1969-cu ilin iyulundan başlayan böyük
inkişaf Azərbaycanı tənəzzüldən xilas edərək
tərəqqi yoluna çıxardı
Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyev Sovet
dövründə də milli inkişafımız
baxımından misilsiz xidmətlər göstərmiş, əvəzolunmaz
nailiyyətlərə imza atmışdır
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu - milli həmrəyliyi və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür.
Qeyd etmək yerinə düşər ki, Ulu öndər Heydər Əliyev təkcə müstəqillik illərində deyil, eyni zamanda, Sovet dövründə də milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atmışdır. Ona görə də Ümummilli liderimizin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərini təsvir etmək üçün mütləq mənada Onun hakimiyyətinin birinci dövrünə (1969-1982-ci illər) nəzər yetirmək lazımdır.
Məlum olduğu kimi, 1969-cu ilədək Azərbaycan keçmiş SSRİ-nin tərkibində bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış respublikaların önündə gəlirdi. Respublikamızın inkişafı üçün əhəmiyyətli resurs və potensial mövcud olsa da, onlardan səmərəli surətdə istifadə edilməməsi tənəzzül meyillərinin əsasında dayanan başlıca faktor idi. Lakin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KPMK) 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan KPMK-nın birinci katibi seçilərək respublikanın rəhbəri olması Azərbaycanın Sovet dövrü tarixində dönüş nöqtəsi oldu. Məhz bu tarixdən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən amilə çevrildi.
Məlumat üçün bildirək ki, həmin dövrə qədər Azərbaycan keçmiş SSRİ miqyasında xammal mənbəyi qismində çıxış edən aqrar respublika kimi tanınırdı. Odur ki, ölkəmizin yalnız xammal mənbəyi kimi çıxış etməsi ənənəsini aradan qaldırmaq və davamlı, sürətli inkişafı təmin etmək üçün kompleks səciyyəli strateji islahatlar aparmaq, genişmiqyaslı tədbirlər görmək zəruri idi. Bunun üçün isə ilk növbədə sosial-iqtisadi islahatlar həyata keçirməklə milli inkişafın maddi bazasını formalaşdırmaq lazım idi. Ulu öndər Heydər Əliyev də məhz bu istiqamətdə fundamental strateji tədbirlər görməklə davamlı və nizamlı inkişafı təmin etməyi bacardı. Sürətli sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində sənaye sahəsinin inkişafında mühüm irəliləyişlər qeydə alındı. Ardıcıl surətdə sənaye müəssisələri tikilib istifadəyə verildi ki, bu da davamlı inkişaf konsepsiyasının həyata keçirilməsini təmin edən əsaslardan biri oldu. Beləliklə, qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı. Bunun məntiqi və qanunauyğun nəticəsi kimi, maşınqayırma, metallurgiya, həmçinin, digər sahələrdə əhəmiyyətli irəliləyişlər qeydə alındı. Eyni zamanda, müəssisələrin maddi-texniki bazası daha da yaxşılaşdırıldı, çoxsaylı yeni komplekslər, emal zavodları istifadəyə verildi. Bunlar isə yüngül və yeyinti sənayesinin inkişafına təkan verdi.
Sənaye sahəsinin inkişaf etdirilməsi, öz növbəsində, aqrar sektorun da tərəqqisinə təkan və töhfə verən əsas oldu. Aqrar sahədə görülən işlər bu sektorda sürətli və sıçrayışlı inkişafın şərtləndiricisi qismində çıxış etdi. 1970-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyləri ilə SSRİ Nazirlər Sovetinin qəbul etdiyi “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” Qərar kənd təsərrüfatının inkişafı yönündə həyata keçirilən yeniliklərin normativ əsasını təşkil etdi. Bunun ardınca 9 iyul 1975-ci il tarixli “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək haqqında” Qərar da bu sahənin inkişafının hüquqi substratı qismində çıxış etdi.
Həyata keçirilən tədbirlərin fonunda kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi mütəmadi surətdə artırıldı. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi.
Bunlarla yanaşı, Ulu öndər
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə
neft sənayesində də tənəzzül meyilləri
aradan qaldırıldı və bəhs edilən sahədə
ehtiyatlardan səmərəli istifadə etməklə
davamlı və nizamlı inkişafın əsası qoyuldu.
