Möhtəşəm bağlanış, yaxud sən Azərbaycanın övladısan, Avropa Oyunları
Ruh haqqında danışarkən deyirlər ki, o var. Biz onu görmürük, əlimizlə toxuna bilmirik, heç şəklini də görməmişik. Amma hamımız hiss edirik ki, var. İnsanın ruhu ona harda qovuşursa, hansı torpaqda, hansı yerdə insan dünyaya gəlirsə, ora insanın vətəni hesab olunur. Çünki insanın doğulduğu yer, əslində, onun ruhunun dünyaya gəldiyi və fiziki bədənə qovuşduğu yerdir. Ona görə insanlar doğulduğu yerləri unuda bilmirlər. Elə ona görə də insanın əsl vətəni onun doğulduğu yer hesab olunur. Bu məntiqlə yanaşsaq, Avropa Oyunları Azərbaycanda doğuldu. Onun vətəni Azərbaycandır və Avropa Oyunları Azərbaycanın övladıdır.
Elə bu Oyunların ruhunu da, standartlarını, keyfiyyətini də Azərbaycan müəyyənləşdirdi. Bu ruh sülh, ədalət, barış kimi Azərbaycan xalqına xas olan keyfiyyətlər üzərində formalaşdı.
17 günlük həyəcan, ömürlük qürur və fəxarət...
17 gün çəkən həyəcandan sonra, nəhayət, iyun ayının 28-i gəlib çatdı. Azərbaycan xalqı çox böyük həyəcan və qürurla, eyni zamanda, fəxarətlə izlədiyi bağlanış gününə çatdı. Yenə də Bakı Olimpiya stadionu sonuncu oturacağına qədər dolu idi. Yenə də 70 minə qədər tamaşaçının möhtəşəm alqış sədaları altında Avropanın 50 ölkəsini təmsil edən idmançılar Bakı Olimpiya stadionuna daxil oldular. Hər kəs açılışda olduğu kimi, yenə də möcüzələr gözləyirdi. Açılış zamanı, bəlkə, insanlarımızda bir qədər nigarançılıq var idi: “Bu Oyunlar necə başa çatacaq?” “Azərbaycan idmançılarının uğurları hansı səviyyədə olacaq?” “Bizi dırnaqarası dostlarımızın, yəni anti-azərbaycançı mərkəzlərin daha hansı sürprizləri gözləyir?” kimi ...! Ancaq artıq bağlanış mərasimində bu nigarançılıq arxada qalmışdı. Hər bir azərbaycanlının gözündə qürur, azərbaycanlı olmağın, Avropaya nümunə olmağın böyüklüyü, fəxarəti var idi. Eyni zamanda, hər bir azərbaycanlının gözündə Azərbaycanı, tariximizi, mədəniyyətimizi təmsil etməyin, dünyaya nümayiş etdirməyin bir məmnunluğu var idi. Əlbəttə, bu qürurun, bu məmnunluğun bir səbəbi də ondan ibarət idi ki, 50 ölkənin milli komandası içərisində Azərbaycanın milli komandası qeyri-rəsmi komanda hesabında ikinci yeri tutmuşdu. Cəmi 9 milyon 600 min əhalisi olan Azərbaycan Avropanın köklü idman ənənələri olan 70, 80 milyonluq xalqlarından öndə idi. Bu da hər bir azərbaycanlıda xüsusi bir fəxarət hissi yaradırdı. Avropa Oyunlarının bağlanış mərasimində də yüksək səviyyədə estetik zövq və mükəmməl təşkilatçılıq nümayiş etdirildi. Azərbaycan bağlanış mərasimində də açılış mərasimində olduğu kimi, həm öz milli, etnik mədəniyyətini dünyaya nümayiş etdirdi, həm də oradakı xüsusi personajlar və süjetlər vasitəsilə Avropaya bir növ mədəniyyət və siyasət ismarıcları göndərdi. Bağlanış mərasimindəki səhnə süjeti əsas etibarı ilə Simurq quşunun üzərində qurulmuşdu.
Simurq quşu süjeti...
