Azərbaycan gələcəkdə daha
böyük nailiyyətlərə imza atacaq
Milli Məclisin deputatı Jalə Əliyeva
- Jalə xanım, məlum olduğu kimi, IV çağırış Milli Məclisin beşillik fəaliyyəti başa çatır. Ümumiyyətlə, Milli Məclisin bu müddət ərzindəki fəaliyyətini necə qiymətləndirirsiniz?Həmçinin, özünüzün bu dövrdəki fəaliyyətinizlə bağlı hesabat vermisinizmi?
- Milli Məclis qanunverici orqan kimi ölkəmizin həyatında, onun inkişafında mühüm rol oynayır. Çünki hər bir məsələ qanunla tənzimlənir ki, bu qanunları da parlament qəbul edir. Bu mənada qanunvericilik orqanında təmsil olunmaq həm şərəfli, həm də məsuliyyətlidir.
Ümumi şəkildə deyə bilərəm ki, ötən beş il ərzində parlament məhsludar işləyib, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Milli Məclisin qəbul etdiyi qanunlar ölkəmizin hərtərəfli inkişafında hüquqi baza rolunu oynayır. Nəzərə alsaq ki, bu gün ölkəmiz dinamik inkişaf edir, təbii ki, burada parlamentin də özünəməxsus rolu var. Milli Məclis ötən beş il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinə ciddi dəstək verib. Qəbul olunan qanunlar müstəqilliymizin möhkəmlənməsinə, iqtisadiyyatın inkişafına, əhalinin rifahının yüksəlməsinə, müdafiə qabiliyyətinin artmasına, bütövlükdə bütün sahələrin inkişafına xidmət edir.
Millət vəkilləri də qanunyaradıcılığı işində yaxından iştirak edirlər. Eləcə də, onlar həm ölkəmizi beynəlxalq təşkilatlarda layiqincə təmisl etməyə çalışır, həm də seçicilərinin fikirlərini, ifadə edir, onların problemləri ilə məşğul olurlar. Mən də millət vəkili olaraq bu yöndə fəaliyyət göstərirəm. Bu fəaliyyətimə isə özümün qiymət verməyim doğru olmazdı. Seçicilərim daha dəqiq qiymət verə bilərlər.
- Millət vəkili kimi seçicilərlə təmaslarınız hansı səviyyədədir və bu istiqamətdə gördüyünüz işləri qənaətbəxş hesab edirsinizmi?
- Millət vəkili kimi fəaliyyət göstərdiyim bütün dövrdə seçicilərimlə mütəmadi olaraq təmasdayam, onlarla tez-tez görüşürəm. İnsanlar var ki, gördükləri işləri təbliğ edir, bəziləri isə etmir. Necə deyərlər, «sağ əlin verdyini sol əl bilmir». Amma bütün hallarda seçicilərimin maraqlarını qorumaq millət vəkili olaraq mənim borcumdur və onların qarşısında vaxtaşırı hesabat verilməlidir. Yenə də deyirəm ki, mənim fəaliyyətimə seçicilərim qiymət verə bilər. Ən düzgün qiymət budur. Əlbəttə, parlament kimi yüksək bir orqana seçilmək çox şərəflidir. Eyni zamanda, millət vəkilinin seçiciləri, dövləti qarşında öhdəçiliyi olur. Mən şəxsən özümü bu dövlətin əsgəri hesab edirəm.
Vətəni sevən ziyalı olaraq parlamentə seçilərkən seçicilər qarşısında qaldırdığım məsələlərdə ilk növbədə dövlətimin mənafeyini və xalqımın firavanlığını düşünmüşəm. Verilən vədlər səndən asılı olmayan səbəblərdən yerinə yetirilməsə böyük etimadsızlıq yaranır. Buna görə də, seçicilərlə göürüşümüzdə heç zaman «bunu edəcəyəm, bu işi görəcəyəm» deməmişəm. Çünki millət vəkilinin işi qanunvericilik fəaliyyəti ilə məşğul olmaqdır. Deputat hansısa sosial-iqtisadi problemlərin həlli ilə məşğul olmur. Amma seçicilərinin problemlərinin həllini müəyyən təşkilatlar qarşısında qaldırır.
