Azərbaycan: yeni xarici siyasət və gələcəyə baxış modeli

 

Dünyanın qarşı-qarşıya duran iki bloka bölünməsi ilə nəticələnən İkinci Dünya müharibəsi başa çatdıqdan sonra beynəlxalq münasibətlərin NATO-da və Varşava Paktında fərdiləşdirilmiş ikiqütblü strukturu təsbit olunmuşdu. Uzun illər boyu bu blokların mərkəzləri bir-biri ilə qarşıdurma vəziyyətində olan iki fövqəldövlət - ABŞ və SSRİ idi.

“Soyuq müharibə”: ardı varmı?

Bu dövlətlərin qarşıdurma illərində dünyada üstün rol və geosiyasi nüfuz uğrunda rəqabəti qlobal, dərk olunmuş xarakter almış və ideoloji əsaslara söykənməyə başlamışdı. Məhz həmin dövrdə tərəflər öz məqsədlərinə nail olmaq üçün bütün mövcud resurslardan istifadə etməyə hazır olduqlarını nümayiş etdirməyə başladılar. Nüvə silahı tətbiq ediləcəyi təqdirdə qaçılmaz fəlakətdən müəyyən zəmanət yalnız bu idi ki, tərəflər həmin halda ikisinin də məhv ola biləcəyini anlayırdı.

Sovet İttifaqı dağıldıqdan və “Soyuq müharibə” başa çatdıqdan sonra dünyada vəziyyət tamamilə dəyişdi. Hər şeydən əvvəl, ikiqütblü dünyanın ideya-siyasi oxu dağıldı, yuxarıda qeyd edilən strateji imperativ köhnəldi.

XX əsrin 90-cı illərində SSRİ-nin və “sosializm düşərgəsi”nin dağılması qloballaşma proseslərini sürətləndirdi. Qeyri-dövlət aktorlarının beynəlxalq qarşılıqlı fəaliyyət sferasına kütləvi şəkildə müdaxiləsi, qeyri-hökumət təşkilatlarının yaranması, transmilli korporasiyaların sayının artması və ümumdünya bazarının formalaşmasında onların rolunun kəskin şəkildə yüksəlməsi, demokratiya və insan hüquqları ilə bağlı şablonların yayılması, “yeni nəsil” münaqişələrin meydana çıxması və nəhayət, İnternetin yaranması və onun təsir dairəsinin fasiləsiz genişlənməsi - bütün bunlar belə nəticəyə gəlməyə əsas verir ki, beynəlxalq-siyasi inkişafda yeni, misli görünməmiş bir mərhələ başlamışdır. Yeni dünya nizamının qurulmasını nəzərdə tutan qloballaşma prosesi yenicə yaranmış ölkələrə bir sıra aparıcı dövlətlər tərəfindən qeyri-sivil təzyiq şəraitində cərəyan edir, mədəni mühitin, ənənəvi dəyərlərin, milli identikliyin dağıdılması cəhdləri ilə müşayiət olunur. Dövlətlərin suverenliyinə, milli mədəniyyətlərə, təsərrüfat ənənələrinə, milli-etik imperativlərə məhəl qoymamaq, daxili və xarici siyasət məsələləri barədə öz anlamlarını başqa ölkələrə zorla qəbul etdirmək cəhdləri müşahidə olunmaqdadır.

Yeni dünya nizamı eyforiyası

Yeni dünya nizamı Qərb ölkələrinin maliyyə və ticarət asılılığını və Avropa vətəndaşlarının rifahını nümayiş etdirən Qərb dəyərlərinin yayılması şəklində bərqərar edilirdi. Öz dəyərlərinin universallığında əmin olan avropalılar arxayın idilər ki, qarşılıqlı iqtisadi asılılıq və ümumi həyat tərzi gələcəkdə bütün dünyada təhlükəsizliyin üstün mənbəyi olacaq.

Şəxsi innovasiyalardan eyforiyaya qapılan Qərb müəyyən mənada reallıqla əlaqəni itirmişdir. Başqa təsəvvürlər sistemlərini anlamağa çalışmaq əvəzinə, Qərb yalnız başqa dövlətlərin Avropa standartlarına uyğun olub-olmadıqlarını görürdü. Yeni Avropa ideyasının istisnalıq və universallıq iddiası avropalılar üçün qitədə alternativ inteqrasiya layihələrinin qəbulunu mümkünsüz etdi.

Əksər analitiklərin fikrincə, dünyada bu dərəcədə mürəkkəb və gərgin bir vəziyyətin yaranmasına əsas səbəb dünyanın aparıcı dövlətlərinin beynəlxalq hüququn norma və prinsipləri ilə açıq-aşkar hesablaşmadan öz maraqlarını reallaşdırmağa cəhd göstərmələridir ki, bu da Rusiya-Qərb münasibətlərində ciddi böhrana gətirib çıxarmaya bilməzdi. Ukrayna hadisələri və Qərbin sonrakı addımları, onun Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməsi də bu məsələdə az rol oynamadı.

Bütün bunlar postbipolyar dünya nizamının iflası və yeni “Soyuq müharibə”nin başlamasından danışmağa əsas verdi.

Geosiyasətin nəzəriyyəsi və təcrübəsi

Bu baxımdan, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “Xarici siyasət: reallıqlar və gələcəyə baxış” monoqrafiyası elmi və politoloji ictimaiyyət üçün böyük maraq doğurur.

