Mübariz Qurbanlı: İmkan vermərik
ki, Azərbaycanda təriqətlər və məzhəblər
arasında təfriqə yaradılsın
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)sədri Mübariz Qurbanlının “Trend”-ə müsahibəsi:
İstərdik ki, hamı Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əməl etsin
- Ölkəmiz mübarək Ramazan bayramını qeyd etməyə hazırlaşır. Nazirlər Kabinetinin qərarına əsasən, bayramla bağlı konkret günlər müəyyən edilib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən isə Fitr bayramı iyulun 18-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq. Buna baxmayaraq, bayram günü ilə bağlı cəmiyyətdə hələ də ayrı-seçkiliyə səbəb ola biləcək fikirlər yer alır. Bununla bağlı mövqeyiniz necədir?
- Əvvəla, bütün Azərbaycan vətəndaşlarını, bütün azərbaycanlıları və müsəlman bacı və qardaşlarımızı mübarək Ramazan bayramı münasibətilə təbrik edir, Allahdan oruc və namazları, dualarının qəbul olunmasını diləyirəm.
O ki qaldı Ramazan bayramı günü ilə bağlı məsələyə, bəli, onun fərqli günlərdə olması ilə bağlı çağırışlar, söhbətlər var. Amma biz bayram namazının Qafqaz Müsəlmanları İdarəsinin fətvasında göstərildiyi vaxtda qılınmasının tərəfdarıyıq. Nazirlər Kabineti tərəfindən iyulun 17 və 18-nin Ramazan bayramı günləri kimi elan edilməsi də normaldır. Bəzi müsəlman ölkələrində hətta 5 gün bayram edirlər. Dövlətin Ramazan bayramını 2 gün elan etməsi vətəndaşlar üçün gözəl şərait yaradır. Bu, o deməkdir ki, vətəndaşın bayram namazını qılması ilə yanaşı, istirahət üçün də vaxtı olur. Yeri gəlmişkən, bu il Ramazan bayramı günlərindən biri şənbə gününə təsadüf etdiyindən istirahət günlərinin sayı daha çox olacaq və insanlar ardıcıl 4 gün istirahət edəcəklər. Biz çox istəyirik ki, bayram namazının qılınması da bütün məscidlərdə eyni vaxtda olsun, kimsə ikitirəlik salmasın, hamı QMİ-nin fətvasına əməl eləsin.
- QMİ Azərbaycanda dini təqvimlər, məscidlərdə namaz vaxtlarının müəyyənləşdirilməsi və dini bayramlarla bağlı fətvaları AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi rəyi əsasında verir. Hətta sizin rəhbərlik etdiyiniz Dövlət Komitəsi tərəfindən də bəyan edilib ki, məscidlərdə buna əməl etməyənlər barəsində ciddi ölçü götürüləcək. Bu il məscidlərdə QMİ-nin Ramazan ayı təqviminə nə dərəcədə əməl edildi?
- Azərbaycan
dünyəvi, vahid, unitar dövlətdir. Unitarlığın
da ən böyük tələbi qanunun ölkə üzrə
bütün ərazisinə şamil olunmasıdır. Biz, həm də İslam ölkəsiyik. Bizim dini mərkəzimiz var. Bu, Qafqaz Müsəlmanları
İdarəsidir. QMİ-də Qazılar
Şurası və Elmi-Dini Şura var. Dinimizlə
bağlı müxtəlif məsələlərlə əlaqədar
fətvaları məhz QMİ verir. Dini
bayramlar, İslam dini ilə bağlı məsələlərlə
əlaqədar günlərin müəyyən edilməsi də
məhz bu idarənin səlahiyyətinə aiddir. Ona görə də əgər QMİ bir təqvim
elan edirsə, Azərbaycandakı bütün məscidlər
həmin təqvimə uyğun fəaliyyət göstərməlidir.
Digər dini konfessiyalar - yəhudilik,
pravoslavlıq, katoliklər və digərlərinin rəhbərləri
də öz dinlərinə, təqvimlərinə uyğun fəaliyyət
göstərirlər. Məsələn,
Pasxa ilə əlaqədar günlər varsa, onu biz müəyyən
etmirik, həmin dinin mənsub olduğu mərkəz müəyyənləşdirir
və buna əməl edilir.