Neft hasilatı xeyli artırıldı. Artıq 1970-ci ildə
neft hasilatı 17,3 milyon tona çatdırıldı ki, bu da
mühüm göstərici idi. Bununla yanaşı, Xəzər
dənizində “Bahar”, “Günəşli” kimi zəngin
ehtiyatlara malik olan neft və qaz yataqları aşkar edildi. Neftçıxarma texnologiyasında sürətli təkmilləşdirmə
işləri aparıldı. Xəzər dənizində
2800-6500 metr dərinliyində neft quyuları qazıldı və
sualtı neft kəməri çəkildi. 1972-ci ilədək Azərbaycanda neft
yataqlarından bir milyard ton neft çıxarıldı.
1976-cı ildə Yeni Bakı Neftayırma Zavodu, 1982-ci ildə
isə Bakı Neftayırma Zavodunda neftin ilkin emalı
üçün ELOU-AVT qurğusu işə salındı.
Bu müəssisələrdə 30 adda müxtəlif
neft məhsulları istehsal olunurdu. Neft sektorunda əldə
edilən bu nailiyyətlər, o cümlədən, dənizdə
neft istehsalı üçün tikilmiş “Dərin
özüllər” zavodunun yaradılması, əslində, gələcəkdə
“Əsrin müqaviləsi” adlandırılan və müstəqil
Azərbaycanın inkişafını təmin edən
müqavilənin imzalanmasına gətirib çıxardı
ki, bu da hazırkı iqtisadiyyatımızın
inkişafında başlıca stimullaşdırıcı
amildir.
Nəticə etibarilə, neft və qaz ehtiyatlarından səmərəli
istifadə edilməsi milli inkişafa mühüm töhfələr
bəxş etdi. Eyni zamanda, sənaye müəssisələrinin
sayının və sənaye istehsalının illik həcminin
artırılması, kənd təsərrüfatında məhsuldarlıq
səviyyəsinin yüksəldilməsi, enerji sektorunun mütəmadi
inkişafının təmin edilməsi milli inkişafı təmin
etməklə yanaşı, respublikamıza milli inkişafa sərf
etmək üçün əhəmiyyətli dərəcədə
kapital gətirmiş oldu.
Beləliklə, görülən tədbirlərin
fonunda tənəzzül meyillərinə son qoyuldu və
respublikamızın sosial-iqtisadi inkişafına, dirçəlişinə
start verildi. Sosial-iqtisadi inkişafın təmin edilməsi mədəniyyət,
təhsil, səhiyyə və digər sahələrdə də
görülən fundamental strateji tədbirlərin
uğurluluğunu şərtləndirdi ki, bu da Azərbaycanın
SSRİ səviyyəsində ən yüksək inkişaf
tempinə malik olan respublikaya çevrilməsinin təminatçısı
qismində çıxış etdi.
Ümummilli inkişafın strateji detallarını
aşkar etmək üçün sosial-iqtisadi tərəqqinin
fonunda müxtəlif sahələrin dinamik inkişaf tempinə
nəzər yetirmək məqsədəmüvafiqdir.
İlk növbədə təhsil sektorunda ardıcıl
və davamlı islahatlar həyata keçirildi ki, bu da kadr
potensialının formalaşdırılması və təkmilləşdirilməsi
işinə fundamental töhfələr bəxş etmiş
oldu. Əvvəla, təhsil sektorunun maddi-texniki bazası
yaxşılaşdırıldı. Xüsusi
intellektual təbəqənin formalaşdırılması
istiqamətində normativ baza yaradıldı və buna
müvafiq olaraq praktik müstəvidə əhəmiyyətli
tədbirlər görüldü. Ulu
öndər Heydər Əliyevin ölkəyə rəhbərlik
etdiyi dövrdə müxtəlif bölgələrdə 350
mindən çox şagird yeri olan 849 ümumtəhsil məktəbi
istifadəyə verildi. Eyni zamanda, ümumtəhsil
məktəblərinin maddi-texniki bazası mütəmadi surətdə
yaxşılaşdırıldı və əhəmiyyətli
keyfiyyət dəyişikliklərinə nail olundu.