Monoqrafiyada yeni beynəlxalq münasibətlər sisteminin və yeni dünya nizamının formalaşması, güclü dövlət və regional liderlik konsepsiyaları, xarici siyasət prioritetlərinin parametrləri, bunların qloballaşan dünyada cərəyan edən iqtisadi proseslərlə, Yer kürəsinin müxtəlif regionlarında, hər şeydən əvvəl, dövlətlərin ərazi bütövlüyünün və regional təhlükəsizliyin təminatı ilə bağlı böhranlı hallarla qarşılıqlı əlaqəsi kimi mühüm problemlərə toxunulmuşdur. Müəllif dünyanın aparıcı dövlətlərinin xarici siyasətində geosiyasi ideyaların “sərt gücdən” “yumşaq gücə” (və ya “ağıllı gücə”) doğru təkamülünü təfərrüatı ilə açıqlayır. Kitabda geosiyasətin nəzəri və praktik tərəfləri qarşılıqlı əlaqədə nəzərdən keçirilir. Müasir dünyada müşahidə edilən əsas dəyişikliklər məhz bu problemlər baxımından araşdırılır. Kitabda XX əsrin birinci yarısının bir neçə geosiyasət klassikləri nəslinin (F.Ratsel, R.Çellen, H.Makkinder, K.Haushofer, N.Spaykmen və başqaları), müharibədən sonrakı dövr (H.Kissincer, Z.Bjezinski, S.Koen, S.Hantinqton, F.Fukuyama, J.Attali və başqaları), həmçinin, müasir dövrün aparıcı politoloqlarının və beynəlxalq hüquq mütəxəssislərinin (C.Nay, A.Koen, D.Zolo, E.Leyk, Y.Moin, F.Hayek, A.Fredberq, C.Fridman, Ə.Davutoğlu və başqaları) nəzəriyyələrinin elmi cəhətdən əsaslandırılmış analizi verilir. Müəllif xüsusilə son onillikdə müşahidə olunan beynəlxalq münasibətlərin birqütblü sistemdən tədricən çoxqütblü sistemə keçid şəraitində informasiya-texnologiya inqilabının rolu, əhəmiyyəti və bu inqilabın beynəlxalq proseslərin gedişinə artmaqda olan təsir istiqamətlərini açıqlayır. Ölkənin xarici siyasət kursunun ümumsiyasi prosesin mühüm elementlərindən biri kimi dərin və hərtərəfli təhlilinin verildiyi kitabın özəlliklərindən biri də bundadır ki, əsərin hər fəslinin sonunda həmin fəslin məzmunundan irəli gələn əsas məntiqi nəticələr yığcam şəkildə ifadə edilir və ümumiləşdirmələr aparılır.

Monoqrafiyada dünya səhnəsində geosiyasi qüvvələrin müasir bölgüsündə dünyanın aparıcı dövlətlərinin - ABŞ, Çin, Böyük Britaniya, Fransa, Yaponiya, Rusiya və başqalarının yeri və rolu ətraflı xarakterizə edilir. Bütün bunlar böyük dövlətlərin xarici siyasətdə seçdiklərı geosiyasi və geoiqtisadi hədəflərə nail olma forma və metodlarının transformasiyası prosesini anlamağa imkan verir.

“Rəngli inqilablar” haraya aparır?

Bu gün gözlərimiz önündə dünya nizamında ciddi dəyişikliklərlə müşayiət olunan coşqun proseslər gedir, bəzi dövlətlər əvvəlki qüdrətini itirir, yeni güc mərkəzləri yaranır, onların təsir sahəsi genişlənir. “Rəngli inqilablar”, “Ərəb baharı” və s. kimi adlandırılan çoxsaylı lokal münaqişələr dünyanın geosiyasi xəritəsinin dəyişməsinə gətirib çıxarır.

“Soyuq müharibə” başa çatdıqdan dərhal sonra irimiqyaslı kəskin geosiyasi qarşıdurmada Qərb ölkələrinin siyasi elitası dünya səhnəsində Rusiyanın mövqeyini zəiflətməyi və onu öz strateji maraqlarına tabe etdirməyi əsas prioritet kimi seçdi. Rusiyanın Qərb tərəfdaşları, hər şeydən əvvəl ABŞ, geosiyasi qarşıdurma fonunda özlərinə hesabat vermirdilər ki, keçmiş rəqibin həddən artıq zəifləməsi heç də həmişə mütləq mənada onların xeyrinə olmur, əksinə, kəskin mənfi reaksiya doğuraraq, əvvəlki opponentdən daha böyük təhlükəyə səbəb ola bilər.

Birtərəfli qaydada hərəkət edən Birləşmiş Ştatlar bəzi regionlarda güc tətbiq etməklə bütün dünyada antiamerika əhval-ruhiyyələrinin misilsiz dərəcədə artmasına ciddi təkan verib. Yekunda ABŞ zəruri olaraq başqa dövlətlərin iqtisadi və hərbi güc potensialından asılı olmayaraq onların birgə müqaviməti ilə qarşılaşmalı idi. Təsadüfi deyil ki, məşhur Amerika siyasətçisi Henri Kissincer bununla əlaqədar xəbərdarlıq edərək bildirirdi: “Bərqərar olmuş dünya nizamı və Amerika cəmiyyətinin sabitliyi üçün ən böyük təhdid mənbəyi ABŞ-ın hegemonluğudur”.

Geosiyasət və müasir dünya nizamı

Bu kontekstdə “Geosiyasətə giriş” ikicildliyinin nəşr edilməsi ictimai-siyasi proseslərin təhlili baxımından mühüm hadisədir. Əsərin müəllifi Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri, professor Novruz Məmmədovdur. Bu kitab elmin bir sahəsi kimi geosiyasətin və onun tədqiqat obyektinin - dünyanın geosiyasi strukturunun hərtərəfli öyrənilməsinə həsr edilmiş Azərbaycan dilində ilk nəşrlərdən biridir.

Müəllif öz əsərini müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin nurlu xatirəsinə həsr edib. Regionumuzda yeni geosiyasi şəraitin yaranmasında, Azərbaycanın bütün Qafqazda güc mərkəzinə çevrilməsində Ümummilli liderin rolu, Onun keçən əsrin sonunda və yaşadığımız əsrin başlanğıcında dünyada gedən proseslərə təsiri müstəvisində bu, tamamilə təbiidir.

Novruz Məmmədov ikicildliyə müəllifin ön sözündə yazır: “Cəmiyyətdə inqilabi dəyişikliklər və dünyanın geosiyasi strukturunun radikal transformasiyası geosiyasətin “yenidən kəşf olunmasını” tələb edir”.

Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlərdə geosiyasət mühüm yer tutur: “Ölkənin gələcəyini geosiyasi proqnozlarsız təsəvvür etmək mümkün deyil. Açıq və qapalı cəmiyyətlərin və iqtisadiyyatların mövcudluğu ilə səciyyələnən çoxqütblü dünyada dövlət xadimi geosiyasi təfəkkürə malik olmalıdır”.

