Birinci Avropa Oyunları Azərbaycanın güclü idman ölkəsi olduğunu bir daha sübut etdi

 

Firdovsi Umudov: Dövlətin idmançılarımıza göstərdiyi diqqət və qayğı bizi yeni-yeni qələbələrə ruhlandırır

 

...Çiyinlərində, əllərində dövlətin üçrəngli bayrağını tutmuş özü ağırlığında qalib idmançı ilə səhnədə dövrə vuran məşqçini Avropa, eləcə , dünya idman ictimaiyyəti hələ uzun müddət xatırlayacaq. Axı dövlətçiliyə, dövlətə sədaqət hissi hər xalqda bu qədər yüksək olmur! Bəlkə də, elə bunun nəticəsi idi ki, tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarında Azərbaycan idmançıları möhtəşəm qələbə qazandılar. Medalların sayına görə Avropanın inkişaf etmiş ölkələrini geridə qoyaraq, Rusiyadan sonra ikinci oldular. İdmançılarımız bu mötəbər turniri 21 qızıl, 15 gümüş və 20 bürünc medalla başa vurdular. Bu medalların təqribən üçdəbiri isə pəhləvanlarımızın payına düşdü. Onlar 6-sı qızıl, 2-si gümüş, 7-si bürünc olmaqla 15 medal qazandılar. Qazanılan bu qələbənin arxasında, sözsüz ki, idmançılarla yanaşı, onların məşqçilərinin də böyük zəhməti, fədakar əməyi durur. Odur ki, iyunun 29-da milli komandamızın nümayəndələrini qəbul edən dövlət başçısı İlham Əliyev birinci Avropa Oyunlarında sərbəst güləşçilərimizin uğurlu çıxışına görə yığma komandamızın böyük məşqçisi, “Şöhrət” ordenli Firdovsi Umudovu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdi. Onunla söhbətimizə də elə buradan başladıq.

- Firdovsi müəllim, dövlət başçısından belə yüksək mükafat alarkən hansı hissləri keçirdiniz?

- Düzü, əməyimin dövlət başçısı tərəfindən belə yüksək qiymətləndiriləcəyini gözləmirdim. Hətta yarışlar bitəndən dərhal sonra biz təlim-məşq toplanışında iştirak etmək üçün Türkiyəyə yollanmışdıq. Bu xəbəri eşitmək mənim üçün də gözlənilməz oldu. Təbii ki, dövlət başçısı tərəfindən əməyimizin belə yüksək qiymətləndirilməsi bizim üçün böyük şərəfdir. Və möhtərəm Prezidentimizdən fəxri mükafatı alarkən keçirdiyim hisslər, bu anları yaşamaq ömrümün ən unudulmaz, ən yaddaqalan səhifələridir. Çünki müsahibələrimdə dəfələrlə demişəm ki, biz idmançılar Vətənin əsgərləriyik. Biz hər an vətənimizin, Prezidentimizin adını uca tutmağa, dövlətimizin bayrağını yüksəltməyə borcluyuqbuna hər zaman hazırıq. Qəlbində Vətən sevgisi, Vətənə məhəbbət hissi olmayan idmançıdan elə də yüksək nəticə gözləmək olmaz. Odur ki, biz məşqlər zamanı, ilk növbədə, idmançılarımıza bu hissləri aşılayırıq. İdmanda udmaq da olar, uduzmaq da. Amma əgər səndə Vətən sevgisi yüksəkdirsə, damarlarında millətinin qanı axırsa, qələbə qazanmaq üçün döşək üzərində canını belə qoymağa hazır olacaqsan. Və çox şükürlər olsun ki, bizim idmançılarda bu hisslər çox yüksəkdir.

- Yəqin ki, elə məşqçilərdə də. Çünki Oyunları seyr edərkən elə təsəvvür yaranırdı ki, yarışlar zamanı sanki o 6 dəqiqənin hər saniyəsini yetirmənizlə birgə yaşayırdınız...

