Vətənə sadiqlik
və peşəkarlıq örnəyi
Tarixən millətin inkişafında yüksək zəkası, elmi potensialı, istedadı, düşüncə tərzi, əxlaqi keyfiyyətləri ilə seçilən görkəmli şəxsiyyətlər ictimai fikri formalaşdıran, onu doğru istiqamətə yönləndirən sosial faktor olaraq çıxış etmiş, ictimai-siyasi məsələlərdə ədalətin və həqiqətin tərəfində yer alaraq cəmiyyətin balansını tarazlamışlar. Hər şeydən öncə, ümumbəşəri, milli-mənəvi dəyərlərin möhkəmlənməsinə çalışan, insanları nəcib məqsədlərə yönəltmək məramı ilə yaşayıb-yaradan ziyalılar xalqın düşünən beyni, milli yaddaşın, milli ruhun daşıyıcısı kimi tarixi funksiyanı ləyaqətlə yerinə yetirmişlər. Əsl ziyalı xüsusiyyətlərini özündə əxz edən belə şəxsiyyətlərdən biri, görkəmli alim, pedaqoq, ictimai-siyasi xadim Səfyar Bəylər oğlu Musayev olmuşdur.
Vətənpərvər ziyalı, bütöv şəxsiyyət obrazının bariz nümunəsi olan Səfyar Musayev barədə yazmaq, söz demək, onun fikirlərini şərh etmək, millət, cəmiyyət qarşısında xidmətlərini sadalamaq heç də asan deyil. Səfyar müəllim haqqında yazmaq həm də cəsarət və məsuliyyət tələb edir. Çünki onun işıqlı zəkası çoxşaxəli fəaliyyətinin hər bir sahəsinə nüfuz edir. Bu mənada, bir yazıda Səfyar Musayev şəxsiyyətinin bütün keyfiyyətlərini, fəaliyyətinin aspektlərini tamamilə açmaq çətindir. Hər şeydən əvvəl, milli müstəqilliyin, dövlətçiliyin qorunmasına xidmət etmək, millətin gələcək inkişafı naminə yorulmadan, əzmlə çoxspektrli fəaliyyət göstərmək görkəmli şəxsiyyətin həyat amalı, məqsədi idi. Bu amal, qayə isə, öz növbəsində, onun mənəvi dünyasından, el-oba, torpaq həsrətindən, vətən eşqindən qaynaqlanırdı. Səfyar Musayevin şərəfli ömür kitabında fəaliyyətinin hər bir səhifəsi dövlətə, xalqa xidmət nümunələri ilə zəngin olub, onun mənəvi keyfiyyətlərini, şəxsi dəyərlərini tamamlayır, tarixçi-pedaqoq, tədqiqatçı-alim, ictimai-siyasi xadim, həmçinin, zamanın nəbzini tutan publisist kimi xarakterizə edir.
Səfyar Bəylər oğlu Musayev 1935-ci il iyulun 17-də qədim türk eli Göyçə mahalında, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. 1953-cü ildə Böyük Məzrə kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1958-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. Görkəmli alim universitetdə təhsil aldığı illərin onun həyat və yaradıcılığına böyük təsirini, şəxsiyyətinin formalaşmasında tanınmış ziyalıların əməyini yüksək qiymətləndirərək yazırdı: “Bu illər mənim həyatımda mühüm rol oynadı. O zaman tarix fakültəsində M.İrəvanlı, Ə.Sumbatzadə, İ.Hüseynov, Ə.İbrahimov, Ə.Şahmalıyev kimi görkəmli alimlər işləyirdilər. Onların Azərbaycan xalqı qarşısında xidmətləri böyükdür. Mən həyatda bir insan kimi formalaşmamda, tarix elmini dərindən öyrənməyimdə bu böyük şəxsiyyətlərin xidmətlərini heç zaman yaddan çıxara bilmərəm”.
