Azərbaycan Respublikasında ali konstitusiya ədalət mühakiməsi orqanının fəaliyyətə başlamasından 17 il keçir

 

Bu günlərdə Azərbaycan Respublikasında ali konstitusiya ədalət mühakiməsi orqanının - Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının növbəti ildönümü tamam olur. Ölkəmizdə konstitusionalizm ideyalarının inkişafı, dövlətçilik tariximiz üçün tam yeni institut olan konstitusiya nəzarəti orqanının yaradılması, onun müstəqilliyinin təmin edilməsi, hakimlərinin sosial təminatının və müdafiəsinin gücləndirilməsi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin adı ilə birbaşa bağlıdır.

Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycan Respublikasının siyasi rəhbərliyinə qayıdışından sonra ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu siyasətinin gerçəkləşdirilməsinə başlanılmış, bu siyasətin mühüm tərkib hissəsi kimi hüquqi islahatlar aparılmış, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması, təkmil qanunvericilik bazasının yaradılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu islahatlar çərçivəsində ölkəmizin gələcək inkişafının konseptual əsaslarını müəyyən edən yeni Konstitusiyanın qəbul edilməsi müstəsna əhəmiyyətli hadisə olmuş və respublikamızın inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına mükəmməl hüquqi zəmin yaratmışdır.

Konstitusiya Azərbaycanın zəngin dövlətçilik ənənələrinə, habelə dünya konstitusionalizminin qabaqcıl təcrübəsinə əsaslanaraq, milli və ümumbəşəri dəyərləri özündə əks etdirərək ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi və mədəni tərəqqiyə güclü təkan verdi. Dövlət quruculuğuna dair müasir doktrinal yanaşmalara əsaslanan yeni Konstitusiya siyasi, iqtisadisosial münasibətlər sisteminin fundamental prinsiplərini və normalarını müəyyən etdi. Ölkə Konstitusiyasının hüquqi fəlsəfəsinin əsasını, onun bütün norma və müddəalarının özəyini məhz demokratik, hüquqi, sosial dövlət ideyası, insanın, onun hüquqlarının və azadlıqlarının ali dəyər olması fikri təşkil edir, müasir sivil cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyənləşdirən mütərəqqi dəyərlər bu ümummilli əhəmiyyətli sənəddə geniş şəkildə əksini tapmışdır.

Azərbaycan Respublikası Milli Məclisinin 1998-ci il 14 iyul tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin 7 hakiminin təyin edilməsi və həmin ilin iyulun 18-də Ulu öndər, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədilə imzaladığı Fərman ilə Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başlamışdır.

Fəaliyyətə başladığı gündən bu yana Konstitusiya Məhkəməsi ölkə Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etmək kimi ali məqsədə xidmət etmiş və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmışdır. Konstitusiya Məhkəməsi Azərbaycanda hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak edərək ölkəmizdə konstitusionalizm ideyalarının həyata keçirilməsinə, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına, hər kəsin Konstitusiyayaqanunlara hörmət və ehtiramının, ədalət, azadlıq və humanizm kimi prinsiplərin möhkəmləndirilməsinə töhfələr vermişdir.

Konstitusiya Məhkəməsinin fəaliyyətinin ilk illəri daha çox Məhkəmənin təşəkkül dövrü və bütövlükdə cəmiyyətimiz tərəfindən onun konstitusiya ədalət mühakiməsi orqanı kimi dövlət və ictimai həyatdakı rolunun qəbul edilməsi ilə bağlı olmuşdur. Xüsusilə də bu orqan cəmiyyət üçün tamamilə yeni təsisat olduğundan ictimaiyyət arasında onun statusu və fəaliyyət istiqamətləri barədə geniş təsəvvürün formalaşması müəyyən zaman tələb edirdi.

Qeyd edilməlidir ki, konstitusiya nəzarətinin səmərəli həyata keçirilməsi həm də bu institutun özünün təkamülünü nəzərdə tutur. Digər tərəfdən, Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, insan hüquq və azadlıqlarının müdafiəsinin hüquqi mexanizmlərinin daha da təkmilləşdirilməsi, ölkəmizin dünya birliyinə inteqrasiyası Konstitusiyaya dəyişikliklərin olunmasını zəruri edirdi. Məhz bu zərurətdən irəli gələrək Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci il avqustun 24-də keçirilmiş referendumla Əsas Qanunun mətninə cəmiyyətin inkişafından irəli gələn bir sıra dəyişikliklər edilmiş, o cümlədən, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malik subyektlərin dairəsi genişləndirilmiş, məhkəmələrə, vətəndaşlara və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana) Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ verilmişdir.

Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin genişlənməsi ilə nəticələnmiş konstitusiya islahatları müasir dövrdə dünyada gedən konstitusiya nəzarətinin inkişaf meyillərinə uyğun aparılmış, Məhkəmənin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və Konstitusiya Məhkəməsinin timsalında insan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün əhəmiyyətli vasitənin əldə edilməsinə əlverişli zəmin yaratmışdır. Konstitusiya islahatlarının ardınca qəbul edilmiş və 2004-cü il yanvarın 8-dən qüvvəyə minmişKonstitusiya Məhkəməsi haqqında” yeni Qanunda digər müddəalarla yanaşı, yeni subyektlər tərəfindən Konstitusiya Məhkəməsinə müraciət edilməsi və həmin müraciətlərə baxılması prosedurları da müəyyənləşdirilmişdir.

