Azərbaycanın bütün şəhərləri 24 saat içməli su ilə təmin ediləcək

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində son bir ildə ölkə üzrə fasiləsiz su alanların çəkisi 7,5 faiz artaraq 62,5 faizə çatdırılıb

Son illərdə regionlarda həyata keçirilən infrastruktur layihələri arasında ölkənin etibarlı su təchizatına nail olunması ilə bağlı reallaşdırılan layihələr xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyev mütəmadi olaraq dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrı-ayrı şəhərlərin su təchizatının yaxşılaşdırılmasına lazımi qədər vəsait ayırır. Bundan başqa, Dövlət Neft Fondundan da su layihələrinin yerinə yetirilməsinə kifayət qədər irihəcmli maliyyə tranşları yönəldilir. Bakı şəhərinin və onun ətraf qəsəbələrinin, eləcə də, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında su layihələri ilə bağlı konkret müddəalar öz əksini tapıb və sözügedən proqramlar çərçivəsində son 11 ildə ölkəmizin bütün regionlarında müxtəlif həcmli onlarla su layihələri reallaşdırılıb. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında su layihələrinin ölkəmiz üçün prioritet əhəmiyyət daşıdığını bir daha nəzərə çatdıraraq vurğulayıb ki, bu sahədə hədəf bütün şəhərlərdə 24 saat fasiləsiz yüksək keyfiyyətli su təminatına nail olmaqdan ibarətdir: “Bu infrastruktur layihələrinin arasında, əlbəttə, içməli su layihələri də prioritet xarakter daşıyır və son illər ərzində bu sahəyə daha da böyük diqqət göstərilir. Bizim bütün şəhərlərimizdə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su 24 saat təmin ediləcək. Artıq bir neçə şəhərdə bu layihələr başa çatıb”.

Etibarlı su təchizatına nail olunması yeni minillikdə hər bir ölkənin qarşısında duran strateji məsələ səviyyəsinə yüksəlib

Məlumdur ki, müasir dövrdə dünya bir sıra yeni çağırışlarla üz-üzə dayanıb. Yeni minillikdə etibarlı su təchizatının da hər bir ölkə üçün strateji əhəmiyyət daşıyan məsələ səviyyəsinə yüksəldiyi, hətta dövlətlərarası münasibətlərə təsir göstərə bilən faktorlar sırasında yer aldığı artıq heç kəsdə şübhə doğurmur. Mütəxəssislər yeni minillikdə su ehtiyatlarının geostrateji əhəmiyyətinə diqqət çəkərək bildirirlər ki, XXI əsrdə su neftin ötən əsrdəki yerini tuta bilər. Son dövrlərdə Yaxın Şərqdə, MDB-də və başqa məkanlarda baş verən geosiyasi kataklizmlərin həm də buya digər su mənbələrinə nəzarəti ələ keçirmək iddialarından qaynaqlandığı deyilənləri bir daha təsdiqləyir. Getdikcə daha çox sayda dövlət malik olduğu su ehtiyatlarından başqa dövlətlərə qarşı təzyiq, iqtisadi-siyasi rıçaq vasitəsi kimi istifadə etməyə üstünlük verir.

Bir sözlə, müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Verilən məlumatlara görə hazırda dünyada təxminən 1,5 milyard nəfər içməli su çatışmazlığından əziyyət çəkir. BMT-nin yaydığı hesabat həyəcan təbili çalmağa əsas verir. Qurumun 1998-ci ildə hazırladığı hesabatda göstərilir ki, ötən əsrin 50-ci illərində əhalisi 50 milyondan az olan yalnız 12 ölkə su qıtlığı problemi ilə qarşılaşıb. Ötən əsrin 90-cı illərində bu göstərici 2 dəfədən çox artıb və əhalisi 300 milyon nəfər olan 26 ölkə su çatışmazlığı problemindən əziyyət çəkib. Bu minvalla 2050-ci ildə 65 ölkədə 10 milyard nəfərə yaxın insan su çatışmazlığı ilə üz-üzə qalacaq.

Su çatışmazlığının acı fəsadları hazırda beynəlxalq miqyasda özünü göstərməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün dünyada diareya xəstəliyindən 5 min uşaq ölür, yəni hər 17 saniyəyə bir uşaq həyatla vidalaşır. Ümumiyyətlə, müxtəlif ölkələrdə xəstəliklərin 80 faizi içməli suyun keyfiyyəti ilə bilavasitə bağlıdır, bunun nəticəsi olaraq hər il 3 milyon insan dünyasını dəyişir. Ümumilikdə isə, 500 milyondan artıq insan içməli su ehtiyacından daim müxtəlif xəstəliklərə düçar olur.

