Qiymətlərin süni şəkildə
şişirdilməsinin qarşısı
alınmalıdır
Prezident İlham
Əliyev: Qiymətlərin yuxarı səviyyəsi müəyyən
ediləcək. Heç kim o səviyyədən baha sata bilməyəcək
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanı güclü iqtisadi dayaqlara malik sosial dövlət kimi səciyyələndirir. Respublikamızda sosial sfera dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Ölkəmizdə genişmiqyaslı sosial infrastruktur layihələrini reallaşdırmaq, əhalinin etibarlı sosial müdafiəsini təşkil etmək üçün geniş imkanlar mövcuddur və bu istiqamətdə ardıcıl islahatlar həyata keçirilir, şəffaflıq təmin olunur. Əsas məqam isə ondan ibarətdir ki, Prezident İlham Əliyev ölkədə sosial məsələlərin yüksək səviyyədə həllinə nail olmaq üçün böyük siyasi iradə nümayiş etdirir. İyulun 13-də Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində dövlət başçısı sosial sferanın Azərbaycanın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha nəzərə çatdıraraq vurğulayıb: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik”.
Bütün sosial proqramların vaxtında yerinə yetirilməsi Azərbaycanın siyasətinin göstəricisidir
Son 11 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın bütün sahələrdə hərtərəfli və dinamik inkişafını təmin edib. Hazırda beynəlxalq maliyyə-iqtisadi böhranın dünyanın ayrı-ayrı ölkələrində ciddi kataklizmlərlə müşayiət olunmasına baxmayaraq, respublikamız sabitlik və inkişaf adası kimi fərqlənir. Bu cəhətdən cari ilin ilk yarısı da istisna olmayıb. Ötən 6 ayda Azərbaycan iqtisadiyyatında bütün parametrlər baxımından müsbət göstəricilər əldə olunub. İlin əvvəlindən bəri iqtisadiyyatımız 5,7 faiz artıb. Qeyri-neft sektorunda isə son 6 ayda 9,2 faiz artıma nail olunub. Ölkənin dinamik inkişafı, həmçinin, investisiya qoyuluşunda da özünü büruzə verib. Belə ki, cari ilin əvvəlindən bəri ölkəmizə bütün mənbələrdən 12,7 milyard manat sərmayə yönəldilib.
Ölkənin dinamik iqtisadi inkişafı öz növbəsində daha geniş məzmunlu sosial siyasət həyata keçirilməsinə imkanlar açır. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Sosial sahədə bütün proqramlar icra edilir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, bu, təbiidir. Biz büdcəni qəbul edəndə neftin qiymətini 90 dollardan hesablamışıq, əslində, indi 60 dollar səviyyəsindədir. Bir neçə ay bundan əvvəl daha da aşağı səviyyədə idi, əlli dollardan aşağı düşmüşdü. Ancaq bütün sosial proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir”.
Azərbaycanda sosial siyasətin daha məzmunlu olmasını, əhalinin yüksək rifahının təmin edilməsini şərtləndirən amillər sırasında ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi mühüm rola malik faktor kimi çıxış edir. Son illərdə respublikamızda məqsədyönlü surətdə həyata keçirilən siyasət sayəsində, ölkədə inflyasiya aşağı səviyyədə qalır, əhalinin pul gəlirləri isə əhəmiyyətli dərəcədə artır və beləliklə də, insanların rifah halı yüksəlir. Makroiqtisadi vəziyyətin sabitliyi 2015-ci ilin ilk yarısında da qorunub saxlanıb. İlin əvvəlindən bəri respublikamızda inflyasiya cəmi 3,5 faiz civarında olub. Əhalinin pul gəlirləri isə 6,2 faiz artaraq yenə də inflyasiyanı üstələyib.