Bunlarla
yanaşı, Ulu öndər Heydər Əliyevin xüsusi
diqqət və qayğısının fonunda kadr
potensialının formalaşdırılması və təkmilləşdirilməsi
istiqamətində azərbaycanlı gənclər SSRİ
miqyasında fəaliyyət göstərən ali
təhsil müəssisələrinə göndərildilər.
Belə ki, azərbaycanlı tələbələr Moskva,
Leninqrad (indiki Sankt-Peterburq - red.), Xarkov, Kiyev, Minsk, Voronej və
s. şəhərlərdə fəaliyyət göstərən
nüfuzlu ali təhsil müəssisələrində
öz təhsillərini başa vuraraq ölkəmizə
qayıdır və kadr potensialı kimi müxtəlif sahələrdə
çalışırdılar. Ümumilikdə Heydər
Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə
SSRİ-nin ən nüfuzlu ali təhsil
müəssisələrində 18 minədək yüksək
ixtisaslı mütəxəssis hazırlandı. Bu isə milli inkişafın intellektual əsaslarının
möhkəmlənməsinə fundamental töhfə idi.
Ulu
öndər Heydər Əliyev təhsil sektorunun
inkişafının zərurətini məhz bu cür dəyərləndirirdi:
“Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək
elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini
təşkil edir. Əgər onlar olmasaydı,
Azərbaycanın iqtisadiyyatı, Azərbaycan elmi inkişaf edə
bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı
müstəqil dövlət kimi idarə edə bilməzdik.
Onları qiymətləndirmək lazımdır
və on illərlə əldə etdiyimiz nailiyyətləri
heç vaxt unutmamalıyıq”.
Azərbaycanlı
gənclərin SSRİ miqyasında fəaliyyət göstərən
nüfuzlu ali təhsil məktəblərinə
göndərilməsi milli mədəniyyətimizin təbliği
və möhkəmləndirilməsi, milli diaspor
quruculuğunun formalaşdırılması işinə
mühüm strateji töhfələr bəxş etdi.
Bunlardan başqa, milli-mənəvi dəyərlərin
qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli
tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri
incəsənət və digər sahələrdə
xüsusi dəyişikliklər və inkişaf meyilləri
qeydə alındı. Mədəniyyət
evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət
xadimlərinə fəxri adlar, ordenlər verildi, təqaüdlər
ayrıldı. Bütün bunlar isə cəmiyyətin
intellektual - yaradıcı təbəqəsinin fəaliyyət
mexanizminin səmərəlilik səviyyəsini daha da
artırdı.
Səhiyyə sektorunda da fundamental yeniliklər həyata
keçirildi və əhəmiyyətli tədbirlər
görüldü. 1969-cu ilin dekabr ayında Heydər
Əliyevin təşəbbüsü ilə səhiyyə
qanunvericiliyinin təkmilləşdirilməsi haqqında qərar
qəbul edildi. Bunun ardınca isə
Sağlamlıq Məcəlləsi və “Səhiyyə
haqqında” Azərbaycan SSR-in Qanunu qəbul edildi. 1970-1980-ci illərdə Heydər Əliyev 30-a
yaxın gənc azərbaycanlı alimin müxtəlif
ixtisaslar üzrə SSRİ miqyasında doktoranturaya qəbul
edilməsinə müvəffəq oldu.
Bundan
başqa, Ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə paytaxt Bakı müvafiq sahədə müxtəlif
seminar və konfranslara ev sahibliyi etdi. 1970-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının
regionlararası seminarının Bakıda keçirilməsi
barədə qərar qəbul edildi.
Bunlarla yanaşı, səhiyyə işçilərinin
çalışma və məişət şəraitinin
yaxşılaşdırılması yönündə də əhəmiyyətli
tədbirlər görüldü. Səhiyyə sektorunda
çalışanların əməkhaqları
artırıldı və onlar müxtəlif orden, medal və
fəxri fərmanlarla təltif edildilər.
Beləliklə, Ulu öndər Heydər Əliyevin
1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik
etdiyi dövrdə həyata keçirilən islahatlar və
görülən strateji tədbirlərin fonunda
respublikamız sürətlə inkişaf edərək
SSRİ miqyasında xüsusi çəkiyə malik olan
respublikaya çevrildi. Əgər o zamanadək Azərbaycan SSRİ
miqyasında yalnız xammal mənbəyi kimi
çıxış edərək inkişaf tempinə görə
ən geridə qalmış ölkə kimi səciyyələndirilirdisə,
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata
keçirilən işlərin fonunda ölkəmiz sürətli
inkişaf tempinə malik oldu və 70-ci illərin sonu - 80-ci
illərin əvvəlində bütün sahələrdə
mütəmadi inkişaf meyilləri qeydə alındı.
