Azərbaycan Prezidenti İlham Əliyev
müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində
iştirak edib
İyulun 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.
İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PAŞAZADƏ mərasimdə çıxış edərək dedi:
- Bismillahir-rəhmanir-rəhim.
Zati-aliləri, möhtərəm Prezident.
Hörmətli qonaqlar, əziz din qardaşlarım.
Mənim dəvətimi qəbul etdiyinizə və bu mərasimdə iştirakınıza görə sizə minnətdarlığımı bildirir və hamınıza “Xoş gəlmisiniz” deyirəm. Ramazan ayında – “Qurani-Şərif”in nazil olduğu bu müqəddəs ayda Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərləri ilə birlikdə iftar süfrəsi arxasında dövlət başçısı ilə bir yerdə olmaq bizim üçün həm böyük şərəfdir, həm də bu, bir ənənə halı almışdır. Bu ənənənin bünövrəsini qoyan, milli mənəvi dəyərlərimizə həyat verən ulu öndər Heydər Əliyev həzrətləri olmuşdur. Allah-Təala Heydər Əliyev həzrətlərinə, onun ömür-gün yoldaşı Zərifə xanıma rəhmət eləsin!
Zati-aliləri, dindarlarımız həmişə sizinlədir və Sizin müzəffər olmağınız üçün həmişə Allah-Təalaya dualar edirlər. Peyğəmbər əleyhissəlamın hədisi var, buyurur ki, əgər Allah bir xalqı istəsə ona müdrik rəhbər göndərər, o, xalqı zülmətdən nura tərəf aparacaq. Bu, həqiqətən belə oldu. Azərbaycan dağılmaqda, xəritədən silinmək ərəfəsində ikən Allahın mərhəməti, xalqın dəstəyi və çağırışı ilə ulu öndər Heydər Əliyev həzrətləri Azərbaycana gəldi, dövlətçiliyin bünövrəsini bərpa etdi və müstəqilliyi bizə əmanət qoyub getdi. Heydər Əliyev həzrətlərinin Azərbaycan xalqına ən böyük əmanəti isə onun siyasi kursunun və məktəbinin davamçısı İlham Əliyev həzrətləridir. Mən deyərdim ki, bu, həm də Allah-Təalanın Azərbaycan xalqına böyük lütfü və kərəmidir.
Zati-aliləri, bu ilin aprel ayında Sizin Səudiyyə Ərəbistanına səfəriniz və İki Müqəddəs Ocağın Xadimi Kral həzrətlərinin hava limanına gələrək Sizi qarşılama mərasimində iştirak etməsi və Sizə olan münasibəti məndə qürur hiss oyatdı, mən bununla fəxr etdim. Çünki Kral həzrətləri çox az dövlətlərin rəhbərlərinin pişvazına çıxır. Bu, fəqət Səudiyyə Ərəbistanının Azərbaycana və onun rəhbərinə olan münasibəti deyildi. Bəlkə də bütün İslam dünyasının Azərbaycana və onun rəhbərinə olan münasibəti idi.
Xüsusən, Zati-aliləri, müqəddəs Kəbə Evinin qapılarının Sizin üzünüzə açılması. Kəbə Evinin daxilində ibadət zamanı Siz xalqımıza, Vətənimizə, torpağımıza, şəhidlərə, Ulu Öndərə dua etdiniz. Mən orada bir daha əmin oldum ki, Allah-Təalanın yandırdığı Heydər çırağını söndürmək olmaz. Xüsusən, mən bir şeyi demək istərdim. Bu 35 il ərzində mən heç bir dövlət rəhbəri üçün, ya da bir şəxsiyyət üçün Peyğəmbər zərihinin qapısının açılmasının şahidi olmamışam, nə də eşitməmişəm. Zati-aliləri, bu qapılar Sizin üzünüzə açıldı. Siz Heydər qapısından Peyğəmbərin sevimli övladı Fatimeyi-Zəhra əleyhissalamın otağına daxil oldunuz, ziyarət etdiniz. Oradan Peyğəmbər Məscidinə daxil oldunuz və Peyğəmbər mehrabını ziyarət etdiniz, əl sürtdünüz. Oradan isə Peyğəmbər əleyhissalamın qəbrinin üstünə gəlib dualar etdiniz. Bu, ancaq Allahı istəyən və Allahın istədiyi insanlara nəsib ola bilər. Mən arzu edərdim ki, Allah-Təala bütün müsəlmanlara, arzu edənlərə həm Məkkəni, həm Peyğəmbər zərihini ziyarət etməyi nəsib etsin, inşallah. Əlbəttə, Allah-Təala buyurur ki, sən mənə tərəf bir addım at, mən sənə tərəf on addım ataram.
