Azərbaycanda ordu quruculuğu güclü hərbi
sənaye ilə dəstəklənir
Prezident İlham
Əliyev: Bu gün Azərbaycanda
minə yaxın adda hərbi təyinatlı
məhsul istehsal edilir
və bu da ordumuzun təchizatı üçün
əvəzolunmaz haldır
Son illərdə Azərbaycan özünün güclü dövlət olduğunu həm də ordu quruculuğu sahəsində qazandığı nailiyyətlərlə təsdiqləyir. Respublikamızda xalqımızın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu güclü ordu quruculuğu prosesi Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilir. Ölkə Prezidentinin böyük diqqət və qayğısı sayəsində ordu quruculuğu dövlət siyasətinin əsas istiqamətindən birinə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Qaradağ rayonunda Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və “N” saylı hərbi hissənin açılışındakı nitqində ordu quruculuğunun müharibə şəraitində yaşayan ölkəmiz üçün prioritet olduğunu bir daha nəzərə çatdırıb: “Azərbaycanda ordu quruculuğu prosesi uğurla gedir. Bu, bizim üçün prioritet məsələdir”.
Azərbaycanın müharibə şəraitində olması ölkədə güclü ordu quruculuğunu şərtləndirən əsas amildir
Müstəqil Azərbaycanın ordu quruculuğuna belə ciddi önəm verməsi, ilk növbədə, ölkəmizin qonşu Ermənistanın işğalçılıq siyasətinə tuş gəlməsi ilə əlaqədardır. Öz havadarlarının köməyinə arxalanan təcavüzkar Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin təxminən 20 faizini işğal altında saxlayır və ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarını müxtəlif vasitələrlə yubadır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bizim ən böyük problemimiz torpaqlarımızın işğal altında qalmasıdır. Uzun illər bu ədalətsizlik davam edir.
Azərbaycan isə ölkənin ərazi bütövlüyünün təmin olunması məsələsində prinsipial mövqedən çıxış edir. Dövlət başçısı yuxarıda haqqında bəhs etdiyimiz nitqində ölkəmizin və xalqımızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyini bir daha bəyan edib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur, nə Azərbaycan xalqı, nə də Azərbaycan dövləti heç bir başqa varianta razı ola bilməz”.
Eyni zamanda, beynəlxalq hüquq da Ermənistanın zor gücünə işğal altına aldığı ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edir. Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyü dünyanın əksər dövlətləri və BMT tərəfindən tanınıb. Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul edib. ATƏT, AŞ PA, İƏT və digər beynəlxalq qurumlar da ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul ediblər.
Bütün bunlara baxmayaraq, Ermənistan mövcud status-kvonun saxlanılmasına nail olmaq üçün manipulyativ cəhdlər göstərir və danışıqlarda yalnız imitasiya taktikası seçir. Azərbaycan isə danışıqlar prosesinin nəticə verməyəcəyi təqdirdə öz ərazi bütövlüyünü güclü ordusunun sayəsində bərpa etmək niyyətindədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın daxili amillərlə və beynəlxalq hüquq normaları ilə dəstəklənən mövqeyini getdikcə güclənən ordumuz daha da möhkəmləndirir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin haqlı mövqeyi həm güclü daxili amillərlə, həm də beynəlxalq norma və prinsiplərlə dəstəklənir. Respublikamızın ədalətli mövqeyini getdikcə güclənən Azərbaycan ordusu daha da möhkəmləndirir”.
Getdikcə güclənən ordumuz istənilən vəzifəni şərəflə yerinə yetirməyə qadirdir
Azərbaycanın Silahlı Qüvvələri davamlı dövlət qayğısı sayəsində əsaslı inkişaf yolu keçərək ölkənin hər bir vətəndaşının haqlı qürur mənbəyinə çevrilib. Silahlı qüvvələrimizin arsenalında olan ən müasir tanklar, artilleriya qurğuları, döyüş təyyarələri və digər texnikalar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Eyni zamanda, hərbi hissələrdə möhkəm nizam-intizam yaradılıb, həyata keçirilən əsaslı tədbirlər sayəsində hərbçilərin peşəkarlıq səviyyəsi yüksəlib. Artıq ənənəvi olaraq hər il keçirilən hərbi təlimlər ordumuzun döyüş hazırlığının yüksək səviyyədə olduğunu təsdiqləyir. Azərbaycanın dövlət büdcəsində ən böyük xərclər məhz ordu quruculuğu üçün nəzərdə tutulub. Son 11 ildə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər 20 dəfədən çox artıb. Müqayisə üçün deyək ki, Azərbaycanda orduya ayrılan xərclər Ermənistanın dövlət büdcəsini düz iki dəfə üstələyir. Prezident İlham Əliyev son illərdə Azərbaycanın öz hərbi potensialını artırmasından məmnunluğunu ifadə edərək bildirib: “Bu gün maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu gün əldə etdiyimiz silah və texnika bizə imkan verir ki, istənilən vəzifəni şərəflə yerinə yetirək”.
Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığının nəticəsidir ki, cəbhə xəttində düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınır. Ötən ilin yayında düşmən qüvvələri qoşunların təmas xəttində vəziyyəti yenidən gərginləşdirməyə cəhd göstərəndə ordumuz öz yüksək döyüş hazırlığını bir daha nümayiş etdirdi. Düşmənin təxribat-diversiya hərəkətlərinin qarşısını qətiyyətlə alan Silahlı Qüvvələrimizin ön xətdəki hissələri itkilər versə də, qarşı tərəfə layiqli həmlələr endirdi. Geri oturdulan düşmən canlı qüvvə və texnika sarıdan böyük itkilərə məruz qaldı. Ötən ilin sonlarında isə ordumuzun ön xətdəki qüvvələri sayıqlıq göstərərək Azərbaycanın hava məkanını pozan bir düşmən helikopterini məhv etdi.
Bütün bu faktlar Azərbaycan ordusunun yüksək inkişaf səviyyəsinə çatdığını təsdiqləyir. Artıq Silahlı Qüvvələrimiz ön xəttə düşmən üçün ciddi təhdid mənbəyinə çevrilib. Azərbaycan ordusunun güclənməsinin fonunda Ermənistan cəmiyyətində getdikcə artan psixoloji deqradasiya, ruh düşkünlüyü hiss olunmaqdadır. Ermənilər getdikcə daha dərindən dərk edirlər ki, ikinci Qarabağ savaşı başlayacağı təqdirdə güclü Azərbaycan ordusunun həmlələrinə cavab verə bilməyəcəklər.
Güclü müdafiə sənayesi ordunun maddi-texniki təchizatının yüksəldilməsində mühüm rol oynayır
Yeri gəlmişkən, bir vaxtlar Azərbaycanda hərbi təyinatlı məhsul istehsalı xəyal kimi görünürdü. Hazırda isə bu, reallığa çevrilib. Son illərdə Azərbaycanda ordu quruculuğu sahəsində əldə olunan uğurlardan söhbət açarkən ölkəmizdə modern müdafiə sənayesinin yaradılmasını xüsusi vurğulamaq gərəkdir. Respublikamızda ordu quruculuğu güclü hərbi sənaye ilə dəstəklənir. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılması respublikamızda güclü hərbi-sənaye kompleksinin formalaşmasında mühüm rol oynayıb. Artıq ölkəmizdə onlarla hərbi təyinatlı zavod fəaliyyət göstərir. Prezident İlham Əliyev milli hərbi-sənaye kompleksində hərbi təyinatlı məhsul istehsalının genişlənməsini ordumuzun təchizatı baxımından əvəzolunmaz hal kimi səciyyələndirib: “Təxminən 10 il bundan əvvəl mənim qərarımla Azərbaycanda hərbi-sənaye kompleksi yaradılmağa başlamışdır. Bu gün Azərbaycanda minə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir və bu da ordumuzun təchizatı üçün əvəzolunmaz haldır”.
Beləliklə, Azərbaycanın xarici silah bazarlarından asılılığı əhəmiyyətli dərəcədə azalıb. Artıq ordumuzun müxtəlif döyüş texnikalarına olan tələbatının xeyli hissəsi daxili istehsal hesabına təmin edilir. Ölkəmizdə hərbi-sənaye kompleksinə aid “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk”, “Üfüq” kimi müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalata tətbiq olunur.
Milli hərbi-sənaye kompleksində buraxılan məhsulların xarici bazarlara çıxarılması qürurverici haldır
Ölkəmiz üçün qürurverici haldır ki, milli hərbi-sənaye kompleksində buraxılan müxtəlif növ döyüş texnikası qısa müddətdə xarici bazarlara yol tapıb. Son illərdə ölkəmizin hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə buraxılan müxtəlif növ döyüş texnikası beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilir ki, bu da respublikamızda hazırlanan hərbi təyinatlı məhsulların geniş rəqabət imkanlarına malik olmasının təsdiqidir. Müqayisə üçün deyək ki, Azərbaycan ilk dəfə beynəlxalq sərgilərdə 27 adda məhsulla təmsil olunmuşdu. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən “İDEX-2015” beynəlxalq müdafiə sərgisində isə respublikamız 180-dək müxtəlif növ döyüş texnikası ilə çıxış edib. Burada nümayiş etdirilən məmulatlardan “Yırtıcı”, “Yalquzaq”, “İstiqlal”, “Mübariz” snayper tüfəngləri, “Şimşək-10” hücum pulemyotu, NATO standartlarına uyğun 5,56x45 çaplı avtomat silah, digər döyüş sursatları sərgidə təmsil olunan və qonaq qismində qatılan ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb. 2014-cü il sentyabrın 11-13-də isə Azərbaycan “ADEX-2014” sərgisinə ev sahibliyi edib. “ADEX-2014” sərgisinə dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti qatılmışdı. Azərbaycan isə ev sahibliyi etdiyi sərgidə 37 şirkətlə təmsil olunmuşdu. Uğurla keçən sərgi Azərbaycanın müdafiə sənayesinin bütün dünyada artan nüfuzunun, ölkəmizin hərbi potensialının daha bir təsdiqinə çevrildi.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan $g 2015.-
11 iyul.- S. 2.