Azərbaycana qarşı təzyiq
kampaniyası: təşkilatçılar, səbəblər
və nəticələr
Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursu ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafı və təhlükəsizliyinə əsaslı töhfələr verir.
Regional güc mərkəzi və suveren dövlət olan Azərbaycan dünyaya yeni müstəqil xarici siyasət modeli təqdim edib
Əlbəttə, müstəqil iqtisadi siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında mühüm rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli amillər qismində çıxış edir. Təsadüfi deyil ki, son illərdə həyata keçirilən praqmatik xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində bir sıra əhəmiyyətli uğurlar əldə etməsi də ölkəmizin beynəlxalq nüfuzunun artmasına və xarici əlaqələrinin əhatə dairəsinin genişlənməsinə təkan verən mühüm amil oldu. Eyni zamanda, iki və çoxtərəfli səmərəli əməkdaşlığa töhfə verən xarici siyasət kursu yürüdən Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır. Ölkəmizdə dünyamiqyaslı mötəbər tədbirlərin keçirilməsi, burada qlobal siyasi atmosferə təsir imkanlarına malik elita tərəfindən taleyüklü məsələlərin aktiv müzakirəyə çıxarılması və digər bu kimi nümunələr xüsusilə vurğulanmalıdır.
Azərbaycanın geosiyasi mövqeyini möhkəmləndirən amillərdən biri də həyata keçirilən çoxşaxəli enerji siyasətidir. Bu siyasət yeni əməkdaşlıq platforması müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə töhfələr verir.
Ümumiyyətlə, regionda və coğrafi anlamda daha geniş məkanı ehtiva edən arealda baş verən son mürəkkəb geosiyasi hadisələrin nəticələri bir daha göstərdi ki, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın maraq və mənafelərinə cavab verməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Nəticə etibarilə, əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, gələcək üçün zəmin rolunu oynayır. Bir sözlə, regional güc mərkəzi və suveren dövlət olan Azərbaycan dünyaya yeni müstəqil xarici siyasət modeli təqdim edib.
Amma bütün bunlara baxmayaraq, son vaxtlar bəzi ölkələrin siyasi dairələri cidd-cəhdlə müstəqil Azərbaycanın inamla və ləyaqətlə həyata keçirdiyi daxili və xarici siyasət kursuna müdaxilə etməyə çalışırlar. Bu baxımdan, özünü büruzə verən əsas tendensiya Azərbaycanın yürütdüyü müstəqil siyasət kursunu məhdudlaşdırmaq, öz milli maraqlarının müdafiəsinə xidmət edən manevr imkanlarını azaltmaqdır.
Hər hansı bir güc mərkəzindən asılı olmayan, milli mənafelərin təminatını əsas prinsip olaraq qəbul edən Azərbaycan dövlətinin suveren siyasi iradəsi onu tələb edir ki, ölkələrarası münasibətlər sırf bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət əsasında davam və inkişaf etdirilsin. Yəni istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya məkanında cərəyan edən hadisələr Azərbaycanın öz siyasətini beynəlxalq hüquq normaları əsasında davam etdirdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında xüsusi rol oynadığını sübuta yetirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində qeyd etdiyi kimi, dünyada yaşayan bütün azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, bu gün qüdrətli, müstəqil Azərbaycan dövləti vardır: “Müstəqillik bizim üçün ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. Biz 23 ildir ki, müstəqilik və müstəqil siyasət aparırıq. Milli maraqlar, milli dəyərlər üzərində qurulmuş bu müstəqil siyasət bugünkü Azərbaycan reallıqlarını təmin edir”.
Bütövlükdə isə, beynəlxalq münasibətlər sistemində müasir Azərbaycanın həqiqi mənada müstəqil siyasətinin təqdir olunmasının nəticəsidir ki, 2011-ci ildə Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi, Şuraya 2 dəfə uğurla sədrlik etdi. Həmçinin, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik müddətini də müvəffəqiyyətlə başa vurması ölkəmizin artan siyasi nüfuzunun və həyata keçirdiyi müstəqil siyasətin daha bir bariz nümunəsidir.
Azərbaycanın prinsipial mövqeyi və anti-Azərbaycan dairələrin təzyiq kampaniyası: geosiyasi reallıqlar kontekstində
Məlum olduğu kimi, Azərbaycan öz xarici siyasət kursunda bir nömrəli məsələ olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsində qətiyyətli mövqe nümayiş etdirir və bu, bəzi Qərb ölkələri tərəfindən qısqanclıqla qarşılanır. Xüsusilə də, həmin ölkələrin əlində alət olan, forpost kimi çıxış edən təcavüzkar Ermənistanın dağıdıcı mövqeyini müdafiə edən bu qüvvələr Azərbaycanın qeyd-şərtsiz ərazi bütövlüyünün təmin olunması məsələsində prinsipial mövqeyindən geri çəkilməsinə nail olmaq istəyirlər.
Ümumiyyətlə, Azərbaycanın bu məsələdə qəti mövqeyini anlamaq üçün o qədər də dərin siyasi biliklərə malik olmaq lazım deyil. Qeyd etdiyimiz kimi, müəyyən olunmuş hədəflər və prioritetlər əsasında reallaşdırılan xarici siyasət kursunun ən başlıca istiqamətlərindən birini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi təşkil edir. Bu səbəbdən Azərbaycan diplomatik müstəvidə özünün bütün resurslarından istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Ermənistanın qeyri-konstruktiv mövqeyinə və bir sıra aparıcı dövlətlərin münaqişəyə ikili standartlarla yanaşmasına baxmayaraq, Azərbaycan istər diplomatik, istərsə də iqtisadi vasitələrlə işğalçıya qarşı ədalətli olaraq təzyiq siyasətini davam etdirir. Sözsüz ki, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində görülən işlərin uğurlu nəticəsi, Ermənistanın regiondakı bütün layihələrdən kənarda qalması və onun daxilindəki sosial və iqtisadi böhranların dərinləşməsi Azərbaycanın işğalçını bütün sferalarda təcrid etmək siyasətinin nailiyyətləri kimi səciyyələndirilə bilər.
