Kannda “Azərbaycan xalçaları
incəsənətdə” sərgisinin
açılışı olub
Birinci xanım Mehriban
Əliyeva sərginin açılışında iştirak edib
AZƏRTAC xəbər verir ki, iyulun
15-də Kannda keçirilən
Azərbaycan Mədəniyyəti
Günləri çərçivəsində
Festivallar sarayında
“Azərbaycan xalçaları
incəsənətdə” sərgisinin
açılışı olub.
Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.
“Azərbaycan xalçaları incəsənətdə” sərgisindəki əsərlər ilk dəfə nümayiş olunması ilə seçilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan xalça sənətinin tarixi, müasir dövrü, dünyada geniş yayılması barədə ziyarətçilərə ətraflı məlumat verilir.
Burada Azərbaycan rəssamları Lətif Kərimov, Vüqar Muradov, Butunay Haqverdiyev və Elçin Vəliyevin əsərləri - milli xalça eskizləri əsasında modern, pop-art xarakterli əsərlər, installyasiyalar təqdim edilir.
Gənc rəssam Elçin Vəliyevin sərgidə 7 əsəri nümayiş olunur. Məhz “Azərbaycan xalçaları incəsənətdə” sərgisi üçün hazırlanan bu əsərlər öz orijinallığı ilə seçilir. Yağlı boya ilə işlənən və əsasını xalça motivləri təşkil edən bu əsərlər 3D effekti ilə ziyarətçilərdə canlı təəssürat yaradır. Bu, E.Vəliyevin ilk sərgisidir.
Sərgidə Xalq rəssamı, görkəmli xalça ustası Lətif Kərimovun 1969-1970-ci illərdə yaratdığı xalça eskizləri nümayiş olunur. Təqdim olunan 15 əsər ilk dəfədir nümayiş etdirilir. Bunlar məhz Lətif Kərimovun özünün müəllifi olduğu ornamentlərin eskizləridir.
Ekspozisiyada, həmçinin tanınmış rəssam Butunay Haqverdiyevin xalça installyasiyası nümayiş olunur. İlk dəfə təqdim edilən bu əsər Azərbaycan xalça ornamentlərini canlandırır. Taxtadan hazırlanan installyasiya 3D effekti ilə seçilir. Əsər Lətif Kərimovun eskizləri ilə yanaşı təqdim olunmaqla, milli xalça sənətinin tarixi, inkişafı və modern rəssamlıqda tətbiqini nümayiş etdirir. Sərgidə, həmçinin XV-XVI əsrlərdə dünya rəssamlarının əsərlərində yer almış xalça motivlərinin əks olunduğu video installyasiya nümayiş olunur. Video installyasiya Azərbaycan xalça sənətinin nadirliyindən və dünyada məşhur olmasından, görkəmli rəssamların Azərbaycan milli xalça ornamentlərinə verdikləri dəyərdən bəhs edir.
Sərgidə tanınmış rəssam Vüqar Muradovun 7 əsəri nümayiş olunur. Rəssam bu əsərləri Kann sərgisi üçün hazırlayıb. Yağlı boya ilə portret və mənzərə janrlarında işlənmiş bu əsərlər milli xalça ornamentlərini özünəməxsus şəkildə təqdim edir.
Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınıb. Azərbaycan xalçaları tarixən bütün dünyada çox məşhur olub. Ölkəmizdə xalçaçılığın tarixi də çox zəngindir. Azərbaycan xalçalarının dünya mədəniyyətinə və ümumdünya mədəni irsinə təsiri böyükdür. Bu gün Azərbaycan xalçaları dünyanın tanınmış muzey və sərgilərində nümayiş olunur. Azərbaycanın Gəncə, Qarabağ, Quba, Abşeron, Şirvan, Qazax və Təbriz xalçaçılıq məktəbləri də zəngin tarixi dəyərləri ilə seçilib. Bu gün isə Azərbaycanda xalçaçılıq ənənələri qorunur, bu sahə özünün yeni inkişaf dövrünü yaşayır. Dövlətimizlə yanaşı, bu məsələdə Heydər Əliyev Fondu da mühüm işlər görür. 2011-ci ildə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan xalçaçılıq sənətindən bəhs edən “Azərbaycan xalçaları” kolleksiyasının nəşri, Azərbaycan xalçaçılıq sənətinin dünyada tanıdılması istiqamətində həyata keçirilən layihələr görülən işlərin tərkib hissəsidir.
“Azərbaycan xalçaları incəsənətdə” sərgisi iyulun 16-dan ictimaiyyət üçün açıq olacaq və ayın 31-dək davam edəcək.
Onu da deyək ki,
uğurla davam edən
Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində
Kannda turistlərin ən çox
olduğu məşhur Kruazett
bulvarında həm də “Bakı-2015” birinci
Avropa Oyunlarının simvolları olan Nar və Ceyran heykəlləri sərgilənir. Burada nümayiş olunan 8 heykəl Azərbaycanın və digər
ölkələrin rəssamları tərəfindən
müxtəlif ornamentlərlə bəzədilib. Bu əsərlər Kann
sakinlərində və şəhərə gələn qonaqlarda çox böyük maraq doğurur.
Yeni Azərbaycan.-2015.- 17 iyul.-
S. 3.