Azərbaycana qarşı çox çirkin kampaniya aparılır

 

Prezident İlham Əliyev: Erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər və s. ünsürlər Azərbaycana qarşı müharibə elan ediblər

 

Azərbaycan dünya miqyasında ən dinamik inkişaf tempinə malik olan ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, paralel islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.

Azərbaycanın suverenliyini şərtləndirən əsas amil müstəqil siyasi iradəyə əsaslanan strateji kursun həyata keçirilməsidir

Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycanın suverenliyini şərtləndirən əsas amil müstəqil siyasi iradə əsasında həyata keçirilən siyasətin səmərəliliyi və milli maraqlara cavab verməsidir.

Bu kontekstdə qeyd etmək lazımdır ki, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilən Azərbaycan beynəlxalq miqyasda baş verən kataklizmlərə baxmayaraq, öz müstəqil inkişaf yolunda irəliləyir. Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Eyni zamanda, ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da inkişafın fundamental komponenti kimi çıxış edir. Bunlarla yanaşı, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi də Azərbaycanın milli gücünün artmasında təcəssüm olunur. Əminliklə qeyd etmək olar ki, bu gün dünya azərbaycanlıları qürur və iftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil Azərbaycan dövləti var.

Bununla yanaşı, sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycan tolerantlıq nümunəsi kimi çıxış edir və ölkəmizdə təşəkkül tapmış multikulturalizmin təcrübəsi dünya üçün nümunə olaraq xarakterizə edilir. Bu gün dünyaya “demokratik” dəyərlər təqdim etdiyini söyləyən Avropa ölkələrinin dini, milli və bəşəri müstəvidə ciddi böhranlar yaşadığı bir şəraitdə Azərbaycan sülh, sabitlik, tolerantlıq mühiti ilə xüsusi olaraq təqdir edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan artıq uzun illərdir çalışır ki, bölgədə multikulturalizm dəyərləri üstünlük təşkil etsin: “Bölgədə sülh, əmin-amanlıq, mehriban qonşuluq meyilləri güclənsin və bildiyiniz kimi, Azərbaycan tərəfindən bu istiqamətdə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox önəmli addımlar atılır. Ancaq bununla bərabər, biz bəzi Avropa ölkələrində tam başqa mənzərəni görürük və bu, bizi narahat edir.

Mənəvi böhran, iqtisadi böhran bu gün artıq Avropada reallıqdır və əlbəttə ki, bu, bizi düşünməyə vadar edir və bu amilləri gələcək fəaliyyətimizdə mütləq nəzərə alacağıq. Azərbaycan Avropa qurumlarına nə dərəcədə inteqrasiya etməlidir? İnteqrasiya etməlidir, yoxsa etməməlidir? Yoxsa biz əməkdaşlıq formatına üstünlük verməliyik? Bu barədə mən şəxsən artıq neçə vaxtdır düşünürəm və hesab edirəm ki, gələcək aylarda yeni əməkdaşlıq mexanizmi, formatı və konsepsiyası hazırlanmalıdır”.

Prezident İlham Əliyev onu da əlavə edib ki, əslində, bu barədə biz artıq önəmli addımlar atmışıq: “Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya Sazişinə qoşulmamışdır. Ona görə ki, bu saziş bizim maraqlarımıza uyğun gəlmir. Orada, sadəcə olaraq, bir mexanizm təklif olunurdu ki, bu, ikitərəfli əməkdaşlıqdan çox birtərəfli əməkdaşlığa bənzəyirdi və elə bil ki, o saziş bir göstəriş vərəqəsi idi. Bizə isə bu, əlbəttə ki, yaramır. Çünki Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk.

Digər məqamlar var idi ki, bizi qane etmirdi. Ona görə biz Avropa İttifaqına əməkdaşlıq təkliflərini irəli sürmüşük. Bu, tərəfdaşlıq müqaviləsi, strateji tərəfdaşlıq müqaviləsi ola bilər. Sadəcə olaraq, əməkdaşlıq, yaxud da ki, tərəfdaşlıq müqaviləsi ola bilər. Ancaq bu, bərabərhüquqludur və Azərbaycanın milli maraqları o sazişdə maksimum dərəcədə təmin olunmalıdır və dəyərlərimiz də, əlbəttə ki, bizim üçün ən önəmli yerdədir”.