Bundan başqa, informasiya müharibəsində də əhəmiyyətli uğurlar əldə edildiyi göz önündədir. Bu baxımdan onu da qeyd etmək lazımdır ki, müasir dövrdə Azərbaycan Respublikasının xarici əlaqələrində mühüm istiqamətlərdən birini ölkəmizin Ermənistanın hərbi təcavüzünə məruz qalması gerçəkliyi və onun nəticələri, konfliktin regionun stabil gələcəyinə mənfi təsiri barədə obyektiv informasiyanın müxtəlif dövlətlərə və beynəlxalq qurumlara çatdırılması siyasəti təşkil edir. AŞ PA, İƏT, ATƏT, BMT və digər qurumlar tərəfindən Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının zəruriliyini göstərən qərar və qətnamələr belə nümunələrdir.
Bu məsələdə Azərbaycanın özünün BMT Təhlükəsizlik Şurasındakı (TŞ) mövqeyindən də yararlanmasını xüsusi qeyd etmək lazımdır. 2011-ci il may ayının 4-də Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə BMT TŞ-nin yüksək səviyyəli iclasında Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparılıb. Tədbirdəki çıxışında Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı yeritdiyi dövlət terrorçuluğu siyasətini ən yüksək kürsüdən dünya birliyinin diqqətinə çatdırıb.
Beləliklə, ölkəmizin uğurlu diplomatiyasının və diaspor siyasətinin sayəsində bu gün Azərbaycan həqiqətləri dünyada inamla təbliğ olunur, informasiya məkanında üstünlüyü ələ alan ölkəmiz işğalçı Ermənistanın və xüsusilə erməni lobbisinin əleyhimizə yönəltdiyi dezinformasiyanı və “qara piar” kampaniyasını iflasa uğradır. Bu isə qondarma “erməni soyqırımı” məsələsindən, eləcə də, Ermənistandan və ermənilərdən hər zaman rıçaq kimi istifadə etməyə alışmış həmin qüvvələri ciddi şəkildə əndişələndirir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində, ələlxüsus heç bir vəchlə bir qarış da olsun torpağından əl çəkməmək prinsipial mövqeyini qəbul etməyən bəzi siyasi və hərbi dairələr bu vasitələrdən, yəni “erməni kartı”ndan yetərincə istifadə edə bilmədiklərinə görə isterikaya qapılaraq Azərbaycana münasibətdə müxtəlif dağıdıcı planlar reallaşdırmağa çalışırlar.
Avropanın müxtəlif institusional strukturları təzyiq qrupları rolunda: ikili standart nümunələri, hədəflər və məqsədlər
Eyni zamanda, anti-Azərbaycan dairələr Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir güzəştə getməyən, qətiyyətli mövqe nümayiş etdirən Azərbaycana təzyiq kampaniyasını müxtəlif beynəlxalq strukturlarda “siyasi şou”lar təşkil etməklə də aparırlar. Bununla bağlı bir neçə məqama nəzər yetirmək lazımdır.
Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iyunun 23-də keçirilən yay sessiyasında qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri tərəfindən “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı ədalətsiz, subyektiv mülahizələrə söykənən qətnamə müzakirəyə çıxarıldı. Bu sənəd Monitorinq Komitəsinin həmməruzəçiləri tərəfindən hazırlanmış hesabat əsasında tərtib edilmişdi. Hesabat Azərbaycanda bu ilin payızında keçiriləcək parlament seçkilərindən öncə ölkədəki “demokratik təsisatların fəaliyyətinin öyrənilməsi” və AŞ PA-nın 2013-cü ildə Azərbaycan üzrə qəbul etdiyi tövsiyələrinin yerinə yetirilməsi ilə əlaqədar hazırlanmışdı. Məsələ ondadır ki, qətnaməyə düzəliş üçün edilən təkliflər olduqca diqqətçəkən və bir o qədər də paradoksal idi. Xüsusilə də, qətnamədə məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olan hissədə mahiyyətin köklü təhrif edilməsi ilə bağlı düzəliş təklif olundu. Qeyd etmək lazımdır ki, Azərbaycan üzrə AŞ PA-nın əvvəlki analoji qətnamələrində “Assambleya Azərbaycanın xarici siyasi gündəminin böyük əksəriyyətinə hakim olan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə tam məlumatlıdır” ifadəsi öz əksini tapsa da, budəfəki qətnamədə “Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və yeddi rayon ifadələri” çıxarıldı, bu, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi ilə əvəzləndi. Əlbəttə, bu, təsadüfi xarakter daşımırdı və Azərbaycana qarşı təzyiq kampaniyasının struktur elementi idi. Əsas maraq doğuran məqam isə bu dəyişikliyin edilməsi barədə AŞ PA Monitorinq Komitəsi qarşısında təkliflə çıxış edənlərin kimliyidir: Peter Omtzigt, Mailis Reps, Bernar Paskye, Andreas Qross, Röne Ruke və erməni deputat Arpin Hovannisyan.
Bu qurumda baş verən məlum proseslərin və cəhdlərin mahiyyətini üzə çıxarmaq üçün adları çəkilən bu şəxslərlə bağlı bir sıra nüanslara xüsusi diqqət yetirmək lazımdır. Andreas Qross, Röne Ruke, Peter Omtzigtin və erməni Arpin Hovannisyanın adlarının bu siyahıda olması heç də təəccüblü deyil. Andreas Qross Azərbaycanın Avropa Şurasına üzvlüyünün ilk illərində qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi olub. Elə həmin dönəmdə Azərbaycandan çox Ermənistanın və ermənilərin mövqeyini müdafiə edən Qross islamofob mövqeyi ilə də daim seçilib. Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edildiyini bilən, hadisə və proseslərdən yaxşı agah olan bir şəxsin belə mövqedə olması, əlbəttə ki, gözləniləndir.
Təklif müəlliflərindən olan Peter Omtzigt də islamofobiyanın ideoloji fiqurlarından, yəni təbliğatçı-əlaqələndirici şəxslərindən biridir. Hollandiyada “Xristian-Demokrat Müraciəti” Partiyasının üzvü olan bu şəxsin anti-Azərbaycan mövqedə durması ona verilən direktivlərin tərkib hissəsidir.
Azərbaycanın işğal altında olan torpaqlarına rəsmi Bakının icazəsi olmadan səfər edən Röne Ruke isə ölkəmizin ərazi bütövlüyünü qəbul etməyən, onu şübhə altına alan şəxs kimi tanınır.
