Azərbaycan polisinin
yaranmasının 97-ci ildönümü
münasibətilə təntənəli mərasim keçirilib
İyulun 2-də Azərbaycan polisi yaranmasının 97-ci ildönümünü qeyd edir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Daxili İşlər Nazirliyinin rəhbərliyi, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar Fəxri xiyabana gələrək Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə tər çiçək dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad olunub, “Əbədi məşəl” abidəsi önünə gül dəstələri qoyulub.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin peşə bayramına və 2014-2015-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun, Milli Məclisin deputatlarının, yerli icra və hüquq mühafizə orqanları rəhbərlərinin, Olimpiya Oyunlarının, dünya çempionatlarının mükafatçıları olan daxili işlər orqanları əməkdaşlarının, məzunların valideynlərinin, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin də iştirak etdikləri tədbirdə nazir müavini, polis general-leytenantı İsmət Əliyev şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubova raport verib.
Nazir Polis Akademiyasının sıra meydanında təntənəli mərasimlə əlaqədar düzülmüş müəllim və müdavim heyətini əlamətdar hadisələr - Azərbaycan Polisi Günü və tədris ilinin buraxılışı münasibətilə təbrik edib.
Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra dövlət himni səslənib.
General-polkovnik Ramil Usubov mərasimdə çıxış edərək daxili işlər orqanlarının inkişafında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayıb. Nazir Ulu öndərimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-nin Azərbaycan Polisi Günü kimi təsis olunduğunu xatırladıb. Müstəqilliyin əvvəllərində ölkəmizdə bütün sahələrdə ağır vəziyyətin yarandığını bildirən Ramil Usubov 1993-cü ilin iyununda siyasi rəhbərliyə qayıdan Ulu öndərin ölkəni vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas etdiyini bildirib. O, bu qayıdışın Daxili İşlər Nazirliyi sistemində də köklü dönüş mərhələsi olduğunu qeyd edib.
Nazir deyib ki, Ümummilli lider daxili işlər orqanlarının fəaliyyətinin hüquqi əsaslarının müəyyən edilməsi üçün 34 qanun, 100-dən çox fərman və sərəncam imzaladı. Həmin illərin başlıca yekunu Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxaran Heydər Əliyevin dövlətçiliyə xidmət məktəbini keçmiş Azərbaycan Polisinin formalaşması oldu. Bu həqiqət öz ifadəsini Ulu öndərin fəaliyyətimizə verdiyi dəyərdə tapdı: “İndi Azərbaycanda insanlar əmin-amanlıq, rahatlıq şəraitində yaşayırlar. Bu, bizim dövlətimizin siyasətinin, ardıcıl surətdə həyata keçirilən tədbirlərin nəticəsidir. Eyni zamanda, hüquq mühafizə orqanlarının, o cümlədən Daxili İşlər Nazirliyinin gördüyü işlərin, fəaliyyətinin nəticəsidir”.
Nazir deyib ki, 2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu. Həmin ildən başlayaraq Prezidentin rəhbərliyi ilə aparılan quruculuq işləri, islahatlar Daxili İşlər Nazirliyini, onun orqan və hissələrini də əhatə etdi. Prezidentin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə əhəmiyyətli işlər görüldü. Ötən 12 ildə fəaliyyətin qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması, cəmiyyətin maraqlarına tam cavab verməsi məqsədilə 421 fərman və sərəncam imzalandı. Nazirliyin büdcəsi 11 dəfə artdı, maddi-texniki bazası əsaslı surətdə təkmilləşdi, struktur qurumlar üçün 362 sosial obyekt tikildi, 4 mindən çox nəqliyyat vasitəsi alındı.
Birinci Avropa Oyunlarının uğurla keçirilməsindən danışan nazir xüsusi vurğulayıb ki, Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və gərgin əməyi, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığı və böyük xidmətləri sayəsində ölkəmiz üzərinə götürdüyü öhdəliyi iki il yarım ərzində yerinə yetirdi. İlk Avropa Oyunları üçün heç bir təcrübənin və standartın olmamasına baxmayaraq, “Bakı-2015” dünyada ən yüksək idman standartlarını təqdim etdi. Ölkəmiz ilk Avropa Oyunlarında yüksək nəticələr göstərərək 21-i qızıl olmaqla 56 medal qazandı, qitə ölkələri arasında ikinci yeri tutdu. Azərbaycan bu mühüm tədbiri keçirməklə dünyaya açıq ölkə olduğunu bir daha təsdiqlədi, sülhün, dostluğun, milli həmrəyliyin, Prezident-xalq birliyinin təntənəsini nümayiş etdirdi.
Sonra Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov çıxış edərək əlamətdar hadisələr - Azərbaycan Polisi Günü və tədris ilinin buraxılışı münasibətilə Azərbaycanın daxili işlər orqanları əməkdaşlarına dövlətimizin başçısının təbriklərini çatdırıb.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, həmişə dövlətçilik ənənələrinə və tarixi irsə sadiq olan Ümummilli lider Heydər Əliyev 1998-ci ildə imzaladığı Fərmanla tarixi ədaləti bərpa edərək iyulun 2-sini Azərbaycan Polisi Günü kimi təsis edib. Yetmiş illik sovet hakimiyyəti dövründə daxili işlər orqanları fəaliyyət göstərsə də, məhz Heydər Əliyevin rəhbərliyi dövründə özünün inkişaf mərhələsinə daxil olub, milliləşmə, saflaşma, peşəkarlığın artırılması istiqamətində əhəmiyyətli işlər görülüb. Bu illər ərzində polis orqanlarında köklü islahatlar həyata keçirilib. Polis dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Biz hamımız bu tarixi proseslərin canlı şahidləriyik.