Azərbaycan inkişaf etmiş bir dövlətə
çevrilmişdir. Müstəqil Azərbaycan regionda lider dövlətdir. Müstəqilliyimizə
heç kim xələl gətirə bilməz.
Zati-aliləri, Sizin siyasətinizin nəticəsində
Azərbaycan güclü, qüvvətli bir dövlətə
çevrilmişdir. Azərbaycan beynəlxalq
müstəvidə öz sözünü deyən,
haqqını tələb edən bir dövlətə
çevrilmişdir.
Azərbaycan nəinki öz iqtisadiyyatını, siyasi
potensialını möhkəmləndirməklə bərabər,
həm də ilklərə imza atan bir dövlətə
çevrilmişdir. Buna birinci Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi misal ola bilər. Bəli, Zati-aliləri, Siz demişdiniz. Avropa
Oyunları yaxınlaşdıqca, bizə iftira atanlar, şayiələr
yayanlar çox olacaq, çünki bizi gözü
götürməyən bəzi qüvvələr də var.
Amma onların heç biri istəklərinə nail ola bilmədi. Çünki
söylədikləri yalan, şayiə idi. Avropa
Oyunlarının açılış mərasimində
dövlət rəhbərlərinin, Zati-aliləri, Sizin ətrafınızda
olması və minlərlə insanın dünyanın
müxtəlif nöqtələrindən Azərbaycana
axışıb gəlməsi, xalqımızla təmasda,
ünsiyyətdə olması, Azərbaycanın tarixi, mədəniyyəti,
multikulturalizm dəyərləri, tolerantlıq ənənələri,
zəngin mənəviyyatı, iqtisadiyyatı ilə
tanış olması bizim qələbəmizdir. Ən böyük qələbəmiz isə o idi ki,
hər dəfə bizim himnimiz çalınanda,
bayrağımız ucalanda bununla bərabər, həm Azərbaycan
ucalırdı, həm də onun siyasəti. Mən idmançıları da bu qələbə
münasibətilə təbrik edirəm. İnanıram
ki, bu, bizim böyük mənəvi qələbəmizdir.
Zati-aliləri, mən inanıram ki, inşallah, əzəli
Azərbaycan əraziləri olan Dağlıq Qarabağ torpaqlarında
tezliklə bayrağımız ucalacaq, himnimiz
çalınacaq. Ali Baş Komandan kimi, Sizin rəhbərliyinizlə
biz o torpaqları azad edərik, inşallah. Şəhidlərimizin qanı yerdə qalmayacaq.
Allah onlara rəhmət eləsin!
Mən Heydər Əliyev Fondunun prezidenti, “Bakı-2015”
ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri
Mehriban xanım haqqında bir neçə söz demək istərdim. Mehriban
xanımı arenaya dəvət etdilər. O, tribunaya
yaxınlaşaraq çıxışını “Qoy,
Tanrı Azərbaycanı hər zaman qorusun!” sözləri ilə
başladı. Budur, yüksək mənəviyyatın
təntənəsi. Mən Mehriban xanımı Azərbaycanın
ən yüksək mükafatı, Ulu Öndərin
adını daşıyan “Heydər Əliyev” ordeni ilə təltif
olunması münasibətilə milyonlarla dindarlar adından təbrik
edirəm.
Zati-aliləri, Siz Azərbaycanın adını bəşəriyyətin
tarixinə qızıl hərflərlə yazdınız. Azərbaycan qədər
böyük bir məşəl Avropa qitəsi üzərindən
bütün dünyaya, inşallah, öz nurunu saçacaq.
Bu, qardaşlıq, dostluq, tolerantlıq,
multikultural, mədəniyyət nuru olmaqla bərabər, həm
də Azərbaycanı tərənnüm edəcək. Bu da bizim üçün böyük fəxrdir,
böyük fəxarətdir.
Azərbaycanda milli mənəvi dəyərlərimiz
inkişaf edir.
Məscidlər, ziyarətgahlar, sinaqoqlar, kilsələr
tikilir, ya da bərpa olunur, dindarların istifadəsinə
verilir. Azərbaycan dindarlarına ən
böyük töhfəniz isə paytaxtımızın mərkəzində
əzəmətlə ucalan Heydər məscidi oldu. Qafqazda analoqu olmayan bu məscidin, arxitektura
baxımından, deyərdim, bəlkə də dünyada
analoqu yoxdur. Heydər məscidinin 95 metrlik
minarələri Azərbaycanda milli mənəvi dəyərlərin
ucalığını göstərir.