O da qeyd edilməlidir ki, AŞ PA-nın bu cür davranışı Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinə, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər beynəlxalq təsisatların, eləcə də AŞ PA-nın sənədlərinə və bu il iyunun 16-da Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” (13216/05 saylı iddia) işi üzrə qərarı ilə bilavasitə ziddiyyət təşkil edir. 25 yanvar 2005-ci ildə AŞ PA-nın qış hissəvi-sessiyasında “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416 (2005) saylı qətnamə və 1690 (2005) saylı tövsiyə qəbul olunub. Assambleya bir üzv dövlət tərəfindən digər ölkənin ərazisinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərinin ciddi şəkildə pozulması demək olduğunu xatırladıb, münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edib.
Avropa Şurası İnsan Hüquqları Məhkəməsinin qərarında xüsusilə qeyd edilib ki, Dağlıq Qarabağ və Laçın rayonu və ətraf rayonlar hazırda Ermənistanın işğalı altındadır. Bununla yanaşı, təqdim olunmuş faktları nəzərdən keçirərək Məhkəmə “Ermənistan Respublikasının hərbi müdaxilə və hərbi sursat və avadanlığın təminatı və təlim vasitəsi ilə Dağlıq Qarabağ münaqişəsində başlanğıcdan əhəmiyyətli dərəcədə iştirak etdiyini”, “bu hərbi dəstəyin sözügedən ərazilərin zəbt edilməsi və onların üzərində davamlı nəzarətin həyata keçirilməsində həlledici olub və qalmaqda davam etdiyini” və “faktların Ermənistanın və qondarma “DQR”in silahlı qüvvələrinin yüksək dərəcədə inteqrasiya olunmasını birmənalı göstərdiyini” təsdiq edib.
Bundan öncə isə Avropa İttifaqı-Ermənistan dostluq qrupu və Ədalət və Demokratiya Naminə Erməni Federasiyasının iyunun 3-də Brüsseldə keçirilən “Münaqişələr və öz müqəddəratını təyinetmə” mövzusundakı tədbirdə cərəyan edən hadisələr bütün bunların eyni planın tərkib hissəsi olduğunu göstərir. Məsələ ondan ibarətdir ki, iclasda 2-3 nəfərlik nümayəndə iştirak edib və bu toplantı daha çox “teatr tamaşası”nı xatırladaraq qondarma sessiya kimi tarixə düşüb. Sessiyanın mövzusu Cənubi Qafqazda münaqişələr olduğuna görə burada, hər halda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin müzakirəsinin keçirilməsini gözləmək olardı. Amma bəhs olunan “teatr tamaşası”nda aşkar şəkildə ermənipərəst mövqe nümayiş etdirilib, o cümlədən, Avropa Parlamentindən iclasda təmsil olunan 2-3 lobbiçi-deputatın subyektiv mülahizələri önə çıxıb. Əlbəttə, tərəflər bununla həm dünya ictimaiyyətini aldatmağa, həm də regional təhlükəsizlik və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ilə bağlı spekulyasiya yaratmağa cəhd ediblər. Amma iclasda heç bir nüfuza malik olmayan - qərəzli fəaliyyətləri ilə seçilən avropalı parlamentarilərin təsirsiz iştirakı, eləcə də, ermənilərin status-kvonun dəyişməməsinə hesablanmış uğursuz yanaşmaları elə “bumeranq” effekti yaradaraq özlərinə qarşı çevrilib və bu “tamaşa” da iflasla nəticələnib.
Qərbin aparıcı dövlətlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı QEYRİ-obyektiv və qərəzli mövqeyi beynəlxalq təhlükəsizliyə təhdid kimi
Əlbəttə, Qərbin aparıcı dövlətlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-obyektiv mövqeyi beynəlxalq təhlükəsizliyə təhdid kimi çıxış edir. Sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsi regional və qlobal nizama aşkar təhlükədir. Bu səbəbdən dünya ictimaiyyəti, xüsusilə də müvafiq beynəlxalq təşkilatlar nəzərə almalıdırlar ki, münaqişənin “dondurulmuş” vəziyyətdə saxlanılmasına yönəlik cəhdlər ciddi fəsadlara səbəb ola bilər.
Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına mane olan ciddi problem olduğuna görə onun ədalətli həll edilməsi qlobal xarakterli qarşılıqlı-faydalı əməkdaşlıq münasibətlərinin formalaşdırılmasına və uzunmüddətli perspektivdə davam etdirilməsinə təkan və stimul verəcək.
İkincisi, Cənubi Qafqaz kimi geostrateji əhəmiyyətli bölgədə təhlükəsizlik balansının pozulmasının - qeyri-sabitliyə səbəb olacaq halların meydana gəlməsinin qarşısını almaq üçün dağıdıcı faktorların aradan qaldırılması zəruridir. Əlbəttə ki, bu cür dağıdıcı faktorlardan biri də Azərbaycan torpaqlarının 20 faizinin hələ də təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılmasıdır.
Amma bütün bunlarla yanaşı, dünya ictimaiyyəti - bir sıra beynəlxalq təşkilatlar və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri konkret və ədalətli mövqe nümayiş etdirmirlər. Əksər bəyanatlarda əsas məsələlərdən - Ermənistanın işğalçı siyasəti və qeyri-konstruktiv mövqeyindən, işğal faktından yan keçilir, hadisənin gerçək səbəbləri, bu vəziyyəti yaradan əsaslar diqqətə alınmır. Azərbaycan ictimaiyyəti beynəlxalq təşkilatların, o cümlədən, ATƏT-in Minsk qrupunun bu cür mövqeyindən narazı və narahatdır. Yekun qənaət budur ki, verilən bəyanatlar ədalətsiz olmaqla yanaşı, işğalçı ilə işğala məruz qalmış tərəfin eyniləşdirildiyini göstərir. Dünya ictimaiyyəti nəzərə almalıdır ki, mövcud gərginlik Ermənistanın işğalçı siyasətinin, danışıqlar prosesini yenidən pozmaq cəhdinin məntiqi nəticəsidir və mövcud vəziyyətə görə məhz Ermənistan rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Nəticə etibarilə, işğalçı ölkənin bu cür davranışında beynəlxalq ictimaiyyətin - BMT, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu kimi təşkilatların bu məsələyə laqeyd yanaşması, ikili standartlara istinad etməsi faktı da xüsusi rol oynayır.