Birinci cilddə müasir geosiyasi nəzəriyyələr və məktəblər, o cümlədən, müasir atlantizm, mondializm, yeni avrasiyaçılıq təfərrüatı ilə təhlil edilir, postmodernizm dövrünün geosiyasi təlimlərindən söhbət açılır.

İkinci cild müasir geosiyasi proseslərə həsr edilib. Burada ABŞ-ın, Avropanın, Rusiyanın, Çinin, Hindistanın, Yaponiyanın və müsəlman dövlətlərinin geosiyasətinə xüsusi diqqət yetirilir. Kitabda müasir dünya nizamı, dünyada baş verən əsas geosiyasi hadisələr təhlil edilir, planetin geosiyasi səciyyəsi verilir, geosiyasi güc mərkəzləri və onların münasibətləri, qloballaşan dünyada geosiyasi məsələlərə yeni baxışlar, dövlətlərin öz milli maraqları uğrunda mübarizəsi, inkişafın indiki mərhələsində beynəlxalq təşkilatların və maliyyə təsisatlarının artmaqda olan rolu, bəşəriyyətin qarşılaşdığı təhlükələr və təhdidlər, iqtisadi, siyasi və enerji təhlükəsizliyi məsələləri hərtərəfli araşdırılır.

Beləliklə, “Soyuq müharibə”nin başa çatması keçmiş rəqibləri birləşdirmədi. Qərarlar qəbul edilən mərkəzi Avropanı müxtəlif regional təşkilatlar məkanına çevirmək cəhdləri də nəticə vermədi. Bunun əvəzində, həmin strukturların tribunalarından tələbkar pedaqoqun nəsihətlərini xatırladan çağırışlar və müraciətlər səslənməyə başladı. Faktiki olaraq təcrübə göstərdi ki, əsas vəzifəsi belə vəziyyətləri nizama salmaqdan ibarət olan mövcud təşkilatlardan heç biri yaranmış böhranların və münaqişələrin, o cümlədən, Ukrayna böhranının effektiv həllini tapmaq iqtidarında deyil. NATO-nun öz sərhədlərini genişləndirmək qərarı, həmçinin, Rusiyanın öz şəxsi maraqları üçün təhdidə cavab tədbirləri də Rusiya ilə Qərbin münasibətlərində ciddi problemlərin mənbəyi oldu.

Xarici siyasət və milli maraqlar

Azərbaycan öz xarici siyasətini beynəlxalq hüququn norma və prinsipləri, BMT-nin Nizamnaməsi əsasında həyata keçirir. Azərbaycan dövlətlərarası münasibətlərdə də daim qanunun aliliyi və dövlətlərin öz öhdəliklərinə əməl etməsi prinsipinin tərəfdarıdır. Nəticədə, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir, getdikcə daha çox dövlətlər onunla sıx əməkdaşlıq etmək arzusunu bildirir. 2011-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına seçilərkən ona göstərilmiş dəstək deyilənlərin əyani sübutudur. O vaxt Şərqi Avropa qrupundan bir yerə Avropa İttifaqının üzvü olan iki başqa dövlət də iddia edirdi.

Ermənistanın ölkəmizə qarşı təcavüzünə son qoyulması, Azərbaycan torpaqlarının işğalının nəticələrinin aradan qaldırılması, dövlətin ərazi bütövlüyünün, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa edilməsi, ölkəmizin müstəqilliyinə və suverenliyinə qarşı xarici hücumların və təhdidlərin dəf edilməsi, ikitərəfli və çoxtərəfli əsaslarda əlaqələrin inkişaf etdirilməsi, ticari-iqtisadi əlaqələrin genişlənməsi, enerji və nəqliyyat strategiyasının inkişafının dəstəklənməsi, xalqımızın maddi-mədəni irsinin təbliğ edilməsi və humanitar diplomatiya, xaricdə yaşayan Azərbaycan vətəndaşlarının haqlarının müdafiəsi, diasporla əlaqələr, beynəlxalq sülhə, təhlükəsizliyə və davamlı inkişafa töhfə verilməsi və digər məsələlər əvvəlki kimi yenə də Azərbaycanın xarici siyasətinin prioriteti olaraq qalır.

Azərbaycanın müstəqil xarici siyasətinin prioritetləri Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilib. Bu siyasət, milli maraqlara uyğun olaraq, bərabərhüquqlu münasibətlər, qarşılıqlı-faydalı əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq, şaxələndirmə, çeviklik və şəffaflıq prinsipləri əsasında həyata keçirilir.

“Xarici siyasət: reallıqlar və gələcəyə baxış” kitabının müəllifi - professor Novruz Məmmədov bu əsərində son iki onillik ərzində Azərbaycan Respublikasının xarici siyasətinin təşəkkülü və inkişafı prosesinin, onun şəksiz uğurlarının və gələcək perspektivlərinin dolğun mənzərəsini yaratmışdır. Kitabda Ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış xarici siyasət kursunun qlobal və regional dəyişikliklər kontekstində analizinə xüsusi yer ayrılır.

Novruz Məmmədovun bu əsərinin özəyini yeni dünya nizamına keçid kontekstində Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərinin və prioritetlərinin təhlili təşkil edir. Müəllif tarazlaşdırılmış xarici siyasətin mahiyyətini güclü dövlət quruculuğu ilə regional liderin statusu arasında sıx əlaqə kontekstində tədqiq edir. Bu baxımdan, regional inteqrasiya sistemində Azərbaycanın yeri və rolu araşdırılır. Regionda mövcud münaqişələrin tənzimlənməsi imkanları xarici siyasətin prioritetləri prizmasından nəzərdən keçirilir.