Simurq quşu Azərbaycan nağıllarının və əfsanələrinin əsas mifoloji süjetlərindən biridir. Təqdim olunan süjetdə dərin məzmun və milli -etnik fəlsəfə var idi. Çünki Simurq quşu insanları dardan xilas edən, onlara yardım göstərən, kim harada dara düşsə, ona qanadından tük verərək dar gündən onu xilas edən bir əfsanəvi quşdur. Eyni zamanda, Simurq quşu həyat ağacını səmadan yerə endirən, insanlara həyatı, yaşamağı öyrədən bir quşdur. Təsadüfi deyil ki, bu quşun “bilgi ağacı üzərində” oturduğu deyilir. Bu mənada, Azərbaycan Simurq quşu vasitəsi ilə bütün dünyaya nümayiş etdirdi ki, biz kim darda olsa, onun yanında olmağa hazırıq. Bu, bizim milli ruhumuzun əsas səciyyəvi keyfiyyətidir. Doğrudan da, hər bir azərbaycanlının, əlbəttə ki, müəyyən istisnalar ola bilər, düşüncəsinin alt qatlarında mütləq bir himayədarlıq, yardımsevərlik var. Bəziləri bunu, bəlkə də, İslam dininin tələbləri ilə əlaqələndirməyə çalışa bilərlər, amma, əslində, bizim yardımlaşma ruhumuzun, eləcə də, yardımlaşma ənənələrimizin daha qədim kökü var və bu, İslamdan çox-çox öncəyə gedib çıxır. Çünki Simurq quşu süjeti Azərbaycan fəlsəfi düşüncəsinə daxil olanda hələ İslam yox idi.
Simurq quşu, Qarabağımız dardadır...
Biz bir daha nümayiş etdirdik ki, Simurq quşu qaranlıq dünyada olan Məlikməmmədləri dardan qurtarmaq üçün lazım olan anda necə yardım edirsə, bu gün Azərbaycan da, Azərbaycanın milli ruhu da buna hazırdır. Eyni zamanda, Azərbaycanın dünyadan gözlədiyi də budur. Bu gün bizim Qarabağımız qaranlıq dünyadadır, dardadır. Və biz dünyadan gözləyirik ki, ədalətli mövqe nümayiş etdirsin, Qarabağın qaranlıq dünyadan xilas olunmasına kömək göstərsin. Bax Simurq fəlsəfəsi vasitəsilə dünyaya çatdırılan ismarıc bundan ibarət idi. Simurq quşundan danışarkən mütləq atəşdən, alovdan danışmaq lazımdır. Çünki Simurq quşu həyat ağacının dalınca gedərkən oddan-alovdan keçir və ona görə də onun qanadları əbədi yanır. Ancaq bu quş öz yanmış külündən yenidən doğulur, o, əbədi yaşayır.
Zərdüştlükdən Alov qüllələrinə qədər... Yaxud qum rəssamının nağılı
Oddan doğulma hadisəsi isə səhnədə olduqca maraqlı bir komponentlə zənginləşdirilmişdi. Azərbaycanın ən qədim inanc sistemi olan atəşpərəstlik dini inanc sisteminin dualist fəlsəfəsi burada odla tamamlanaraq xüsusi mənaya bürünmüşdü. Çünki səhnəyə öncə atəşgah məbədinin maketi çıxdı və bunun üzərində qum rəssamı Simurq quşu hekayəsini dünyaya danışmağa başladı. Əlbəttə ki, ilk növbədə, o, həyat ağacını çəkdi. Bu, olduqca məzmunlu və vacib idi. Çünki həyat olmasa, digər başqa məsələlər də ola bilməzdi.
Buta ziddiyyəti, Buta vəhdəti...
Maraqlı epizodlardan biri isə səhnədə yenə Azərbaycanın artıq milli fəlsəfi düşüncəsinin simvoluna çevrilmiş buta maketlərinin olması idi. Çox maraqlı idi ki, bütün hadisələr butanın kontekstində baş verirdi. Buta bir tamın ikiyə ayrılmış iki hissəsidir. Buta işığın və qaranlığın vəhdətidir. Buta, əslində, insan ömrünün pis və yaxşı günlərinin vəhdətidir. Əslində, bu dualist nəzəriyyə Zərdüştlükdən gələn Xeyir və Şər fəlsəfəsi üzərində qurulmuş bir nəzəriyyədir. Buta üzərində oyunlar o qədər maraqlı qurulmuşdur ki, burada sanki Azərbaycanın mənəvi mədəniyyətinin abidələri görünürdü.
Bakının ən qədim və müasir simvolları...
Bağlanış mərasimində maraqlı səhnələrdən biri isə Bakı şəhərinin həm çox qədim, həm də çox müasir bir şəhər olması ilə bağlı idi. Bunu təsvir edən ikilidən birincisi Bakı şəhərinin ən qədim tikilisi və simvolu olan Qız qalası, ikincisi isə Bakının ən müasir və yeni simvolu olan Allov qüllələri idi. Hər iki təsvirin, süjetin orada canlandırılması heç də təsadüfü deyildi. Çünki biz Qobustan yaradan, eləcə də, İçərişəhər inşa edən mədəniyyətin varisi kimi bu gün yeni simvollar yaratmağı da bacarırıq. Bax bu, Azərbaycan xalqının indiki mərhələdə də quruculuq fəlsəfəsinin, həyat eşqinin zirvə nöqtəsində olduğuna bir işarə idi. Hesab edirik ki, bu, Azərbaycanın keçmişi ilə gələcəyinin vahid kontekstdə təqdimatı idi.