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi geniş səlahiyyətlər dairəsinə malik müasir konstitusiya nəzarəti orqanıdır və onun nəzarət yurisdiksiyasına normativ hüquqi aktların geniş dairəsi daxildir. Bu da bütün qanunvericilik sisteminə konstitusiya nəzarətinin həyata keçirilməsi, Konstitusiya və qanunların normalarının şərhi vasitəsilə hüququn inkişafı və hüquqtətbiqetmə təcrübəsinin istiqamətləndirilməsi baxımından olduqca əhəmiyyətli funksiyaların həyata keçirilməsi deməkdir.

Qeyd edilməlidir ki, qanunvericilikicra hakimiyyəti orqanlarının normativ aktlarının, bələdiyyə və məhkəmə aktlarının Konstitusiyayahüquqi qüvvəsinə görə daha üstün olan aktlara uyğunluğunun yoxlanılması Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərindən biridir. Bu səlahiyyəti vasitəsilə Konstitusiya Məhkəməsi Konstitusiyanın və qanunların aliliyini təmin etmiş olur.

Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri də Konstitusiyanın və qanunların şərhidir. Konstitusiyanın və qanunların şərh edilməsi buya digər normanın məzmununu aydınlaşdırmaqla onun konstitusiya-hüquqi predmetini hüquq tətbiqedicilərin nəzərinə çatdırmağa və həmin normanın məhz bu mənaya uyğun dəqiq və eyni cür tətbiqi təcrübəsini formalaşdırmağa imkan verir. Konstitusiya Məhkəməsi bu səlahiyyətini Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusuümumi məhkəmələrin müraciəti əsasında həyata keçirir.

Konstitusiya Məhkəməsinin fəaliyyəti müddətində qəbul edilmiş qərarlar sırasında Konstitusiya və qanunların şərhinə dair çıxarılmış qərarlar xüsusi çəkiyə malikdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən bu günədək qəbul edilmiş 306 qərardan 135-i Konstitusiyanın və qanunların müxtəlif müddəalarının şərh edilməsinə dair olmuşdur.

Diqqətə çatdırılmalıdır ki, son illərdə məhkəmələrdən Konstitusiya Məhkəməsinə daxil olan müraciətlərin sayı xeyli artmışdır. Həmin müraciətlərdə digər məhkəmələr, hüquq mühafizə orqanları və cəmiyyət üçün mühüm problemlərin aradan qaldırılmasına kömək edən ayrı-ayrı hüquq sahələri üzrə əhəmiyyətli məsələlərə toxunulur. Bu, onu göstərir ki, ümumi məhkəmələrin hakimləri dövlətin adından qərar qəbul edilməsinin məsuliyyətini dərindən dərk edirlər və bir çox hallarda baxılan üzrə icraatı dayandırmaqla, Konstitusiya Məhkəməsinə müraciət edərək konstitusiya prinsiplərinə əsaslanan konstitusiya nəzarəti orqanının mövqeyini əldə etməyə çalışırlar. Bu isə son nəticədə məhkəmələrdə ədalətli qərarın çıxarılması üçün təminat kimi çıxış edir.

Qeyd edildiyi kimi, fəaliyyətə başladığı ilk illərdə Konstitusiya Məhkəməsinə birbaşa fərdi şikayətlərin verilməsi nəzərdə tutulmurdu. 2002-ci ildə keçirilmiş konstitusiya islahatlarından və “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunun 2004-cü ilin yanvar ayından qüvvəyə minməsindən sonra Konstitusiya Məhkəməsində fərdi şikayətlər institutu fəaliyyətə başladı.

Konstitusiya şikayəti institutu insan hüquqlarının və azadlıqlarının müdafiəsinin, Konstitusiyanın aliliyinin təmin edilməsinin səmərəli formalarından birini təşkil edir və Əsas Qanunun sadəcə deklarativ müddəalardan ibarət sənəd deyil, birbaşa qüvvədə olan normalar məcmusuna çevrilməsi baxımından olduqca əhəmiyyətlidir. Konstitusiya Məhkəməsinə daxil olan şikayətlərin əksəriyyəti məhkəmə aktlarındandır və əsasən mülki, mənzil, ailə, əmək və s. münasibətlərdən irəli gələn mübahisələrlə əlaqədardır. Bu günədək Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən fərdi şikayətlər əsasında 106 qərar qəbul edilmişdir. Həmin qərarlarda ərizəçilərin pozulmuş hüquq və azadlıqlarının bərpa olunması ilə yanaşı, insan hüquqlarının və azadlıqlarının müdafiəsi ilə bağlı əhəmiyyətli hüquqi mövqelər formalaşdırılmışdır.

Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının böyük hissəsi birbaşaya dolayısı ilə məhz insan hüquqlarının və azadlıqlarının - bərabərlik hüququ, mülkiyyət hüququ, sosial təminat hüququ, vərəsəlik hüququ, əmək hüququ, mənzil hüququ, hüquq və azadlıqların məhkəmə təminatının həyata keçirilməsi ilə bağlı olmuşdur.

Bu gün əminliklə deyə bilərik ki, Məhkəməmiz Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının ona verdiyi səlahiyyətlər çərçivəsində qəbul etdiyi qərarları ilə Konstitusiyanın aliliyinin təmin edilməsi, hər kəsin əsas hüquq və azadlıqlarının müdafiə olunması məqsədlərinə xidmət edir, konstitusiya dəyərlərini və prinsiplərini müdafiə edərək Azərbaycanın milli hüquq sistemininqanunvericiliyinin inkişafına öz töhfəsini verir, onları konstitusiya ideyaları ilə zənginləşdirir.

Konstitusiya ədalət mühakiməsinin müasir meyillərinin davamlı olaraq izlənilməsinin və tətbiq edilməsinin müasir dövrdə konstitusiya nəzarəti orqanları qarşısında duran mühüm vəzifələrdən biri olduğunu nəzərə alaraq, Məhkəməmiz beynəlxalq təcrübəyə böyük diqqət yetirir, öz qərarlarında respublikamızın qoşulduğu beynəlxalq hüquqi sənədlərin, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarına, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna istinadlar edir. Bu isə Məhkəmənin mövqeyinin daha da zənginləşdirilməsinə, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət edir.

Konstitusiya Məhkəməsinin qarşısında duran mühüm vəzifələrdən biri 2015-ci ildə keçiriləcək növbəti parlament seçkilərinin nəticələrinin düzgünlüyünün qanunla müəyyən edilmiş qaydada yoxlanılması və təsdiq edilməsidir. Konstitusiya Məhkəməsi Konstitusiyanın və qanunvericiliyin ona verdiyi səlahiyyətlər həddində bu məsuliyyətli prosesə öz töhfəsini verəcəkdir.

Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk illərdən beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verərək xarici ölkələrin konstitusiya nəzarəti orqanları və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq edir. Bu ilin noyabrında Azərbaycan dövlətinin və xalqının tarixində müstəsna əhəmiyyətli hadisənin - müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsinin iyirmi ili tamam olacaq. Bu əlamətdar hadisə ilə əlaqədar olaraq, Konstitusiya Məhkəməsi xarici ölkələrin konstitusiya məhkəmələrinin sədrlərinin və hakimlərinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsini planlaşdırır və bununla bağlı hazırlıq işləri aparılır. Qeyd edilməlidir ki, Məhkəməmiz ilə xarici ölkələrin konstitusiya nəzarəti orqanları arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafı konstitusiya məhkəmələri arasında hüquqi sahədə əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır.

Müasir Azərbaycan dünya birliyində özünə layiqli yer tutmağa müvəffəq olmuşregionun müstəqil siyasət yürüdən lider dövlətidir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan dövlətinin başçısı İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs sayəsində ölkəmiz öz geostratejiiqtisadi potensialından səmərəli istifadə edərək dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrilmiş, beynəlxalq aləmdə tolerantlığın və dözümlülüyün məkanı kimi tanınmışdır. Hüquqi dövlət ideya və prinsiplərinin bərqərar edilməsi, ölkə iqtisadiyyatının dinamik inkişafı, əhalinin sosial rifahının günbəgün daha da yaxşılaşdırılması, təhsil, səhiyyə, idman, mədəniyyət və digər sahələrdə tərəqqi - bütün bunlar düşünülmüş milli strategiyanın tərkib hissəsi olaraq davamlı xarakter daşıyır.

Azərbaycan dövləti sivil dünyanın bir üzvü kimi beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə böyük önəm verir. Bunun ən bariz nümunəsi ölkəmizin Avropa qitəsinin tarixində ilk dəfə keçirilmiş Avropa Oyunlarına ev sahibliyi etməsidir. Azərbaycanın qısa zaman kəsiyində Avropa Oyunlarına yüksək səviyyədə hazırlığı və təşkilatçılığı, bu Oyunlara layiqincə ev sahibliyi etməsi, xalqımızın mədəni və milli mənəvi dəyərlərinin qitə və bütün dünya miqyasında təbliği, idmançılarımızın qazandıqları yüksək nailiyyətlər Azərbaycanın hər bir vətəndaşında hədsiz sevincqürur hissi doğurur. Bütün Azərbaycan xalqı kimi, Konstitusiya Məhkəməsinin kollektiviilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsini yüksək əhval-ruhiyyə ilə qarşılamış, idman yarışlarını tribunalardan canlı izləmiş və ölkə idmançılarının uğurlarını böyük sevinc hissi ilə qarşılamışdır. Əminik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı tarixi nailiyyətlərə imza atmaqda bundan sonra da davam edəcəkdir.

Konstitusiya Məhkəməsi də ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesində bundan sonra da fəal iştirak edəcək, Konstitusiyanın aliliyinin təmin olunması, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiə edilməsi işində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

 

Fərhad Abdullayev

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri

Yeni Azərbaycan.-2015.- 14 iyul.- S. 4.