Ona görə də biz təqvim məsələsini
ciddi şəkildə nəzarətə almışıq. Apardığımız
monitorinqlər göstərdi ki, elə bir ciddi fərq
olmayıb. Hər hansı məscid və
ya icmada fərqli gün və ya saatla bağlı addım
olubsa da, biz onları xəbərdar etdik. Daha
sonra bu cür hallar, demək olar ki, müşahidə edilmədi.
Əsas odur ki, bütün məscidlərdə
QMİ-nin tərtib etdiyi təqvim qüvvədədir və
buna əməl olunur. Məsələn, azan eyni vaxtda verilir,
namaz vaxtları eyni vaxtdadır, bayram eyni tarixdə qeyd olunur.
Bayram namazının da eyni zamanda olması zəruridir
və əminəm ki, buna əməl edəcəklər.
İnsan öz evində necə hərəkət
edirsə, öz işidir, biz buna nəzarət etmirik. Söhbət məscidlərdən gedir. Məscid dövlət tərəfindən qeydiyyata
alınmış və dövlətin qanunlarına əməl
etməli olan təsisatdır. Düzdür,
Ramazan ayının başlanğıcında bəzi yerlərdə
fərqliliklər barədə məlumat əldə etdik.
Dərhal bizim yerli şöbələrimiz həmin
icmalara, məscidlərə xəbərdarlıq etdilər,
onlar da bu təqvimə əməl etdilər və indi də
edirlər. Əgər bu sahədə xaos
olsa, hərə istədiyi vaxt istədiyini etsə, çox
anormal vəziyyət yaranar.
Dünyada İslam dininin yayıldığı ölkələr
var və bu ölkələrin hər birinin öz
bayramları, İslam ayinləri ilə bağlı təqvimləri
var. Hamı da o təqvimə əməl edir. Çox təəssüf
ki, İslam aləmində bəzi fərqliliklər də var.
Bu fərqliliklərin olması təəssüf doğurur.
Amma biz imkan vermərik ki, Azərbaycanda təriqətlər və
məzhəblər arasında süni şəkildə təfriqə
yaradılsın və kimsə bundan sui-istifadə etsin!
Problemli icmalar
- QMİ-nin təqdimatı ilə
Dövlət Komitəsi tərəfindən ölkənin
xüsusən şimal-qərb bölgəsində bir sıra
məscidlərlə bağlı problemlərin həll
olunduğu, bir sıra dini icmanın qeydiyyatının isə
ləğv olunduğu bildirilir. Əslində,
problem nə ilə bağlı idi və onların səbəbləri
nə idi?
- İcmaların ləğvi Komitə tərəfindən
edilmir. Dini icma qanunvericiliyə zidd hər hansı hərəkət
etsə, biz faktları toplayaraq həmin icmanın ləğvi
barədə məsələ qaldıra bilərik. Amma bunun üçün məhkəmənin
hökmü olmalıdır. Ümumiyyətlə,
dini icmalar əsasən iki cür ləğv olunur. Ya icma özünü buraxır, ya da məhkəmə
yolu ilə ləğv olunur. İcma bir də o zaman ləğv
ola bilər ki, icma üzvləri faktiki fəaliyyət
göstərə bilmirlər.
Həmin bölgədə bəzi icmalar var ki, onlara
inzibati xarakterli xəbərdarlıqlar edilib. Onların da bəziləri
özünü buraxılmış elan edib. Çünki bəzi icmalar da var idi ki, onların fəaliyyəti,
demək olar, dayanmışdı və bu məsələ də
bu cür həll edildi. Bəziləri isə
qanunla yenidən qeydiyyatdan keçməlidirlər, amma bunu etməyiblər.
Buna görə onlara xəbərdarlıq edilib.
Yəni bu, bir günün məsələsi
deyildi. Bu proses bir müddət idi ki, davam edirdi. Şeyxülislam bu məsələni qeyd etmişdi
və biz də bunun həlli ilə bağlı üzərimizə
düşən vəzifəni yerinə yetirdik.