Kitabda çoxsaylı faktlar əsasında inandırıcı şəkildə sübut edilib ki, Heydər Əliyev məhz geosiyasi təfəkkür tərzi və dünya arenasında rəqabət aparan dövlətlərin geostrateji maraqlarının, regionda real qüvvələr nisbətinin nəzərə alınması, “neft amili”ndən rasional istifadə edilməsi sayəsində çox qısa müddət ərzində ölkəni beynəlxalq təcrid vəziyyətindən çıxarmağa, onu ümumdünya inteqrasiya proseslərinə qoşmağa nail oldu. Məhz bu dövrdə Azərbaycan aparıcı və nüfuzlu beynəlxalq strukturlarla (BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və başqaları) münasibətləri qaydaya salıb, dünyanın həm aparıcı, həm də regional dövlətləri ilə, xüsusən də qardaş Türkiyə ilə qarşılıqlı-faydalı siyasi və iqtisadi münasibətlər qurub. Kitabda qonşu ölkələrlə, ilk növbədə, Rusiya və İranla konstruktiv münasibətlərin qaydaya salınması məsələlərinə də xeyli yer ayrılır.

Bu, müəllif tərəfindən çoxlu sayda ilk məxəzlərin, araşdırılan problem üzrə yüzlərlə müasir sənədli və monoqrafik tədqiqatı əhatə edən yerli və xarici elmi ədəbiyyatın, həmçinin, müvafiq İnternet-saytlardan bir sıra analitik materialların yaradıcılıqla öyrənilməsi sayəsində mümkün olub. ABŞ-da və aparıcı Avropa ölkələrində dərc olunmuş, müasir diplomatiya nəzəriyyəsinə və praktikasına, aparıcı beynəlxalq strukturların fəaliyyətinə aid olan, Azərbaycan politologiya elmində ilk dəfə elmi dövriyyəyə daxil edilmiş sənədli materiallar xüsusi maraq doğurur.

Azərbaycan geosiyasi kontekstdə

Novruz Məmmədovun yuxarıda qeyd etdiyimiz “Geosiyasətə giriş” ikicildliyində Azərbaycanın müasir regional geosiyasi kontekstdə təqdim olunduğu fəsil xüsusi maraq doğurur. Burada ölkəmizin müstəqillik illərində keçdiyi yol sistemli şəkildə təhlil edilir, XX əsrin sonu - XXI əsrin başlanğıcında dünyada baş vermiş geosiyasi dəyişikliklər şəraitində Azərbaycan dövlətçiliyinin təşəkkülünün və inkişafının əsas tendensiyaları göstərilir, ölkənin inkişafının başlıca, müəllifin yazdığı kimi, “ilk növbədə, onun milli maraqlarının formalaşması və təmin edilməsi ilə bağlı olan” prioritetlərindən bəhs edilir.

Novruz Məmmədovun “Xarici siyasət: reallıqlar və gələcəyə baxış” adlı digər kitabında müəllif vurğulayır ki, 1991-1993-cü illərdə Azərbaycanın daxili və xarici siyasəti ölkəni parçalanma həddinə çatdırmışdı. Müstəqilliyini yenicə əldə etmiş gənc dövləti bəzi xarici qüvvələr, ümumiyyətlə, dünyanın geosiyasi xəritəsindən silmək niyyətində idilər. Sistemli surətdə həyata keçirilən tədbirlərdən sonra Azərbaycanın xarici siyasətində yüksəliş başladı. Qısa müddətdə Heydər Əliyev bu prosesin dönməzliyini təmin etdi. Azərbaycanın xarici siyasəti qarşısında duran vəzifələrin yerinə yetirilməsi nəticəsində regionda və qlobal miqyasda əsas geosiyasi güclərin maraqlarının tarazlaşdırılması addımbaaddım reallaşır. Hətta Cənubi Qafqazın ən böhranlı dövrlərində belə, Azərbaycan çevik reaksiyalar hesabına həmin tarazlığı qoruyub saxlaya bilib.

Bu gün çoxvektorlu xarici siyasət ölkənin indiki Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə davam etdirilir.

Azərbaycan öz yolu ilə gedir. Bu - ölkənin milli maraqlarının təmin edilməsi və dünya ölkələri ilə münasibətlərin qarşılıqlı maraqlar çərçivəsində qurulması yoludur. Azərbaycan regionda tarazlaşdırılmış, qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq siyasətini seçib.

Dünya oyunçularının ikili standartları

Azərbaycan münasibətləri mehriban qonşuluq, bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri əsasında qurmağa çalışır. Dost ölkələrlə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi, iqtisadi maraqlarımızın, enerji və nəqliyyat strategiyamızın təşviq edilməsi, ölkəmiz haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması, mədəni və humanitar diplomatiyanın inkişaf etdirilməsi, xaricdəki Azərbaycan vətəndaşlarının haqlarının müdafiə edilməsi və Azərbaycan diasporu ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasət fəaliyyətinin mühüm prioritetlərindəndir.

Təəssüf ki, bu gün bir sıra beynəlxalq təşkilatların, həmçinin, ATƏT-in Minsk qrupunu formalaşdırmış aparıcı dövlətlərin ikili standartları, onların münaqişə edən iki tərəfi bərabərləşdirmək cəhdləri, beynəlxalq strukturların mexanizmlərinin natamamlığı iyirmi ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qəti nizamlanması üçün ciddi maneədir. Ölkə daxilində təcavüzkar separatizmlə və Ermənistan tərəfindən təcavüzlə üzləşmiş ölkəmiz dünya “oyunçu”larının ikili yanaşmalarının təsirini öz üzərində hamıdan çox və açıq-aydın hiss edib. Professor Novruz Məmmədovun yuxarıda qeyd etdiyimiz “Geosiyasətə giriş” adlı ikicildliyinin ayrıca bir bölməsi də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geosiyasi aspektlərinə həsr edilib. Bu bölmədə Azərbaycanın təhlükəsizliyinə ən böyük təhdid olan münaqişənin tarixi, onun nizama salınması prosesi haqqında ətraflı söhbət açılır, regionda formalaşan, Azərbaycanın iqtisadi və hərbi gücünün artması, bütün sferalarda onun güclənməsi və Ermənistanın zəifləməsi ilə səciyyələnən yeni geosiyasi vəziyyət təhlil edilir və göstərilir ki, Ermənistan ölkə rəhbərliyinin yürütdüyü siyasətin girovuna getdikcə daha artıq dərəcədə çevrilir.