Bütün hallarda, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək iqtidarındadır və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını nəyin bahasına olursa olsun, işğaldan azad edəcəyinə dair əminlik yaradır. Ümumiyyətlə, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir.
Neoimperializmin klassik istismar mexanizmləri: “demokratiya”, “insan hüquqları” məsələləri təzyiq vasitələri qismində
Bu gün ölkəmizə qarşı təzyiq və “qara piar” kampaniyasında müxtəlif vasitələrdən istifadə edilir. Maraqlısı odur ki, Qərb dövlətləri hazırda demokratiya, insan hüquqları kimi dəyərləri özəlləşdirərək, onlardan öz məqsədləri üçün təzyiq vasitəsi kimi geniş istifadə etməyə çalışırlar. Bu dairələr vaxtaşırı olaraq bəyanatlarda müstəqil daxili və xarici siyasət kursuna malik olan ölkələri hədəfə alır, müxtəlif ittihamlar səsləndirərək subyektiv, ədalətsiz və qərəzli mövqe nümayiş etdirirlər. Kampaniya çərçivəsində ölkələrdə demokratik inkişaf səviyyəsini, insan hüquqlarının vəziyyətini araşdırdığı iddia edilən, lakin sözün əsl mənasında, təzyiq qrupu kimi çıxış edən təşkilatların xidmətlərindən geniş şəkildə istifadə edirlər. Bu baxımdan, “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House” kimi təşkilatların qərəzli, ədalətsiz, subyektiv mülahizələrə əsaslanan bəyanat və hesabatları xüsusi rol oynayır. Əlbəttə, konkret dövlət strukturlarından və ya müəyyən qurumlardan maliyyələşən, onlardan ideoloji-maliyyə asılılığı şəraitində fəaliyyət göstərən təşkilatların obyektiv mövqe sərgiləməsini gözləmək sadəlövhlük olardı. Məsələn, “Freedom House” təşkilatına erməni lobbisi də maliyyə yardımı edir. Təsadüfi deyil ki, idarə heyətində ermənilərin yer aldığı bu təşkilat Cənubi Qafqaz ölkələri ilə bağlı hesabatlarında Ermənistanı xüsusi himayəyə götürür, bu ölkədəki repressiya halları, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması faktlarını görmür.
Bu kontekstdə iki məqama xüsusi toxunmaq lazımdır. Birincisi, bu cür təşkilatlar, sadəcə olaraq, “şahmat taxtası”nda “piyada”nın oynadığı rolu ifa edirlər və aldıqları direktivlərə müvafiq fəaliyyət göstərirlər. İkincisi isə, Azərbaycana qarşı insan hüquqları ilə bağlı səsləndirilən ittihamlarla neqativ ictimai rəy yaratmağa çalışırlar. Çünki sirr deyil ki, cəmi 24 illik müstəqillik tarixinə malik olan Azərbaycanın daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Azərbaycanda demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun uğurlu olmasını təmin edən əsas amillərdən biri məhz davamlı islahatların həyata keçirilməsidir. Mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən, qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınan ölkəmizdə ictimai-siyasi institutlar, o cümlədən, media qurumları qanunlar çərçivəsində sərbəst və azad fəaliyyət imkanlarına malikdirlər.
Qeyd olunan təşkilatlar daha çox vətəndaş cəmiyyəti və mətbuat azadlığı “prizması”ndan Azərbaycanı bilərəkdən qərəzli və ədalətsiz tənqid obyektinə çevirməyə çalışırlar. Amma reallıqlar bu “tezis”ləri tamamilə istisna edir. AŞ PA-da Azərbaycan üzrə keçmiş həmməruzəçi Yozef Debona Qrexin qeyd etdiyi kimi, gənc dövlət olan Azərbaycanın demokratik inkişafını təqdir etmək lazımdır və uzun müddətdir ki, müstəqilliyə malik olan ölkələrlə Azərbaycanda mövcud olan demokratiyanı eyni meyarlar əsasında qiymətləndirmək doğru deyil. Beləliklə, tez-tez səsləndirilən qərəzli və ədalətsiz iradların əksinə olaraq, qeyd etmək lazımdır ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün tam əlverişli şərait yaradılıb, bu sektorun dinamik inkişafı müşahidə edilməkdədir. Azərbaycanda 2500-dən çox QHT dövlət qeydiyyatından keçib, onların sərbəst fəaliyyəti üçün zəruri olan bütün hüquqi şərtlər təmin olunub.
Digər tərəfdən, Azərbaycanda söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib və hər bir media təsisatı özünün hüquq və azadlıqlarından sərbəst istifadə edə bilir. Ölkədə 300-ə yaxın qəzet, 100-dən artıq jurnal, 50-dən çox televiziya və radio kanalı, 300-ə yaxın fəal internet resursu, 20-dən çox informasiya agentliyi, 20-yə yaxın mətbuat yayımı firması, onlarla jurnalist təşkilatı fəaliyyət göstərir. Azərbaycan Respublikasının Konstitusiyası, “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya əldə etmək haqqında” və digər qanunlar informasiyanı sərbəst şəkildə əldə etməyə və yaymağa, KİV redaksiyalarının və jurnalistlərin müstəqilliyinə və sərbəst fəaliyyətinə tam zəmanət verir.
Anti-Azərbaycan dairələri, əsas etibarilə, ölkəmizə qarşı “idarə edilən xaos” planı əsasında hərəkət edən Qərbi narahat edən məqamlara diqqət yetirək. Birincisi, respublikada “Qeyri-hökumət təşkilatları haqqında” qanunda edilən dəyişikliklərlə təşkilatların maliyyə şəffaflığının təmin olunması məsələsinə xüsusi diqqət yetirilməsidir. Bu amil “vətəndaş cəmiyyətinin inkişafı” pərdəsi arxasında fəaliyyət göstərərək ölkədə ictimai-siyasi sabitliyi pozmaq və təxribatçı hərəkətlərə yol vermək istəyən qüvvələri neytrallaşdırdığı üçün həmin dairələr ciddi narahatlıq keçirirlər. İkincisi isə, Azərbaycanın qanunvericilik bazasına və beynəlxalq təcrübəyə əsaslanaraq, ölkəmizdə xarici yayımların məhdudlaşdırılması həmin dairələrə sərf etmir, çünki onlar “qara piar” kampaniyasını məhz bu cür media qurumları vasitəsilə aparırlar. Onların fəaliyyəti də məhz dezinformasiyaya söykənir. Beləliklə, xoruzun quyruğu daha aydın görünür...
