Azərbaycan mülki
aviasiyası: keçmişi, bu günü və gələcəyi
Xəyalları dünyanın özü qədər geniş və sərhədsiz olan insanlar həmişə yeni məkanlara can atıblar. Hələ texnika haqqında təsəvvürlərin ibtidai səviyyədə olduğu dövrlərdə nağıl qəhrəmanları öz xəyallarını uçan xalçalarla reallaşdırıblar. Sehrli xalçalar onları çayların, meşələrin üzərindən keçirərək bütün yer üzünü səyahətə çıxarıb. Əlbəttə, uçan xalçalarla göyün ənginliklərinə qalxmaq bir arzu idi. Ancaq niyyətin hara, mənzilin də oradır, deyiblər. Sonradan elmin inkişafı sayəsində XVIII əsrin sonları-XIX əsrin əvvəllərində rus, fransız, alman və Amerika mühəndisləri ilk uçan aparatların - “qanadlı əjdahalar” adlandırılan təyyarələrin müxtəlif modellərini hazırladılar və bununla da bəşəriyyətin tarixində təyyarə erası başladı.
Azərbaycanda təyyarə erasının bir əsr yaşı var
Azərbaycanın səmasında “qanadlı əjdahalar” təxminən 100 il bundan əvvəl görünməyə başlayıb. 20 oktyabr 1910-cu il tarixində Bakı şəhərinin üzərindən uçan ilk təyyarə ilə indiki müasir hava gəmiləri arasında yerlə göy qədər fərq var idi. Sergey Utoçkinin idarə etdiyi “Farman-4” sistemli fransız biplanı uşaqsayağı və yöndəmsiz hazırlanmışdı. Möhkəm olmayan bu aparatla uçmaq da təhlükəli idi. Uçan aparat havada bir neçə dəfə dövrə vurduqdan sonra heyrətdən yerlərində donmuş tamaşaçıların gurultulu alqışları altında yerə endi.
Azərbaycanın “qanadlı əjdaha” ilə ilk tanışlığından sonra hava nəqliyyatının yeni növünün regionda rəsmi status alması üçün daha on beş il tələb olundu: 1923-cü ildə “Muğan Meliorasiya Tikintisi”, “Xəzər Dəniz Gəmiçiliyi” və “Azneft”in təsisçiliyi ilə “ZAKAVİA” Zaqafqaziya Mülki Aviasiya Səhmdar Cəmiyyəti yaradıldı. “ZAKAVİA”nın təyyarələrindən aerofotoçəkiliş işləri aparılmasında, təcili yüklərin çatdırılmasında və poçtun daşınmasında istifadə etmək nəzərdə tutulmuşdu.
“ZAKAVİA” təsərrüfat subyekti kimi ümidləri doğruldub. Artıq 1923-cü ilin aprel ayında “Yunkers” təyyarəsində Bakı-Tiflis-Bakı marşrutu ilə uçuş həyata keçirilib, iki il sonra isə Keşlədə aerodrom tikilib və mülki “Hava stansiyası” yaradılıb. 1926-cı ildə Mineralnıye Vodı - Qroznı - Mahaçqala - Bakı - Yevlax -Tiflis marşrutları üzrə müntəzəm uçuşlar həyata keçirilməyə başlanıb.
Bakıda, Yevlaxda və Şəkidə “Dornye-Kometa-3” və “Dornye-Merkur” tipli təyyarələrin yerləşdirildiyi hava limanları işə düşüb. Bu təyyarələrin ekipajı iki nəfərdən ibarət idi. Həmin dövrdə uçuşların müvəffəqiyyətlə yerinə yetirilməsi bilavasitə pilotların ustalığından asılı idi. Çünki hava maşınlarında heç bir naviqasiya cihazları mövcud deyildi. Təyyarəçilər avtomobil yollarına, dəmiryolu xətlərinə, olduqları yerin relyefinə və yalnız onlara tanış olan başqa “mayaklar”a istinad edərək istiqamət alırdılar. Bütün bu kimi çətinliklərə, həmçinin, hava maşınlarının mükəmməl olmamasına baxmayaraq, 1929-cu ildə Xarkov - Bakı - Pəhləvi beynəlxalq xətti açılır, 1933-cü ildə isə ilk dəfə olaraq Qafqaz dağlarının üzərindən Moskva şəhərinə hava yolunun uzunluğunu 1100 kilometr qısaltmağa imkan verən uçuş yerinə yetirilir. 1937-ci ildə gündəlik 15 sərnişin daşıyan “XAİ-1” və “Stal-3” təyyarələrinin xidmət göstərdiyi Bakı-Moskva istiqamətində müntəzəm marşrut açılır. Növbəti ildə Bakı - Xarkov, Bakı - Qroznı, Bakı - Rostov, Bakı - Həştərxan, Bakı -Tiflis reysləri işə salınır, Bakı hava limanı isə müstəqil təsərrüfat vahidinə çevrilir. 2 iyun 1938-ci il tarixində Azərbaycanda ilk aviasiya qrupu yaradılır.