Respublikanın davamlı iqtisadi inkişafı fonunda yoxsulluğun səviyyəsinin azalması xüsusilə diqqəti çəkir. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində ölkə üzrə yoxsulluğun səviyyəsini 5 faizədək azaltmaq mümkün olub. Əhalinin məşğulluğunun getdikcə daha dolğun şəkildə təmin olunması da məmnunluq doğurur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə 2003-cü ildən bəri 1 milyon 400 min yeni iş yerləri yaradılıb. Dövlət başçısının nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq respublikada yeni iş yerlərinin yaradılması əhalinin artımı nəzərə alınmaqla daimi prosesə çevrilib və cari ilin ilk yarısında ölkədə daha 60 min yeni iş yerləri açılıb.
Sosial
infrastruktur layihələrinin icrası da intensiv şəkildə
davam etdirilir
Eyni zamanda, ölkə miqyasında genişmiqyaslı
sosial infrastruktur layihələrinin
reallaşdırılması da son illərdə Azərbaycanın
mənzərəsini tamamlayan əsas cəhətlərdəndir. Dövlət əhalinin
həyat təminatı ilə bağlı sahələrdə
bu və ya digər layihələrin həyata keçirilməsinə
böyükhəcmli sərmayələr yönəldir.
Respublikanın bütün bölgələrində
yüksək sürətlə və keyfiyyətlə
reallaşdırılan su, kanalizasiya layihələri, yeni-yeni
məktəblərin, səhiyyə ocaqlarının
inşası bunun təsdiqidir. 2003-cü
ildən bəri respublikanın müxtəlif bölgələrində
təxminən 3 min məktəb, 500-dən artıq səhiyyə
obyekti tikilib və yaxud əsaslı şəkildə təmir
edilib.
Ölkədə sosial məzmunlu tədbirlərin
reallaşdırılması 2015-ci ilin birinci yarısında
da intensiv şəkildə davam etdirilib. Belə ki, son 6 ayda
respublikada sosialyönümlü tədbirlərin həyata
keçirilməsi, onların maliyyə təminatı üzrə
dövlətin siyasətinin prioritetliyi təmin edilib və
dövlət büdcəsi xərclərinin 23,6 faizi və
yaxud 2 milyard 25 milyon manatı bu məqsədə yönəldilib.
Dövlət başçısı isə hədəfi belə
müəyyənləşdirib ki, ölkə miqyasında bir
dənə də təmirsiz məktəb qalmamalı, hər
bir kənddə insanlar tibbi xidmətlə təmin
olunmalıdırlar: “Sosial infrastruktur yaradılır. Məktəblər, xəstəxanalar tikilir. İndi təxminən 20-dən çox məktəb,
30-dan çox tibb müəssisəsi təmir olunur, tikilir.
Yəni, bu proses də gedir. Demək olar ki, biz
bu sahədə əsaslı dönüş yarada bildik.
Növbəti illərdə
çalışmalıyıq ki, bir dənə də təmirsiz
məktəb olmasın və hər bir yerdə, hər bir kənddə
insanlar normal tibbi xidmətə malik olsunlar”.
Dərman
bazarındakı problemlər aradan
qaldırılmalıdır
Azərbaycanın sosial-iqtisadi inkişaf
strategiyasını səciyyələndirən əsas cəhətlərdən
biri ondan ibarətdir ki, ölkəmizdə dövlət siyasəti
bilavasitə Azərbaycandakı reallıqlar, insanların arzu
və istəkləri nəzərə alınmaqla hazırlanaraq
həyata keçirilir. Prezident İlham Əliyev daim bölgələrə
səfərlərə gedir, yerlərdə ictimaiyyətin
nümayəndələri ilə çoxsaylı
görüşlər keçirir və insanların arzu və
istəklərini dinləyir. Belə
görüşlər, bir qayda olaraq, izsiz
ötüşmür. Ölkə vətəndaşlarını
narahat edən məsələlər, yerlərdə
aşkarlanan problemlər sonradan ayrı-ayrı sahələr
üzrə dövlət siyasətinin istiqamətləri
müəyyənləşdirilərkən mütləq nəzərə
alınır. Bu baxımdan Prezident
İlham Əliyevin Nazirlər Kabinetinin yuxarıda bəhs
olunan iclasında səsləndirdiyi fikirlər də diqqəti
cəlb edir. Dövlət
başçısı ölkənin imici, iqtisadi
inkişafı, həmçinin, əhalinin sosial müdafiəsi
ilə bağlı narahatlıq doğuran ayrı-ayrı məqamlar
barədə açıq və çox ciddi mesajlar verib.