Həyat ağacından həyat bəxş edən anaya qədər...
Rəqs səhnələri də məzmun və estetik zövq etibarı ilə xeyli zəngin alınmışdı. Səhnədə rəqs edən üç qadın, üç ana obrazı var idi. Bunlar, əslində, Simurq quşu hekayətində anladılan “Həyat ağacı” əfsanəsinin real obrazları idi. Bəlkə də, elə prototipləri idi. Çünki həyatın, insanlığın mənşəyi anadır. Ona görə də, biz torpağa da, vətənə də, suya da ana deyirik. Bir sözlə, bəsləyici və qoruyucu nə varsa, hamısına biz ana deyirik. Bax bu da yenə qədim həyat ağacı fəlsəfəsinin müasir mərhələdə həyat verən ikinci bir canlı üzərindən əlaqələndirilməsi müasir milli düşüncənin bir təsviri idi.
Niyə təkrar “Sarı gəlin”?”
Bağlanış mərasimində biz yenə “Sarı gəlin” mahnısını eşitdik. Ancaq bu dəfə bir qədər fərqli aranjimanda, daha klassik, daha vokal bir formada. Biz bilirik ki, “Sarı gəlin” lirik mahnıdır. Amma mahnının o qədər zəngin məzmunu, zəngin melodik strukturu var ki, istəsəniz, bunu lirik, vokal və yaxud estrada kimi oxuya bilərsiniz. Yəni, biz ayrı-ayrı azərbaycanlı müğənnilərin ifasında “Sarı gəlin”in ən müxtəlif janrlarda ifasının şahidi olduq. Nəyə görə “Sarı gəlin” mahnısı iki dəfə açılışda, bir dəfə də bağlanışda səsləndirildi? Ona görə ki, mahnının süjetində və süjetin özünün arxetipində bir sevgi, bir nakam məhəbbət var. Bu mahnının tədqiqatçısı kimi deyə bilərəm ki, mahnıda həm də dünyəvi dinlərin nümayəndələrinin bir-birinə sevgisi var. Yəni, “Sarı gəlin” xristian-qıpçaq qızıdır, onu sevən Sinan, yaxud H.Cavidin ifadəsi ilə desək, Sənan isə bir müsəlman gəncidir. Bax bu fəlsəfə eşqin, məhəbbətin ölməzliyini özündə əks etdirməklə, bir növ insanlığın və sevginin hər bir dindən daha yüksəkdə olduğunu göstərir. Bax “Sarı gəlin” mahnısında olan fəlsəfə də bundadır. Böyük Hüseyn Cavid xristian qıza müsəlman oğlanın aşiq olmasından bir fəlsəfi dram yaradanda da məhz bunu düşünmüşdü. Əsas insanlığı, əsl məhəbbəti düşünmüşdü. Bu sadə arxetipi fəlsəfi dramaya çevirmək üçün Hüseyn Cavid Sənanı Ərəbistana göndərir, onu şeyx səviyyəsinə qədər qaldırır. İkinci personaj xristian - qıpçaq qızı olan Xumarı isə rahibə vəziyyətinə gətirməklə burada İslam və xristianlığın fəlsəfəsini açmağa çalışır. Əsas məqsədi isə insanlığı bütün dinlərdən yuxarı qoymaqdır. Din də insanlara xidmət etmək üçün yaradılıb ismarıcını insanlara vermək üçün bax belə bir fəlsəfi dram yaradıb.
Biz bilirik ki, Azərbaycanın milli mədəniyyətinə, milli musiqisinə sahib çıxmağa çalışanlar çoxdur. Bəllidir ki, bu gün elə birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiridir və eyni zamanda, Azərbaycan mədəniyyətinin böyük himayədarı və qoruyucusudur. Azərbaycanın çoxsaylı maddi və mədəni nümunələrinin UNESCO-da pasportlaşdırılması məhz onun xidmətləridir. Bax burada biz həm də milli mücadiləmizin tərkib hissəsi olan, torpaqlarımızı işğal edən ermənilərə qarşı öz milli arqumentlərimizi gücləndirən əsaslar yaratmaq üçün 50 ölkənin iştirak etdiyi böyük bir auditoriyaya “Sarı gəlin”i bir daha Azərbaycan musiqisi, mahnısı kimi təqdim etdik. Beləliklə, Avropa Oyunları Azərbaycanda milli birliyin vəhdətinə, milli-mədəni nümayişin ən müasir mərhələdə ifadə formasına çevrildi.