Bu gün Azərbaycan dövləti uğurlu sosial-iqtisadi siyasət həyata keçirir. Bu siyasət nəticəsində bölgələrdə bütün sosial məsələlər həllini tapır, əhalinin rifahı yüksəlir. Təbii ki, bu siyasəti həyata keçirən «Mən hər bir azərbaycanlının Prezidenti olacağam» deyən dövlət başçısı İlham Əliyevdir. Azərbaycanı digər ölkələrdən fərqləndirən əhəmiyyətli cəhət odur ki, Azərbaycan praqmatik siyasətlə idarə edilir. Bəlkə də bu gün digər ölkələrlə müqayisə edilməyəcək qədər Azərbaycan inkişaf edir. Bu uğurların arxasında Prezident İlham Əliyev şəxsiyyəti dayanır. Onun ölkəsi üçün gördüyü işlər o qədər böyükdür ki, həyata keçirilən siyasət təkcə bu günə deyil, onilliklərə xidmət edir.
Mən 2005-ci və 2010-cu il parlament seçkilərində millət vəkili seçilmişəm. Həmin seçkilər dövründəki mühiti müqayisə etsək, fərqli mənzərələr ortaya çıxır. Biraz daha əvvələ qayıtsaq deyə bilərəm ki, 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıdanda ilk olaraq dövlətimizi məhv olmaq təhlükəsindən xilas etdi, ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi. Bundan sonra Ulu öndər Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi və ölkəmiz inkişaf yoluna çıxdı. Eyni zamanda, Azərbaycan dünyada tanınmağa başladı. Ulu öndərimizin siyasətini layiqincə həyata keçirən Prezident İlham Əliyev bu siyasəti yeni mərhələdə böyük bir uğurla davam etdirir.
Qeyd edim ki, həmin illərdə ölkədə sosial-iqtisadi problemlər tədricən, mərhələlərlə həllini tapırdı. 2005-ci və 2010-cu il seçkiləri ərəfəsində seçicilərin arzu və istəkləri də fərqli idi. Mən parlamentdə Zərdab rayonunu və Ucarın 3 kəndini təmsil edirəm. 2005-ci il seçkilər ərəfəsində seçicilər işıq, su, yol problemindən danışırdılar. Şükürlər olsun ki, qısa müddətdə bu problemlər həll olundu. O zamanlar görüşlərdə deyirdik ki, 3-5 il ərzində yolsuz, qazsız, susuz məkan qalmayacaq və bu, belə də oldu. Görülən işlərin arxasında isə dövlətimiz və dövlətimizin başçısı dayanır. Mənim ixtiyarım yoxdur ki, təmsilçisi olduğum rayonun su, qaz işıq, yol problemi yoxdursa «bunu mən etmişəm» deyim. Amma elə məqamlar olur ki, seçicinin hansısa istəyi eşidilmir. O zaman biz varıq, onların sözünü parlamentdə deyirik. Milli Məclisdə hər il hökumət hesabat verir, eləcə də, dövlət büdcəsi müzakirə olunur. Bu müzakirələrdə hər zaman seçildiym bölgə ilə bağlı fikrlərimi, təkliflərimi irəli sürürəm. Hökümət də bizim seçildiyimiz bölgələrlə bağlı məsələləri nəzərə alır və bu məsələləri hesabatlarına daxil edir. Seçicilər fərdi qaydada da müraciətlər edirlər. Bu müraciətlər sosial problemləri, əmək fəaliyyəti və s. əhatə edir. Bu problemləri də mümkün qədər həll etməyə çalışırıq. Əgər kiməsə dəstək ola bilirəmsə, kimisə sevindirə bilirəmsə, bundan qürur duyuram.
- Bəllidir ki, müasir Azərbaycanın intensiv tərəqqisinin fonunda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır. Bu mənada, təmsil olunduğunuz bölgənin inkişafı, görülən işlər barədə nə deyə bilərsiniz?
- Vaxt var idi ki, Zərdab rayonu geridə qalmış rayon hesab olunurdu. İndi isə vəziyyət tamamilə başqadır. Zərdabın 37 kəndi var və hazırda kəndlərin böyük əksəiyyət qazlaşdırılıb, yol problemləri həll olunub.