Mən bir şeyi də deməyə bilmərəm. Bu gün
dünyada baş verən hadisələrə nəzər
yetirəndə, görürük ki, dünya, təəssüflər
olsun, mənəvi uçuruma, tənəzzülə
doğru gedir. Çox təhlükə
var. Müsəlman müsəlmanın qanını
tökür, məscidlər, sinaqoqlar, kilsələr
dağılır, insan qanı axıdılır. Avropada xristian-müsəlman qarşıdurması,
dinlər, məzhəblər arasında qarşıdurma,
islamofobiya. Bu, nə Musa, nə İsa, nə
də Peyğəmbər əleyhissəlamın dinində
yoxdur.
Zati-aliləri,
Siz bir dəfə burada, iftar süfrəsində
çıxış edəndə dediniz ki, Azərbaycanda olan
tolerantlıq, dostluq, münasibətlər, dinlər
arasında münasibət, qardaşlıq başqa dövlətlər
üçün nümunə ola bilər.
Bu, Sizin Azərbaycan xalqına olan böyük
mükafatınızdır.
Allah-Təala
Sizi qorusun, ailənizi qorusun!
Allah-Təala bizim ibadətlərimizi,
dualarımızı, oruc və namazlarımızı qəbul
etsin. Bir daha Sizin hamınıza “Xoş gəlmisiniz” deyirəm.
Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu!
X X X
Rus
Pravoslav kilsəsinin Bakı və Azərbaycan
Yeparxiyasının rəhbəri ALEKSANDR çıxış
edərək dedi:
-Möhtərəm
cənab Prezident.
Hörmətli şeyx həzrətləri.
Hörmətli dini liderlər, səfirlər.
Xanımlar və cənablar.
Mən ilk növbədə bütün dindarları səmimi
qəlbdən Ramazan ayı münasibətilə təbrik edirəm. Oruc
dindarların həyatında xüsusi yer tutur. Bu dövrdə biz heç vaxt olmadığı qədər
dərk edirik ki, bu hökm Tanrı tərəfindən verilib.
Biz dərk edirik ki, yalnız öz dünyəvi
varlığımızın qayğısına
qalmamalıyıq, həm də Allah-Təala tərəfindən
bizə göndərilən hökm və nəsihətləri
yerinə yetirməliyik.
Əlbəttə ki, mən bu ayın uğurla başa
çatmasını və Ramazan bayramının layiqincə
qeyd olunmasını arzulayıram. Ən
başlıcası isə yaddaşımızda olan Bakıda
keçirilmiş birinci Avropa Oyunlarının bizdə
yaratdığı təəssüratlardır. Lakin tolerantlığın və multikulturalizmin dini
fəaliyyətin, dini həyatın bir hissəsi olduğunu
düşünmək bir o qədər düzgün deyil.
Çünki multikulturalizm özünü hər
sahədə təzahür etdirir. Elə
birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də
Azərbaycanda həyata keçirilən daxili siyasətin
parlaq ifadəsi, mən deyərdim, apofeozudur.
Multikulturalizm
özünü tam şəkildə büruzə verdi, nə demək olduğunu və nə kimi
bəhrələr verdiyini göstərdi. 1990-cı
illərin sonlarını, ümummilli liderimiz Heydər
Əliyevin Zuğulbada idman kompleksini bərpa etdiyi vaxtları
xatırlayıram. Bəziləri
çaşqınlıq içərisində
düşünürdülər ki, ölkədə çətinliklərin
olduğu bir dövrdə idman komplekslərinin bərpasına
ehtiyac varmı? Mən deyərdim ki, istənilən
ölkənin gələcəyi gənclərdən
asılıdır. O zaman Azərbaycanın bütün
çətinliklərinə, dövlətin üzləşdiyi
sınaqlara baxmayaraq, ölkə böyükməkdə olan nəslin
qayğısına qalırdı.
Cənab
Prezident, Bakıda ilk Avropa Oyunlarının keçirilməsinin
təşkilinə verdiyiniz böyük töhfəyə
görə Sizə xüsusilə təşəkkür etmək
istəyirəm. Bu, bizim üçün əsl
bayram idi. Başa düşürəm ki, bu Oyunların
keçirilməsinin təşkil edilməsi o qədər
asan məsələ deyildi, lakin buna baxmayaraq, Azərbaycan
özünün layiqli dövlət, dünya birliyinin layiqli
ölkəsi olduğunu, dövlətlərarası siyasətdə,
iqtisadiyyatda və mədəni münasibətlərdə həyata
keçirilməli olan xeyirxah işlərdə hər
hansı dövlətin tərəfdaşı ola biləcəyini
tam şəkildə göstərdi. Buna görə
Sizə ürəkdən təşəkkür etmək istəyirəm.
