Ordumuzun döyüş
qabiliyyəti artır, maddi-texniki təminat
yaxşılaşır
Prezident İlham
Əliyev: Ordumuz inkişaf
edir, güclənir. Orduda nizam-intizam
artır, aparılan islahatlar öz bəhrəsini verir
Son illərdə bütün parametrlər baxımından dinamik inkişafa nail olan müstəqil Azərbaycanın ən böyük uğurlarından biri də ordu quruculuğu ilə bağlıdır. Ölkəmizin məqsədyönlü və milli maraqlara əsaslanan dövlət siyasətində istənilən döyüş hazırlığını yüksək səviyyədə şərəflə yerinə yetirməyə qadir olan silahlı qüvvələrin yaradılmasına böyük önəm verilir ki, bu da təsadüfi deyil. Təcavüzkar Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ora bitişik 7 rayonunu işğal altında saxlayır. Bu işğal nəticəsində 1 milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin düşüb.
Azərbaycan sülh danışıqları nəticə verməyəcəyi təqdirdə ölkənin ərazi bütövlüyünü məhz öz güclü ordusunun sayəsində təmin etmək əzmindədir. Buna görə də güclü ordu quruculuğu Azərbaycanın prioritet hədəfidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Qaradağ rayonunda Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və “N” saylı hərbi hissənin açılışında söylədiyi nitqində ordu quruculuğunun bundan sonra da Azərbaycanın dövlət siyasətinin mühüm istiqaməti olacağını bir daha nəzərə çatdıraraq vurğulayıb: “Ordu quruculuğu bizim üçün prioritet məsələdir və bu, gələcəkdə də belə olacaq. Nəzərə alsaq ki, biz müharibə şəraitində yaşayırıq, əlbəttə, bu, belə də olmalıdır”.
Güclü ordu Azərbaycanın qüdrətini göstərir
Məlum olduğu kimi, Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində son illərdə Azərbaycan Silahlı Qüvvələri əsaslı inkişaf yolu keçib, döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə artıb. Ordumuzun arsenalında olan ən müasir tanklar, artilleriya qurğuları, döyüş təyyarələri və digər texnikalar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Hazırda Azərbaycan Cənubi Qafqazın ən güclü, dünyanın ən nizami ordularından birinə malikdir. Ölkəmizdə ordu quruculuğu prosesinin uğurla getməsindən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Ordumuz inkişaf edir, güclənir. Orduda nizam-intizam artır, aparılan islahatlar öz bəhrəsini verir. Ordumuzun döyüş qabiliyyəti artır, maddi-texniki təminat yaxşılaşır”.
Onu da vurğulayaq ki, Azərbaycanın dövlət büdcəsində ən böyük xərclər məhz ordu quruculuğu üçün nəzərdə tutulub. Son 11 ildə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər 20 dəfədən çox artıb. Müqayisə üçün deyək ki, Azərbaycanda orduya ayrılan xərclər Ermənistanın dövlət büdcəsini düz iki dəfə üstələyir.
Bu ərəfədə Hərbi Dəniz Qüvvələrinin yeni bazasının istifadəyə verilməsi isə ölkəmizin Silahlı Qüvvələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan növbəti addımdır. Bazada yaradılan komanda məntəqəsi Hərbi Dəniz Qüvvələrinin idarə olunmasını həyata keçirir, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda suüstü şəraitə nəzarət etməyə hərtərəfli imkan verir. Məntəqədə suüstü şərait haqqında operativ məlumatlar Hərbi Dəniz Qüvvələrinə məxsus sahil və ada radio-texniki postlarda yerləşən radiolokasiya stansiyaları vasitəsilə alınır. Aşkar edilən bütün hədəflər real vaxt rejimində monitorlarda əks olunur. Xəzər dənizinin Azərbaycana məxsus sektorunda suüstü şəraitlə bağlı Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsindən və Dövlət Dəniz Administrasiyasından alınan məlumatlar da Hərbi Dəniz Qüvvələrinin komanda məntəqəsində toplanır, təhlil olunur və müvafiq qərar qəbul edilir. Burada ən müasir texnoloji yeniliklərə əsaslanan avadanlığın quraşdırılması məntəqənin işini yüksək səviyyədə qurmağa imkan verir. Yeni bazanın son illərdə Azərbaycanda yaradılan ən böyük hərbi obyektlərdən biri olduğuna diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb ki, bu hadisə ölkəmizin gücünü, qüdrətini göstərir.
Ölkədə hərbi-sənaye kompleksinin qurulması ordunun təchizatında əvəzolunmaz haldır
Son illərdə Azərbaycanda müdafiə sənayesinin inkişaf etdirilməsi də ölkəmizdə ordu quruculuğuna göstərilən diqqətin bariz ifadəsidir. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılması ölkəmizdə güclü hərbi-sənaye kompleksinin formalaşmasında mühüm rol oynayıb. Bununla bağlı məmnunluğunu ifadə edən Prezident, Ali Baş Komandan İlham Əliyev vurğulayıb: “Bu gün Azərbaycanda minə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir və bu da ordumuzun təchizatı üçün əvəzolunmaz haldır”.