Azərbaycan aviasiyası getdikcə səmada özünü daha inamlı hiss edirdi. 1941-1945-ci illər müharibəsində Azərbaycanın təyyarəçiləri “Hər şey cəbhə üçün” devizi altında çalışıblar. II Dünya müharibəsindən sonra Azərbaycan təyyarəçiləri yenidən sülh şəraitində sərnişin və yük daşımağa başladılar. Bakıdan başlanğıcını götürən hava yollarında yeni “Li-2”, “İl-14”, “İL-18”, “An-24”, xüsusi təyinatlı “An-2”, “Mi-1” və “Mi-4” helikopterləri görünməyə başladı.
Azərbaycan aviasiyasının tarixində uzaq məsafəyə ilk uçuş isə 1919-cu ildə həyata keçirilib. Bakı aerodromundan səmaya qalxan “Farman-30” tipli təyyarə Xəzər dənizi üzərindən uçaraq Türkmənistanın Krasnovodsk şəhərində uğurla eniş edib.
Milli mülki aviasiyanın inkişafında Ümummilli lider Heydər Əliyevin müstəsna rolu olub
Azərbaycanda bütün digər sahələr kimi, milli mülki aviasiyasının inkişafında da xalqımızın Ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu öndərin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində mülki aviasiyamızın inkişaf tarixində də keyfiyyətcə yeni dövr başlayıb. Haqqında bəhs olunan dövrdə Gəncədə, Yevlaxda, Naftalanda, Naxçıvanda, Zaqatalada, Lənkəranda, Ağdamda, Ağstafada və Şəkidə süni örtüklü uçuş-enmə zolaqları ilə təchiz olunmuş hava limanları tikilib. Ümummilli lider Heydər Əliyev keçmiş ittifaq miqyasındakı böyük nüfuzundan istifadə edərək respublika mülki aviasiyasının maddi-texniki bazasının möhkəmlənməsinə, maşın parkının yenilənməsinə və genişlənməsinə nail olmuşdu. Ümummilli liderin səyləri nəticəsində Azərbaycanın avialayner parkı Sovet İttifaqının ərazisində “Tu-134” və “Tu-154” reaktiv təyyarələrini, “Mi-2” və “Mi-8” helikopterlərini ilk alanlardan biri olub.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın mülki aviasiyasının inkişafına Öz əvəzolunmaz töhfəsini 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə respublikanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra verib. Belə ki, müstəqilliyimizin ilk illərində milli aviasiyamızda yaranan problemlər Ümummilli liderin diqqət və qayğısı sayəsində qısa müddətdə aradan qaldırıldı. Ulu öndərin rəhbərliyi ilə mülki aviasiyamızın inkişafına dair 1998-2003-cü illəri əhatə edən Dövlət Proqramı uğurla reallaşdırıldı. Həmin illərdə əldə edilən nailiyyətlərin ən bariz nümunəsi Bakı hava limanında dünya standartları səviyyəsində yeni aerovağzal kompleksinin tikilməsi oldu. 1999-cu il oktyabrın 2-də Ulu öndər Heydər Əliyevin iştirakı ilə yeni aerovağzal kompleksinin təntənəli açılış mərasimi keçirildi və bir il sonra isə Bakı hava limanına ilk “Boeing” təyyarəsi endi.
Ümummilli lider Heydər Əliyev, həmçinin, mülki aviasiyamız üçün yüksək səviyyəli milli kadrlar hazırlanmasına da böyük diqqət yetirirdi. Qeyd edək ki, bu sahədə Milli Aviasiya Akademiyası əvəzolunmaz rola malikdir. Müstəqil Azərbaycanın aviasiyasının kadrlara olan ehtiyacını yüksək səviyyədə ödəyən bu akademiya milli aviatorların yeni nəslinin yetişməsinə öz dəyərli töhfəsini verməkdədir.
