerinə oturduldu. Bizdə olan məlumata görə, keçən ilin iyul-avqust aylarından bu günə qədər yüzdən çox işğalçı məhv edilib. Bəzi hallarda bizə irad tutulur ki, təmas xəttində gərginlik yaranır, Ermənistan tərəfində çoxsaylı itkilər var. Bizim isə buna cavabımız çox sadədir. Rədd olsunlar bizim torpaqlarımızdan! O zaman münaqişə öz həllini tapar, sülh yarana bilər”.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.-2015.- 3 iyul.- S. 2.