Bütün bu deyilənlərə su çatışmazlığının ayrı-ayrı ölkələrdə yaratdığı ekoloji problemləri, iqtisadi əngəlləri və digər mənfi təzahürləri də əlavə etsək, onda etibarlı su təchizatı qayğısına qalmağın hər bir ölkə üçün həyati əhəmiyyətli məsələ olduğu barədə konkret təsəvvür yaranar. Azərbaycan da bu cəhətdən istisna deyil. Respublika ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Ölkəmizi qidalandıran əsas su mənbələrinin respublikanın hüdudlarından kənarda formalaşması məsələyə daha həssas yanaşmağı tələb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev etibarlı su təchizatına nail olunmasını müstəqil Azərbaycanın strateji hədəfindən biri kimi müəyyənləşdirib. Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimindəki çıxışında dövlət başçısı İlham Əliyev bununla bağlı fikirlərini ifadə edərək deyib: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”.

Yeni su layihələrinin sayəsində bölgələrdə səhraya bənzəyən yerlər bağ-bağata çevrilir

Azərbaycanda kənd təsərrüfatının kifayət qədər geniş potensiala malik olduğunu nəzərə alsaq, ölkənin regionlarında reallaşdırılan yeni su layihələrinin rolu barədə konkret təsəvvür yaranar. Bu layihələr regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Əlamətdar haldır ki, ölkə Prezidentinin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının həyata keçirildiyi illərdə su-drenaj layihələrinə əsaslı kapital qoyuluşu dəfələrlə artıb, sahənin maddi-texniki bazası xeyli gücləndirilib, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilib. Belə ki, son 11 ildə ölkə miqyasında 171 min hektar sahənin su təminatı və 178 min hektar ərazinin meliorativ vəziyyəti yaxşılaşdırılıb, 20 min hektar yeni suvarılan sahə dövriyyəyə cəlb edilib, 1194 ədəd subartezian quyusu qazılıb. Eyni zamanda, respublikada sel və daşqınlara qarşı Kür, Arazdağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi işləri yerinə yetirilib.

2013-cü ildə dövlət başçısının iştirakı ilə istifadəyə verilən Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşası layihələri Azərbaycanın su təchizatı probleminin həllində çox böyük uğurdur. Kanal üzərində 57 mükəmməl hidrotexniki qurğu quraşdırılıb. Samur-Abşeron suvarma sistemi üzrə nəzərdə tutulan digər tədbirlərin də reallaşdırılması nəticəsində şimal bölgəsi rayonlarında 150 min hektara qədər torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq və 31 min hektar sahədə yeni suvarılan torpaqlar istismara veriləcəkdir.

Ötən ilin noyabrında istifadəyə verilən Şəmkirçay su anbarı da böyük investisiya tutumlu su layihəsidir. Layihənin yerinə yetirilməsinə 700 milyon manatdan çox dövlət vəsaiti yönəldilib. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq.

Sözügedən su layihələrinin icrası Azərbaycanın kənd təsərrüfatında yeni torpaqların dövriyyəyə buraxılmasına, suvarılan əkin sahələrinin artmasına səbəb olacaq. Dövlətimizin başçısının tapşırığına əsasən aparılan dəqiqləşdirmə nəticəsində Şəmkir, Göygöl, SamuxGoranboy rayonlarında su təminatı yaxşılaşdırılacaq 54 248 hektaryeni suvarılacaq 17 147 hektar torpaq sahələrinin olduğu müəyyənləşdirilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında Taxtakörpü və Şəmkirçay su anbarlarının respublikamızın kənd təsərrüfatı üçün əhəmiyyətini də xüsusi vurğulayıb: “Eyni zamanda, Taxtakörpü, Şəmkirçay su anbarlarının tikintisi nəticəsində on minlərlə hektar torpaq sahələri dövriyyəyə buraxılacaq. Artıq bu il işlər başlanıbdır. Səhraya bənzəyən yerlər gül-çiçək, bostan, bağ olacaq. Budur bizim işimiz”.