Fuad Ələsgərov vurğulayıb ki, 2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daxili işlər orqanlarında islahatları davam etdirib, onu müasir inkişaf səviyyəsinə qaldırıb. Günümüzün çağırışlarına cavab olaraq polisin üzərinə düşən vəzifələrin dairəsi genişlənib. Cinayətkarlığa qarşı mübarizənin və asayişin mühafizəsinin yeni formalarının tətbiq edilməsi üçün qabaqcıl informasiya texnologiyaları tətbiq edilib, maddi-texniki baza, polis orqanlarında çalışan əməkdaşların sosial müdafiəsi gücləndirilib. 2004-2015-ci illərdə bu istiqamətdə Prezident tərəfindən 9 sərəncam imzalanıb. 2003-cü ildən etibarən Daxili İşlər Nazirliyinin fəaliyyətinin tənzimlənməsi və təkmilləşdirilməsi ilə bağlı yüzlərlə qanunvericilik aktı imzalanıb. Yüzlərlə polis əməkdaşı dövlət mükafatlarına layiq görülüb. Bu peşə bayramı ərəfəsində də Azərbaycan Prezidentinin imzaladığı Sərəncamla nazirliyin 41 əməkdaşı orden və medallarla təltif edilib, rəhbər vəzifəli üç əməkdaşa ali xüsusi rütbə verilib. Bütün bunlar həm də ictimai asayişin keşiyində duran daxili işlər orqanlarının əməkdaşlarına ölkə rəhbərliyinin qayğısının, gərgin səmərəli fəaliyyətinə verdiyi yüksək qiymətin göstəricisidir. Bu gün Daxili İşlər Nazirliyi tərəfindən əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ixtisaslı, təşəbbüskar, geniş dünya görüşlü, nümunəvi davranışlı, anda sadiq, dövlətçilik və qanunçuluq prinsipləri əsasında tərbiyə edilmiş gənc kadrların hazırlanması istiqamətində mühüm işlər görülüb.
Azərbaycanın ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etdiyini vurğulayan Fuad Ələsgərov deyib: “Bu 17 gündə bütün dünyanın gözü Azərbaycanda idi. Azərbaycan bu sınaqdan şərəflə çıxdı və yeni tarixə, möhtəşəm uğura imza atdı. Birinci Avropa Oyunları dinamik inkişaf edən Azərbaycanı kəşf etməyə imkan verdi. Xalqımızın mədəniyyətini, ənənələrini, qonaqpərvərliyini, ölkəmizin və Bakının gözəlliyini dünyaya tanıtdı. Xüsusən açılış və bağlanış mərasimlərinin təkrarolunmazlığı və möhtəşəmliyi dövlətimizin qüdrətini, zəngin tarixi ənənələrini nümayiş etdirdi. Dünya yüksək təşkilatçılığın nümunəsini gördü”.
Prezident Administrasiyasının rəsmisi yarışların, idmançıların və qonaqların mühafizəsinin yüksək şəkildə təmin edilməsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının və hərbi qulluqçularının rolunun əvəzolunmaz olduğunu bildirərək deyib: “Onlar asayişin və yarışların keçirildiyi obyektlərin qorunması, idmançıların, azarkeşlərin və digər qonaqların təhlükəsizliyinin təmin edilməsi, ölkəmizə gəlmiş dövlət və hökumət rəhbərlərinin müşayiəti və digər mühüm vəzifələri ən yüksək səviyyədə yerinə yetiriblər. Bu mötəbər tədbirin ölkəmizin adına layiq olan əmin-amanlıq şəraitində keçməsinə töhfələr veriblər. Deyərdim ki, biz Qərb ölkələrinə örnək ola biləcək mədəni və nəzakətli, insan hüquqlarına riayət edən və onu rəhbər tutan yeni Azərbaycan polisinin fəaliyyətini gördük”.
Qarşıdan ölkəmiz üçün mühüm ictimai-siyasi hadisə - növbəti parlament seçkilərinin gəldiyini vurğulayan Fuad Ələsgərov bildirib: “İnanırıq ki, həmin dövrdə də daxili işlər orqanları öz vəzifələrinin öhdəsindən layiqincə gələcək. Əminik ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində böyük məsuliyyət, əzm və fədakarlıqla çalışacaqlar”.
Akademiyanı fərqlənmə ilə bitirən polis baş leytenantı Yusif Hüseynov müdavimlərə olan diqqət və qayğıya, aldıqları mükəmməl təhsilə görə nazirliyin rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkürünü bildirib, onlara göstərilən yüksək etimadı öz fəaliyyətləri ilə doğruldacaqlarına söz verib.
Mərasimdə daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirən məzunlar Cavid Mirzəliyə və Yusif Hüseynova diplomları və “polis baş leytenantı” xüsusi rütbələrinin paqonlarını təqdim edib.
Akademiyanı əla qiymətlərlə başa vuran Şahin Qasımov yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub. Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər “Azərbaycan Polisi” marşını ifa ediblər.
Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.
Mərasimdən sonra daxili işlər naziri Ramil Usubov və Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov, eləcə də müdavimlərin valideynləri Polis Akademiyasının 400 yerlik yeni yataqxana binasının açılışında iştirak edib, yaradılan şəraitlə tanış olublar.
Nazir Ramil Usubov yataqxana binasının ən müasir tələblər səviyyəsində tikilməsindən və burada müdavimlərin rahatlığı üçün yüksək şəraitin yaradılmasından razılığını bildirib, Akademiyanın rəhbərliyinə bu yöndə konkret tapşırıq və tövsiyələrini verib.
Açılış mərasimində iştirak edən valideynlər yüksək diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Yeni Azərbaycan.-2015.- 3 iyul.-
S. 4.