- Bilirsiz, idmançı döşək üzərinə çıxarkən yalnız rəqibinə hansı fəndi işlədəcəyi barədə düşünür. Amma məşqçi kiçik zaman müddətində, hətta deyərdim ki, mikrosaniyələr ərzində həm rəqib idmançının işlədəcəyi növbəti fəndi qabaqcadan təxmin etməli, onun qüvvəsini qiymətləndirməli, eyni zamanda, səhvlərini analiz etməli, həm də yetirməsini düzgün taktiki gedişlərlə istiqamətləndirməlidir. Əgər idmançı yarış boyunca məşqçini eşidirsə, - o, buna həm də borcludur, - onun tövsiyələrinə əməl edirsə, mütləq qələbə əldə olunur. Odur ki, yarışlar böyunca məşqçi idmançıdan ikiqat həyəcan keçirməli olur.

- Firdovsi müəllim, bu suala səmimi cavab vermənizi istərdim. Toğrul Əsgərovu London Olimpiya Oyunlarında görmüşdük. O həm də çəki etibarilə nisbətən yüngüldür. Heç Xetaq Qazyumovu başınız üzərinə qaldırmağı məşq etmişdinizmi? Axı o da təqribən sizin ağırlığınızdadır...

- (Gülür). Bilirsiz, bu, içdən gələn bir hissdir, daxili bir enerjidir, bir istəkdir. O, bəlkə də, sevinc anlarında daxildən gələn sehrli bir qüvvədir, əlavə bir gücdür. Bəlkə də, o anlarda qələbəni, sevincini xalqınla, Prezidentinlə bölüşmək istədiyindən belə bir enerjiyə malik olursan - bilmirəm. Amma, Londonda olduğu kimi, burada da yarışlar öncəsi bütün idmançılara söyləmişdim ki, hansınız qızıl medal qazansanız, - ən ağır çəkilisi belə, - onu çiynimdə daşıyacağam. Sözümütutdum. Bilirsiz, burada bir haşiyə çıxmaq istərdim. Bizim, demək olar ki, bütün yarışlarımızı hörmətli Prezidentimiz İlham Əliyev Öz ailə üzvləri ilə birlikdə izləyirdi. Bu amil özü belə həm idmançılarımıza, həm də biz məşqçilərə əlavə stimul verirdi, bizi qələbəyə ruhlandırırdı, məsuliyyətimizi ikiqat artırırdı. Qazanılan hər qələbəni Prezident İlham Əliyevin, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ayaq üstə, sevinclə qarşılamaları idmançılar üçün böyük şərəf və fəxr idi. Odur ki, bizöz qələbə sevinclərimizi Prezidentimizlə, xalqımızla müxtəlif şəkildə bölüşməyi özümüzə borc bilirdik.

- Əslində, sərbəst güləş üzrə milli komandamızın uzvləri çıxış etdikləri bütün 8 çəki dərəcəsində mükafata layiq yerlər qazandılar - 2 qızıl və 4 bürünc medal, eləcə də, 2 beşinci yer. Qarşıda isə növbəti Yay Olimpiya Oyunları gəlir. Uğurlarımızın davamı olacaqmı?

- İdmançılarımız gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək üçün, ilk növbədə, lisenziyalar qazanmalıdırlar. Bildiyiniz kimi, ilk Avropa Oyunları ilə əlaqədar olaraq bu il güləş üzrə Avropa çempionatı keçirilmədi, sentyabrın 7-12-də isə Las-Veqas (Nevada ştatı, ABŞ) şəhərində Dünya çempionatı keçiriləcək. Biz bu yarışa ciddi hazırlaşırıq. Doğrudur, Olimpiya Oyunlarında güləş yalnız 6 çəki (57, 65, 74, 86, 96, 125 kq) dərəcəsində təmsil olunur. Qeyd etmək istərdim ki, Dünya çempionatında ilk 5-likdə qərarlaşan idmançılar Yay Olimpiya Oyunlarına vəsiqə əldə edirlər. Buna baxmayaraq, biz Dünya çempionatında bütün 8 çəki dərəcəsində maksimum nəticə göstərib, Vətənə medallarla dönməyi qarşımıza məqsəd qoymuşuq. Yeri gəlmişkən xatırladım ki, ilk cəhddə vəsiqə qazana bilməyən ölkələr və idmançıların qitə və dünya təsnifat turnirlərində də mübarizə aparmaq şansı olacaq. Azərbaycan güləşçiləri üçün bu yarışlar 2016-cı ilin 15-17 aprelində Serbiyanın Zrenyanin şəhərində keçiriləcək Avropa təsnifat turniri, eləcə də, 22-24 aprel tarixində Monqolustanın Ulan-Bator şəhərində keçiriləcək birinci dünya təsnifat turniri və 6-8 mayda Türkiyənin İstanbul şəhərində keçiriləcək sonuncu dünya təsnifat turniri olacaq. Bir sözlə, məqsədimiz “Rio-2016”dan Vətənə Olimpiya medalları ilə qayıtmaqdır. Bunun üçün idmançılarımızın kifayət qədər potensialı var. İnşallah, Bakıdakı nəticəni orda da təkrarlayarıq. Çünki, dövlətin idmançılarımıza göstərdiyi diqqət və qayğı bizi yeni-yeni qələbələrə ruhlandırır. Fürsətdən istifadə edərək yarışlara hazırlıq prosesində bizə göstərilən dəstəyə, diqqət və qayğıya görə başda möhtərəm Prezidentimiz İlham Əliyev olmaqla Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.