Bu fonda çoxvektorlu xarici siyasət kursunu reallaşdıran Azərbaycan özünü çoxsaylı təhdidlərdən xeyli dərəcədə qorumağa, ölkədə sabitliyi saxlamağa və dünyanın bir sıra dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurmağa müvəffəq olub.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqaləsində haqlı olaraq qeyd etdiyi kimi, “Bizim üçün dövlət suverenliyinin dəstəklənməsi məsələsi ölkədə sabitliyin saxlanması üçün əsasdır. Lakin özünütəcrid siyasəti bizə yaddır. Azərbaycan heç vaxt özünü dünyadan “Çin səddi” ilə ayırmağa çalışmayıb. Biz ikitərəfli əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu, bizim üçün prioritetdir. Sivilizasiyalı dövlət olan Azərbaycan bütün dövlətlərlə, Avropa Şurası ilə, digər beynəlxalq təşkilatlarla ikitərəfli münasibətləri inkişaf etdirmək arzusundadır. Biz ən yaxşı dünya təşkilatı praktikasını əks etdirən, öz üzvlərini dəstəkləyən Avropa İttifaqına daha yaxın olmağa çalışırıq. Biz istəyirik ki, bu siyasi qurumla münasibətlərimiz praqmatik yanaşmaya əsaslansın, qarşılıqlı maraqları əks etdirsin. Biz dünya xalqlarının maraqlarımıza cavab verən, mentalitetimizə uyğun olan və inkişafımızın sürətlənməsini təmin edən təcrübəsini əxz etməyə çalışırıq və bu niyyətlər konkret əməli addımlarla dəstəklənir”.

Azərbaycanın Ümummilli lideri, ölkənin daxili və xarici siyasəti arasında incə harmoniyanı təmin etmiş Heydər Əliyev 1993-cü ildə, Azərbaycana qarşı təcavüz, müxtəlif tərəflərdən arası kəsilməyən təzyiqlər, ölkə daxilində davam edən qeyri-müəyyənliklər şəraitində ölkənin xarici siyasətinin prioritetlərini müəyyən etdi. Məhz belə mürəkkəb və ziddiyyətli vəziyyətdə, mədəni tutumlu strateji seçim məqamında ölkəyə strateji təfəkkürlə yanaşı, siyasətçi müdrikliyini də özündə birləşdirən rəhbər lazım idi. Ulu öndər Heydər Əliyev ölkə üçün məhz belə rəhbər oldu.

Yeni mərhələnin kandarında

Azərbaycan - Cənubi Qafqazda Rusiya, İran, Türkiyə və Gürcüstanla həmsərhəd olan, eyni zamanda, Xəzər dənizinə və onun vasitəsilə Mərkəzi Asiyaya çıxışı olan yeganə dövlətdir. Əlverişli strateji mövqedə yerləşməsi sayəsində bu gün Azərbaycan - mühüm logistik mərkəzdir, Avrasiya məkanında Qərblə Şərqi, Cənubla Şimalı birləşdirən ənənəvi və yeni kommunikasiya, nəqliyyat və enerji dəhlizləri bu mərkəzdən keçir. Strateji əhəmiyyətli energetika və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin arxitekturasında mühüm yer tutur.

Müasir Azərbaycan regionun hamılıqla qəbul edilən lideridir. Beynəlxalq münasibətlər sistemində Azərbaycan özünü etibarlı tərəfdaş və sərbəst oyunçu kimi tanıdıb. Bu gün dünya siyasətində həm regional, həm də qlobal əhəmiyyətli bütün məsələlərin həllində Azərbaycanın fikri ilə hesablaşırlar. Hazırda Azərbaycan inkişafın yeni mərhələsinin astanasındadır. Ölkə rəhbərliyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf konsepsiyasında strateji hədəf kimi respublikanın statusunu artırmaq, onu regionun iqtisadi lideri olan dövlətdən beynəlxalq iqtisadi əlaqələr sistemində yüksək rəqabətə davamlılığa malik olan iştirakçı səviyyəsinə çatdırmaq vəzifəsini qarşıya qoyub.

Təsadüfi deyil ki, Avropa Rusiya yanacağından asılılığını azaltmaq və öz enerji təhlükəsizliyini möhkəmlətmək məqsədilə “Cənub qaz dəhlizi”ni inkişaf etdirmək niyyətindədir, Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən qaz artıq 2020-ci ilin əvvəlində bu dəhliz vasitəsilə Avropa bazarına daxil olacaq. Bu layihə Azərbaycanın başqa yataqlarından, həmçinin, Mərkəzi Asiyadan və Yaxın Şərqdən hasil edilən qazı da “Cənub qaz dəhlizi” vasitəsilə nəql etməyə imkan yaradacaq.

Çoxvektorluluq texnikası

Şübhə yoxdur ki, Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın strateji əhəmiyyəti, onun regionda aparıcı ölkə statusu, regional infrastruktur layihələrinin həyata keçirilməsi Avropa üçün Azərbaycanın əhəmiyyətini artırıb. Azərbaycan Avropa və qlobal energetika təhlükəsizliyinə öz töhfəsini verib, həmçinin, həyat əhəmiyyətli yeni enerji mənbələrinin təməli qoyulub. Beynəlxalq aləmdə Azərbaycanın mərkəzi və vacib oyunçu kimi, təkcə enerji daşıyıcılarını istehsal və ixrac edən ölkə kimi deyil, həm də mühüm tranzit dövlət kimi imkanları get-gedə genişlənir.

Avropa bazarlarını neft-qaz resursları ilə təchiz edən, Avropa qaz bazarının şaxələndirilməsi layihələrini dəstəkləyən Azərbaycan ölkənin sosial-iqtisadi həyatının modernləşdirilməsinə yönəldilmiş birgə Avropa layihələrini bundan sonra da genişləndirmək əzmindədir.

