Azərbaycanda qeyri-neft sektorunun artım dinamikası 9 faizi ötüb

 

Dövlət proqramlarına uyğun olaraq regionların iqtisadi potensialından səmərəli istifadə edilməsi, öz növbəsində, ölkə iqtisadiyyatının neftdən asılılığının azalmasında mühüm rol oynayır

Ölkəmizdə Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində reallaşdırılan tədbirlər sayəsində bütövlükdə Azərbaycanın regionları da iqtisadi güc amilinə çevrilib. Dövlət proqramlarına uyğun olaraq regionların iqtisadi potensialından səmərəli istifadə edilməsi, öz növbəsində, ölkədə qeyri-neft sektorunun inkişafına təkan verib. Əlamətdar haldır ki, son illərdə ölkə iqtisadiyyatında qeyri-neft sektorunun üstün inkişafı müşahidə edilməkdədir. Ötən il bu sahədə 7 faiz civarında artıma nail olunub. Cari ilin 6 ayında isə qeyri-neft sektorunun artım dinamikası 9 faizi ötüb. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində qeyri-neft sektorunun inkişafının ölkəmiz üçün prioritet olduğunu bir daha nəzərə çatdırıb: “Qeyri-neft sektorunun inkişafı bizim üçün həmişə prioritet olub. Bunun nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır”.

Ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasəti davamlı xarakter daşıyır

Məlumdur ki, dünyanın karbohidrogen ehtiyatları ilə zəngin olan bir sıra ölkələri “neftdən asılılıq sindromu” ilə üzləşərək ağır böhran vəziyyətinə düşmüşlər. Azərbaycan isə Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi və Onun səyləri ilə vaxtında lazımi tədbirlər görülməsi, iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsi sayəsində nəinki bu sindromdan yan keçməyə müvəffəq olub, eyni zamanda, neft gəlirlərindən məharətlə bəhrələnərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirib. Hazırda ölkə üzrə ümumi daxili məhsulun daha çox hissəsi - 60 faizdən çoxu məhz qeyri-neft sektorunda yaranır. Proqnozlara əsasən, gələcəkdə bu göstərici daha da artacaq.

Qeyri-neft sektorunun maliyyə təminatının gücləndirilməsi bu sahənin inkişafına güclü təkan verir. Qeyd edək ki, son 11 ildə Azərbaycan iqtisadiyyatına 180 milyard dollardan artıq investisiyalar yönəldilib. Ölkəmizin sərmayə qoyuluşu baxımından cəlbedici məkana çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş praqmatik siyasətlə bağlıdır. Ölkədəki möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, möhkəm qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, ölkədə yaradılan əlverişli biznes mühiti Azərbaycanı investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevirib. Həyata keçirilən bütün bu və digər tədbirlər nəticəsində respublikada iqtisadi fəallıq artıb, ölkəmizdə yerlixarici kapital əsasında qurulan çoxlu sayda yeni müəssisələr yaradılıb. Respublikamızda sərmayə qoyuluşunda prioritet istiqamətlər kimi neft sektorundan kənar sahələr - ağır sənaye, alternativ enerji, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida-emal sənayesi, logistika və daşıma, turizm kimi sahələr əsas götürülür.

Qeyri-neft sektorunun dəstəklənməsi yeni Dövlət Proqramının da əsas istiqamətlərindən birini təşkil edir

Qeyri-neft sektorunun inkişafının dəstəklənməsi, iqtisadiyyatın prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi siyasəti regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının icrasının birinci ilində də davam etdirilib. Prezident İlham Əliyev 2014-cü ildə bölgələrə 23 səfəri çərçivəsində 120-yə qədər müxtəlif təyinatlı infrastruktur obyektinin, çoxlu sayda yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak edib və dəyərli tövsiyələrini verib. Ümumiyyətlə, ötən il regionların inkişafına bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilib. 2014-cü ildə “Sənaye ili” çərçivəsində tədbirlər planının icrası regionlarda da sənayenin inkişafına təkan verib. Belə ki, təkcə ötən il regionlarda 105 sənaye müəssisəsi açılıb. Bütövlükdə “Sənaye ili”ndə görülən tədbirlər nəticəsində qeyri-neft sənayesi 9 faiz artıb.

Sumqayıt Kimya Sənaye Parkında xaricidaxili infrastrukturun yaradılması işləri cari ildə başa çatdırılacaq. Hazırda parkda 3 rezident qeydiyyata alınıb, 2 rezident ilə danışıqlar yekunlaşmaq üzrədir. Sözügedən layihələr üzrə investisiya qoyuluşu 650 milyon manat təşkil edəcək.