Əhalinin sosial müdafiəsi baxımından ciddi
önəm daşıyan belə məsələlərdən
biri də ölkənin dərman bazarındakı vəziyyətlə
bağlıdır. Ölkə Prezidentinin bu sahədə
insanları narahat edən problemlərə diqqət çəkməsi
təsadüfi deyil. Ölkədə
hamı, əhalinin bütün təbəqələrinin təmsilçiləri
potensial dərman istehlakçılarıdır. Lakin dövlətin əhalinin sosial müdafiəsinə
güclü önəm verməsinə rəğmən, dərman
bazarında arzuolunmayan vəziyyət hökm sürür.
Burada qiymətlər şişirdilir, insanlara bəzən
keyfiyyətsiz, mənşəyi bilinməyən dərmanlar təklif
olunur. Prezident İlham Əliyevin qeyd etdiyi
kimi, burada həkimlərin də məsuliyyətsizliyi və bəzi
hallarda tamahkarlığı özünü göstərir.
Lazım olmayan reseptləri yazırlar. Resepti yazır, deyir ki, sən bu dərmanı filan
yerdən almalısan. Hətta reseptlə
satılmayan vitaminlərə də resept yazırlar. Bu, böyük bir biznes şəbəkəsidir.
Bu biznes kimin hesabınadır? Adi insanın hesabına. Adi insan
da məcbur olub gedir ona verilən reseptlə dərman alır.
Lakin unutmaq olmaz ki, dərman bazarı çox həssas
bir sahədir və burada işbazların manipulyasiya əməllərinin
qarşısı alınmalıdır. Burada ədalətsizliyə
və qiymətlərin süni şəkildə
şişirdilməsinə yol verilməsinin qarşısı
mütləq alınmalıdır. Dövlət
başçısının bildirdiyi kimi, hazırda
müvafiq dövlət qurumları ictimaiyyətdən gələn
təklifləri nəzərə alaraq sosial baxımdan ciddi
önəm daşıyan bu məsələnin tənzimlənməsi
ilə ciddi məşğuldurlar. Prezident İlham
Əliyev dərman bazarındakı
çatışmazlıqların aradan qaldırılması
məqsədilə nəzərdə tutulan tədbirləri
ümumiləşdirərək deyib: “Hesab edirəm ki, sentyabr
ayından gec olmayaraq bu məsələ artıq yeni müstəviyə
qalxmalıdır. Həm şəffaflıq təmin
ediləcək, hər bir vətəndaş biləcək ki,
hansı dərmanı alır və hansı qiymətə
alır. Qiymətlərin yuxarı səviyyəsi
müəyyən ediləcək. Heç kim
o səviyyədən baha sata bilməyəcək. Dərmanları satanlar da burada öz gəlirlərini
götürəcəklər. Onların da
normal gəlir səviyyəsi olmalıdır. Ancaq bu səviyyə 100, 200, 300 faiz
olmamalıdır. Heç yerdə belə
özbaşınalıq yoxdur. Görülən
və görüləcək tədbirlər nəticəsində
ilin sonuna qədər dərmanların qiymətləri kəskin
şəkildə aşağı düşməlidir. İstəyirəm Azərbaycan ictimaiyyəti bunu
bilsin. Bu məsələ də daim diqqət
mərkəzində olacaq”.
Aviabiletlər nə üçün bahadır?
Ciddi sosial-iqtisadi mahiyyət kəsb edən məsələlərdən
biri də aviabiletlərin qiymətinin baha olmasıdır. Son illərdə
Azərbaycanın mülki aviasiyası yeni inkişaf mərhələsinə
qədəm qoyub. Respublikamızda dövlət
hava nəqliyyatı infrastrukturunun ən müasir tələblər
səviyyəsində qurulmasına böyük investisiyalar
yönəldir. Cəmi bir neçə il
ərzində Bakı aeroportunda uçuş-enmə
zolaqları və yönəldici yollar yenidən qurulub,
uçuşları idarəetmə sistemləri müasirləşdirilib,
radionaviqasiya və meteoavadanlıq yenilənib, digər silsilə
tədbirlər reallaşdırılıb.