Azərbaycana qarşı növbəti planlar və dünya ictimaiyyətini aldatmaq cəhdləri: ilk avropa oyunları real fürsət kimi
Proseslər kontekstində onu da
vurğulamaq gərəkdir ki, anti-Azərbaycan dairələr
dünya ictimaiyyətini aldatmaq-yanıltmaq və təzyiq
kampaniyasını daha da sürətləndirmək
üçün “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsini
fürsət kimi dəyərləndirməyə
çalışdılar. Məhz bu ərəfədə
Azərbaycana qarşı “layihə” və “plan”ların
reallaşdırılması cəhdləri ortaya qoyuldu. Azərbaycan əleyhinə
“qara piar” kampaniyası, əsas etibarilə, “National Endowment for
Democracy” (NED) təşkilatına həvalə edildi. İctimaiyyətimizə
bəllidir ki, bu təşkilat ölkəmiz daxilində
antimilli fəaliyyət göstərən “beşinci kolon”a
xüsusi direktivlərlə yanaşı, maliyyə dəstəyi
verməklə təxribatçı və
dağıdıcı planlar üzərindən hərəkət
edir.
İlk Avropa Oyunları ərəfəsində Azərbaycana
qarşı Qərb ofislərindən idarə olunan “qara piar”
kampaniyası daha dərin məqamları üzə
çıxardı. Bəlli oldu ki, müxtəlif ölkələrdə
idarə etdikləri “beşinci kolon” vasitəsilə təxribatçı
planlar reallaşdırmağa çalışan Qərbdəki
müəyyən dairələr erməni lobbisi ilə sinxron
fəaliyyət göstərir. Bu, hər şeydən əvvəl,
demokratiya, insan hüquqları kimi ali dəyərləri
haqsız olaraq özününküləşdirmiş Qərbin
fəaliyyətinin gerçək mahiyyətinin iç
üzünü açır.
O da bəlli
oldu ki, ayrı-ayrı Qərb ölkələrindəki
islamofob dairələr və erməni lobbi şəbəkəsi
birləşərək birinci Avropa Oyunları ərəfəsində
ölkəmizə qarşı bir neçə sənəd
hazırlayıblar və bu sənədlərdə əks
olunan planların reallaşdırılması istiqamətində
konkret fəaliyyətə keçiblər. Sənədlərdən
birində Azərbaycanda əlamətdar günlər, beynəlxalq
tədbirlər və yüksək vəzifəli şəxslərin
səfər təqvimi əks olunub. Digər
bir sənəd NED-in həyata keçirdiyi kampaniyanın layihəsi
barədədir. “2015-ci il yanvarın
15-16-da insan hüquqları təşkilatlarının
Varşava görüşündə qəbul olunmuş sənəd”,
həmçinin, “Avropa təşkilatlarının insan
haqları naminə idman layihəsi” də yuxarıda
haqqında bəhs olunan qüvvələrin anti-Azərbaycan fəaliyyətini
aşkar etdi. Bəhs olunan sənədlərdə
açıq şəkildə bildirilirdi ki, bu il və
qarşıdan gələn illərdə Azərbaycanda birinci
Avropa Oyunlarının, parlament seçkilərinin, “Formula 1”
yarışmasının, İslam Həmrəylik
Oyunlarının və digər mühüm beynəlxalq tədbirlərin
keçiriləcəyinə görə dünya ictimaiyyətinin
diqqəti ölkəmizə yönələcək və bu
fürsətdən istifadə edilməklə Azərbaycana
qarşı məcburetmə tədbirləri həyata
keçirilməlidir.
Onu da qeyd etmək lazımdır ki, proseslər çərçivəsində
Qərb dairələri sinxron hərəkət edirdi. Azərbaycana qarşı
aparılan “qara piar” kampaniyasında Avropamərkəzli bəzi
siyasi dairələr daha aktiv görünsələr də, əslində,
faktlar deməyə əsas verir ki, “qoca qitə”dəki həmin
qüvvələri işə salan, ssenari müəllifi kimi
çıxış edən mərkəz məhz “yeni
dünya” idi.
Əlbəttə, bu hallar yeni deyil və ənənəvi
xarakter daşıyır. Bu baxımdan indiyə
qədər, eyni zamanda, “vətəndaş cəmiyyəti
institutlarının inkişafına yardım” adı
altında müxtəlif təşkilatlar vasitəsilə fərqli
ssenarilərin həyata keçirilməsi müşahidə
edilib. Üstəlik, belə ssenarilər
ayrı-ayrı ölkələrin təşkilatları vasitəsilə
reallaşdırılır. Məsələn,
dünyaya beynəlxalq statuslu təşkilat kimi təqdim edilən
QHT-lər arasında “Article XIX” bu qəbildən olan nümunələr
sırasındadır. Bütövlükdə
isə, anti-Azərbaycan kampaniyasına qoşulmuş vətəndaş
cəmiyyəti institutlarının maliyyə mənbələri
araşdırılarkən nəticələr Qərbdəki
həmin dairələrə bağlanır.
Başqa
bir məqama nəzər salaq: Qərbdəki anti-Azərbaycan
dairələr 3 il bundan əvvəl Bakıda keçirilən
“Eurovision-2012” mahnı müsabiqəsinə kölgə salmaq
üçün “Demokratiya naminə oxu” qrupunda birləşmişdilər.
Birinci Avropa Oyunları ərəfəsində
isə bu funksiyanı “Sport for rights” (“İnsan haqları naminə
idman”) yerinə yetirdi. “Sport for rights”ın adından da
açıq-aydın görünür ki, haqqında bəhs
olunan bu qondarma qurum dünya ictimaiyyətini aldatmaq məqsədilə
yaradılıb. Mövsümi törəmə olan bu qurumun ətrafına
topladığı simalar da Azərbaycan cəmiyyətinə
yaxşı tanışdır: Rebeka Vinsent, Georgi Qoqia, Silvia
Şenk və Dinara Yunusova kimi erməni lobbisinin tərəfdaşları...
“Sport for rights” xüsusilə birinci Avropa
Oyunlarına qarşı apardığı qərəzli
kampaniyanın tərkib hissəsi kimi Avropa Parlamentində
düzənlədiyi tədbirlə gündəmə gəlib.