Regionlarda su-drenaj layihələrinin icrasına yeni Dövlət Proqramında da geniş yer verilib

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda respublikanın 50 rayon və 3 şəhərində çoxsaylı su layihələrinin, meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Həmin tədbirlər üzrə 2014-cü ildə böyük həcmi yerinə yetirilib. Yeni Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə uyğun olaraq Şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə 320 milyon kubmetr su verilməsi üçün tikinti işlərinə başlanılıb və hazırda bu işlər davam etdirilir. Ötən il Dünya Bankının krediti hesabına respublikanın 10 rayonunda 36 min hektar sahədə suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri başa çatdırılıb. Dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq 32 rayonun 223 yaşayış məntəqəsində əkin sahələrinin suvarma və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 250, ümumilikdə isə 305 ədəd subartezian quyuları qazılaraq istifadəyə verilib və daha 300 subartezian quyusunun qazılması nəzərdə tutulub. Bundan başqa, dövlət başçısının ölkədə iri taxılçılıq təsərrüfatlarının yaradılması barədə tapşırığına uyğun olaraq Füzuli və Ağcabədi rayonlarının ərazilərində 1725 hektar az məhsuldar qış otlaq sahələri suvarma suyu ilə təmin edilib, Neftçala rayonunda isə bu məqsədlə Kür çayı üzərində nasos stansiyasının və suvarma kanalının tikintisi işləri davam etdirilib. Ölkənin su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə malik olan Taxtakörpü su anbarının istifadəyə verilməsi nəticəsində ötən yay mövsümündə Samur sərhəd çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, anbarda toplanan su hesabına Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının su təminatını ödəmək üçün əlavə olaraq 260 milyon kubmetrə yaxın su verilməsi mümkün olub. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində suvarılan torpaq sahələri suvarma suyu ilə tam təmin edilib, respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1361 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılıb.

Regionlarda əhalinin içməli su probleminin həllinə nail olunması tarixi əhəmiyyət daşıyır

Prezident İlham Əliyevin qarşıya qoyduğu sosial hədəflərdən birirespublikada əhalinin içməli suya olan tələbatının yüksək səviyyədə ödənilməsi ilə bağlıdır. Bu, sırf sosial proqramdır. Su layihələrinə yönəldilən investisiyalar geri qayıtmasa da, Azərbaycan sosial dövlət olduğunu nümayiş etdirərək bu sahəyə böyük həcmdə sərmayələr yönəldir. Dövlət başçısı bəhs olunan konfransdakı çıxışında ölkəmizdə reallaşdırılan su layihələrini tarixi hadisə kimi səciyyələndirərək vurğulayıb: “Bizim bütün şəhərlərimizdə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su 24 saat təmin ediləcək. Artıq bir neçə şəhərdə bu layihələr başa çatıb. Mən də hər bir layihənin başa çatması tədbirlərində şəxsən iştirak edirəm və yerlərdən gələn məlumatlar da məni çox sevindirir. Bu da tarixi hadisədir”.

Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı üzrə respublikanın bütün regionlarında içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə böyükhəcmli layihələr həyata keçirilib. Son 11 ildə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına 40 şəhərdə içməli sukanalizasiya layihələrinin icrasına başlanılıb. Yeni su layihələrinin icrası artıq 12 şəhərdə yekunlaşıb, digər 28 şəhərdə isə işlər davam etdirilir. Reallaşdırılan tədbirlər nəticəsində bu şəhərlərdə 480 min nəfər içməli su ilə təmin olunub ki, onların da 175 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.

Hazırda bütün ölkə boyu yeni içməli su layihələri həyata keçirilir

Əvvəlki Dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində yaranan möhkəm baza əsasında hazırlanan və 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət proqramında da içməli su təchizatı layihələrinə geniş yer verilib. Yeni Dövlət Proqramının icrasının birinci ilində respublikanın müxtəlif şəhər və rayonlarında bu qəbildən çoxsaylı layihələr reallaşdırılıb. 2014-cü ildə bu sahədə həyata keçirilən ən böyük layihə Kür sutəmizləyici qurğularından Sabirabad və Saatlı şəhərlərinə qədər çəkilən magistral su kəmərinin tikintisi olub. Diametri 810 millimetr olan 62 kilometr uzunluğunda magistral kəmərin inşası 8 aya başa çatdırılıb. Ötən ilin dekabr ayında Prezident İlham Əliyevin iştirakı ilə Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimi keçirilib, eyni zamanda, Saatlı şəhərinə də suyun verilməsi təmin edilib. Kəmərlə ötürüləcək suyun həcmi perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndinin 100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47 min, Hacıqabul rayonunun isə 4 kəndinin 10 min sakininin tələbatının ödənilməsinə imkan verəcək. Yeni Dövlət Proqramı çərçivəsində həmçinin Mingəçevir şəhərində 41 kilometr yeni su xətti, 30 kilometr kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası tikilib. Eyni zamanda, şəhərdə müasir texnologiyalara əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun tikintisinin birinci mərhələsi başa çatdırılıb. Növbəti illərdə isə Yevlax şəhərinin içməli su təminatı məqsədilə qurğunun ikinci mərhələsinin tikintisi davam etdiriləcək.

