Azərbaycana qarşı təzyiq cəhdləri
və qeyri-adekvat yanaşma
heç bir nəticə
verməyəcək
Prezident İlham
Əliyev: Azərbaycanla diktat dili ilə danışmaq olmaz,
Azərbaycanla dost, tərəfdaş olmaq olar
Müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Cənubi Qafqaz regionunun lider dövləti olan ölkəmiz həm də beynəlxalq miqyasda etibarlı strateji tərəfdaş kimi tanınır və Azərbaycanla əməkdaşlıq siyasi, iqtisadi, geopolitik nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya edir, beynəlxalq əməkdaşlıq və təhlükəsizlik platformalarının formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Bir sözlə, ölkəmiz pozitiv beynəlxalq imicə malik olan suveren aktor kimi tanınır.
Regional güc mərkəzi olan Azərbaycan müstəqil xarici siyasət həyata keçirir
O da qeyd edilməlidir ki, Azərbaycanın xarici siyasəti həyata keçirilən səmərəli daxili siyasətə uyğundur, başqa sözlə, bu kursu tamamlayır. Reallaşdırılan uğurlu daxili və xarici siyasətin fonunda Azərbaycanın dinamik inkişaf strategiyası rasional səciyyə daşıyır, eləcə də, ölkəmiz heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir. Yəni Azərbaycanda həyata keçirilən siyasət sırf ölkənin milli maraqlarına söykənir və əsas strateji hədəf uzunmüddətli inkişafın təmin olunması, beynəlxalq mövqelərin daha da möhkəmləndirilməsidir. Məhz buna paralel olaraq ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Rasional inkişaf strategiyasının həyata keçirilməsi bütün sahə və sektorların inkişafını təmin etməklə yanaşı, Azərbaycan iqtisadiyyatının beynəlxalq iqtisadi sistemə uğurlu inteqrasiyasına da təkan verir. Ölkə iqtisadiyyatı dünyanın rəqabətqabiliyyətli iqtisadiyyatları pilləsində davamlı surətdə irəliləyir.
Milli maraqlar Azərbaycanın xarici siyasət kursunun əsasını təşkil edir
Ümumiyyətlə, regionda, bütövlükdə, Avrasiya geosiyasi məkanında baş verən son mürəkkəb geosiyasi hadisələrin nəticələri bir daha göstərdi ki, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları əsasında davam etdirir.
Dolayısıyla, əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır.
Amma bütün bunlara baxmayaraq, bəzi dairələr Azərbaycanın müstəqil xarici siyasətini narahatlıqla qarşılayır, bu kontekstdə öz məhdud geosiyasi maraqları naminə ölkəmizin daxili və xarici siyasət kursuna müdaxilə etməyə çalışırlar. Azərbaycan dövlətinin milli - suveren siyasi iradəsi onu tələb edir ki, ikitərəfli münasibətlər sırf qarşılıqlı hörmət əsasında davam və inkişaf etdirilsin, milli maraqlar əsas strateji prinsip kimi qəbul edilsin.
Yeri gəlmişkən, iyulun 13-də Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində dövlət başçısı qeyd edib ki, bizim siyasətimiz Azərbaycan maraqları üzərində qurulubdur: “Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Onu da deməliyəm ki, - Azərbaycan ictimaiyyəti də bilir, - bizə qarşı çox çirkin kampaniya aparılır. Bu kampaniya dayanmır, önəmli beynəlxalq tədbirlər ərəfəsində daha da alovlanır, güclənir, əgər belə demək mümkündürsə, ondan sonra bir az səngiyir. Ancaq bu, daimi bir kampaniyadır, səbəbləri də aydındır. İlk növbədə, dünya erməniliyi, erməni lobbisi bizi hədəf seçib, onların himayəsində olan riyakar, rüşvətxor siyasətçilər bu işlərə qoşulub. Xüsusilə, bu, Qərb siyasətçilərinə aiddir. Erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər və s. ünsürlər Azərbaycana qarşı müharibə elan ediblər. Əfsuslar olsun ki, bu gün Avropada faşizm, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm baş qaldırır. Yəni, bu hərəkət təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə ki, onlar müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar, eyni zamanda, Azərbaycanda “beşinci kolon”un qalıqlarının himayədarları ilə birləşib bizə qarşı hücuma keçiblər”.
Avropadakı müəyyən dairələr Azərbaycana qarşı “qara piar” və təzyiq kampaniyasında xüsusi fəallıq nümayiş etdirdilər
Qeyd etdiyimiz kimi,
Azərbaycanın müasir dünya siyasəti və beynəlxalq
münasibətlər sistemindəki mövqeyinin
davamlı surətdə möhkəmlənməsindən narahatlıq
keçirən bəzi xarici dairələr
ölkəmizə qarşı təzyiq mexanizmi
formalaşdırmağa çalışırlar.