“Bakı Oyunları. İnsan haqları uğrunda mübarizə”
mövzusunda keçirilən tədbirdə
çıxış edən “Sport for rights” antitəbliğat
qrupunun moderatoru Rebeka Vinsent və qrupun fəalları Georgi
Qoqia, Silvia Şenk, necə deyərlər, əsas məsələni
- birinci Avropa Oyunlarını “unudaraq” ölkəmizlə
bağlı qərəzli, absurd, yalan iddialar səsləndiriblər.
“Sülh və Demokratiya İnstitutu”nun rəhbəri, törətdiyi
konkret cinayət əməllərinə görə barəsində
həbs qətimkan tədbiri seçilən Leyla Yunusovanın
qızı, hazırda xaricdə yaşayan Dinara Yunusovanın
çıxışı da üzvü olduğu ailənin Azərbaycana
ənənəvi nifrət ruhu üstündə köklənib.
Qərbin “araşdırma” layihələri nəyə
xidmət edir?
Qeyd
etdiyimiz kimi, Azərbaycana qarşı “qara piar” və təzyiq
kampaniyasında “tədqiqat institutu” və “araşdırma
layihəsi” adı altında müxtəlif təşkilatların
xidmətlərindən aktiv istifadə edilir. Məsələ
ondadır ki, həmin təşkilatlar “tədqiqat
materialları”nda qeyri-obyektiv məlumatları dövriyyəyə
buraxmaqla müxtəlif ölkələri hədəfə
alır və dünya ictimaiyyətini çaşdırmaqla mənfi
ictimai rəy formalaşdırmağa
çalışırlar. Bu antikampaniyalar
çərçivəsində sürətlə
dezinformasiyalar yayılır və əslində, mövcud
olmayan “mənbə”lər “etibarlı mənbə” kimi
göstərilir. Məsələn, son
zamanlar “Mütəşəkkil Cinayətlərin və
Korrupsiyanın Araşdırılması” (OCCRP) layihəsi Azərbaycana
qarşı təzyiq kampaniyasında konkret vasitə kimi
istifadə edilir. Ölkəmizdə ictimai təhlükəsizliyin
təmin edilməsi əsasında qanunların aliliyi prinsipi nəzərə
alınaraq hüquqi məsuliyyətə cəlb edilmiş
şəxslərin (əsasən anti-Azərbaycan dairələrin
şahmat taxtasında olduğu kimi “piyada”sı olan “beşinci
kolon” nümayəndələrinin) müdafiəsi çərçivəsində
bu layihə təzyiq vasitəsi funksiyasını yerinə
yetirir. Məsələn, “Xədicə” layihəsi
çərçivəsində Azərbaycanın
ABŞ-dakı lobbi siyasətinə dair “araşdırma”
materialında çoxsaylı subyektiv mülahizələrə,
qeyri-obyektiv məqamlara yer verilir, konkret olaraq dezinformasiya
yayılır.
Bir məqama
xüsusi diqqət yetirmək lazımdır: Azərbaycanın
beynəlxalq hüquq normaları əsasında ərazi
bütövlüyünü təmin etmək istiqamətində
fəaliyyətinə, haqlı və ədalətli
mövqeyinə dəstək verən müstəqil ekspertlər-politoloqlar
hədəfə götürülür, həmin şəxslərə
qarşı “qara piar” kampaniyası aparılır. Burada məqsəd, bir tərəfdən, Azərbaycanla
bağlı obyektiv mövqedən çıxış edən
ekspertlərin bu prosesdən çəkindirilməsidirsə,
digər tərəfdən, ölkəmizin mövqeyini
müdafiə etmək istəyənlərə aşkar mesaj
verməkdir. Yəni həmin təşkilatlar,
layihələr və bir sıra media qurumları vasitəsilə
müstəqil ekspertlər, əslində, təhdid edilir,
onların qarayaxma kampaniyasına məruz qalacaqlarına,
nüfuzdan salınacaqlarına dair ismarıclar verilir. Təbii
ki, bu həm Azərbaycana qarşı məqsədli və
sistemli təzyiq kampaniyası çərçivəsində
həyata keçirilir, həm də Azərbaycanın
mövqeyini müdafiə edən, müxtəlif strateji
araşdırmalarla çıxış edən politoloqlara,
ekspertlərə, tədqiqatçılara qarşı neqativ
ictimai rəy yaratmaq məqsədini güdür.
Onu da qeyd etmək lazımdır ki, OCCRP-nin internet
saytına nəzər saldıqda bu layihənin konkret dövlətlərə
və subyektlərə qarşı “qara piar” vasitəsi
olduğu aşkar şəkildə nəzərə
çarpır. Belə ki, saytda Gürcüstan, Rusiya və
Azərbaycan haştaqlar vasitəsilə işarələnib və
burada çoxsaylı dezinformasiyalar, qeyri-obyektiv məlumatlar
yer alıb. “Avropa” bölməsində isə gerçək
faktlar təhrif edilərək “qoca qitə”də hökm
sürən neqativ hallar ört-basdır edilir, “üzdəniraq”
balansı qorumaq üçün, sadəcə, neqativlik
çaları verilmiş kiçik informasiyalar təqdim
edilir. Belə təsəvvür yaranır ki, Qərbdə
hüquqi müstəvidə heç bir problem hökm
sürmür. Amma, təbii ki, reallıq
heç də bu utopiyaya sığmır. “Mütəşəkkil Cinayətlərin və
Korrupsiyanın Araşdırılması” layihəsinin
bütün bunlardan yan keçməsi bəhs olunan proyektlərin
nəyə xidmət etdiyini və hansı qüvvələr
tərəfindən idarə edildiyini göstərir.
Beynəlxalq
media şəbəkəsi “qara piar” kampaniyasında xüsusi
“ideoloji təyinatlı”lar kimi...
Müasir dövrdə “qlobal dövlət” fəlsəfəsinə
xidmət edən dairələr özlərinin geosiyasi
maraqlarını təmin etmək üçün müxtəlif
vasitə və resurslara istinad edirlər. Bu sırada ən
çox istifadə və istinad edilən alət isə beynəlxalq
media strukturlarıdır. Başqa sözlə,
konkret missiya daşıyıcısı qismində
çıxış edən həmin media
strukturlarının fəaliyyət mexanizmi müəyyən
güclərin, əsas etibarilə də, Qərbin
aparıcı dövlətlərinin maraqları əsasında
qurulur.