Bununla paralel olaraq, ölkənin regionlarında da
mülki aviasiyanın inkişafına xidmət edən zəruri
tədbirlər görülür. 2004-cü ildə beynəlxalq
standartlara cavab verən Naxçıvan Beynəlxalq Hava
Limanı işə düşüb. Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində
2006-2008-ci illərdə bir-birinin ardınca Gəncədə,
Zaqatalada və Lənkəranda hava limanları istismara verilib,
daha sonra Qəbələdə və Yevlaxda hava limanları
inşa olunub. Son illərdə ölkəmizdə
mülki aviasiyanın inkişafı istiqamətində
reallaşdırılan tədbirlərdən biri də Heydər
Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin
tikintisidir.
Bundan əlavə, sərnişin və yük
daşımalarının daha müasir səviyyəyə
çatdırılması üçün təyyarə və
helikopter parkı ardıcıl surətdə yenilənir. “Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarə parkı
dünyanın tanınmış şirkətlərindən
alınan yeni və müasir təyyarələrlə zənginləşdirilib.
Hazırda AZAL “Boeing “, “Aerobus”, “Embraer” kimi müasir təyyarələrlə
dünyanın 30-dan çox şəhərinə
uçuşlar həyata keçirir.
Dövlətin ölkədə mülki aviasiyanın
inkişafına belə hərtərəfli qayğı
göstərməsinin müqabilində Azərbaycanda aviabiletlərin
başqa ölkələrə nisbətən baha olması
narahatlıq doğurur. Ölkəmizdə aviabiletlərin qiymətlərinin
yüksək olmasından narahatlığını ifadə
edən Prezident İlham Əliyev müvafiq dövlət
qurumlarına süni qiymət artımının
qarşısının alınması ilə bağlı
tapşırıqlar verib: “Bütün təyyarələr
dövlət büdcəsinin vəsaiti hesabına
alınır, bütün aeroportlar dövlət hesabına
tikilir, bütün şərait dövlət hesabına
yaradılır. Nəyə görə biletlərin
qiyməti başqa ölkələrə, şəhərlərə
nisbətən baha olmalıdır? Nə
üçün? Ona görə mən
tapşırıram hökumət, Maliyyə Nazirliyi,
İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə
məşğul olsunlar. Həm müqayisə
aparın, həm də burada tənzimləmə mexanizmi, hər
şey şəffaf olmalıdır və qiymətlər
süni şəkildə qaldırılmamalıdır”.
Turizmin
daha geniş inkişafı üçün üç məsələ
həllini tapmalıdır: vizalar, biletlərin, otellərin
qiyməti və üçulduzlu, ikiulduzlu otellərin tikintisi
Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda
yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi,
Xəzər dənizi, infrastruktur təminatının
yaxşılaşdırılması ölkəmizin turizm
imkanlarını daha da artırır. Əlamətdar
haldır ki, ölkəmizdə turizmin müxtəlif növlərini,
o cümlədən, biznes, istirahət, sağlamlıq, idman turizmlərini
inkişaf etdirmək üçün hər cür imkan
vardır.