Xüsusilə də, mötəbər beynəlxalq tədbirlər
ərəfəsində ölkəmizin imicinə - nüfuzuna zərbə vurmaq
istəyən qüvvələr “qara piar” kampaniyasına istinad
edirlər. Biz bunu ilk Avropa Oyunları ərəfəsində
də müşahidə etdik. Proseslərin
gedişatı göstərdi ki,
kampaniyanın arxasında islamofob, ermənipərəst
və anti-Azərbaycan dairələr, o
cümlədən, erməni lobbisi durur. Bu proseslərin fonunda Avropadakı müəyyən dairələr
Azərbaycana qarşı “qara piar” və təzyiq kampaniyasında xüsusi fəallıq nümayiş
etdirdilər. Aydın oldu ki,
“demokratiya”, “insan
hüquqları” kimi məfhumları istismar mexanizminə çevirən həmin
qüvvələr müstəqil siyasət həyata
keçirən Azərbaycanın suveren mövqeyini, davamlı nailiyyətlərini həzm
edə bilmirlər. Onlar müxtəlif
anti-Azərbaycan dairələrlə sinxron
hərəkət etməklə yanaşı, “beşinci
kolon”un da xidmətlərindən istifadə etməyə
çalışırlar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Avropa
Oyunları ərəfəsində və Oyunlar
zamanı bizə qarşı informasiya
müharibəsi ən şiddətli mərhələyə qədəm
qoymuşdu. Ancaq bu informasiya müharibəsində
Azərbaycan xalqı və dövləti qalib
gəlib. Çünki bu
kampaniya və bu
kampaniyanın son mərhələsi bir daha göstərib ki, heç bir kənar qüvvə bizim
iradəmizə təsir edə bilməz. Ancaq
görün və Azərbaycan xalqı bir daha görsün
ki, nə qədər bunlar
şərəfsiz hərəkətlər edirlər. Avropa Oyunlarının
açılışına iki gün qalmış Avropa Parlamenti anti-Azərbaycan qətnaməsini
müzakirəyə çıxarıb və
çalışıb ki, bu
qətnamə qəbul edilsin. Baxmayaraq ki, Avropa Parlamentinin
sədri Şults, onun
müavini Lunaçek
və onların əlaltıları qatı anti-Azərbaycan
mövqeyindədirlər və Azərbaycanı düşmən
seçiblər, ancaq bu
qətnamə keçmədi, 136 deputat
lehinə, 136 deputat əleyhinə səs verdi. Əslində bu, Şultsun, Lunaçekin və
onlar kimilərinin siyasi
iflası idi. Əgər bunlarda bir balaca vicdan
varsa, ondan sonra istefa verməli
idilər”.
Almaniya Bundestaqının
anti-Azərbaycan mövqeyi
nəyi ifadə etdi?
Əlbəttə, Avropadakı bəlli siyasi dairələrin cəhdləri iflasa uğradıqca yeni təzyiq vasitələrinə
istinad etməyə başladılar. Səlahiyyətləri və təyinatı
tamamilə fərqli xarakter daşıyan qurumlar vasitəsilə Azərbaycana qarşı qərəzli, ədalətsiz
hücumlar təşkil
edildi. Bu sırada Almaniya Bundestaqında təşkil
edilən şou xüsusilə vurğulanmalıdır.
İyunun 12-də Almaniya
Bundestaqında CDU/CSU (Xristian
Demokratlar və Xristian Sosialistlər İttifaqı) və SPD (Sosial Demokratlar Partiyası) fraksiyalarının
irəli sürdüyü
“Azərbaycanda insan hüquqlarının qorunmasını
tələb etmək”
adlı qətnamənin
qəbulu Azərbaycan
ictimaiyyətinin haqlı
narazılığına səbəb
oldu. Bu hal növbəti dəfə onu göstərdi ki, Avropanın bəzi dairələrinin fəaliyyətinin timsalında
“demokratiya” oyunu müstəqil milli dövlətlərə, o cümlədən
Azərbaycana qarşı
təzyiq məqsədinə
xidmət edir. Əlbəttə, bu dairələr
ölkəmizdə insan
hüquqlarının vəziyyətini
tənqid obyektinə çevirsələr də,
yaxşı bilirlər
ki, Azərbaycanda insan və vətəndaş
hüquqları yüksək
səviyyədə təmin
edilib, ölkəmiz demokratik inkişaf yolunda əmin addımlarla irəliləyir.
Daha dəqiq desək, Azərbaycanda insan və vətəndaş hüquqları milli dövlətimizin Konstitusiya
tələblərinə görə
qorunur və ölkəmizdə hər
bir vətəndaş
qanunla müəyyən
olunmuş qaydada öz hüquq və azadlıqlarından
sərbəst surətdə
istifadə edə bilir. Şübhəsiz, Almaniya Bundestaqında
belə bir qətnamənin qəbul edilməsi mövcud reallıqların təhrif
olunması ilə yanaşı, həm də Azərbaycan-Almaniya münasibətlərinin ruhuna,
mahiyyətinə zidd hal kimi dəyərləndirildi.