Məhz bu baxımdan, sözügedən media
institutlarının fəaliyyətində müşahidə
edilən başlıca reallıqlardan biri də müxtəlif
dövlətlərə qarşı istifadə edilən təxribatlar
və mənfi ictimai rəy yaratmaq cəhdləridir. Bu sırada daha çox
“qara piar”a istinad edilir. Ziddiyyət
yaratmaq, dünya ictimaiyyətini çaşdırmaq
üçün gündəmə gətirilən məsələlər
və dövriyyəyə buraxılan şayiələr,
dezinformasiyalar bunu sübut edən başlıca arqumentlərdəndir.
Beləliklə, Azərbaycana qarşı təzyiq
kampaniyasında istifadə edilən başlıca vasitələrdən
biri də məhz beynəlxalq media qurumlarıdır. Xüsusilə
də, “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində
belə media strukturları Azərbaycanın əleyhinə
neqativ ictimai rəy formalaşdırmaq üçün
bütün mümkün vasitələrə istinad etdilər.
“Qara piar” kampaniyasında “Əl-Cəzirə”,
BBC və “Nordic Broadcastes” mərkəz KİV-lər olmaqla
beynəlxalq media qurumları xüsusi fəallıq
nümayiş etdirdi. Bunlar dezinformasiya xarakterli məlumatları
və subyektiv mülahizələrə söykənən -
yalan, böhtan tipli fikirləri dövriyyəyə buraxmaqla
“qara piar” kampaniyasına “töhfə”lər verdilər.
Əlbəttə, Azərbaycana qarşı təxribatlar,
manipulyasiya və spekulyasiyalar, əslində, insan
hüquqları, demokratiya məsələləri ilə
bağlı həyata keçirilmir. Başlıca hədəf kimi müəyyən
edilmiş Dağlıq Qarabağ məsələsində Azərbaycanın
öz prinsipial mövqeyindən geri çəkilməsi
üçün informasiya müstəvisində siyasi-ideoloji həmlələr
edilir, gah ölkəmizin ərazi bütövlüyünü
sual altına alan məlumatlar dövriyyəyə
buraxılır, gah da tez-tez yanlış ictimai rəy
formalaşdırmaq cəhdlərinə rast gəlinir. Məsələn,
bir müddət öncə “BBC Azərbaycanca”nın
ermənilərin separatçı və təxribatçı
fikirlərini təbliğ edərək Dağlıq
Qarabağ münaqişəsinin həlli məsələsini
və müvafiq beynəlxalq hüquq normalarını
spekulyasiya vasitəsinə çevirməsi belə nümunələrdəndir.
Qondarma “Dağlıq Qarabağ”ın “müdafiə naziri”
Movses Hakobyanın Azərbaycanla bağlı təxribatçı
fikirləri xüsusi olaraq işıqlandırılır. Hətta dünyanın tanımadığı, Azərbaycanın
işğal olunmuş torpaqlarında yaradılmış
“Dağlıq Qarabağ” terrorçu təsisatı,
“Dağlıq Qarabağ respublikası” kimi təqdim edilir.
Buna paralel olaraq, ermənilərin təxribatçı
fikirlərini təbliğ edən “BBC Azərbaycanca”
terrorçu qurumun nümayəndəsini rəsmi şəxs
statusunda təqdim edir. Beləliklə, beynəlxalq
hüquq normalarına, ictimai rəyə zidd fəaliyyət
göstərən bu media orqanı bəhs etdiyimiz məsələlər
ətrafında birtərəfli mövqe sərgiləyərək
Ermənistanın işğalçı siyasətini təbliğ
etməklə təcavüzə haqq qazandırır. Bununla yanaşı, beynəlxalq media orqanları tərəfindən
“Dağlıq Qarabağ” terrorçu təsisatının
başçısı Bako Saakyan adlı şəxsin
Böyük Britaniyaya səfəri və “Chatham House - Kral Beynəlxalq
Münasibətlər İnstitutu”nda iştirak etməsi məsələsi
xüsusi gündəmə gətirildi. Bu,
məqsədli informasiya kampaniyasi olmaqla yanaşı, həm də
beynəlxalq hüquq normalarına zidd addımdır.
Bu nümunələr kifayət qədər çoxdur. Reallıq isə ondan ibarətdir
ki, bir sıra beynəlxalq media qurumları Azərbaycana
qarşı “qara piar” və təzyiq kampaniyasında xüsusi
“ideoloji təyinatlı”lar kimi çıxış edirlər.
“Azadlıq”
qəzetinin anti-Azərbaycan mövqeyi, yaxud Azərbaycanı
Ermənistanla “köhnə” münaqişəyə ilişib
qalan bir ölkə kimi təqdim etmək cəhdləri
Təəssüf və hiddət doğuran digər məsələ budur ki, bu prosesdə bir sıra yerli media orqanları da “peşka” qismində çıxış edərək “beşinci kolon”un ideoloji ruporu funksiyasını canfəşanlıqla icra edirlər. Xüsusilə də, anti-Azərbaycan dairələrlə sinxron fəaliyyət göstərən “Azadlıq” qəzeti də bu cəbhədə yer alır. Bu qəzeti ölkədən xaricdə, beynəlxalq miqyasda əsasən erməni KİV-lərinin, xüsusən də ermənilərə məxsus internet saytlarının kifayət qədər ciddi izləməsi təsadüfi xarakter daşımır. Çünki özünü “ana müxalifət”in ruporu kimi təqdim edən “Azadlıq”da əksini tapan qərəzli məlumatlar çox zaman erməni lobbisinin məqsəd və maraqlarına cavab verir, ölkəmizin milli mənafelərinə qarşı fəaliyyət göstərən dairələrin işinə yarayır. Bunlar “Azadlıq”ın müəyyən xarici qurumlardan, qeyri-hökumət təşkilatlarından maliyyə və ideoloji asılılıq şəraitində fəaliyyət göstərdiyini sübuta yetirir. Bu səbəbdəndir ki, Azərbaycanın beynəlxalq imicinə pozitiv təsir edən hallar bəzi media qurumları ilə birlikdə dərhal hədəfə alınır, hətta beynəlxalq elmi-siyasi dairələrdə söz və nüfuz sahibi olan, daim təmənnasız olaraq Azərbaycanın maraqlarını, Azərbaycan xalqının mənafelərini müdafiə edən, Azərbaycana can yanğısı ilə yanaşan tədqiqatçı-alimlərə, politoloqlara, ekspertlərə qarşı məqsədyönlü “qara piar” kampaniyası təşkil edirlər.