X X X
Bakı
Dağ Yəhudiləri Dini İcmasının sədri Milix
YEVDAYEV çıxış edərək dedi:
- Möhtərəm
Prezident.
Şeyx həzrətləri.
Əziz və hörmətli qonaqlar.
Şeyx həzrətləri çıxışında
bütün məqamlara toxundu. Mən belə fikirləşirəm
ki, o məqamlara bir daha toxunmaq lazım deyil. Mən
yalnız bir məsələni qeyd etmək istərdim, Azərbaycanın
xoşbəxtliyi ondadır ki, onun Heydər Əliyev kimi Ulu
Öndəri, İlham Əliyev kimi Prezidenti var. Allah-Təala
onları Azərbaycan xalqına əziz və əvəzsiz
bir nemət olaraq bəxş etmişdir.
Möhtərəm
Prezident, Sizin bugünkü arzularınız bizim sabahkı
günlərimizdir.
Arzunu
yazmışam mən arzularda,
Arzunu görmüşəm ayna sularda.
Dərdi
tək çəkmişəm, çətində, darda,
Sevinci hamı ilə bölən olmuşam.
Möhtərəm
Prezident, Siz sevinci nəinki bizimlə, bütün dünya ilə
böldünüz. Biz böyük qürur hissi
ilə Sizin Atəşgahda Avropa Oyunlarının məşəlini
yandırmağınızı izləyirdik. Bu məşəl Azərbaycan xalqının ürəyinin
məşəlidir. Həmçinin o məşəl
Sizin qəlbinizin, ürəyinizin odu, atəşidir. Çox müdrik bir addımla o məşəli Siz
Azərbaycanın bütün guşələrinə göndərdiniz.
Bununla da Siz Azərbaycanı öz ürəyinizin
odu ilə qızdırıb, işığı ilə nura qərq
etdiniz.
Möhtərəm
Prezident, biz yəhudilər də Azərbaycanda, bu məmləkətdə
bu xalqın, bu dövlətin bütün qələbələrinə
sevinir və Sizinlə çiyin-çiyinə
addımlayırıq. Bizim xalqımıza qəriblik
qisməti yazılıb və biz də onu qəbul etmişik.
Amma bizim harada olmağımızdan, harada
yaşamağımızdan asılı olmayaraq, biz Azərbaycanı
doğma bilib onu qəlbimizdə, ürəyimizdə,
gözümüzdə, ruhumuzda, şüurumuzda
yaşadırıq.
Mən
ki, tanımıram belə bir məkan,
Ana yurddan, doğma evdən əzizdir.
Vətən
torpağının qaratikanı,
Yad ellərdə bitən güldən əzizdir.
Ona
görə də, ayın 23-24-də Amerika Birləşmiş
Ştatlarından 150 nəfərə yaxın azərbaycanlı
yəhudi Azərbaycanın bu cahanşümul qələbələrini
təbrik etmək, gözaydınlığı vermək
üçün Bakıya gələcəklər.
Möhtərəm
Prezident,
Şeyx həzrətləri,
Siz bu dəqiqə qeyd etdiniz ki, bütün şəhidlərimizə
Allah-Təaladan rəhmət diləyək. Allah-Təala
bizə qismət etsin ki, Qarabağ torpaqları azad olunsun,
bizim uca bayrağımız Qarabağ səmasında
dalğalansın. Xudavəndi-Aləm
bütün oruclarınızı, dualarınızı qəbul
edib, əvəzində hamınıza İbrahim peyğəmbər
ömrü, böyük ailə səadəti nəsib etsin.
Allah elə etsin ki, yollarınız uğurlu,
işləriniz avand, çörəyiniz isti, suyunuz sərin,
gözünüz işıqlı, diziniz taqətli olsun.
Allah amanında!
X X X
Dövlətimizin başçısı mərasimdə
çıxış etdi.
Azərbaycan
Prezidenti İlham Əliyevin
çıxışı
- Hörmətli
Şeyx həzrətləri.
Hörmətli din xadimləri.
Hörmətli mərasim iştirakçıları.
İlk növbədə, sizi və bütün Azərbaycan
xalqını qarşıdan gələn müqəddəs
Ramazan bayramı münasibətilə ürəkdən təbrik
etmək istəyirəm. Hər bir Azərbaycan ailəsinə
sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram.