Son illər ölkə Prezidentinin rayonumuza bir neçə
səfəri olub. Xüsusilə,
Kür çayının daşqınları
zamanı rayona böyük diqqət ayrıldı. Bu gün də rayonda abadlıq, quruculuq işləri
gedir. Şəhid ailələri,
Qarabağ müharibəsi əlilləri üçün
binalar tikilib. Onlardan biri keçmiş
peşə məktəbinin istifadəsiz qalmış
binası idi. Mənim 2005-ci il
seçki proqramıma bu məsələ də daxil idi. Həmin
bina Təhsil
Nazirliyinin balansından çıxarılaraq 32 mənzilli
yeni bina şəklində inşa edilərək şəhid
ailələrinə verildi. Daha sonra da, bu kateqoriyalı insanlar
üçün
16 mənzilli bina tikilib istifadəyə verildi. Hazırd isə fərdi evlər də tikilir.
2005-ci ildə getdiyimiz kəndlərdə məktəb
problemi var idi.
Demək olar ki, bütün məktəblərin
istismar müddəti bitmişdi. Zərdabda ilk gözəl
məktəb 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü
ilə tikildi.
Həmin məktəbin
açılışında ölkə Prezidenti də
iştirak etdi. O dövrdən indiyədək rayonda xeyli
məktəb tikilib.
Digər
bir vacib məsələ budur ki, 3 il əvvəl
Ağsudan Zərdaba içməli su kanalı çəkildi.
Kür ətrafında yaşamalarına baxmayaraq, rayon əhalisi nəinki
təsərüfatı sulamaq uçün, hətta içməli
su problemindən əziyyət çəkirdi. İndi isə içməli təmiz
bulaq suyu ilə təmin olunublar. Əgər 10 il əvvəl
işıq rayona gün ərzində 3-4 saat verilirdisə, indi fasiləsiz
verilir. Bir vaxtlar keçilməz olan kənd və
rayon yolları indi tamamilə yeni görkəm alıb, ən
müasir standartlarla yollar çəkilib. Əlbəttə
ki, oppenentlərimiz deyə bilərlər ki, burada təəccüblü
heç nə yoxdur, bu bütün inkişaf etmiş
dünya ölkələrində belədir. Çünki
insanların həyat şərati yüksək
olmalıdır. Amma biz nəzərə almalıyıq
ki, Azərbaycan
müstəqilliyinin cəmi 24-cü ilini yaşayır. Biz elə dövrdə müstəqillik əldə
etmişdik ki, ölkənin daxilində vətəndaş
müharibəsi gedirdi, bir tərəfdən də hərbi təcavüz
var idi. Bu təcavüz təəssüf
ki, bu gün də davam edir. Yəni
torpaqlarımızın işğal altında olduğu şəraitdə
belə bir inkişaf var. Mən deyərdim ki, 200 illik dövlətçilik
tarixi olan ölkələr qədər qısa bir zamanda
özümüzü təsdiq etdik. Bu
gün ölkəmiz üçün əhalinin sosial problemlərinin
həlli priorietdir. Bu, qlobal problemi olan
ölkədə təmin edilir. 24 ildə
Azərbaycan 200 illik bir yol keçib. Bu bir
həqiqətdir.
- Milli Məclisin Mədəniyyət Komitəsinin
üzvü kimi bu sahədə görülən işləri
və qanunvericilik bazasını necə qiymətləndirirsiniz?
- Milli Məclisin digər komitələri kimi Mədəniyyət
komitəsi məhsuldar işləyir. Mədəniyyət
deyəndə bəzən dar çərçivə
düşünülür. Sanki, mədəniyyət
təkcə incəsənət, musiqi deməkdir. Amma mədəniyyət həyatımızın bir
normasıdır. Elə bir sahə yoxdur
ki, mədəniyyətdən yan ötsün.
Ümumiyyətlə,
ayrı-ayrı sahə qanunlarının hər birində mədəniyyətlə
bağlı müddəalar var. Bu sahədə ən əhəmiyyətli
sənəd «Mədəniyyət haqqında» qanundur. Bu qanun müstəqilliymizin ilk illərində qəbul
olunmuşdu. Ona görə də,
müasir dövrlə ayaqlaşmırdı. Yeniliklər, tələblər var idi ki, bunlara cavab
vermirdi. Ona görə də, bu qanunun yenidən
hazırlanmasına ehtiyac var idi. Uzun müddət yeni
layihə üzərində iş getdi. Mədəniyyət
haqqında qanun sıfırdan yazılaraq qəbul olundu.