Eyni zamanda, siyasi-ideoloji müstəvidə görülən
işlər də milli inkişaf və həmrəyliyimizin təmin
olunması baxımından mühüm əhəmiyyət kəsb
etdi. Milli ideoloji siyasətin tərkib hissəsi kimi,
1978-ci ildə Ulu öndər Heydər Əliyevin cəhdləri
və təşəbbüsü sayəsində Azərbaycan
SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi
dövlət dilidir” maddəsi daxil edildi. Bu,
milli ideologiyamızın funksional vahidi olan milli dilimizin
mühafizəsi və təbliği baxımından
mühüm tarixi strateji addım oldu. Bunun
ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili”
dərslikləri hazırlandı.
Ulu öndər Heydər Əliyevin hakimiyyətinin
birinci mərhələsinin mühüm əsaslarından biri
də ölkəmizə qarşı ermənilərin təşkil
etdikləri təbliğat və hücumların
qarşısının məharətlə
alınmasıdır. Belə ki, ermənilərin ölkəmizə
qarşı təşkil etdikləri antitəbliğatın
SSRİ miqyasında Ulu öndər Heydər Əliyev tərəfindən
məharətlə qarşısının alınması
tarixi nailiyyət kimi dəyərləndirilməlidir. Məlum olduğu kimi, həmin ərəfədə
ermənilər mütəmadi surətdə Dağlıq
Qarabağ məsələsini gündəmə gətirməyə
cəhd edirdilər. 1977-ci ildə də
belə təşəbbüs edilməsinə baxmayaraq, Ulu
öndərin operativ və effektiv tədbirləri sayəsində
bunun qarşısı məharətlə alındı.
Ümumiyyətlə,
Ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik
etdiyi 13 il ərzində (1969-1982)
respublikamızın regionları da daxil olmaqla bütün
şəhərlərində ciddi tarixi inkişaf baş verdi.
Bu inkişaf ölkənin həm iqtisadi, həm
də sosial-mədəni sferasını əhatə edirdi.
Bütövlükdə, Bakı şəhərinin
milliləşməsi, paytaxtımızda onlarla sənaye
müəssisəsinin yaradılması, mikrorayonların və
yeni qəsəbələrin salınması, kəndlərimizin
abadlaşdırılması, gənclərin işlə təmin
edilməsi və kadr kimi ixtisaslaşdırılması və
s. kimi məsələlər Heydər Əliyev hakimiyyətinin
əsas xüsusiyyətləri idi.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun
üzvü seçilən Ümummilli lider Heydər Əliyev
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə
təyin edildi və SSRİ-nin rəhbərlərindən biri
oldu. Ümummilli liderimiz bu dövrdə də Azərbaycan
xalqı və dövlətinin mənafeyindən irəli gələn
əhəmiyyətli addımlar atdı, misilsiz xidmətlər
göstərdi. Ulu öndər Heydər Əliyev 1987-ci
ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsi Siyasi Bürosunun və şəxsən Baş
katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti
olaraq tutduğu vəzifələrdən istefa verdi.
Bütövlükdə, Ulu öndər Heydər
Əliyevin bəhs olunan mərhələdə Azərbaycana rəhbərlik
etdiyi dönəm tarixə inkişaf tendensiyaları ilə
daxil oldu. Eyni zamanda, siyasi-ideoloji müstəvidə həyata
keçirilən işlər milli həmrəylik və
bütövlüyümüzün təminatçısı
rolunda çıxış etdi.