Əmək fəaliyyətinə 1958-ci ildə Basarkeçər rayonunun Çaxırlı kənd orta məktəbində müəllim kimi başlayan Səfyar Musayev 1960-cı ildən “Sovet Ermənistanı” qəzetinin Basarkeçər, Martuni, Kamo və Krasnoselsk rayonları üzrə xüsusi müxbiri olmuşdur. İti qələmi, obyektiv yazıları ilə qısa zaman kəsiyində imzası tanınmış, oxucu auditoriyası qazanmışdır. Müxtəlif mövzulu tənqidi məqalələri, felyetonları Basarkeçər rayon partiya komitəsinin diqqətini cəlb etmiş, birinci katib Aramayis Karapetyanın kəskin reaksiyasına səbəb olmuşdur.
1962-ci ildən elmə olan böyük marağı və həvəsi ilə ömrünü Azərbaycan Dövlət Universitetinə bağlayan Səfyar Musayev aspiranturanı bitirərək 1965-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş, həmin ildən universitetin Sov.İKP tarixi kafedrasının müəllimi olaraq pedaqoji fəaliyyətə başlamışdır. Daim elmi axtarışlarda olan alim tədqiqat işlərini genişləndirərək 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1981-ci ildən ona professor elmi dərəcəsi verilmişdir. 1986-cı ildən ömrünün sonunadək M.Ə.Rəsulzadə adına BDU-nun humanitar fakültələr üzrə siyasi tarix kafedrasının müdiri vəzifəsində işləmişdir.
Alim adının məsuliyyətini dərk edib ləyaqətlə daşıyan, ömrünün 40 ildən çoxunu elmi fəaliyyətə həsr edən tarix elmləri doktoru, professor Səfyar Musayev siyasi tarix sahəsində özünəməxsus məktəb yaratmışdır. Görkəmli alim əsərlərində, xüsusən, XX əsrdə Azərbaycanın sosial, iqtisadi və siyasi inkişafının müxtəlif mərhələlərindəki aktual problemlərin tədqiqinə diqqət yetirmişdir. Səmərəli elmi fəaliyyəti dövründə 400-ə yaxın elmi fundamental məqalənin, 6 irihəcmli monoqrafiyanın müəllifi olmuş, 1991-ci ildə çap edilən, öz sahəsində Azərbaycanda ilk mükəmməl dərslik olan “Siyasi tarix” kitabının müəlliflər kollektivinə rəhbərlik etmişdir. 1995-ci ildə onun iştirakı ilə çapdan çıxmış “Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası” adlı monoqrafiya respublika ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.
Qeyd etmək istərdim ki, 90-cı illərin əvvəllərində respublikanın bir çox ali təhsil müəssisələrində, o cümlədən, Bakı Dövlət Universitetində ictimai elmlərin tədrisinə qadağalar qoyulmasını, siyasi tarix kafedralarının ləğv olunmasını professor Səfyar Musayev Azərbaycan xalqına milli xəyanət kimi qiymətləndirmişdir. O, “Azərbaycan müəllimi” qəzetinin 5 avqust 1992-ci il tarixli sayında “Siyasi tarixə belə münasibət bəsləməzlər” sərlövhəli məqaləsində gənc kadrların fəlsəfi, tarixi-siyasi və iqtisadi biliklərə yiyələnməsini təhsil sistemində ən mühüm məsələlərdən biri kimi dəyərləndirir: “Müstəqillik yoluna qədəm qoyan, özünün vaxtilə zorla qırılan tarixi dövlətçilik ənənələrini bərpa edən Azərbaycan xalqının elmi-mədəni və siyasi səviyyəsinin daha da yüksəlməsində humanitar siyasi elmlər, onları öyrənən fənlərin tədrisi böyük əhəmiyyət kəsb edir”. Səfyar Musayev əsaslı arqumentləri, məntiqi çıxışları ilə siyasi tarix fənninin dünyanın inkişaf etmiş bir çox ölkələrinin, həmçinin, ABŞ-ın, Türkiyənin universitetlərində tədris olunduğunu sübut edərək antidemokratik qərarın ləğvinə, ədalətin bərpasına nail olur.
Professor Səfyar Musayev bir alim kimi Azərbaycanı beynəlxalq aləmdə təmsil etmiş, dəfələrlə İran, Çin, Kipr, Çexiyanın, keçmiş SSRİ-nin müxtəlif şəhərlərində, Türkiyə Respublikasının elmi mərkəzləri hesab edilən İstanbul, Mərmərə, Bosfor, İzmir, Ankarada keçirilən müxtəlif simpoziumların, konfransların iştirakçısı, məruzəçisi olmuşdur.