Bizim mübarək Ramazan ayında görüşlərimiz
ənənəvi xarakter daşıyır. Bu ənənəni
ulu öndər Heydər Əliyev və şeyx həzrətləri
qoymuşlar. Bu ənənə
yaşayır və yaşayacaqdır. Əslində
bu, din-dövlət münasibətlərinin çox gözəl
təzahürüdür. Azərbaycanda
din-dövlət münasibətləri sağlam təməl
üzərində formalaşıb və inkişaf edir. Bu, hər bir ölkə üçün önəmli
məsələdir. Bizim amalımız
birdir. Bizim amalımız Azərbaycanı
inkişaf etdirmək, Azərbaycan xalqının
maraqlarını müdafiə etmək və Azərbaycanı
daha da güclü dövlətə çevirməkdir. Biz bu məqsədə doğru inamla, uğurla irəliləyirik.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı
qarşısında misilsiz xidmətləri vardır. Əgər 1993-cü ildə
Azərbaycan xalqı onu hakimiyyətə dəvət etməsəydi,
Azərbaycanın taleyi çox ağır ola
bilərdi. Əslində müstəqilliyimizin
ilk illəri bunu əyani şəkildə göstərmişdir.
Məhz onun qətiyyəti, siyasəti, cəsarəti,
müdrikliyi nəticəsində Azərbaycan ağır
sınaqlardan üzüağ çıxmışdır,
inkişaf yoluna qədəm qoymuşdur və bugünkü Azərbaycan
reallıqları məhz o illərdə
başlanmışdır.
Şeyx həzrətləri nəinki Azərbaycanda, Qafqazda,
dünya miqyasında din xadimi kimi böyük rəğbətə
malik olan bir şəxsiyyətdir. Əlbəttə ki,
ulu öndər Heydər Əliyevin siyasi bacarığı,
şeyx həzrətlərinin din aləmində
bacarığı, dünyagörüşü, müasirliyi
bugünkü Azərbaycanın reallıqlarını
1990-cı illərin ortalarında mümkün etmişdir.
Bu gün din-dövlət münasibətləri,
o cümlədən mənimlə şeyx həzrətləri
arasındakı münasibətlər dostluğa söykənir.
Bir daha demək istəyirəm ki, Azərbaycanın
inamlı, uğurlu inkişafı çox möhkəm təməl
üzərində qurulubdur.
Əlbəttə ki, iqtisadi inkişafımız bizi
sevindirir. Bu da düşünülmüş siyasətin nəticəsidir.
Beynəlxalq nüfuzumuz kifayət qədər
yüksəkdir. Bu gün Azərbaycan
dünya miqyasında böyük dəstəyə və
hörmətə malik olan bir ölkədir. Ancaq möhkəm təməl olmasaydı, biz bu
nailiyyətlərə çata bilməzdik. Düşünülmüş siyasət, xalqla
iqtidar arasındakı birlik, din-dövlət münasibətlərinin
möhkəm təməl üzərində qurulması bizim
uğurlarımızın əsas şərtidir.
Bu gün Azərbaycan müstəqil dövlət kimi ən
yüksək zirvələrə çatıb. Əgər
tarixə nəzər salsaq görərik ki, Azərbaycan
xalqı heç vaxt indiki kimi yaxşı
yaşamamışdır, Azərbaycan heç vaxt indiki kimi
güclü olmamışdır. Bu uğurlar cəmi 24 il ərzində qazanılıb. Özü
də müstəqilliyin ilk illəri acınacaqlı və fəlakətli
illər idi. Dünyada 200-dən çox
ölkə var. Onların hamısı müstəqildir.
Ancaq bir çox hallarda bu müstəqillik ya
yarımçıqdır, ya da şərti xarakter
daşıyır. Biz isə sözün əsl
mənasında müstəqil dövlətik, bununla fəxr
edirik, hər bir vətənpərvər Azərbaycan vətəndaşı
bununla fəxr edir.
Dövlət, eyni zamanda, Azərbaycanda dinlərarası
münasibətlərin tənzimlənməsində də
öz rolunu oynayır. Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq
forumlar, konfranslar, dinlərarası dialoqla, multikulturalizmlə,
humanitar məsələlərlə bağlı forumlar, əlbəttə
ki, ölkəmizi dünyaya nümunəvi ölkə kimi təqdim
edir, eyni zamanda, Azərbaycanda dinlərarası münasibətlərin
gələcəkdə də sağlam şəkildə
inkişaf etməsinə şərait yaradır. Azərbaycanda İslam dini ilə bağlı
çoxsaylı tədbirlər keçirilir. Bu tədbirlərdə həm bizim qonşu dövlətlərdən
nümayəndələr iştirak edir, eyni zamanda, uzaq ölkələrdən
qonaqlar gəlir. Yəni, budur
bugünkü Azərbaycanın reallıqları. Dövlət bu istiqamətdə öz səylərini
göstərir və göstərəcək.