Nəticə etibarilə, Azərbaycan özünün milli inkişaf modeli, eyni zamanda, ictimai-siyasi sabitlik və iqtisadi tərəqqisi, dünyaya təqdim etdiyi mütərəqqi dəyərlər ilə milli dövlətlər üçün pozitiv nümunə - örnək qismində çıxış edir. Bu zamana qədər əldə edilən nailiyyətlər isə beynəlxalq şəraitdən asılı olmayaraq, qarşıdakı dövrün də uğurlu olacağını deməyə əsas verir.

Azərbaycanın xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır

Beləliklə, Azərbaycanın sürətli inkişafı, daxili və xarici siyasət sahəsində əldə edilmiş nailiyyətlər, ilk növbədə, Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsidir. Xüsusilə də, həyata keçirilən səmərəli xarici siyasət kursu dövlətimizin qüdrətini artıran əhəmiyyətli faktor kimi çıxış edir. Ümumiyyətlə, müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş və nüfuzlu aktor kimi tanınmaqdadır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verməkdə və regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır.

Əlbəttə, müstəqil iqtisadi siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində mühüm rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar qismində çıxış edir. Təsadüfi deyil ki, ötən müddət ərzində həyata keçirilən rasional və praqmatik xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində bir sıra əhəmiyyətli uğurlar əldə etməsi də ölkəmizin beynəlxalq nüfuzunun artmasına və xarici əlaqələrinin əhatə dairəsinin genişlənməsinə təkan verən mühüm faktor olub. Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. Ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, ölkəmizə olan etimadı daha da artırır. Nəticə etibarilə, əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır.

Bir sözlə, Azərbaycanın xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Vurğuladığımız kimi, ikitərəfli və çoxşaxəli münasibətlərin əsasında duran strateji amil məhz ölkəmizin milli maraqlarıdır. Azərbaycan reallaşdırılan bütün strateji əhəmiyyətli lahiyələrdə öz müstəqil siyasi iradəsi əsasında - milli mənafelerə müvafiq olaraq təmsil olunur və ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlər mütləq mənada Azərbaycanın maraqlarını nəzərə alırlar. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin bildirdiyi kimi, bizim siyasətimiz Azərbaycan maraqları üzərində qurulubdur: “Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz”.

Azərbaycana qarşı təzyiq mexanizmi formalaşdırmaq cəhdləri heç bir nəticə verməyəcək!

Bütün bunlara baxmayaraq, son vaxtlar bəzi ölkələrin siyasi dairələri cidd-cəhdlə müstəqil Azərbaycanın inamla və ləyaqətlə həyata keçirdiyi daxili və xarici siyasət kursuna müdaxilə etməyə çalışırlar. Bu baxımdan, özünü büruzə verən əsas tendensiya Azərbaycanın yürütdüyü müstəqil siyasət kursunu məhdudlaşdırmaq, öz milli maraqlarının müdafiəsinə xidmət edən manevr imkanlarını azaltmaqdır. Hər hansı bir güc mərkəzindən asılı olmayan, milli mənafelərin təminatını əsas prinsip olaraq qəbul edən Azərbaycan dövlətinin suveren siyasi iradəsi onu tələb edir ki, ölkələrarası münasibətlər sırf bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət əsasında davam və inkişaf etdirilsin. Yəni istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya məkanında cərəyan edən hadisələr Azərbaycanın öz siyasətini beynəlxalq hüquq normaları əsasında davam etdirdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında xüsusi rol oynadığını sübuta yetirir.

Qeyd etdiyimiz kimi, Azərbaycanın müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin davamlı surətdə möhkəmlənməsindən narahatlıq keçirən bəzi xarici dairələr ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Xüsusilə də, mötəbər beynəlxalq tədbirlər ərəfəsində ölkəmizin imicinə - nüfuzuna zərbə vurmaq istəyən qüvvələr “qara piar” kampaniyasına istinad edirlər. Biz bunu ilk Avropa Oyunları ərəfəsində də müşahidə etdik. Ancaq o da bəlli oldu ki, bu cür təzyiq mexanizmi formalaşdırmaq cəhdləri və “qara piar” kampaniyası iflasa məhkumdur, heç bir nəticə verməyəcək. Ümumiyyətlə, proseslərin gedişatı göstərdi ki, kampaniyanın arxasında islamofob, ermənipərəst və anti-Azərbaycan dairələr, o cümlədən, erməni lobbisi durur. Dövlətimizin başçısı sözügedən iclasda vurğulayıb: “Onu da deməliyəm ki, - Azərbaycan ictimaiyyəti də bilir, - bizə qarşı çox çirkin kampaniya aparılır. Bu kampaniya dayanmır, önəmli beynəlxalq tədbirlər ərəfəsində daha da alovlanır, güclənir, əgər belə demək mümkündürsə, ondan sonra bir az səngiyir. Ancaq bu, daimi bir kampaniyadır, səbəbləri də aydındır...”