Səfyar Musayev dəyərli ziyalı, yüksək tədqiqatçılıq qabiliyyətinə malik elm adamı, bacarıqlı təşkilatçı olmaqla yanaşı, həm də peşəkar pedaqoq idi. O, elmi pedaqoji fəaliyyəti dövründə tələbələrinə qarşı həmişə həssas, qayğıkeş yanaşmış, ləyaqətini hər şeydən uca tutan müəllim imici qazanmışdır. Məhz bu səbəbdəndir ki, görkəmli alim xeyirxah əməlləri, insani keyfiyyətləri, mərhəməti və şəfqəti ilə bu gün də yetirmələrinin, tələbələrinin, Səfyar sevənlərin qəlbində yaşayır, xatirələrindən silinmir.
S.Musayevin çoxşaxəli fəaliyyətinin digər aspekti respublikanın ictimai-siyasi həyatında yaxından iştirakı ilə səciyyələnir. O, bir tarixçi, siyasətçi olaraq Azərbaycanın inkişaf mərhələlərini təhlil edərkən 1960-70-ci illərdən başlayaraq Heydər Əliyev şəxsiyyətinin respublikamızın iqtisadi, ictimai-siyasi və elmi-mədəni inkişafında əvəzsiz rolunu yüksək qiymətləndırmiş, hər zaman çəkinmədən öz çıxışlarında bunu ifadə etmişdir.
1990-cı illərin əvvəllərində müstəqilliyimizin itirilməsi təhlükəsi yarandığı bir dövrdə, vətəndaş müharibəsi şəraitində Səfyar Musayev dövrü mətbuatda mütəmadi çıxış edərək, ölkəni iqtisadi, siyasi, hərbi böhrandan çıxarmaq üçün böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyevin respublikaya yenidən rəhbərliyə gəlməsinin vacibliyini ictimaiyyətin diqqətinə çatdırmış, konkret faktlarla, arqumentlərlə fikrini əsaslandırmışdır. Azərbaycanın müstəqilliyinin, bütövlüyünün, qurtuluşunun yeganə yolunu dünya şöhrətli siyasətçi Heydər Əliyevin respublikaya qayıdışında görən siyasi tarixçi bu ideyanın reallaşdırılması üçün ictimai-siyasi proseslərin aktiv iştirakçısına çevrilmiş, gərgin mübarizə aparmışdır.
Səfyar Musayev 1992-ci il oktyabrın 16-da “Səs” qəzetində dərc etdirdiyi “Mən niyə Əliyevçiyəm” adlı məqaləsində Ulu öndərin tarixi xidmətlərini geniş faktlar əsasında şərh etməklə bu nəticəyə gəlir ki, Azərbaycanı düşdüyü böhrandan xilas edəcək lider Heydər Əliyevdir. Həmin illərdə Ulu öndərin adının belə çəkilmədiyi bir vaxtda bu məqalənin dərc olunması cəsarətli, sədaqətli, vətən təəssübkeşliyi, torpaq həsrəti ilə yaşayan Səfyar Musayevin əqidəsinin, əzminin, şəxsiyyətinin bütövlüyünü xarakterizə edirdi. O, 1993-cü il 21 oktyabr tarixində “Azərbaycan” qəzetində “Azərbaycanımızı düşünürük” adlı məqaləsində Heydər Əliyevin tarixi missiyasını Atatürkün Türkiyədəki qələbəsi ilə müqayisə edərək yazırdı: “Atatürkçülük vaxtilə Türkiyə üçün nicat və qurtuluş yolu olduğu kimi, Əliyevçilik də bu gün Azərbaycan üçün əsl qurtuluş və nicat yoludur”.
Vətənpərvər ziyalı Səfyar Musayev 91 nəfər görkəmli alim, təhsil, mədəniyyət və incəsənət xadimləri, idarə və təşkilat rəhbərləri ilə birgə yüz minlərlə insanın adından Naxçıvanda quruculuq işlərinə başlamış Heydər Əliyevə müraciət edərək Onun Bakıya qayıtmasını xahiş etmişlər. Onu da qeyd etmək lazımdır ki, bu müraciətdən sonra professor Səfyar Musayevin rəhbərliyi ilə Azərbaycanda ilk dəfə məhz BDU-nun humanitar fakültələr üzrə “Siyasi tarix” kafedrasında Heydər Əliyevin müdafiəsi mərkəzi yaradılmışdır.