- Beynəlxalq yarışlarda nəticə qazanmaq üçün idmançıların təkcə fiziki deyil, psixoloji durumu da çox önəmlidir. Birinci Avropa Oyunlarında doğma divarlar arasında qazanılan qələbə idmançılarımızı arxayınlaşdırmayacaq ki?

- Bu suala birbaşa cavab vermədən öncə onu vurğulayım ki, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi bir azərbaycanlı kimi bizi çox sevindirdi. Elə bizim ilk qələbəmiz onda oldu ki, birinci Avropa Oyunları Azərbaycanda keçirildi. Bu, bir məşqçi kimi mənim də, yığma komandanın da məsuliyyətini artırırdı. Dəfələrlə AvropaDünya çempionatlarında da iştirak etməyimizə baxmayaraq, birinci Avropa Oyunları bizim üçün çox vacib yarış idi. Bu mötəbər turnirə çox ciddi hazırlaşdıq. Məqsədimiz Oyunlarda maksimum nəticə qazanmaq idi. Şükürlər olsun ki, onu da qazandıq. Düşünürəm ki, Avropa Oyunlarındakı bu nəticə bizim idmançılarımızda böyük ruh yüksəkliyi yaratdı. Bu cür mötəbər turnirlərdə qələbə qazanmaq, nəticə vermək əhəmiyyətlidir. Hər bir yarışın özü növbəti turnirlərə bir motivasiya xarakteri daşıyır. Bu baxımdan hədəfimiz sentyabr ayında keçiriləcək Dünya çempionatında maksimum nəticə əldə etmək - Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Və gələn il Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında xalqımızı qələbələrlə sevindirməkdir - dövlət bayrağımızı Olimp zirvəsinə yüksəltməkdir.

Eyni zamanda, məqsədimiz cənab Prezident İlham Əliyevin bizə göstərdiyi etimadı layiqincə doğrultmaqdır. Doğrudur, Avropa Oyunlarında biz daha böyük uğurlar əldə edə bilərdik. Lakin bu, idmandır, qələbə də olur, məğlubiyyət də. İndi biz Oyunlarda idmançılarımızın buraxdıqları səhvlər üzərində çalışır, videoyazıları birgə təhlil edir, lazımi göstərişləri veririk. Yeri gəlmişkən, xatırladım ki, birinci Avropa Oyunlarında digər qitələrdən - Amerika, Asiya, Afrika qitəsi ölkələrinin güləş federasiyalarının rəhbərləri, mütəxəssisləri, məşqçiləri də tamaşaçı qismində iştirak edirdilər, özlərinin gələcək rəqiblərinin oyunlarını izləyirdilər, videolentə alırdılar. Düşünürəm ki, Dünya çempionatınadək idmançıların həm fiziki, həm psixoloji cəhətdən hazırlığı yüksək olacaqbiz Vətənimizi yarışlarda layiqincə təmsil edə biləcək, Azərbaycanın güclü idman ölkəsi - güləşin paytaxtı olduğunu qələbələrimizlə bir daha təsdiq edəcəyik.

 

Səlim Loğmanoğlu

Yeni Azərbaycan .-2015.- 7 iyul.- S. 2.