Bununla yanaşı, Avropadakı müəyyən dairələr Azərbaycana qarşı “qara piar” və təzyiq kampaniyasında xüsusi fəallıq nümayiş etdirirlər. “Demokratiya”, “insan hüquqları” kimi məfhumları istismar mexanizminə çevirən həmin qüvvələr müstəqil siyasət həyata keçirən Azərbaycanın suveren mövqeyini, davamlı nailiyyətlərini həzm edə bilmirlər. Onlar müxtəlif anti-Azərbaycan dairələrlə sinxron hərəkət etməklə yanaşı, “beşinci kolon”un da xidmətlərindən istifadə etməyə çalışırlar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ilk növbədə, dünya erməniliyi, erməni lobbisi bizi hədəf seçib, onların himayəsində olan riyakar, rüşvətxor siyasətçilər bu işlərə qoşulublar: “Xüsusilə, bu, Qərb siyasətçilərinə aiddir. Erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər və s. ünsürlər Azərbaycana qarşı müharibə elan ediblər. Əfsuslar olsun ki, bu gün Avropada faşizm, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm baş qaldırır. Yəni, bu hərəkət təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə ki, onlar müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar, eyni zamanda, Azərbaycanda “beşinci kolon”un qalıqlarının himayədarları ilə birləşib bizə qarşı hücuma keçiblər”.

Məsələ kontekstində onu da vurğulamaq lazımdır ki, ilk Avropa Oyunları ərəfəsində Avropada bir sıra təşkilatların, müxtəlif dövlət qurumlarının “qara piar” məqsədilə təşkil etdikləri şou-aksiyalar iflasa uğramaqla yanaşı, “qoca qitə”dəki qüvvələrin gerçək simasını, Azərbaycana qarşı qərəzli münasibətini ortaya qoymuş oldu. Amma həmin dairələr nəzərə almadılar ki, Azərbaycana qarşı təzyiq mexanizmi formalaşdırmaq əvəzinə, ölkəmizlə əməkdaşlıq əlaqələrini qarşılıqlı hörmət əsasında davam etdirmək daha məqsədəmüvafiqdir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi: “Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdu. Ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəlib. Çünki bu kampaniya və bu kampaniyanın son mərhələsi bir daha göstərib ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Ancaq görün və Azərbaycan xalqı bir daha görsün ki, nə qədər bunlar şərəfsiz hərəkətlər edirlər. Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamenti anti-Azərbaycan qətnaməsini müzakirəyə çıxarıb və çalışıb ki, bu qətnamə qəbul edilsin. Baxmayaraq ki, Avropa Parlamentinin sədri Şults, onun müavini Lunaçek və onların əlaltıları qatı anti-Azərbaycan mövqeyindədirlər və Azərbaycanı düşmən seçiblər, ancaq bu qətnamə keçmədi, 136 deputat lehinə, 136 deputat əleyhinə səs verdi. Əslində, bu, Şultsun, Lunaçekin və onlar kimilərinin siyasi iflası idi. Əgər bunlarda bir balaca vicdan varsa, ondan sonra istefa verməli idilər. Gördülər ki, bu keçmir, bəs nə etməli? Almaniya Bundestaqı Oyunların açılışı günündə - iyunun 12-də yığışır, qətnamə qəbul edir. Bu qətnamənin mövzusu anti-Azərbaycan və yalan üzərində qurulubdur. Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur, əksinə, bizim təbii qazımız, kontraktlarımız, neftimiz, bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır. Biz isə onlardan texnologiya alırıq. Onlardan almasaq, başqa yerdən alarıq. Onlardan heç bir asılılığımız yoxdur. Ona görə, Almaniya Bundestaqı kimdir ki, anti-Azərbaycan qətnamə qəbul etsin?! Getsin öz işi ilə məşğul olsun. Bəsdirin başqa ölkələrin daxili işlərinə müdaxilə etdiniz, biz buna imkan vermərik. Ancaq mən nəyi demək istəyirəm, bax, budur yanaşma. Nəyə görə? Çünki boğulur, partlayır, barışa bilmir ki, Azərbaycan uğurla inkişaf edir, dünyada müsəlman ölkəsi - Azərbaycan bu gün Avropa Oyunlarını hansı səviyyədə keçirir. Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçirilib. Onlardan fərqli olaraq buraya gələn qonaqlar, Avropanın dəyərli nümayəndələri, adi insanlar, idmançılar Azərbaycana heyran qaldılar, valeh oldular, sevdilər, getmək istəmirdilər. Mənə deyirlər ki, bəzi idmançılar yarışları başa çatandan sonra getmək istəmirdilər, axıra qədər qalmaq istəyirdilər. Bax budur Azərbaycan və budur normal Avropa vətəndaşları. Biz qabağa getmək istədik, gördük ki, bizi qəbul etmirlər, müsəlman olduğumuza görə, onlara baş əymədiyimiz üçün, başqa səbəblərə görə. Ona görə biz dayanmışıq. İstəyərlər, onlar bizə tərəf gələrlər. Bundestaqdan sonra Oyunlar zamanı Avropa Şurası Parlament Assambleyası anti-Azərbaycan qətnaməsi qəbul edir. Yəni, bu nə deməkdir, bu nə düşmənçilikdir və siz kiminlə düşmənçilik edirsiniz, Azərbaycanla?! Biz düşmənçilik edə bilərik, kim bundan zərər çəkər, onu onlar yaxşı düşünsünlər”.