Lakin müstəqillik illəri boyu Azərbaycan aparıcı dövlətlərin ikili standartları ilə qarşılaşmışdır. “Aydındır ki, belə yanaşmanın kökündə həmin ölkələrin geosiyasi və strateji maraqları dayanır. Məsələn, Birləşmiş Ştatlarda bəzi dairələr hesab edirlər ki, Azərbaycanın ya ümumiyyətlə heç bir dövləti maraqları, milli maraqları olmamalı, ya da həmin maraqlar Vaşinqtonun cızdığı çərçivədən kənara çıxmamalıdır. Onlar hesab edirlər ki, məsələn, Azərbaycan öz təbii resurslarının bölgüsünü və ixracını Vaşinqtonda müəyyən edilmiş qaydada həyata keçirməlidir, Dağlıq Qarabağın taleyi isə Azərbaycanın xaricində hazırlanmış ssenarilər üzrə həll edilməlidir, hətta həmin ssenarilər bizim ölkəmizin milli maraqlarına zidd olsa belə. Bir sözlə, seçim hüququ Azərbaycan xalqına yox, aparıcı xarici dövlətlərin paytaxtlarındakı rejissorlara və ssenaristlərə məxsus olmalıdır. Azərbaycan milli maraqlarımızın və yerli sosial-siyasi həyat tərzimizin zərərinə olaraq, universalist demokratiya prinsiplərini bizə maksimum geniş miqyasda zorla qəbul etdirməyə çalışan avropalı məmurların təzyiqini qəbul etməyəcək”.

Ölkəmiz uzun illər boyu bu cür ittihamlara təmkinlə yanaşır və mümkün olan hər şeyi edirdi ki, “belə haqsız hücumlar strateji tərəfdaşlığa, ikitərəfli və çoxtərəfli səmərəli əməkdaşlığa mane olmasın. Müxtəlif ikitərəfli görüşlərdə, ayrı-ayrı tədbirlər çərçivəsində, istər rəsmi, istərsə də qeyri-rəsmi formatda qaldırılan məsələlərə dair izahatlar verilir, irəli sürülmüş iddiaların əsassızlığı diqqətə çatdırılırdı. Azərbaycan, bir tərəfdən, açıq-aydın göstərib ki, öz strateji seçiminə, vəzifələrinə və öhdəliklərinə sadiqdir, digər tərəfdən də, hamıya nümayiş etdirib ki, müstəqil dövlət kimi, dünya siyasətinin bütün aktorları ilə əlaqələri bərabərhüquqlu əməkdaşlıq çərçivəsində qaydaya salmaq niyyətindədir və heç bir halda onun milli maraqlarına real təhlükə doğuran addımlar atmayacaq”.

Təəssüf ki, bəzi aparıcı KİV-lər də ölkəmizdəki daxili siyasi vəziyyəti, həmçinin, Azərbaycanda baş verən mühüm hadisələri son dərəcədə subyektiv və birtərəfli mövqedən qiymətləndirirlər.

Məsələn, “Euronews” telekanalının informasiya siyasətini obyektiv və qərəzsiz hesab etmək mümkün deyil. Bu telekanal yüz il bundan əvvəl baş vermiş qondarma “erməni soyqırımı” deyilən hadisələr haqqında hər il aprelin 24-də Ermənistandan bir neçə saatlıq reportajlar verir, amma Avropa qitəsinə birbaşa aidiyyəti olan ümumdünya əhəmiyyətli tədbir - Bakıda keçirilmiş birinci Avropa Oyunları barədə susur və praktik olaraq bu tədbiri kadr arxasında qoyur.

Bizim qonaqların, o cümlədən, həmin günlərdə Bakıda olmuş yüksək səviyyəli siyasətçilərin, xarici ictimai xadimlərin ilk Avropa Oyunlarının açılış mərasimi barədə səmimi rəylərini bildirmələri fonunda “Euronews” telekanalının bu mövqeyi dərin təəssüf doğurur, çünki bu, telekanalı nüfuzdan salır, onun əhəmiyyətini azaldır, obyektiv KİV statusundan məhrum edir.

Görünür, Qərbin bəzi aparıcı ölkələrinin Azərbaycanla bağlı nümayiş etdirdikləri subyektivizm, birtərəflilik və riyakarlıq həm də onların ruporu rolunda çıxış edən “Euronews” telekanalının mövqeyi ilə üst-üstə düşür.

Məlumdur ki, xarici siyasətdə çoxvektorluluq texnikası maraqlar balansını idarə etmək və ölkə üçün mühüm, taleyüklü qərarların qəbulu prosesində lazımi məsafə saxlamaq bacarığından ibarətdir. Məsələn, Azərbaycan assosiativ üzvlük və azad ticarət zonası haqqında Avropa İttifaqı ilə sazişin imzalanmasını sürətləndirməyə başlamadı. Bunun ciddi və tutarlı səbəbləri var və Azərbaycan tərəfi bunu dəfələrlə bildirib. Aİ hələ də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməyib. Azərbaycanın hərtərəfli ölçülüb-biçilmiş xarici siyasət kursu Ukraynada yaranmış və Ermənistanda davam edən dramatik sarsıntılardan yan keçməyə kömək etmişdir.

Azərbaycan və dövrün çağırışları

Azərbaycanın xarici siyasətinin çoxvektorlu olması, əslində, bir çox mənada Dağlıq Qarabağın və onun ətrafındakı rayonların işğalı probleminin həlli məsələsi ilə əlaqəlidir. Müvafiq olaraq, beynəlxalq dəstəyin genişlənməsi, regionda Bakının iqtisadi təsirinin artması, inkişafın başqa əhəmiyyətli nəticələrinin meydana çıxması - bütün bunlar işğal edilmiş ərazilərin azad olunması məsələsindən xeyli dərəcədə asılıdır. Ötən illər ərzində Azərbaycanın xarici siyasətinin uğurları onun regionda və bütün dünyada mövqelərini möhkəmlətmişdir. Azərbaycan regional, qlobal təhlükəsizliyin, həmçinin, enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı və sabit tərəfdaş kimi tanınmışdır.

Bütün bu amillər belə güman etməyə əsas verir ki, bu əhəmiyyətli məsələdə tərəfdaş ölkələrin Azərbaycanın ədalətli mövqeyinə göstərdikləri dəstək hesabına Azərbaycan diplomatiya sahəsində əldə etdiyi uğurlarından həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında da istifadə edə bilər. Bu gün Azərbaycan beynəlxalq hüququn suveren və özünəyetərli subyektinə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından aparıcı regional aktora çevrilib. Bunun nəticəsində Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin kimi aparıcı tərəfdaşlar Azərbaycanı dövrün çağırışlarına ciddi reaksiya verən, Avropa ilə Asiya arasında kommunikasiya funksiyasını yerinə yetirən, Cənubi Qafqaz kimi mühüm arealda etibarlılıq zolağı yaradan fəaliyyət qabiliyyətli subyekt kimi qəbul edir.