Səfyar Musayev “Ömür karvanı” kitabında “91-lər”in sırasında olmasını belə şərh edir: “91 nəfər ziyalının Heydər Əliyevə müraciəti ehtiyacdan doğmuşdu və əslində, o müraciət təkcə onu imzalayanların ürəyindən yox, yeddi milyonluq xalqın, heysiyyəti tapdanmış yurd yerlərinin, qeyrəti sınağa çəkilmiş Vətənin, namusu tapdanmış Ana torpağın içindən qopan haray idi...
“91-lər” sırasında olmağımın əsas səbəbi məhz bu düşüncələrim, qənaətlərim idi. Və min-min şükürlər ki, bu böyük insan bizim harayımızı cavabsız qoymadı, son məqamda, batmaq anında Azərbaycanımızı xilas etdi”.
Müstəqilliyimizin ilk illərində ölkəni ağır hərbi, siyasi, iqtisadi böhrandan çıxarmaq üçün obyektiv tarixi reallıq Azərbaycan ziyalılarının bir müstəvidə birləşməsini tələb edirdi. Belə bir şəraitdə Səfyar Musayevin tarixi xidmətlərindən biri də birincilər sırasında Yeni Azərbaycan Partiyasının strategiya və taktikasının, proqram və nizamnaməsinin hazırlanmasında rol oynamasıdır. Heydər Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması və aktiv siyasi mübarizəyə qoşulmasından sonra siyasətçi alim Səfyar Musayevin rəhbərliyi ilə respublikamızda ilk olaraq Bakı Dövlət Universitetinin humanitar fakültələr üzrə “Siyasi tarix” kafedrasında 17 nəfərin iştirakı ilə YAP-ın birinci təşkilatı təsis olundu.
Görkəmli şəxsiyyət Səfyar Musayevin Azərbaycan tarixində digər mühüm xidməti müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında iştirakıdır. Milli Məclisin 3 iyun tarixli qərarı, Prezident Heydər Əliyevin Sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiyasının yaradılması məqsədilə 35 nəfərdən ibarət komissiyanın tərkibində yer alan tarixçi, siyasətçi alim bilik və bacarığını bu tarixi missiyanın reallaşmasına sərf etmişdir.
Professor Səfiyar Musayev 1995-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan Hüquqları Daimi Kommissiyasının sədri, həmçinin, MDB Ölkələri Parlamentlərarası Assambleyasının İnsan Hüquqları Daimi Kommissiyasının sədri olmuş, onun rəhbərliyi ilə beynəlxalq normalara uyğun onlarla qanun layihəsi işlənib hazırlanmış, hüquqları pozulmuş vətəndaşların şikayət və ərizələrinə baxılaraq hüquqlarının bərpası istiqamətində əməli tədbirlər görülmüşdür.
Səfyar Musayev həm də iti qələmi
olan publisist kimi iz qoyub. Onun elmi
məqalələri, monoqrafiyaları
ilə yanaşı, ictimai, siyasi səpkili publisistik yazıları da öz üslubu, fikir aydınlığı,
orijinallığı ilə
seçilir. Səfyar Musayevin
yaradıcılığının gücü səmimiyyətində
və obyektivliyindədir.
Yazıların sadə, axıcı,
lakonik dili, müqayisəli təhlil mədəniyyəti, dəmir
məntiqi onun yaradıcılığını şərtləndirən əsas
məziyyətlərdəndir. Qələmindən çıxan məqalələr
siyasi, ideoloji, mənəvi mahiyyəti, məzmun konkretliyi daim diqqəti cəlb edir, elmi-fəlsəfi təhlili
ilə seçilir.
Səfyar Musayevin müxtəlif
səpgili məqalələrindən
milli ruh, türk dünyasına bağlılıq, vətənə
sadiqlik, Göyçə
həsrəti, Qarabağ
dərdi boylanır.