Artıq ölkəmizdə hərbi-sənaye kompleksinə aid “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk”, “Üfüq” kimi müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalata tətbiq olunur. Qeyd edək ki, 2005-ci ildən bəri ölkənin hərbi-sənaye kompleksində istehsal olunan hərbi təyinatlı məhsulların çeşidi 900-ə çatdırılıb və bu da son hədd deyil. Artıq ordumuzun müxtəlif döyüş texnikalarına olan tələbatının xeyli hissəsi daxili istehsal hesabına təmin edilir.
Sevindirici haldır ki, Azərbaycanın hərbi-sənaye kompleksində buraxılan müxtəlif növ döyüş texnikası ordumuzun tələbatını ödəməklə yanaşı, həm də xarici bazarlara çıxarılır. Beynəlxalq sərgilərdə ölkəmizdə hazırlanan hərbi təyinatlı məhsullara marağın getdikcə artması Azərbaycanın hərbi-sənaye kompleksinin geniş rəqabət imkanlarına malik olmasının təsdiqidir. İlk dəfə beynəlxalq sərgilərə cəmi 27 adda məhsulla qatılan MSN Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən “İDEX-2015” beynəlxalq müdafiə sərgisində 180-dək müxtəlif növ döyüş texnikası ilə çıxış edib. Burada nümayiş etdirilən məmulatlardan “Yırtıcı”, “Yalquzaq”, “İstiqlal”, “Mübariz” snayper tüfəngləri, “Şimşək-10” hücum pulemyotu, NATO standartlarına uyğun 5,56x45 çaplı avtomat silah, digər döyüş sursatları sərgidə təmsil olunan və qonaq qismində qatılan ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb. 2014-cü il sentyabrın 11-13-də isə Azərbaycan “ADEX-2014” sərgisinə ev sahibliyi edib. Uğurla keçən sərgi Azərbaycanın müdafiə sənayesinin bütün dünyada artan nüfuzunun daha bir təsdiqinə çevrildi.
Azərbaycanlılar öz tarixi torpaqlarına mütləq qayıdacaqlar
Məlumdur ki, BMT Təhlükəsizlik Şurası Ermənistan ordusunun Azərbaycan ərazilərindən qeyd-şərtsiz geri çəkilməsini tələb edən 4 qətnamə qəbul edib. Bundan başqa, digər beynəlxalq təşkilatlar da ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul ediblər. Bu gün dünyanın heç bir ölkəsi Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır. Beynəlxalq təşkilatların qərarları münaqişənin həlli üçün hüquqi baza yaradır. Bu hüquqi baza, eyni zamanda, tarixi ədalətə əsaslanır. Dağlıq Qarabağdakı və işğal altındakı digər ərazilərdəki maddi-mənəvi mədəniyyət nümunələri, toponimlər, adət-ənənələr, İslamaqədərki və ondan sonrakı dövrlərə aid dini abidələr bu yerlərin aborogen sakinlərinin məhz azərbaycanlılar olduğunu, ermənilərin isə bu ərazilərdə sonradan məqsədli şəkildə məskunlaşdırıldıqlarını təsdiqləyir. Prezident İlham Əliyev Azərbaycan xalqının öz tarixi torpaqlarına güclü mənəvi bağlılığını xatırladaraq bildirib: “İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq”.
Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyünün təmin olunmasının Azərbaycan üçün prinsipial məsələ olduğunu xüsusi vurğulayıb: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur, nə Azərbaycan xalqı, nə də Azərbaycan dövləti heç bir başqa varianta razı ola bilməz”.
Əlbəttə, hazırda dünyada güc amilinin mühüm rol oynadığını, ikili standartların hökm sürdüyünü də yaddan çıxartmaq olmaz. Məhz ikili standartların nəticəsidir ki, ayrı-ayrı beynəlxalq təşkilatlar münaqişənin həllində prinsipial mövqe nümayiş etdirmirlər və işğalçılıq siyasəti həyata keçirən Ermənistan özünü cəzasız hiss edir. Belə olan halda Azərbaycan yalnız öz gücünə arxalanır. Heç bir kənar qüvvənin Azərbaycan xalqının iradəsinə təsir göstərə bilmədiyini nəzərə çatdıran Prezident İlham Əliyev bildirib: “Biz real vəziyyəti çox düzgün təhlil edərək bir daha qərara gəlirik ki, yalnız iqtisadi gücümüzə, hərbi gücümüzə, Azərbaycan xalqının istedadına arxalanmalıyıq”.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan .-2015.- 7 iyul.- S. 2.