Regionda Rusiyanın rolu

Öz xarici siyasətində Rusiyanın Cənubi Qafqazda təsirini nəzərə alan Azərbaycan bu ölkə ilə çoxvektorlu münasibətlərin nizamlanmış kompleksinə böyük diqqət və əhəmiyyət verir.

Bununla əlaqədar, professor Novruz Məmmədovun “Xarici siyasət: reallıqlar və gələcəyə baxış” əsərində aparılmış təhlil çox maraqlıdır. Müəllif yazır ki, “Rusiya həm regiona qonşu olan böyük dövlət, həm də qlobal səviyyədə kifayət qədər təsiri olan ölkə qismində Azərbaycanın xarici siyasət kursunda xüsusi yer tutur. Üstəlik, Rusiya coğrafi olaraq məhdud dairədə Qafqaza aid olan ölkədir. Deməli, şimal qonşumuzu xarici siyasətin hər üç səviyyəsində nəzərə almalıyıq”. Bundan əlavə, “bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlərdə ciddi problemlər və gərginlik zonaları yoxdur. Buna görə qarşılıqlı marağın sərhədlərinin daxilində əməkdaşlığın intensivləşdirilməsi üçün yaxşı potensial haqqında danışmaq olar. Bizim aramızda tarixi və mədəni əlaqələr yaranmışdır, bu əlaqələr çərçivəsində iki dövlətin əməkdaşlığı dinamik inkişaf edir. Bizim əlaqələrimiz qarşılıqlı hörmətə və qarşılıqlı sərfəli əməkdaşlığa söykənir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir”.

Terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə Azərbaycanın və Rusiyanın əməkdaşlığı regionda sabitliyin və təhlükəsizliyin təminatına əhəmiyyətli töhfədir.

Humanitar əlaqələr sürətlə genişlənməkdədir. Mədəniyyət və təhsil sahələrini xüsusi qeyd etmək lazımdır. Ölkələrimiz arasında tələbə mübadiləsi genişlənir, qarşılıqlı səfərlərin intensivliyi artır, Azərbaycan mədəniyyəti fəal təbliğ edilir. Bakıda M.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir, Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialının açılması planlaşdırılır. Qeyd etmək lazımdır ki, Azərbaycanda 120 minlik, yəni Cənubi Qafqazda ən böyük rus icması var. Bu icmanın üzvləri Azərbaycanın ləyaqətli vətəndaşlarıdır, onlar ölkəmizin inkişafına böyük töhfə verirlər.

Ölkəmiz regionda gərginliyin azaldılması və mehriban qonşuluq şəraiti yaradılması üçün çox böyük səy göstərir. Azərbaycan iqtisadi, siyasi, sosial və mədəni sferalarda Rusiya ilə qarşılıqlı sərfəli əməkdaşlığın daha da inkişaf etdirilməsinin tərəfdarıdır.

Bir faktı qeyd etmək kifayətdir ki, hazırda iki ölkə arasında münasibətlərin müqavilə-hüquqi bazasına yüzdən çox dövlətlərarası, hökumətlərarası və regionlararası saziş daxildir. Daimi siyasi dialoq aparılır, əlaqələr siyasi, iqtisadi və humanitar əməkdaşlığın bir sıra sahələrini əhatə edir.

Bu gün ikitərəfli əlaqələrimiz strateji əməkdaşlıq çərçivəsində inkişaf edir. Ölkələrimiz iqtisadi islahatların və demokratik dəyişikliklərin həyata keçirilməsində bir-birinə kömək edir. Son illərdə ölkələrimiz arasında siyasi əməkdaşlıq nəzərəçarpacaq dərəcədə fəallaşmışdır.

“Bakı ilə Moskva arasında siyasi münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi heç də o demək deyil ki, biz Rusiyanın bütün inteqrasiya layihələrinin iştirakçısı olmağa hazırıq, çünki hələlik buna ehtiyac yoxdur. Bu, rəsmi Bakının dəqiq ifadə edilmiş mövqeyidir və Kremldə bu, adekvat qəbul edilir. Qarşılıqlı münasibətlərimiz kifayət qədər müxtəlifdir və regional təhlükəsizlik sferası da daxil olmaqla bütün istiqamətlər üzrə əlaqələrimiz inkişaf edir. Deyilənlər onu göstərir ki, Azərbaycanla Rusiya arasında qarşılıqlı etimad prinsipi üstünlük təşkil edir, bu isə, öz növbəsində, ikitərəfli münasibətlərin çox mühüm elementidir”.

Demokratik dəyərləri pozaraq

Rəsmi Bakı dəfələrlə vurğulamışdır ki, o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinin tərəfdarıdır. Azərbaycanın beynəlxalq strukturlarda fəaliyyəti, müxtəlif dövlətlərlə ikitərəfli əlaqələrin inkişafı, ümummilli problemimizin həllinə dəstək axtarışları məhz buna yönəlmişdir. Etiraf etmək lazımdır ki, bu sahədə kifayət qədər sanballı nailiyyətlər əldə edilib. Problemin həllinin hüquqi aspektinin olduğunu hətta bizim opponentlərimiz belə inkar edə bilməzlər. Bu gün BMT, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən, Ermənistanı işğalçı dövlət kimi tanıyan və erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən çıxarılmasını, həmçinin, qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasını tələb edən qərarlar və qətnamələr qəbul etmişlər.

Yaradılmasından 20 ildən artıq vaxt keçən, ABŞ, Fransa və Rusiyanın təmsil olunduğu ATƏT-in Minsk qrupu isə, təəssüf ki, müxtəlif danışıqlar aparmaqdan və bütün məsuliyyəti münaqişə tərəflərinə həvalə etməkdən irəli gedə bilməmişdir.

