Azərbaycanın regionlarında yol-nəqliyyat
infrastrukturu yenidən qurulur
Həyata keçirilən yeni layihələr sayəsində ölkəmizdə sərnişin və yük daşımalarının həcmi artıb, eyni zamanda, respublikamız regionun nəqliyyat, logistika mərkəzinə çevrilməkdədir
Respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyasının əsas hədəflərindən biri Azərbaycanı müasir dünya çağırışlarına uyğun olaraq yüksək infrastruktur təminatına malik ölkəyə çevirməkdən ibarətdir. Bu baxımdan dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları (indiyədək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı yerinə yetirilib və hazırda 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı da uğurla həyata keçirilir) çərçivəsində reallaşdırılan su, qaz, elektrik enerjisi layihələri Azərbaycanın simasını dəyişib və respublikamızı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsi də müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir. Son 11 ildə haqqında bəhs olunan Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib.
Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi bir sıra mühüm amillərlə şərtlənir
Qeyd edək ki, ölkəmizdə Dövlət proqramları çərçivəsində yol- nəqliyyat infrastrukturunun yenilənməsi bir sıra mühüm amillərlə şərtlənir. Bu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin sürətli iqtisadi inkişafı ilə bağlıdır. Respublikanın iqtisadi potensialının artmasına stimul verən vacib amillərdən biri, heç şübhəsiz ki, yol-nəqliyyat təsərrüfatıdır.
Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsini zəruri edən digər bir mühüm amil isə Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın tranzit daşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi ilə bağlıdır. Qədim İpək yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də, iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Bu baxımdan yol-nəqliyyat infrastrukturunun dünya standartlarına uyğun səviyyədə yenilənməsi Azərbaycanın istər Şimal-Cənub, istərsə də Şərq-Qərb dəhlizlərində tranzit ölkə kimi mövqeyini daha da gücləndirməyə xidmət edir.
Yeni yol-nəqliyyat layihələrinin reallaşdırılması ilə bağlı statistika kifayət qədər zəngindir
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq bütün ölkə boyu yaradılan müasir infrastruktur sayəsində son illərdə Azərbaycanın tranzit imkanları əhəmiyyətli dərəcədə artıb və respublikamız bütövlükdə regionun nəqliyyat, logistika mərkəzinə çevrilməkdədir. Son 11 ildə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Dövlət proqramlarında dəmiryolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk 2 Dövlət Proqramının həyata keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunel və yol ötürücüsü inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Heydər Əliyev beynəlxalq aeroportunun yeni terminal binası isə ötən il istifadəyə verilib. Bütün bunların nəticəsidir ki, indi respublikanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirilir və bu amil Azərbaycanın regionlarının inkişafına əlavə impuls verir.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Yeni Dövlət Proqramının icrasının birinci ili ərzində daha 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30-dan çox yeni körpü və yol ötürücüləri tikilib və ya təmir olunub. O cümlədən, cari ilin birinci rübündə Qəbələ-Ağdaş, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar, Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Şəki-Qax və digər avtomobil yollarında əsaslı təmir işləri davam etdirilib. Hacıqabul-Kürdəmir (80 km), Kürdəmir-Ucar-Yevlax (87 km) avtomobil yollarının birinci texniki dərəcə səviyyəsində tikintisi, Muğanlı-Yevlax yolunun yenidən qurulması (115 km), Bakı-Şamaxı-Yevlax yolunun 15-67-ci kilometrlik hissəsində əlavə 2 zolağın tikintisi (52 km), Ələt-Astara avtomobil yolunun Masallı-Lənkəran (22 km) hissəsinin, Kür çayı üzərində yeni körpünün tikintisi davam etdirilib. Haqqında bəhs olunan layihələrin 2015-ci ilin sonunadək tamamlanması nəzərdə tutulub. Bundan başqa, avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, xidmət səviyyəsinin yüksəldilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması üzrə davamlı tədbirlər həyata keçirilməkdədir. Bu məqsədlə Bərdə, Ağsu, Gədəbəy, Qəbələ, Şamaxı, Xaçmaz, Quba, Yevlax, Daşkəsən, İsmayıllı və Goranboyda yeni avtovağzallar tikilib, Qusar, Oğuz, Xudat, Biləsuvar və Tovuz avtovağzalları yenidən qurulub. Hazırda Gəncə, Horadiz və Quzanlıda yeni avtovağzallar inşa olunur.
Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsindən söhbət açarkən hazırda Azərbaycanın və bir sıra digər dövlətlərin nəqliyyat siyasətinin əsas istiqamətini təşkil edən Böyük İpək yolu strategiyasının Prezident İlham Əliyevin təşəbbüsləri ilə reallaşdırılan regional layihələr sayəsində yeni mərhələyə keçid almasını da xüsusi vurğulamaq gərəkdir. Bu qəbildən olan layihələr sırasında Avrasiya nəqliyyat şəbəkəsində yeni və daha səmərəli bağlantıları təmin edən Bakı-Tbilisi-Qars dəmiryolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, həmçinin, beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşən magistral avtomobil yollarının və dəmiryolu infrastrukturunun yenidən qurulması layihələri xüsusi çəkiyə malikdir. Hazırda beynəlxalq miqyaslı İpək yolu layihəsinin Azərbaycan ərazisi boyu Bakıdan Gürcüstan sərhədinədək 513 kilometrlik hissəsində tikinti və yenidənqurma işləri uğurla davam etdirilir. İndiyədək magistralın 312,5 kilometrlik 2-ci texniki dərəcəli və 209 kilometrlik 1-ci texniki dərəcəli hissələri yenidən qurularaq istifadəyə verilib.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində intensiv şəkildə həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Məmnunluqla bildirmək istərdik ki, son illərdə ölkəmizdə yük və sərnişin daşımalarının həcmi əhəmiyyətli dərəcədə artıb. Təkcə 2015-ci ilin birinci rübü ərzində respublikanın yol-nəqliyyat kompleksi üzrə 34 milyon ton yük və 372 milyon nəfər sərnişin daşınması həyata keçirilib. Eyni zamanda, limanlarda 2,8 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları yerinə yetirilib. Cari ilin birinci rübü ərzində yol-nəqliyyat sektoruna investisiya qoyuluşlarının həcmi 210 milyon manat təşkil edib. Gələcəkdə isə ölkənin yol-nəqliyyat sektoruna yönəldilən investisiyaların həcmi daha da artırılacaq.
Yeni hədəf bütün kənd yollarının yenidən qurulması ilə bağlıdır
Prezident İlham Əliyevin respublikamızda yol-nəqliyyat infrastrukturunun yüksək səviyyəyə qaldırılması sahəsində qarşıya qoyduğu yeni hədəflərdən biri də kənd yollarının yenidən qurulması ilə bağlıdır. Həm artıq başa çatan Dövlət proqramlarında, həm də yeni Dövlət Proqramında kənd yollarının yenidən qurulması ilə bağlı geniş tədbirlər öz əksini tapıb. Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində bu barədə danışan Prezident İlham Əliyev kənd yollarının insanları narahat edən məsələ olduğunu xüsusi vurğulayıb. Dövlət başçısı qeyd edib ki, bütövlükdə son illərdə bu sahəyə ayrılan vəsaitin həcmi artır. Əhalinin böyük əksəriyyəti, xüsusilə kəndlərdə yaşayan insanlar artıq yaxşı yollarla təmin olunublar. Ancaq hələ də təmirsiz yollar çoxdur. “Mənim bölgələrə səfərlərim zamanı bu məsələ daim müzakirə edilir. Yerlərdən gələn təkliflər sonra dövlət investisiya proqramına salınır. Üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisi xüsusi yer tutur. Eyni zamanda, vətəndaşlar tərəfindən il ərzində də müraciətlər olur”, - deyə vurğulayan dövlət başçısı diqqətə çatdırıb ki, Prezidentin ehtiyat fondundan ayrılan vəsaitin böyük hissəsi kənd yollarının tikintisinə gedir. Prezident İlham Əliyev nəzərə çatdırıb ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaq. Dövlət başçısı vurğulayıb: “Məsələ də belə qoyulub. Bütün kənd yollarında asfalt olmalıdır, keyfiyyətli tikilməlidir ki, vətəndaşlar əziyyət çəkməsinlər”.
Elə bu günlərdə Prezident İlham Əliyev Tovuz rayonunun Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun, Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun, Füzuli rayonunun Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun, Quba rayonunun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının, Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında müvafiq sərəncamlar imzalayıb. Bütün bunlar ölkə Prezidentinin respublikada yol-nəqliyyat infrastrukturunun yenilənməsinə güclü siyasi iradə nümayiş etdirdiyini təsdiqləyir. Bu isə onu deməyə əsas verir ki, ölkəmizdə yol-nəqliyyat infrastrukturunun ən yüksək səviyyədə qurulması ilə bağlı qarşıya qoyulan hədəflərə bütünlüklə nail olunacaq.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-2015.- 8 iyul.-
S. 8.