Bağlanışdan bir gün sonra... yaxud Əliyevlər ailəsi milli ailə modelimizin səciyyəvi keyfiyyətlərini dünyaya layiqincə təqdim etdi
Avropa Oyunlarının bağlanışı mərasimindən bir gün sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusi qəbul keçirdi. Bakının ən möhtəşəm hotellərindən birində baş tutan bu tədbirdə elə hadisələr baş verdi ki, hər bir azərbaycanlının ürəyində kövrək hisslər oyatmaqla bərabər, həm də bir qürur yaratdı. Bu tədbirdə biz, ilk növbədə, Azərbaycan Prezidentinin vətənpərvərliyini, millətinə, xalqına olan sevgisini bir daha gördük. Eyni zamanda, birinci ledinin Azərbaycan xalqına sevgisinin sonsuzluğunu gördük. Ən təsirli səhnə isə Azərbaycanın birinci ledisi Mehriban xanım Əliyevaya dövlətimizin ən ali mükafatı olan “Heydər Əliyev” ordeninin təqdim edilməsi idi. Əlbəttə ki, bu, rəsmi bir mərasim idi və yazıda bu hadisəyə toxunmamaq da olardı. Ancaq ali mükafat təqdim edilərkən Mehriban xanımın öz həyat yoldaşı Prezident İlham Əliyevlə qarşılıqlı münasibətləri, hesab edirik ki, Azərbaycan milli ailə modelinin ən nümunəvi süjetlərindən biri kimi yadda qaldı. Bu, əslində, Azərbaycan xanımının, Azərbaycan qadınının ümumiləşdirilmiş obrazı olaraq Mehriban xanımın öz həyat yoldaşına münasibəti, əslində, hər bir azərbaycanlı qadın üçün ailənin və ailə dəyərlərinin nə qədər yüksək olduğunun və ailənin Azərbaycanda nə qədər müqəddəs olmasının göstəricisi idi. Hesab edirik ki, təkcə bu təsirli səhnə Azərbaycanın ailə modelini dünyaya təqdim etmək üçün və bu modelin hansı keyfiyyətdə olduğunu, hansı səciyyəvi xüsusiyyətlər daşıdığını göstərmək üçün kifayət idi. Burada əlavə təsvirə və əlavə sözə ehtiyac yoxdur. Səhnə özü hər şeyi göstərirdi. Bax bu, bir daha onun isbatı idi ki, Azərbaycanın özünün milli ailə modeli mövcuddur, elə Azərbaycanı qoruyan da, Azərbaycan xalqını inkişaf etdirən də, Azərbaycan xalqına böyük uğurlar, nailiyyətlər qazandıran da Azərbaycanın milli ailə modelidir və onun yaşadılmasıdır. Bax bu nümunə olduqca təsirli səhnə idi.
Birinci ledi Mehriban xanım Əliyevanın öz sevincini atası ilə bölüşməsi ürəkləri riqqətə gətirdi...
Bunun davamı olaraq mütləq onu da qeyd etmək lazımdır ki, hər bir ana, eyni zamanda, kiminsə qızıdır, kiminsə həyat yoldaşıdır. Və Mehriban xanımın bu səhnədən sonra öz uğurunu bölüşmək üçün atasının yanına getməsi, onu qucaqlaması hər bir azərbaycanlının ürəyində riqqət yaratdı, insanları kövrəltdi. Bunun özü də azərbaycanlı ailə modelinin səciyyəvi xüsusiyyətlərindən biridir. Yəni, hər bir qız üçün ata uludur, böyükdür, alidir, müqəddəsdir və uğurunu bölüşmək üçün yönəldiyi ilk ünvan, əlbəttə ki, atasıdır. Məhz bu da Azərbaycan xanımının ailə keyfiyyətlərinin ən bariz, nümunəvi göstəricilərindən biri idi.
Əlvida... yox, hələlik Avropa Oyunları
Beləliklə, 17 gün davam edən uğur və qalibiyyət marafonunun sonuna gəldik. Sevindiricidir ki, Azərbaycan xalqı öz mədəniyyəti, qabiliyyəti, istedadı, intellektual və fiziki gücü ilə bu marafondan qalib ayrıldı. Bu, Azərbaycanın böyük qələbəsi oldu. Avropa Oyunları Azərbaycan tarixinə, o cümlədən, Avropanın idman tarixinə şərəf və qürurla yazıldı. Artıq Avropa Oyunları Azərbaycanın mədəniyyət və dövlətçilik tarixinin mühüm səhifələrindən biridir, şanlı bir keçmişdir. Əlvida, Avropa Oyunları... yox... yox... “əlvida” demirik. Hələlik, Avropa Oyunları... Ona görə ki, hər dörd ildən bir Avropanın bir ölkəsində olacaqsan. Amma hər dörd ildən bir sənin atəşin Azərbaycanda yandırılacaq. Çünki sən Azərbaycanın övladısan, sənə “Əlvida” yox, “Hələlik” deyirik. Ən yaxın zamanda yenidən görüşmək arzusu ilə!
Hikmət
BABAOĞLU
Yeni Azərbaycan.-2015.- 3 iyul.-
S. 3.