Son illərdə qeyri-neft sənayesində həyata keçirilən dövlət dəstəyi tədbirləri, o cümlədən, 124 layihənin maliyyələşdirilməsinə 380 milyon manat güzəştli kreditin verilməsi nəticəsində bir sıra sənaye məhsulları üzrə idxaldan asılılıq azalıb, bəziləri üzrə isə ixrac potensialı yaranıb. Respublikanın 14 rayonunda gündəlik istehsal gücü 820 ton olan 28 müasir çörək zavoduna 50 milyon manat güzəştli kredit ayrılıb və artıq 22 zavod istifadəyə verilib.

Regionlarda çoxsaylı sahibkarlar ordusu formalaşıb

Son illərdə dövlət başçısının elan etdiyi “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttə uyğun olaraq respublikanın regionlarında çoxsaylı sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur. Qeyd edək ki, hazırda respublikada istehsal olunan ümumi daxili məhsulda özəl bölmənin çəkisi 80 faizdən yuxarıdır. Son 11 il ərzində Sahibkarlara Kömək Milli Fondunun xətti ilə sahibkarlara iki milyard dollar məbləğində güzəştli kreditlər verilib. Bu kreditlər iqtisadiyyatın real sektoruna ayrılıb. Kreditlərin böyük əksəriyyəti kənd təsərrüfatı sahəsinə, qalan hissə isə sənaye müəssisələrinin yaradılmasına yönəldilib. Ümumiyyətlə, son illərdə Sahibkarlara Kömək Milli Fondunun kreditlərinin 78 faizi, açılan yerlərinin isə 81 faizi regionların payına düşüb.

Regionlarda yeni istehsal obyektlərinin yaradılmasında Azərbaycan İnvestisiya Şirkəti mühüm rol oynayır. Qeyd edək ki, “Milk Pro”, “Ağstafa Aqroservis”, “Azərtoxum”, “Dəvəçi Broylerkimi irimiqyaslı layihələr məhz AİŞ-nin dəstəyi sayəsində həyata vəsiqə qazanıb.

Ümumiyyətlə, son 11 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən, Sumqayıtda texnologiyalartekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gipsgips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə digər tikinti materialı, emal, çörək və digər müasir müəssisələr fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib. Bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib, 24 obyektdə isə işlər davam etdirilir.

Azərbaycanın regionlarında güclü milli sahibkarlar ordusunun formalaşmasına Prezident İlham Əliyev tərəfindən hər cür dəstək nümayiş etdirilir. Dövlətin sahibkarlara göstərdiyi dəstək maddi olmaqla yanaşı, həm də siyasi xarakter daşıyır. Aşağıdakı statistik rəqəmlərdə respublikamızda Prezident İlham Əliyevin qayğısı ilə qeyri-neft sektoruna, o cümlədən də, qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölməyə göstərilən dövlət dəstəyi öz əksini tapıb. Son 11 ildə respublikamızda sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artaraq 386 minə çatıb. Hazırda məşğulluqda və vergi daxilolmalarında özəl sektorun payı 70-80 faiz arasında dəyişir. Ötən il respublikamızda regionlardan vergi daxilolmaları 2013-cü ilə nisbətən 9,8 faiz artıb, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatıb.

Yeni Dövlət Proqramının icrası çərçivəsində regionlarda sahibkarlığın dəstəklənməsi və təşviq edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Artıq gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması məqsədilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində ilk biznes inkubator fəaliyyətə başlayıb. 2014-cü ildə sahibkarların maarifləndirilməsi və nümunəvi layihələrin təqdim olunması ilə bağlı regionlarda minlərlə sahibkarın iştirakı ilə 169 tədbir keçirilib, 47 sahibkarın Almaniyada təcrübə keçməsi təşkil olunub. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilib və 12500-dən çox yeni yerinin açılması imkanı yaradılıb. Təxminən 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emalinfrastruktur müəssisəsi istifadəyə verilib. Cari ildə isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir.

Prezident İlham Əliyevin 2014-cü il martın 3-də imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı özəl bölmənin yeni mərhələsinin hüquqi təminatlarını özündə əks etdirir. Prezidentin imzaladığı bu Sərəncam ölkəmizdə özəl bölməyə dövlət dəstəyinin ardıcıllığını bir daha təsdiqləyir. Fərmana uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulan islahatlar çərçivəsində 6 qanunun qəbul olunması nəzərdə tutulub. Bunlardan iki qanun tamamilə yeni olacaq. Bunlar “Özəl kredit büroları haqqında” və “Təminatlı əqdlər haqqında” qanun layihələridir. Bu qanunların qəbul olunması bank xidmətləri sferasının genişlənməsinə, eləcə də, sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılmasına imkan yaradacaq.

 

Aqşin ŞAHİNOĞLU

Yeni Azərbaycan $g 2015.- 15 iyul.- S. 8.