Azərbaycanda bütün tarixi məscidlərimiz
dövlət hesabına əsaslı şəkildə bərpa
edilibdir.
Bibiheybət, Təzəpir, Əjdərbəy məscidləri,
743-cü ildə tikilmiş, müsəlman aləmində ən
qədim məscidlərdən biri olan Şamaxı məscidi,
“İmamzadə” Dini Kompleksində indi əsaslı təmir-bərpa
işləri aparılır. Əlbəttə
ki, keçən ilin sonlarında Heydər Məscidinin tikilib
istifadəyə verilməsi tarixi hadisə idi.
Bir
neçə il bundan əvvəl mən Məkkə
ziyarətində müqəddəs Kəbənin içində
dualar edərək niyyət etmişdim ki, Azərbaycanda
böyük, möhtəşəm məscid tikiləcək və
bu məscidin adı Heydər Məscidi olacaq. Bu
ilin aprel ayında mənə yenidən Kəbənin
içində dualar etmək xoşbəxtliyi nəsib olub.
Şeyx həzrətlərinin dediyi kimi, İki Müqəddəs
Ocağın Xadimi, Səudiyyə Ərəbistanı
Kralının şəxsi göstərişi ilə müqəddəs
Kəbənin qapıları mənim, şeyx həzrətlərinin,
ailə üzvlərimin üzünə
açılmışdır və yenidən müqəddəs
Kəbənin içində dualar edərək, ürəyimdə
dedim ki, Heydər Məscidi tikildi. Bir müsəlman kimi mənim
üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bu, atamın ruhu
qarşısında mənim borcumdur. Bir müsəlman
kimi mən xoşbəxt adamam ki, buna nail
ola bilmişəm və eyni zamanda, xoşbəxt adamam ki,
müqəddəs Kəbənin içində üç dəfə
dualar etmişəm.
Səudiyyə Ərəbistanında səfərdə
olarkən mən İslam Əməkdaşlıq Təşkilatını
da ziyarət etdim. Azərbaycan İslam Əməkdaşlıq
Təşkilatının fəal üzvüdür. Təşkilatın baş katibi ilə
görüşüm, çox məqamlar ətrafında
apardığım fikir mübadiləsi bir daha göstərir
ki, Azərbaycan bu təşkilatın fəal və dəyərli
üzvüdür. May ayında isə
İslam Əməkdaşlıq Təşkilatının
baş katibi cənab Mədəni Azərbaycanda səfərdə
idi və Bakıda keçirilmiş Sivilizasiyalararası Dialoq
Forumunda çıxışında Azərbaycanda dini məsələlərin
nə qədər yüksək səviyyədə həll
olunduğunu xüsusilə qeyd etmişdir. Ümumiyyətlə, bütün müsəlmanları
birləşdirən təşkilatın rəhbərinin Azərbaycan,
ölkəmizin reallıqları haqqında sözləri əlbəttə
ki, böyük qiymətə malikdir. Qeyd etməliyəm
ki, may ayında keçirilmiş tədbirdə
UNESCO-nun, İslam Əməkdaşlıq Təşkilatının,
ISESCO-nun baş katibləri və digər qonaqlar iştirak
etmişlər. Onların iştirakı əslində
Azərbaycanda bu sahədə görülən işlərə
verdikləri yüksək qiymətdir. Bizim
üçün bu, adi hala çevrilib. Azərbaycanda
hökm sürən ab-hava, dinlərarası, millətlərarası
münasibətlər, multikulturalizm dəyərləri - bunlar
bizim üçün həyat tərzidir. Ancaq
əgər biz bəzi başqa ölkələrə nəzər
yetirsək görərik ki, bu, heç də hər yerdə
belə deyil. Əksinə, milli, dini zəmində
qarşıdurmalar, müharibələr, toqquşmalar baş
verir, məzhəb zəminində qan tökülür. Bu, dözülməzdir və mən də şeyx həzrətlərinin
sözləri ilə razıyam ki, bugünkü dünyada
proseslər daha çox mənfi istiqamətdə gedir.
Biz bir il bundan əvvəl bu salonda
toplaşmışdıq. Görün, bu bir il
ərzində dünyada nə qədər böyük təhlükələr
yarandı, hansı ki, bir il bundan əvvəl onlar haqqında
heç söhbət aparılmırdı.
Dinlərarası münasibətlərdə böhran
yaşanır.