Məsələn, böyük təəssüf doğurur ki, ABŞ-da Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndəliyi fəaliyyət göstərir. Düzdür, Vaşinqton bildirir ki, həmin nümayəndəlik yalnız qeyri-rəsmi qurumdur, amma bununla belə, tanınmamış “DQR”in başçıları bu ölkədə hər il marafon keçirərək, xeyli vəsait toplayırlar. Birləşmiş Ştatlar Dağlıq Qarabağın separatçı rejiminə on milyonlarla dollar həcmində rəsmi və qeyri-rəsmi yardım göstərən yeganə ölkədir. Yeri gəlmişkən, ABŞ-ın hər il Ermənistana kömək üçün ayırdığı vəsait də öz tərəfdaşı hesab etdiyi Azərbaycan üçün ayırdığı vəsaitdən çoxdur. Bu halda biz aparıcı dövlətlərin paytaxtlarından tez-tez ədalət, beynəlxalq hüquq normaları, demokratik dəyərlər, münaqişənin həllinin kompromisli yollarının axtarılması zərurəti barədə təmtəraqlı bəyanatlar eşidirik. Bir tərəfdən, Ukraynanın separatçı regionlarının rəhbərlərinə, onları dəstəkləyən dövlətə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edilir, digər tərəfdən, Dağlıq Qarabağdakı tanınmamış rejimin başçıları özlərini dövlət qurumunun rəhbərləri kimi qələmə verərək çoxsaylı ölkələrə səfər edirlər. Və beynəlxalq hüququn bütün ümumtanınmış normalarını pozaraq, onları müxtəlif rəsmi səviyyələrdə qəbul edirlər. Özü də elə bir vaxtda ki, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması haqqında elə həmin BMT-nin ən ali strukturunun iyirmi ildən çox bundan əvvəl qəbul etdiyi dörd qətnaməsi hələ də yerinə yetirilmir.

Türkiyə amili: maraqların yaxınlığı, strateji tərəfdaşlıq

Türkiyə amili Azərbaycanın xarici dövlətlərlə qarşılıqlı münasibətlərində mühüm rol oynayır. Bu ölkə özünün bütün fəaliyyəti ilə, beynəlxalq həyatın bir sıra əsas problemləri barədə Azərbaycanın mövqeyini dəstəkləməklə bizim yaxın müttəfiqimiz və tərəfdaşımız olduğunu sübut edib. Ölkələrimiz arasında siyasi əlaqələr müntəzəm əsasda həyata keçirilir, ticarət-iqtisadi əlaqələr fəal inkişaf edir, hərbi quruculuq və müdafiə sahəsində əlaqələr genişlənir.

Rəsmi Ankaranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına yönəldilmiş səyləri, o cümlədən, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində görülmüş tədbirlər də Azərbaycanın maraqlarının Türkiyə tərəfindən tam anlaşıldığını və ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyənin “TRT AVAZ” kanalının İctimai Televiziya ilə ortaq yayımlanan “50 dəqiqə” verilişindəki çıxışında deyib: “...Bu gün dünyada Azərbaycan və Türkiyə kimi bir-birinə yaxın, dostluq, qardaşlıq, strateji tərəfdaşlıq əlaqələri olan iki dövlət tapmaq mümkün deyil”.

Geosiyasət və modernləşmə kursu

Novruz Məmmədov “Xarici siyasət: reallıqlar və gələcəyə baxış” monoqrafiyasında vurğulayır ki, Azərbaycan mədəniyyətlərarası dialoqa xidmət edən tədbirlər keçirərkən, yeni beynəlxalq enerji layihələrini və iqtisadi əməkdaşlıq proqramlarını reallaşdırarkən, bəzi qüvvələr tərəfindən fitnəkar fəaliyyətin güclənməsi halları ilə qarşılaşır. Cəbhə xəttində atəşkəs rejimi pozulur, bir sıra xarici nəşrlərin səhifələrində yalan və təhriflərlə dolu məqalələr dərc edilir, bəzi beynəlxalq strukturlar tərəfindən bizə təzyiq göstərmək cəhdləri olur. Bununla əlaqədar, Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan 90-cı illərdəki ölkə deyil. O, güclü, sülhsevər və zəngin dövlətdir. Azərbaycan, Cənubi Qafqaz regionunun aparıcı dövləti olaraq, bundan sonra da ona həvalə edilmiş missiyanı reallaşdıracaq.

Burada Azərbaycanın xarici siyasət kursunun effektivliyinin daha bir mühüm aspektini qeyd etmək lazımdır. Məsələ burasındadır ki, Cənubi Qafqaz kimi mürəkkəb regionda yalnız Azərbaycan yeni geosiyasi reallıqların çağırışlarını nəzərə alaraq tarazlaşdırılmış siyasi kursun sistemli şəkildə həyata keçirilməsi təcrübəsini nümayiş etdirir. Xarici siyasətin bu aspekti ölkəyə etimad və bunun sayəsində qazanılmış beynəlxalq imic nöqteyi-nəzərindən çox əhəmiyyətlidir.

Bu baxımdan, “Xarici siyasət: reallıqlar və gələcəyə baxış” monoqrafiyasının modernləşmə kursunun mərhələləri ilə Azərbaycanın xarici siyasətinin transformasiyasının sıx əlaqədə təhlil edildiyi bölməsi xüsusi maraq doğurur. Məsələnin bu tərəfi nəzəri cəhətdən prinsipial əhəmiyyət kəsb edir, çünki belə yanaşma geosiyasi amillərin cəmiyyətin modernləşdirilməsinə təsirini müəyyən etməyə imkan verir. Azərbaycan regionda sistemli, ardıcıl və çoxvektorlu xarici siyasət xətti yürüdən nümunəvi dövlətə çevrilib. Bu gün məhz həmin amillər Azərbaycanın xarici siyasət xəttinin uzunmüddətli müvəffəqiyyətinə zəmanət verən və regionda onun sabit mövcudluğuna təminat yaradan bünövrəni təşkil edir.

 

Kamal ADIGÖZƏLOV,

Elsevər ABDULLAYEV

Yeni Azərbaycan .-2015.- 4 iyul.- S. 5-6.