İdmançıların və könüllülərin möhtəşəm paradı

 

Bakıda idmançıların və könüllülərin iştirakı ilə keçirilən parad növbəti dəfə təsdiqlədi ki, heç bir qüvvə Azərbaycan cəmiyyətinin monolitliyinə zərrə qədər də xələl gətirə bilməz!

Xəbər verildiyi kimi, iyulun 12-də Bakıda Azərbaycan idmançılarının və könüllülərin iştirakı ilə “Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında parad keçirilib. Gənclər və İdman Nazirliyinin, birinci Avropa Oyunları Əməliyyat Komitəsinin təşəbbüsü ilə  təşkil edilən tədbir Bakı İdman Sarayından başlayıb və Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında yekunlaşıb. Qeyd edək ki, böyük coşqu yaşanan parad bir çox cəhətdən əlamətdardır.

Azərbaycan yüksək səviyyədə təşkil olunan Oyunlarla Avropanın tarixində yeni səhifə açdı

Əvvəla, Azərbaycanın yüksək səviyyədə keçən birinci Avropa Oyunları ilə Avropanın tarixində yeni bir səhifə açdığını nəzərə alsaq, deyə bilərik ki, idmançılarımızın və könüllülərin Bakıda böyük coşqu yaşanan parad keçirməyə hər cəhətdən mənəvi haqları çatır. Belə ki, indiyədək Amerikada, Asiyada qitə miqyaslı yarışlar təşkil olunsa da, dünyada Olimpiya hərəkatının beşiyi sayılan Avropada, necə deyərlər, tarixi ədalətsizliyə yol verilmişdiheç vaxt qitə ölkələrini birləşdirən yarışlar keçirilməmişdi. Bu mənada birinci Avropa Oyunları tarixi əhəmiyyət daşıyır. Azərbaycan yarışlara yüksək səviyyədə ev sahibliyi etməklə “qoca qitə”nin tarixindəki boşluğu aradan qaldırdı. Şübhə yoxdur ki, bundan sonra yeni Avropa Oyunları keçiriləcək, ancaq hər dəfə minnətdarlıq hissi ilə xatırlanacaq ki, Avropanın ölkələrini, xalqlarını bir araya gətirən, sülhü, həmrəyliyi təbliğ edən bu gözəl ənənənin təməli məhz Odlar Yurdu Azərbaycanda qoyulub.

İkincisi, möhtəşəm açılış və bağlanış mərasimləri, həmçinin yarışların ən yüksək səviyyədə keçməsi ölkəmizin Oyunlara çox böyük məsuliyyətlə hazırlaşdığını təsdiqlədi. Birinci Avropa Oyunlarının miqyası kifayət qədər böyük idi. Yarışlarda Azərbaycan da daxil olmaqla dünyanın 50 ölkəsindən təxminən 6000 atlet 20 idman növündə qüvvəsini sınadı. Dünya praktikasında belə genişmiqyaslı yarışlara hazırlaşmaq üçün ev sahibi ölkələrinə, adətən, 7 il vaxt verilir. Azərbaycan isə birinci Avropa Oyunlarına bütün hazırlıq işlərini cəmi 30 ay ərzində yüksək səviyyədə tamamlamaqla bu sahədə də rekorda imza atdı.

Beləliklə, güclü iqtisadi potensialını dünyaya nümayiş etdirərək yarışlara yüksək səviyyədə hazırlaşan ölkəmiz gələcək Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Oyunlarla bağlı materiallar dərc edən nüfuzlu nəşrlərin, həmçinin, Avropa Olimpiya Komitəsinin rəsmilərinin açıqlamalarında etiraf olunduğu kimi, bu standartlar, həqiqətən, ən yüksək qiymətə layiqdir.

Birinci Avropa Oyunları həm də Azərbaycanın malik olduğu yüksək dəyərlərin təbliğində mühüm vasitəyə çevrildi. Yarışlara gələn qonaqlar, idmançılar ölkəmizin reallıqları ilə tanış oldular. Şübhə yoxdur ki, onlar yarışların keçirildiyi 17 gündə ölkəmizdə gördüklərini, həmçinin, möhtəşəm açılış və bağlanış mərasimlərində yüksək səviyyədə təbliğ olunan zəngin mədəniyyətimizin doğurduğu təəssüratları heç vaxt yaddan çıxartmayacaqlar. Bakıda keçirilən parad vasitəsilə gənclər ölkəmizin malik olduğu yüksək dəyərlərə bundan sonra da sadiq qalacaqlarını və onları daha da zənginləşdirəcəklərini nümayiş etdirdilər.

Könüllülərin fəallığı Azərbaycan cəmiyyətinin monolitliyini bir daha təsdiqlədi

Beləliklə, bütün bunların fonunda Bakıda idmançıların və könüllülərin iştirakı ilə keçirilən parad Azərbaycan cəmiyyətinin birinci Avropa Oyunlarına yüksək dəstək nümayiş etdirməsinin növbəti ifadəsidir. Yəni, gənclərin, könüllülərin fəallığı ilə keçən parad Azərbaycan cəmiyyətinin monolitliyini bir daha təsdiqlədi.

Tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunları, həqiqətən də, ölkə ictimaiyyətində yüksək əhval-ruhiyyə yaradıb və bir növ, ümumxalq məsələsi səviyyəsinə yüksəlib. Çox obyektiv olaraq, Azərbaycan cəmiyyətində müşahidə edilən coşqu Oyunların ən qiymətli mənəvi mirası kimi dəyərləndirilir. Ölkə ictimaiyyəti istər hazırlıq mərhələsində, istərsə də yarışların gedişində Oyunlara hərtərəfli dəstək nümayiş etdirdi.

Oyunların yüksək səviyyədə başa çatmasında gənclərin fəallığını xüsusi vurğulamaq gərəkdir. Birinci Avropa Oyunları ölkəmizdə könüllülər hərəkatına yeni vüsət verdi. Belə ki, 20 minə yaxın könüllü Azərbaycan gənci Oyunlara öz dəstəyini nümayiş etdirdi. Həm bütövlükdə cəmiyyətdə yaranan nadir əhval-ruhiyyə, həm də könüllülərin fəallığı birinci Avropa Oyunlarını əlavə çalarlarla zənginləşdirdi. Konüllülər bir daha onu göstərdilər ki, ölkəmizin çox böyük potensialı, insan kapitalı var.

Azərbaycan gəncləri yüksək daxili-mənəvi keyfiyyətlərə malikdirlər. Onlar tarixi ənənələri qorumaqla yanaşı, eyni zamanda, ölkəmizdə yaradılan şəraitdən istifadə edərək daim müasirliyə, yüksək səviyyəli təhsil almağa can atırlar. Birinci Avropa Oyunları bunu bir daha təsdiqlədi. İdmançılar, yarışları izləməyə gələn qonaqlar çoxsaylı könüllülərin timsalında öz ölkəsini, dövlətini və xalqını böyük məhəbbətlə sevən, Vətən naminə fədakarlıqlar göstərməyə hazır olan Azərbaycan gənclərini gördülər.

Bakıda keçirilən parad həm də Azərbaycanın bədxahlarına bir mesajdır

Məlumdur ki, xaricdəki erməni lobbisi, bir sıra Avropa ölkələrindəki islamofob dairələr birinci Avropa Oyunları ilə bağlı ölkəmizə qarşı “qara piar” təbliğatına başlamışdılar və indibunu davam etdirirlər. Bir-biri ilə koordinasiya olunmuş şəkildə fəaliyyət göstərən həmin dairələr, bir tərəfdən, Azərbaycanın uğurlarına kölgə salmağa, digər tərəfdən isə birinci Avropa Oyunlarının miqyasını azaltmağa, daxildəki “beşinci kolon” təmsilçiləri də öz korporativ maraqları naminə Azərbaycana qarşı yönələn “qara piar” ssenarilərində məmnuniyyətlə yer almağa çalışırdılar.

Lakin ölkəmizin, xalqımızın düşmənlərinin niyyəti elə niyyət olaraq qaldı. Çox gözəl açılış və bağlanış mərasimləri, eləcə də, Oyunların yüksək səviyyədə keçməsi ayrı-ayrı mərkəzlərdən idarə olunan anti-Azərbaycan kampaniyasının tam iflasa uğradığını göstərdi. İndi Azərbaycana qarşı niyyətləri baş tutmayan antimilli mərkəzlər, eləcə də, buyruq qulu olanbeşinci kolon” təmsilçiləri həddindən artıq məyusdurlar. Bunu əvvəllər olduğu kimi, birinci Avropa Oyunları ərəfəsində də xaricdəki məlum mərkəzlərin çirkin ruporu rolunu oynayan “Azadlıq” qəzetinin bu günlərdə Bakıda idmançıların və könüllülərin iştirakı ilə keçirilən paradla bağlı dərc etdiyi məqalədən, həmçinin, sosial şəbəkələrdə saxta profillərlə dövriyyəyə buraxılan statuslardan da açıq-aydın görmək mümkündür. Ölkəmizi və birinci Avropa Oyunlarını qaralamaq üçün bütün arqumentlərdən məhrum qalan daxildəki və xaricdəki bədxahlarımız möhtəşəm paradla bağlı, sadəcə, manipulyasiya ilə məşğuldurlar. Bununla belə, antimilli dairələrin, onların ruporu rolunu oynayan “Azadlıq” qəzetinin bu kimi canfəşanlığının heç bir önəmi yoxdur. Bakıda keçirilən və böyük coşqu yaşanan paradın təsdiqlədiyi kimi, heç bir qüvvə Azərbaycan cəmiyyətinin sarsılmaz zəminə əsaslanan monolitliyinə zərrə qədər də xələl gətirə bilməz!

 

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.-2015.- 15 iyul.- S. 6.