İslamafobiya, ksenofobiya, antisemitizm meyilləri
güclənir. Multikulturalizm dəyərləri
haqqında hətta yüksək vəzifə sahibləri tərəfindən
çox təhlükəli ifadələr səslənir ki,
multikulturalizm iflasa uğrayıb, multikulturalizm işləmir və
onun gələcəyi yoxdur. Gəlsinlər,
Azərbaycana baxsınlar. Azərbaycanda
multikulturalizm yaşayır, möhkəmlənir. Heydər Məscidinin açılışında mən,
şeyx həsrətləri, Aleksandr ata, Milix Yevdayev
çıxış etmişik. Budur, bizim
reallıqlarımız. Bu, bizim
üçün adi qaydadır. Ancaq, eyni
zamanda, bizim xristian, yəhudi qardaşlarımızın orada
çıxışı bir mesaj, siqnal idi, həm Azərbaycan
cəmiyyətinə, həm bölgəyə, həm də
dünyaya. Bax, belə olmalıdır.
Budur, normal həyat tərzi, budur, normal siyasət.
Bir daha
demək istəyirəm ki, Azərbaycanın gələcək
uğurlu inkişafı məhz bu istiqamətdə ola bilər. Biz heç vaxt imkan
verə bilmərik ki, hansısa kənar bir qüvvə Azərbaycanda
dini, yaxud da ki, milli zəmində nifaq toxumlarını səpsin.
Azərbaycan dövləti buna heç vaxt imkan
verməyəcək və Azərbaycan reallıqları bunu əyani
şəkildə göstərir.
Biz Azərbaycanda əlbəttə ki, bu işləri ən
yüksək səviyyədə tənzimləmişik. Bizim gələcək
inkişafımız uğurla davam etdiriləcək. Ancaq biz istəyirik ki, hər yerdə belə olsun.
Əgər hər yerdə belə olarsa, o zaman
dini zəmində qarşıdurmalar da olmayacaq, qan
tökülməyəcək və insanlar
yaradıcılıqla məşğul olacaq, öz həyatlarını
quracaq, ailələrinə diqqət yetirəcəklər.
Ona görə Azərbaycanda multikulturalizmlə,
dinlərarası dialoqla bağlı keçirilən tədbirlərin
çox böyük mənası var.
Azərbaycan nümunəvi bir ölkədir. Onu Azərbaycana
gələn hər bir qərəzsiz qonaq görür və
etiraf edir. İstənilən sahədə
- şəhərimizin gözəlliyi, təhlükəsizlik,
iqtisadi inkişaf, sosial ədalət, din-dövlət
münasibətləri, dinlərarası dialoq, imkanlarımız
və Avropa Oyunlarının keçirilməsi bizim
potensialımızı bütün dünyaya göstərdi.
Biz bu potensialı bilirdik. Biz
bilirdik ki, nəyə qadirik. Ancaq bəziləri
bunu bilmək, görmək istəmirlər, ağa qara deyirlər,
bizə şər, böhtan atırlar. Bizim
heç kimlə işimiz yoxdur, öz həyatımızı
qurmuşuq, heç kimə də heç bir məsələni
diktə etmirik. Ancaq heç vaxt imkan vermərik
ki, hansısa bir kənar qüvvə bizə diktə etsin.
Biz müstəqil ölkəyik, ləyaqətli
ölkəyik. Azərbaycan xalqının
taleyi onun öz əlindədir. Ona görə
Azərbaycana gələn qərəzsiz, xoşniyyətli
insanlar bu reallıqları görürlər. Biz ölkə daxilində bütün əsas məsələləri
həll etmişik. Əlbəttə ki,
sosial problemlər var, torpaqlarımız işğal
altındadır, qaçqınların bir hissəsi hələ
ki çox ağır vəziyyətdə yaşayır, ancaq
onların problemləri həll olunur. Bu,
qarşımızda duran problemlərdir, biz onları həll
edəcəyik, o cümlədən Dağlıq Qarabağ məsələsi
də Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll olunacaq. Bunun başqa yolu yoxdur. Azərbaycan
heç bir başqa variantla heç vaxt razılaşmayacaq.
Ancaq biz digər sahələrdə, - sosial ədalət,
iqtisadi inkişaf, dinlərarası dialoq, - artıq
bütün lazımi tədbirləri görmüşük
ki, bax, bu möhkəm təməl qurulub. Biz istəyirik
ki, dünyada da belə olsun. Biz istəyirik
ki, ölkələr arasındakı əlaqələr əməkdaşlıq
üzərində qurulsun. Rəqabət
üzərində qurulmasın, xoş niyyət üzərində
qurulsun. Biz öz işlərimizi bu istiqamətdə
davam etdirəcəyik.
Bir məsələni də vurğulamaq istəyirəm,
milli, dini dəyərlərimiz bizim üçün hər
şeydən üstündür. Biz çalışmalıyıq
və çalışırıq ki, bizim gənclərimiz də
milli ruhda böyüsünlər, tərbiyə alsınlar.