1992-1995-ci illərdə aparıcı mətbuat orqanlarında işıq üzü görən məqalələrindən və
verdiyi müsahibələrdən
ibarət “Ömür
karvanı” kitabını
Səfyar müəllimin
taleyində həlledici
məqam kimi səciyyələndirmək olar. Müəllifin
özünün də
qeyd etdiyi kimi, “Bu beş ilin hər günü,
hər saatı, hər dəqiqəsi, hər anı canlı bir tarixdir və o tarixi ən xırda detalına qədər saf-çürük
etməyə ehtiyac
var. “Siyasət elmdir”,
“Dağlıq Qarabağ
düyünü”, “Durğunluq”,
“İyirminci əsrin faciəsi”, “Bəlkə, bu yerlərə bir də gəlmədim”,
“Genosid”, “Dağlıq
Qarabağ münaqişəsi”,
“Rusiyanın marağı,
Qərbin mövqeyi, Azərbaycanımızı düşünürük”
və s. sərlövhəli
yazılar müasir tariximizin tədqiqi baxımından bu gün də aktualdır”. Doğrudan da, Səfyar
Musayevin qələmindən
çıxan bu məqalələr tarixin dərslərindən nəticə
çıxarmaq, milli
dövlət quruculuğunun
kompleks formulasını
yaratmaq baxımından
əhəmiyyətlidir. Burada yer alan məqalələrin
hər biri ən yeni tariximizin
səhifələri, dəlilləri
olduğundan, bu ibrət dərsliyini gələcək nəsillərə
ötürmək üçün
kitabın latın əlifbası ilə təkrar nəşri vacibdir, tarixin özü qədər əhəmiyyətlidir.
Səfyar Musayev bu və
digər keyfiyyətləri
ilə yanaşı, həm də yüksək mənəviyyatı,
xeyirxahlığı ilə
fərqlənən insanlardandır. Onun ömür
yoluna nəzər salarkən, həm nəcib insan, fədakar alim, həm də xalqını, elini, yurdunu məhəbbətlə
sevən qeyrətli vətəndaş olduğunu
aydın görmək
olur. Mərhum yubilyarın 15 iyul 1995-ci il tarixində
“Səs” qəzetində
çıxan müsahibəsidən
bir məqama diqqət yetirək: “60 il ərzində mənim həyatımda sevincli, xoşbəxt günlər çox olubdur. Ən xoşbəxt günüm
Azərbaycanın müstəqil
dövlət elan olunması günüdür”.
Razılaşarsınız ki, artıq şərhə ehtiyac yoxdur!
Səfyar Musayevi bir alim,
pedaqoq, ictimai-siyasi xadim kimi xalqa
sevdirən onun vətənpərvərliyi, milli
ləyaqəti, torpaq təəssübkeşliyidirsə, bir şəxsiyyət kimi fərqləndirən,
hörmət və rəğbət doğuran
fərdi xüsusiyyətləri,
insani keyfiyyətləri
olmuşdur. Səfyar müəllim adamları
dərindən tanımaq,
onların dərdinə
şərik olmaq, qəlbinə yol tapmaq, kütlənin rəğbətini qazanmaq
kimi yüksək insani və təşkilatçılıq xüsusiyyətləri ilə
hər zaman fərqlənmişdir.
Deyirlər, həyatda hər şey, eləcə də, insan ömrü müvəqqətidir. Həyatda hər
şey ötəridir,
fəqət, bircə
insanın əməllərindən
başqa. İnsan ona
verilən zamanı - ömrü başa vurub, dünyadan köçəndə əzizlərindən
tutmuş bütün
var-dövlətinə qədər
hər şeyi bu dünyada qoyub gedir. Yaddaşlarda,
ürəklərdə isə
onun izləri, əməlləri qalır.
80 illik yubileyini qeyd etdiyimiz görkəmli alim, ictimai-siyasi xadim, mərhum Səfyar Musayevi də ölməzlik zirvəsinə
ucaldan, qəlblərdə
yaşadan əbədi
əməlləri, fəziləti,
gələcək nəsillərə
örnək ola
bilən qısa, lakin şərəfli ömür salnaməsidir.
Sani HACIYEV
BDU-nun sosial məsələlər,
tələbələrlə
iş və ictimaiyyətlə əlaqələr
üzrə prorektoru, tarix
elmləri doktoru, professor
Yeni Azərbaycan.-2015.- 17 iyul.-
S. 14.