Dövlət Proqramının icrasının birinci ilində Ucar şəhərində su şəbəkəsinin tikintisi tam başa çatdırılıb, 4900 mənzildə smart tipli sayğac quraşdırılıb və şəhər sakinləri fasiləsiz su ilə təmin olunublar. Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur” layihəsi çərçivəsində 24 kilometr uzunluğunda Göygöl-Gəncə magistral su kəməri istismara verilib. Layihəyə uyğun olaraq hazırda Gəncə şəhərinin bir hissəsinin su təchizatı bu mənbədən təmin olunur. Ötən il şəhərdə 78 kilometr sukanalizasiya xətti, həcmi 17 min kubmetr olan 4 su anbarı tikilib, 170 yaşayış binasının daxili kommunikasiya xətləri və məhəllədaxili şəbəkələri yenilənib, 7000 abonent smart tipli sayğacla təmin olunub.

Bundan başqa, Gəncə şəhərinin digər su mənbəyi - Qızılqayada drenaj sistemlərinin və magistral xəttin çəkilişi başa çatdırılıb.

Ümumiyyətlə, ötən il bölgənin suvarma və içməli suya olan tələbatının ödənilməsində müstəsna əhəmiyyət daşıyan Şəmkirçay su anbarının istismara verilməsi nəticəsində Gəncə şəhərinin, Şəmkir və Samux rayonlarının etibarlı içməli su mənbəyi yaranıb. Gəncə şəhərini qidalandıran 27 kilometr uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası artıq yekunlaşıb. Dövlət Proqramına uyğun olaraq sutəmizləyici qurğunun, Şəmkir və Samux rayonlarına suyun verilməsi üçün magistral xəttin tikintisi üzrə tədbirlər davam etdirilir.

Ötən il Asiya İnkişaf Bankının krediti hesabına Beyləqan və Göyçay şəhərlərində su şəbəkəsinin tikintisi yekunlaşıb, Ağdaş şəhərində isə bu istiqamətdə işlərin çox hissəsi başa çatdırılıb. Eyni zamanda, Göyçay, Beyləqan, Ağdaş şəhərlərində kanalizasiya şəbəkəsinin qurulması yekunlaşmaq üzrədir.

Başqa bir beynəlxalq maliyyə qurumu - İslam İnkişaf Bankı ilə 2014-cü ildə “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Gədəbəy və Astara şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına start verilib. Cari ildə bu layihə çərçivəsində Daşkəsən, Tərtər, QazaxSamux, həmçinin, Ağcabədi və Qobustan şəhərlərində infrastrukturun yenidən qurulmasına başlanılacaq.

Ümumiyyətlə, rayon mərkəzlərində və respublika tabeli şəhərlərdə həyata keçirilən layihələr çərçivəsində yeni su mənbələrinin yaradılması, anbarların, nasos stansiyalarının və paylayıcı şəbəkələrin tikintisi ilə yanaşı, tullantı sularının zərərsizləşdirilib kənarlaşdırılması üçün müasir təmizləyici qurğular da inşa olunur. Artıq Oğuz, Zaqatala, Goranboy, Göygöl şəhərlərində ekoloji tarazlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyan belə qurğular istismara verilib.