Milli ruhda, eyni zamanda, multikulturalizm ruhunda. Burada heç bir ziddiyyət yoxdur. Hər bir vətənpərvər insan, öz vətənini,
millətini sevən insan böyük hörmətə layiqdir.
Eyni zamanda, başqa dinlərə hörmət
edən, başqa millətdən olan insanlara hörmətlə
yanaşan insan da böyük hörmətə layiqdir. Ona görə bizim gənclərimiz bax, bu ruhda tərbiyə
olunmalıdır. Biz gənclərimizi kənar
təsirlərdən qorumalıyıq. Kənar
təsir cəhdləri var, biz hamımız bunu yaxşı
bilirik. Nə qədər gücüm varsa
mən bu kənar təsirin qarşısında duracağam və
heç kimə imkan verməyəcəyəm ki, kimsə
öz iradəsini Azərbaycana diktə etsin.
Azərbaycan gəncləri vətənpərvərdir,
biliklidir, savadlıdır. Birinci Avropa Oyunları
bunu bir daha göstərdi. Bu Oyunlarda iyirmi
minə yaxın könüllü iştirak etmişdir. Onlar təmənnasız iştirak etmişlər,
gecə-gündüz, səhərdən axşama qədər
çalışmışlar. Azərbaycan
gəncliyi budur. Bilikli, xarici dili bilən,
savadlı, peşəkar, mədəni, gözəl gənclərdir.
Onların hər birinə artıq mənim
adımdan və Avropa Oyunlarının Təşkilat Komitəsinin
sədri Mehriban Əliyevanın adından təşəkkürnamə
sertifikatı verilməyə başlanmışdır. Onlar buna layiqdirlər. Bizim gənclər
milli ruhda, vətənpərvərlik ruhunda böyüməlidirlər,
eyni zamanda, savadlı, bilikli olmalıdırlar.
Bu gün dünyada terrorizm, ekstremizm, radikalizm meyilləri
baş alıb gedir. Hər yerdə - Yaxın Şərqdə,
Avropanın özündə, müxtəlif yerlərdə.
Bunun təzahürləri fərqli ola bilər.
Ancaq mahiyyət etibarilə bu, necə deyərlər,
bir anlayışdır. Buna qarşı ən
gözəl sığorta, ən gözəl sədd təhsildir.
Bilikli, savadlı insan çox nadir hallarda yolunu
aza bilər. Savadsız insanların beynini
zəhərləmək asandır. Ona
görə bizim gənclər savadlı, biliklidirlər.
Biz bunu təqdirlə qeyd edirik və bizim siyasətimiz
bundan sonra bu istiqamətdə davam etdiriləcək. Burada həm dövlət qurumları, həm dini
qurumlar yenə də bir yerdə olmalıdır. Azərbaycanda
həm ali, həm orta məktəblərdə,
eyni zamanda, dini təhsil yüksək səviyyədə
olmalıdır. Azərbaycan dövləti bu
istiqamətdə bütün lazımi tədbirləri
görür və görəcəkdir.
Bir sözlə, əziz dostlar, bugünkü iftar məclisində
biz bir daha ürək sözlərimizi ifadə edirik. Ölkəmizin
gələcəyi ilə bağlı fikirlərimizi bildiririk.
Qeyd etməliyəm ki, mən Azərbaycanın
gələcəyini çox parlaq görürəm. Çünki biz haqq yolundayıq, ədalət
yolundayıq. Azərbaycanda ictimai-siyasi vəziyyət
çox sabitdir. Xalqla iqtidar
arasındakı birlik bizi daha da gücləndirir. Heç bir qüvvə bizim uğurlu yolumuza təsir
edə bilməz.
Bütün dünya müsəlmanlarını
qarşıdan gələn mübarək bayram münasibətilə
bir daha təbrik edirəm.
X X X
Şeyxülislam
Allahşükür PAŞAZADƏ dedi:
-Cənab
Prezident, bizə və dinə olan münasibətinizə
görə Sizə minnətdarlığımı bildirirəm.
Məni yenə də o Kəbə Evinin içərisinə
apardınız, kövrəltdiniz. Allah-Taaladan
arzu edirəm ki, burada olanların hamısına bir daha Kəbə
Evində olmağı və dua etməyi nəsib etsin,
inşallah.
Sizin hamınıza mərasimimizə gəldiyiniz
üçün minnətdaram.
X X X
Sonra iftar süfrəsi açıldı.
Yeni Azərbaycan.-2015.-
14 iyul.- S. 3.