Xüsusilə də, “Azadlıq” qəzeti Azərbaycan xalqı və dövləti üçün ən əsas problem olan Qarabağ məsələsində aşkar şəkildə antimilli mövqe nümayiş etdirir. Məsələn, 27 iyun tarixli sayında bu qəzet Quentin Müllerin “Society” jurnalında dərc edilmiş qərəzli məqaləsini nəşr edərək müəllifin “Azərbaycan Ermənistanla “köhnə” münaqişəyə ilişib qalan bir ölkədir” ifadəsinə tribuna verir, onu canfəşanlıqla təbliğ edir. Bundan başqa, “Azadlıq” qəzeti ermənipərəst qüvvələrlə sinxron fəaliyyət göstərərək uzun müddətdir ki, Avropa Siyasəti Araşdırmaları Mərkəzinin (CEPS) tədqiqatçısı Hrant Kostanyanın tribunası qismində çıxış edir. Bu zamana qədər bəhs edilən şəxsin Azərbaycan əleyhinə olan, ermənilərin maraqlarını ifadə edən qərəzli fikirləri dəfələrlə “Azadlıq”da tirajlanıb. H.Kostanyan Ramil Səfərovun azad edilməsinin əleyhinə olduğunu nümayiş etdirib və bununla bağlı yazılar yazıb, “Azadlıq” qəzeti isə bu mövqeyi aşkar şəkildə təbliğ edib.
Bunlarla yanaşı, “Azadlıq” qəzeti erməni lobbisi və anti-Azərbaycan dairələrlə əlaqəli hərəkət edərək Azərbaycana qarşı “qara piar” kampaniyasında son zamanlar ölkəmizin beynəlxalq müstəvidə mövqeyini müdafiə edən və beynəlxalq elmi dairələrdə ciddi tədqiqatçı, müstəqil araşdırmaçı kimi qəbul edilən azərbaycansevərlərə qarşı xüsusi “hücum” taktikası həyata keçirir. Yuxarıda da qeyd etdiyimiz kimi, fundamental elmi araşdırmalar aparan, dünya siyasəti və beynəlxalq münasibətlərlə bağlı çoxsaylı analitik məqalələrlə çıxış edən, “beyin mərkəzləri” kimi səciyyələndirilən strateji araşdırmalar mərkəzlərində aktiv təmsil olunan bir sıra politoloqlar ölkəmizlə bağlı məsələlərdə obyektiv mövqe nümayiş etdirirlər. Bu məsələlərin başında isə Dağlıq Qarabağ münaqişəsi gəlir. Həmin müstəqil ekspertlərin obyektiv yanaşması özünü “Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir” tezisində də göstərir. Bu, əlbəttə ki, Azərbaycanın milli maraqlarına cavab verməklə yanaşı, həm də ölkəmizin lobbi və diaspor siyasətinə töhfə kimi dəyərləndirilə bilər. Amma “Azadlıq” kimi Qərbdəki anti-Azərbaycan dairələrin direktivlərinə əməl edən media orqanları belə şəxsləri hədəfə almaqla milli maraqlara zərbə vurmaq taktikasına xidmət edirlər. Bu qəzetin son zamanlar uzun illərdir ki, təmənnasız olaraq Azərbaycan xalqının mənafelərinə xidmət edən, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı Azərbaycanı dəstəkləyən müstəqil ekspert-tədqiqatçı Brenda Şafferə və onun kimi bir çox tananmış politoloqlara qarşı qarayaxma kampaniyasında “peşka” rolunda aktiv iştirak etməsi (istifadə edilməsi) xüsusilə qeyd edilməlidir. Bu, Azərbaycanın ərazilərinin işğalının legitimləşdirilməsi istiqamətində Ermənistanın və erməni lobbisinin başlıca məqsədlərinə cavab verən antimilli, antixalq mövqeyidir.
Əlbəttə, bu qəzetin timsalında kifayət qədər belə mənfi nümunələrdən bəhs etmək olar. Amma bu çoxsaylı dəlillər sırasından, sadəcə, bu faktların özü də qəzetin anti-Azərbaycan mövqeyində durduğunu, erməni lobbisi ilə sinxron hərəkət edərək Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində bəhs olunan dairələrə xidmət etdiyini göstərir.
Nəticə, yaxud son söz əvəzi
Beləliklə, sadalanan məqamlar və faktlar Azərbaycana qarşı təzyiq və “qara piar” kampaniyasının subyektlərini (prosesi idarə edən qüvvələri, təşkilatçıları), səbəblərini və nəticələrini ortaya qoyur. Ümumi nəticə isə ondan ibarətdir ki, əsas məqsəd sülh, sabitlik, əməkdaşlıq və inkişaf meyarlarını özündə cəmləşdirən xarici siyasət kursuna malik, müstəqil mövqeyi ilə seçilən Azərbaycan Respublikasını öz yolundan çəkindirməyə nail olmaq, daha doğrusu, suveren siyasətinə təsir etməklə prinsipial məsələlərdə güzəştlər qoparmaqdır. Bu məsələlərin başında isə, qeyd etdiyimiz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli gəlir. Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın mövqeyində dəyişikliyə nail olmağa, hətta torpaqlarımızın işğalını legitimləşdirməyə çalışan, Azərbaycan ərazilərinin işğalına haqq qazandırmaq istəyən həmin dairələrin, xüsusilə də Qərbin bir sıra aparıcı dövlətlərinin planlarının reallaşması isə Azərbaycan xalqının iradəsinə əsasən bundan sonra da mümkün olmayacaqdır. Bütün hallarda, Cənubi Qafqaz geosiyasi məkanının güc mərkəzi - lider dövləti olan Azərbaycan öz inkişaf yolunda inamla irəliləyir və Azərbaycan xalqına, dövlətinə qarşı yönələn bu cür məkrli niyyətlər, qərəzli planlar və uğursuz cəhdlər heç bir nəticə verməyəcəkdir!
Nurlan
QƏLƏNDƏRLİ,
Politoloq
Yeni Azərbaycan.-2015.-
8 iyul.- S. 4-5.