Dövlətimizin başçısı
bəhs olunan çıxışı zamanı
bu məsələyə
toxunaraq vurğulayıb
ki, bu qətnamənin
mövzusu anti-Azərbaycan
mövqeyi və yalan üzərində qurulubdur: “Sual olunur, Almaniya Bundestaqının bizimlə
nə işi var və Almaniya
Bundestaqı özünü
nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis
öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla
münasibətlərimiz distansiya
səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur, əksinə, bizim təbii qazımız, kontraktlarımız,
neftimiz, bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz
onlara lazımdır.
Biz isə onlardan
texnologiya alırıq.
Onlardan almasaq, başqa yerdən alarıq. Onlardan heç bir asılılığımız yoxdur. Ona görə Almaniya
Bundestaqı kimdir ki, anti-Azərbaycan qətnamə qəbul etsin?! Getsin öz işi
ilə məşğul
olsun”.
Müasir
qlobal çağırışlara
və reallıqlara zidd yanaşma ortaya qoyan Avropa
mənəvi böhranın
məngənəsindədir
Beləliklə, ilk Avropa Oyunları
ərəfəsində Avropada
bir sıra təşkilatların, müxtəlif
dövlət qurumlarının
“qara piar” məqsədilə təşkil
etdikləri şou-aksiyalar
iflasa uğramaqla yanaşı, “qoca qitə”dəki qüvvələrin
gerçək simasını,
Azərbaycana qarşı
qərəzli münasibətini
ortaya qoymuş oldu. Amma həmin dairələr
nəzərə almadılar
ki, Azərbaycana qarşı təzyiq mexanizmi formalaşdırmaq
əvəzinə, ölkəmizlə
əməkdaşlıq əlaqələrini
qarşılıqlı hörmət
əsasında davam etdirmək daha məqsədəmüvafiqdir. Sadalananlar həm də onu bir daha
aşkar etdi ki, Avropa müasir
qlobal çağırışlara
və reallıqlara zidd yanaşma ortaya qoyur və
faktiki olaraq mənəvi böhranın
məngənəsindədir. Prezident İlham Əliyev bu məsələyə toxunaraq
qeyd edib ki, mənəvi böhran, iqtisadi böhran bu gün artıq Avropada reallıqdır və əlbəttə ki, bu, bizi
düşünməyə vadar edir və
bu amilləri gələcək fəaliyyətimizdə
mütləq nəzərə
alacağıq: “Azərbaycan
Avropa qurumlarına nə dərəcədə
inteqrasiya etməlidir?
İnteqrasiya etməlidir, yoxsa
etməməlidir? Yoxsa biz əməkdaşlıq
formatına üstünlük
verməliyik? Bu barədə mən şəxsən artıq neçə vaxtdır düşünürəm və
hesab edirəm ki, gələcək aylarda yeni əməkdaşlıq
mexanizmi, formatı və konsepsiyası hazırlanmalıdır”.
Azərbaycana münasibətdə bərabərhüquqlu əməkdaşlıq
və qarşılıqlı
hörmət prinsiplərinə
əməl edilməlidir
Nəticə etibarilə, Avropadakı müəyyən dairələr
nəzərə almalıdırlar
ki, Azərbaycanın öz inkişaf yolu var və
ölkəmiz hər hansı bir qurum və ya
ölkədən asılı
deyil, müstəqil siyasi iradə əsasında daxili və xarici strateji kursunu davam etdirir. “Qoca qitə”nin müxtəlif
təşkilatlarında ölkəmiz
əleyhinə qərəzli
dinləmələrin keçirilməsi,
müxtəlif bəyanatların
verilməsi kimi cılız vasitələr
isə təsir qüvvəsinə malik deyil. Çünki müstəqil siyasət
həyata keçirən
Azərbaycan bütün
hallarda öz inkişaf yolunda irəliləyir və
anti-Azərbaycan dairələrin
bu cür neqativ cəhdləri iflasa məhkumdur. Eyni zamanda, belə manipulyasiyalarla ölkəmizdə
ictimai rəyə neqativ təsir etmək və Azərbaycanın beynəlxalq
nüfuzuna xələl
gətirmək mümkün
deyil. Bu səylər nə Azərbaycanın beynəlxalq
mövqeyinə, nə
də uğurlu xarici siyasətinə təsir edə bilər. Yaxşı olar ki,
regional güc mərkəzi
kimi çıxış
edən Azərbaycana qarşı adekvat yanaşma ortaya qoyulsun, bərabərhüquqlu
əməkdaşlıq və
qarşılıqlı hörmət
prinsiplərinə əməl
edilsin. Dövlətimizin
başçısının bildirdiyi kimi: “Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə bax
bu istiqamətdə gedəcəyik”.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2015.- 17 iyul.-
S. 2.