Regionların inkişafına dair üçüncü Dövlət Proqramında içməli sudan əziyyət çəkən kəndlərdə də yeni layihələrin icrası nəzərdə tutulub. Ötən il düşmən mövqelərindən bir neçə yüz metr məsafədə yerləşən Tovuzun Əlibəyli, Goranboyun Tapqaraqoyunlu kəndlərinin içməli su problemi öz həllini tapıb. Eyni zamanda, Ağdam, Tərtər, Füzuli, Xocavənd rayonlarının 8 sərhəd yaşayış məntəqəsinə, həmçinin, Ağcabədidə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı ərazilərə su xətləri çəkilib. Yeni Dövlət Proqramının icrasının birinci ilində, həmçinin, Balakən, Zaqatala, Qazax, Ağsu, İsmayıllı, Qobustan, Yardımlı, Biləsuvar, Salyan, Saatlı rayonlarının kənd və qəsəbələrində də su layihələri reallaşdırılıb, nəticədə 35 min nəfərin su təminatı yaxşılaşıb.

Dövlət Proqramı çərçivəsində Şirvan şəhərinin Yeni Yaşayış massivində 49 kilometr su şəbəkəsi yaradılıb, Şirvan-Muğan kəmərindən əraziyə magistral xətt çəkilib. Bütövlükdə, üçüncü Dövlət Proqramının icrasının birinci ilində regionlarda ümumilikdə 832 kilometr magistral və paylayıcı su xətti, 256 kilometr kanalizasiya kollektoru və şəbəkəsi, 39 su anbarı, 4 nasos stansiyası tikilib, 50 min ədəd smart tipli sayğac quraşdırılıb. Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində son bir ildə ölkə üzrə fasiləsiz su alanların çəkisi 7,5 faiz artaraq 62,5 faizə çatdırılıb.

Oğuz-Qəbələ-Bakı su kəməri paytaxtla yanaşı, regionların da içməli su təchizatında mühüm rol oynayır

Son illərdə ölkəmizdə reallaşdırılan yeni su layihələrindən biri də Oğuz-Qəbələ-Bakı su kəməridir. Bu, Abşeron yarımadasının içməli su təchizatı sahəsində həyata keçirilən ən iri layihədir. Oğuz rayonu ərazisindən təmiz suyun boru xətti vasitəsilə Bakıya gətirilməsini nəzərdə tutan bu layihə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 2002-ci ilin dekabrında keçirilən müşavirədə Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmişbu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı müvafiq göstəriş vermişdi.

Oğuz-Qəbələ-Bakı su kəmərinin icrasına Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının, o cümlədən, Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 25 avqust 2005-ci il tarixli müvafiq Sərəncamı ilə start verilib. Layihə çərçivəsində tikinti işlərinə 2007-ci ilin martında başlanılıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin inşasına 779,6 milyon manat vəsait ayrılıb. Kəmərin rəsmi açılış mərasimi 2010-cu il dekabrin 28-də keçirilib.

Oğuz-Qəbələ-Bakı su kəmərinin uzunluğu 262,5 kilometr, suburaxma qabiliyyəti saniyədə 5 kubmetr olmaqla özaxımlıdır və şüşəlifli (GRP) borulardan çəkilib. Kəmərin təzyiqi 20 atmosferdən yuxarı olan 55 kilometrlik hissəsi polad borulardan tikilib.

Kəməri su ilə təmin etmək üçün Oğuz rayonu ərazisində 78 istismar, 20 müşahidə quyusu qazılıb. Oğuz-Qəbələ-Bakı kəməri ilə Bakıya verilən suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur. Hazırda kəmərlə Bakı şəhərinə kəmərin layihə gücü həcmində, yəni saniyədə 5 kubmetr su verilir.

Oğuz-Qəbələ-Bakı su kəməri Abşeron yarımadası ilə yanaşı, su çatışmazlığı müşahidə olunan bəzi regionların problemlərinin həllinə də imkan yaradıb. Belə ki, bu kəmər istismara veriləndən sonra Bakı şəhərinin digər su təchizatı mənbəyi olan Kür sutəmizləyici qurğularında emal olunan suyun bir hissəsi AranMuğan bölgəsinə yönəldilib. Regionların sosial-iqtisadi inkişafına dair birinciikinci Dövlət Proqramının icrası dövründə Şirvan-Muğan qrup su kəməri tikilibKür sutəmizləyici qurğularının potensialından istifadə etməklə Biləsuvar, Şirvan və Hacıqabul şəhərləri keyfiyyətli içməli su ilə təmin edilib. Gələcəkdə bu mənbədən SalyanNeftçala şəhərlərinə, həmçinin, 121 kəndə də suyun verilməsi nəzərdə tutulub.

 

Nadir AZƏRİ

Yeni Azərbaycan.-2015.- 14 iyul.- S. 8.