Qısa
müstəqillik tarixində Azərbaycan dövləti ölkəmizdə
turizmin inkişafına nail olmaq üçün güclü
siyasi iradə nümayiş etdirərək bir sıra təşkilati
tədbirlər həyata keçirib, həmçinin,
respublikamızda turizmin inkişafını
stimullaşdıran qanunvericilik bazası yaradılıb. Belə ki, Milli Məclis 1999-cu ildə “Turizm
haqqında” ayrıca qanun qəbul edib. Ulu öndər
Heydər Əliyevin 2002-ci il 27 avqust tarixli
müvafiq Sərəncamı ilə respublikamızda
2002-2005-ci illərdə turizmin inkişafına dair ayrıca
Dövlət Proqramı təsdiq olunub. “2009-2018-ci
illərdə Azərbaycan Respublikasında kurortların
inkişafı üzrə Dövlət Proqramı”
respublikamızda istifadəsiz qalan turizm-kurort obyektlərinin bərpasına
və yenilərinin yaradılmasına təkan verib. Azərbaycanda turizmin inkişafı ilə
bağlı 2010-2014-cü illəri əhatə edən
Dövlət Proqramının uğurla icra olunması nəticəsində
respublikamızda turizm sənayesi yeni mərhələyə qədəm
qoyub. Prezident İlham Əliyevin “Azərbaycan
Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə viza rəsmiləşdirilməsi
sahəsində təxirəsalınmaz tədbirlər
haqqında” 2012-ci il 30 noyabr tarixli Sərəncamı
respublikamıza turistlərin gəlib-getmələrini
asanlaşdırmaqla ölkəmizin turist cəlbediciliyini əhəmiyyətli
dərəcədə artırıb. Belə ki,
bu sənədə əsasən, onlayn viza sisteminin tətbiqi
ilə Azərbaycana gəlmək istəyən əcnəbilər
vizaları elektron qaydada əldə edə bilirlər. Bu sistem sənədləşmənin daha asan
aparılmasına və vaxta qənaət edilməsinə
şərait yaradır.
Eyni
zamanda, Azərbaycanın böyük uğurla ev
sahibliyi etdiyi birinci Avropa Oyunları da ölkəmizə
marağı əhəmiyyətli dərəcədə
artırıb. Oyunlar vasitəsilə respublikamızın
reallıqları ilə tanış olmaq
imkanı qazanan çoxlu sayda əcnəbi Azərbaycana gəlmək,
ölkəmizi gəzmək, bu möcüzəli diyarın
sirlərini öyrənmək istəklərini bildirirlər.
Lakin bir sıra problemlər ölkənin turist cəlbediciliyinə
mənfi təsir göstərir. Vizaların verilməsi
ilə bağlı bəzi problemlər hələ də həllini
tapmayıb. Bir sıra hallarda vizalar ləng
verilir, bu zaman müasir texnologiyaların imkanlarından
lazımi səviyyədə istifadə olunmur. Otellərin qiyməti xüsusi narahatlıq
doğurur. Düzdür, hazırda
Bakıda bir sıra məşhur brendlər şəbəkəsinə
daxil olan otellər fəaliyyət göstərir.
Prezident İlham Əliyev bunu Azərbaycanın
gücünün təzahürü kimi səciyyələndirib:
“Bizdə beşulduzlu otellərin sayı kifayət qədər
çoxdur. Mən buna çox sevinirəm.
Bu, ölkəmizin gücünü göstərir,
bu, prestijdir. Yəni, ölkədə gedən
proseslərin təzahürüdür. Əgər
dünyanın aparıcı beşulduzlu brendləri
Bakıdadırsa, demək, Bakı buna layiqdir və onlar
layiqdirlər ki, Bakıda olsunlar”.
Amma
respublika miqyasında beş ulduzlu olmayan
otellərin az olması və belələrinin qiymətləri
süni şəkildə şişirtmələri
narahatlıq doğurur. Prezident İlham Əliyevin qeyd etdiyi
kimi: “Ancaq beşulduzlu olmayan otellərin qiyməti niyə
bahadır? Bölgələrdə, rayon yerlərində elə
qiymət qoyurlar ki, heç adam oraya getmək
istəmir”.
Prezident
İlham Əliyev ölkəmizdə zəngin turizm
potensialından daha səmərəli istifadə edilməsi
üçün üç məsələnin həllinin
vacib olduğuna diqqət çəkərək deyib: “Azərbaycanda
o qədər gözəl yerlər var ki, heç xaricə
getmək lazım deyil. Dağlar, meşələr,
dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə bu üç məsələyə
mütləq baxmaq lazımdır - vizalar, biletlərin, otellərin
qiymətləri və üçulduzlu, ikiulduzlu otellərin
tikintisi. Mədəniyyət və Turizm
Nazirliyi də tövsiyələr versin və eyni zamanda,
sahibkarlar da bunu eşitsinlər”.
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan.-2015.-
16 iyul.- S. 2.