Məhz Ulu öndər Heydər Əliyevin 1993-cü
ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə
hakimiyyətə gəlişindən sonra da həyata
keçirilən sistemli tədbirlər sayəsində Azərbaycan
tənəzzüldən xilas oldu, dirçəliş yoluna qədəm
qoydu. Bu sırada təkmil siyasi sistemin, hüquqi dövlət
və vətəndaş cəmiyyəti quruculuğu prosesinin,
siyasi mədəniyyətin əsasının qoyulması,
davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi,
eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin
edən ideologiyanın yaradılması xüsusilə qeyd
edilməlidir. Bunlarla yanaşı, bu dövrdə
müstəqil Azərbaycan Respublikasının
Konstitusiyasının qəbul edilməsi, qarışıq
seçki sistemi əsasında parlament seçkilərinin
keçirilməsi dövlətin hüquqi əsaslarının
gücləndirilməsi, başqa sözlə, müasir
dövlətçilik sisteminin bərqərar edilməsi
üçün möhkəm hüquqi baza yaratdı. Bundan
sonra vətəndaş cəmiyyətinin qurulması prosesinə
start verildi və fərdlərin siyasi həyatda müstəqil
inkişafı üçün geniş şərait
yaradıldı. Hakimiyyət cəmiyyət
üzvlərinə münasibətdə fərdlərin
demokratik prinsip və normalara əsaslanan fəaliyyətini stimullaşdırdı.
Ən əsası isə odur ki, Ulu öndər
Heydər Əliyev siyasi sistemin komponentləri olan
ayrı-ayrı institutları legitimləşdirməklə
açıq-demokratik cəmiyyət qurdu. Kütləvi
informasiya vasitələri üzərində senzura aradan
qaldırıldı, insan və vətəndaş hüquq və
azadlıqları yüksək səviyyədə təmin
edildi. Bunlar isə, öz növbəsində,
sosial-siyasi institutların səmərəli fəaliyyətinə
yol açdı. Öz fəaliyyətini
Azərbaycanın hərtərəfli inkişafına həsr
edən Ulu öndər, eyni zamanda, dövlətin hüquqi
bazasının möhkəmləndirilməsi istiqamətində
növbəti addımlarını atdı. Məhkəmə islahatlarının həyata
keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər
mühüm təsisatların yaradılması ölkədə
demokratikləşmə prosesinin irəliyə
aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi
dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar
edilməsi istiqamətində ciddi addımlar atıldı.
Bundan başqa, səmərəli xarici siyasət
sayəsində Azərbaycanın beynəlxalq mövqeyi
möhkəmləndi, ölkəmiz dünya siyasətində
etibarlı tərəfdaş kimi tanınmağa
başladı.
Bu gün Azərbaycan Ümummilli lider Heydər
Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu öndər
Heydər Əliyevin əsasını qoyduğu siyasətin
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsinin nəticəsi kimi, Azərbaycan dünya miqyasında
ən sürətlə inkişaf edən ölkələr
sırasında öncül yerlərdən birini tutur. Bununla yanaşı, həyata keçirilən siyasət
sayəsində Azərbaycan Respublikasının siyasi sisteminin
inkişafı davam edir, dövlət quruculuğu istiqamətində
əhəmiyyətli nailiyyətlər əldə edilir.
Prezident İlham Əliyevin siyasi kursu xalq-iqtidar
birliyini daha da möhkəmləndirir. Bu da
ölkəmizdə fərdlərin siyasi
iştirakçılıq səviyyəsini artırmaqla
yüksək siyasi mədəniyyətin daha da inkişaf etməsinə,
siyasi-hüquqi islahatların davamlı xarakter
daşımasına, ümumiyyətlə, müstəqilliyin
möhkəmlənməsinə təkan verir.
Bununla yanaşı, həyata keçirilən çoxtərəfli
və balanslaşdırılmış xarici siyasət nəticəsində
Azərbaycan regionun ən güclü və suveren aktoruna
çevrilib.
Başqa sözlə, həyata keçirilən
müstəqil və balanslaşdırılmış xarici
siyasət strategiyası Azərbaycanın beynəlxalq
münasibətlər sisteminin nüfuz və güc
iyerarxiyasında sürətli şəkildə irəliləməsini
təmin etməklə yanaşı, ölkəmizi dünya
siyasətinin əsas konturlarını müəyyənləşdirən
güc mərkəzlərinin başlıca strateji tərəfdaşlarından
birinə çevirib. Təsadüfi deyil
ki, bu gün dünyanın aparıcı dövlətləri
və təşkilatları Azərbaycanı Cənubi
Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi
adlandırır.
Bir sözlə, müstəqil Azərbaycan Ümummilli
lider Heydər Əliyevin ideyaları əsasında inkişaf
edir.
Nurlan
QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2015.-
15 iyul.- S. 4.