Avropadakı dairələr nəzərə almalıdırlar ki...

Avropadakı müəyyən dairələr nəzərə almalıdırlar ki, Azərbaycanın öz inkişaf yolu var və ölkəmiz hər hansı bir qurum və ya ölkədən asılı deyil, müstəqil siyasi iradə əsasında daxili və xarici strateji kursunu davam etdirir. “Qoca qitə”nin müxtəlif təşkilatlarında ölkəmiz əleyhinə qərəzli dinləmələrin keçirilməsi, müxtəlif bəyanatların verilməsi kimi cılız vasitələr isə təsir qüvvəsinə malik deyil. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələlərə toxunaraq deyib: “Mən bəzi hallarda dövlət məmurlarından, deputatlardan, ictimai xadimlərdən eşidirəm ki, biz Avropaya inteqrasiya etməliyik. Siz bunu deyəndə bir düşünün. Birincisi, Prezidentin mövqeyini bilməlisiniz. İkincisi, siz necə inteqrasiya edəcəksiniz, hansı formada inteqrasiya edəcəksiniz? Bu inteqrasiya sizə lazımdırmı, yoxsa yox? Hansı simada Azərbaycanı orada qəbul etmək istəyirlər? İkinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yaxud da kənardan sanki yapışan bir ölkə kimi? Bu format bizə lazım deyil. Biz hara lazımdırsa inteqrasiya etmişik. O illərdə etmişik ki, o vaxt Avropada vəziyyət fərqli idi. Mən hesab edirəm ki, əgər bu gün biz bu vəziyyəti nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə də, Avropa Şurasına da üzv olmazdıq. Azərbaycanı nə qədər təhqir etmək olar? Bizi nə qədər alçaltmaq cəhdləri göstərilə bilər? Artıq bizim hövsələmiz tükənib. Biz Avropa Şurasız da yaxşı yaşaya bilərik, yaşamışıq da. 2001-ci ilə qədər yaşamışıq. O vaxt Azərbaycanda vətəndaş müharibəsi, erməni işğalı, siyasi böhran, iqtisadi tənəzzül yaşanırdı. Yaşamışıq, ölməmişik”.

Bütün hallarda Azərbaycan öz inkişaf yolunda irəliləyir və anti-Azərbaycan dairələrin bu cür neqativ cəhdləri iflasa məhkumdur. Eyni zamanda, belə manipulyasiyalarla ölkəmizdə ictimai rəyə neqativ təsir etmək və Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək mümkün deyil. Bu səylər nə Azərbaycanın beynəlxalq mövqeyinə, nə də uğurlu xarici siyasətinə təsir edə bilər.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.-2015.- 15 iyul.- S. 3.