Azərbaycanın mülki aviasiyası yeni inkişaf mərhələsinə qədəm qoyub
Ulu öndərin əsasını qoyduğu quruculuq siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də mülki aviasiyanın inkişafına, eləcə də, çətin və gərəkli peşə sahibi olan aviasiya işçilərinə böyük diqqət və qayğı göstərir. Belə ki, dövlətimizin başçısının 2006-cı ildə imzaladığı müvafiq Sərəncama əsasən, Azərbaycanda ilk mülki aviasiya dəstəsinin yaradıldığı 2 iyun 1938-ci il tarixi əsas götürülərək mülki aviasiya işçilərinin peşə bayramı günü təsis edilib. Əminliklə demək olar ki, Azərbaycanın mülki aviasiyası 2003-cü ildən özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Məhz bunun nəticəsidir ki, son 11 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində mülki aviasiyanın inkişafı Azərbaycanda prioritet məsələlərdən birinə çevrilib. Respublikamızda dövlət hava nəqliyyatı infrastrukturunun ən müasir tələblər səviyyəsində qurulmasına böyük investisiyalar yönəldilir. Cəmi bir neçə il ərzində Bakı aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulub, uçuşları idarəetmə sistemləri müasirləşdirilib, radionaviqasiya və meteoavadanlıq yenilənib, digər silsilə tədbirlər reallaşdırılıb.
Bununla paralel olaraq, ölkənin regionlarında da mülki aviasiya intensiv inkişaf mərhələsinə qədəm qoyub. 2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan Beynəlxalq Hava Limanı işə düşüb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2006-2008-ci illərdə bir-birinin ardınca Gəncədə, Zaqatalada və Lənkəranda hava limanları istismara verilib, daha sonra Qəbələdə və Yevlaxda hava limanları inşa olunub.
Son illərdə ölkəmizdə mülki aviasiyanın inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən biri də Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisidir. Ötən ilin aprel ayında dövlət başçısının iştirakı ilə istifadəyə verilən yeni aerovağzal kompleksi öz gözəlliyi və funksionallığı ilə fərqlənir. Təkcə onu demək kifayətdir ki, bu aeroport ildə 6 milyon sərnişinə xidmət edəcək. On beş il bundan əvvəl tikilmiş və bu yaxınlarda əsaslı şəkildə bərpa edilmiş aeroportun köhnə binası isə ildə 3 milyon sərnişini qəbul etmək imkanına malikdir. Beləliklə, Azərbaycanda ildə 9 milyon sərnişin Bakının hava limanından istifadə edə bilər.
Bundan əlavə, sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı ardıcıl surətdə yenilənir. “Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarə parkı dünyanın tanınmış şirkətlərindən alınan yeni və müasir təyyarələrlə zənginləşdirilib. Hazırda AZAL “Boeing”, “Aerobus”, “Embraer” kimi müasir təyyarələrlə dünyanın 30-dan çox şəhərinə uçuşlar həyata keçirir.
Onu da qeyd edək ki, ardıcıl surətdə həyata keçirilən tədbirlər mülki aviasiyamızın dünyada reytinqini əhəmiyyətli dərəcədə artırıb. Bu gün Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına tam uyğundur, “Azərbaycan Hava Yolları” aviaşirkəti isə İCAO, İATA, ECAC, Dövlətlərarası Aviasiya Komitəsi kimi tanınmış mülki aviasiya birliklərinin üzvüdür.
Ölkəmizdə hava nəqliyyatının inkişafı bundan sonra da prioritet olaraq qalacaq
Azərbaycanın qısa müstəqillik tarixində böyük inkişaf yolu keçərək bütün dünyada böyük nüfuz qazanan mülki aviasiyamızın perspektivi barədə də nikbinliklə söhbət açmaq mümkündür. Ölkəmizdə dövlətin nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı nümayiş etdirdiyi güclü siyasi iradə belə bir inam üçün güclü əsas yaradır. Məlumdur ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizin Şərqlə Qərb arasında strateji nəqliyyat dəhlizi rolu oynamasına imkan verir. Beləliklə, hazırda respublikamızın Şərqlə Qərb arasında nəqliyyat-loqistika mərkəzinə çevrilməsi istiqamətində bir sıra genişmiqyaslı tədbirlər reallaşdırılır. Bu konteksdə son illər ərzində hava nəqliyyatı infrastrukturunun yaradılması ilə bağlı mühüm tədbirlər reallaşdırılsa da, qazanılmış uğurlarla kifayətlənmək olmaz. Azərbaycanın inkişafı getdikcə daha geniş miqyas alır. Bununla əlaqədar ölkəmizə səfər edənlərin sayı da artır, yük daşımalarının həcmi genişlənir. Bütün bunlar isə ölkəmizdə hava nəqliyyatının inkişafının bundan sonra da prioritet olaraq qalacağını deməyə əsas verir.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-2015.- 3 iyul.-
S. 6.