Eləcə də, komitəmiz tərəfindən
yaradıcı insanlar və təşkilatlar, muğam sənəti,
dil haqında, kulinariya haqqında qanunlar müzakirə olunub.
Bu qanunların bəziləri hələ qəbul
olunmayıb. Mən Azərbaycan dili haqqında qanunu xüsusilə vacib hesab edirəm. Dilimiz
bu gün elə səviyyədədir ki, dilimizin
qorunmasına, gələcək nəsillərə
ötürülməsinə böyük ehtiyac var. Bu
baxımdan, qanunvericilik orqan kimi üzərimizə
böyük vəzifə düşür.
Həmçinin, bu baxımdan, «Reklam haqqında» qanun da
vacibdir. Reklamın dili, üslubu çox əhəmiyyətlidir.
Bəzən bunu xırda məsələ hesab
edirlər, amma elə deyil. Mən vaxtilə
dil polisi yaradlılması təklifini irəli
sürmüşdüm. Amma opponentlərimiz
bu təklifi tənqid etmişdilər. İndi
o məsələnin aktuallığı haqda fikirlər səslənir.
Hesab edirəm ki, demokratik cəmiyyətlərdə
söz, fikir azadlığı olsa da, elə dəyərlər
var ki, onları qorumağa hər birimiz borcluyuq və dil
bunların ən başında gəlir.
- Jalə
xanım, Azərbaycan ilk Avropa Oyunlarına uğurla ev sahibliyi edərək möhtəşəm
tarix yazdı. Ölkəmizin bu tarixi nailiyyətini
necə dəyərləndirirsiniz?
-
Adından göründüyü kimi Azərbaycanın ilkə
imza atması böyük qürur mənbəyidir. Bu ölkəmizə olan etimad, inamdır. Belə mühüm qərarları qəbul edən
insanlar çox təcrübəlidir. Onlar 10 minlərlə
insanın canlı, milyonlarla insanın isə televiziya
kanallarından izləyəcəyi belə möhtəşəm
tədbirə ev sahibliyi edəcək
ölkəni qərar verməmişdən əvvəl ciddi
şəkildə öyrənirlər. Əgər
bu qərarı Azərbaycan üçün verdilərsə,
bu ölkənin gücünə, sabitliyinə,
tolerantlığına inanaraq bunu etdilər. Azərbaycan
cəmi 2 il yarım ərzində bu
Oyunlara hazırlaşdı. Vacib məqam budur
ki, buna hazırlaşarkən hansısa oyunlara istinad etmədi.
Çünki Avropa Oyunları ilk dəfə idi
keçirilirdi. Əslində, Azərbaycan
Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi.
Avropa Oyunlarını izləyən milyonlarla
insan tədbirin açılış və
bağlanış mərasimlərini görüb təəccüblənməyə
bilməzdi. O gün orada Azərbaycan adlı möhtəşəm
bir simfoniya çalınırdı ki, onun müəllifi Azərbaycan
Prezidenti cənab İlham Əliyev və birinci xanım
Mehriban Əliyevadır.
İrəlini zəka ilə görmək
bacarığı varsa, dövlət-vətəndaş birliyi
varsa hər bir işin öhdəsindən gəlmək olar. Bunu özümüzə və
Avropaya nümayiş etdirə bildik. Təəssüf
ki, Oyunlar ərəfəsində ölkəmizə
qarşı riyakarlıq, qarayaxmalar oldu. Amma
bir vətəndaş kimi düşünürəm ki, bu
riyakarlığın arxasında ölkəmizin artan
nüfuzuna, bölgənin birincisi olmaq imkanına
qısqanclıq dayanır. Avropa Oyunları da isbat etdi
ki, Azərbaycan
bölgənin lideridir. İnanıram ki, Azərbaycan
qarşıdakı illərdə daha böyük nailiyyətlərə
imza atacaq və yaxın gələcəkdə fövqəlgücə
malik dövlətlərin sırasına
çıxacaqdır.
Yeni Azərbaycan.-2015.-
15 iyul.- S. 6.