Boş qalmış məscidlər...
- Ümumiyyətlə, Azərbaycanda
nə qədər məscid var və onlardan nə qədərində
dini icmalar fəaliyyət göstərir?
-
Hazırda ölkəmizdə 2050-dən çox məscid var.
Lakin burada bir ciddi nüans var. Bəzi məscidlər var ki, fəaliyyət
göstərir, lakin hüquqi baxımdan nə QMİ-yə, nə
də Dövlət Komitəsinə bağlı deyil. Qaydalara görə, məscid fəaliyyət göstərirsə,
orada imam və ya axund QMİ tərəfindən nümayəndə
kimi təyin edilməlidir. Eyni zamanda, həmin
məsciddə mütləq icma yaradılmalıdır. Azərbaycanda elə məscidlər də var ki,
onlar tarixi abidə kimi Mədəniyyət və Turizm
Nazirliyinin, digər qisim məscidlər isə bələdiyyələrin
balansındadır. Bəzi məscidlər
də var ki, müstəqilliyin ilk illərində tikilib və
heç kimin balansında deyil. Hazırda
ölkəmizdə dini icması olan 612 məscid var. Rəsmi
fəaliyyət göstərən məscidlərin sayı isə
890-a yaxındır. Məscidlər də
var ki, orada nə icma, nə də təyinat yoxdur. Lakin bu, nə QMİ-nin, nə də Dövlət
Komitəsinin qəbahəti deyil. Sadəcə,
bu, həlli zaman tələb edən bir məsələdir.
Məscid elə bir yerdir ki, onun fəaliyyətinin
dayandırılması məsələsini o zaman irəli
sürmək olar ki, məscid dövlətin qanunlarından kənara
çıxsın. Lakin məscid ibadət
yeridir, ora insanlar gəlir. Əgər ora
insanlar gəlib ibadət edirsə, məscidə təzyiq etmək,
onu bağlamağa çağırmaq düzgün deyil.
Sadəcə, işləri qanuniləşdirmək
lazımdır.
Biz QMİ ilə birgə sistemli şəkildə məscidlərin
həm icmasının olması, həm də orada dini ayinləri
icra edən imam, axund təyinatı məsələlərini tədricən
həll edirik.
Yəni icmalar varsa, onlar məscidin nəzdində
yaradılmalıdır. 2009-cu ildə “Dini
etiqad azadlığı haqqında” yeni qanun qəbul olunana qədər
belə olurdu. Amma məscidsiz icmanın
olması anormal idi. İndi isə sistem təkmilləşib.
İcma məscidə himayədarlıq edən
bir qurum deməkdir. Ona görə də, bəzi
məsələlər var ki, onların üzərində
işləyirik. Ölkədə
bütün məscidlərdə imam, axund, qazı təyinatı
məsələləri həll olunur, eyni zamanda, bütün
məscidlərin yanında dini icmaların yaradılması
istiqamətində işlər görülür. Fəaliyyət göstərən, amma dini icması
olmayan məscidlərlə bağlı tədbirlər
görürük.
Bu böyük bir prosesdir. Burada çoxlu kadrlara
ehtiyac duyulur. Gərək həmin məscidlərdə
təhsilli kadrlar təyin olunsun. Orada ən
azı 50 nəfər toplaşmaqla icma yaratsın.
- Elə
icma varmı ki, onlar bir neçə məscidə himayədarlıq
edir?
- Elə
kənd məscidləri var ki, orada əhali çox azdır və
ya oradakı insanların əksəriyyəti məscidə
getmir. O zaman başqa bir icma həmin məscidə də himayədarlıq
edə bilər. Amma, əslində, hər məscidin
öz icması olmalıdır.
Dini icmalara yardım, layihələr
və onlara nəzarət
- Prezident İlham Əliyevin Sərəncamı
ilə Azərbaycanda dini icmalara maliyyə yardımı
göstərmək üçün Prezidentin ehtiyat fondundan
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə
2,5 milyon manat ayrılıb. Artıq
bir müddətdir ki, müxtəlif layihələr çərçivəsində
ölkədəki dini icmalara maliyyə yardımı edilir.
Bu layihələrin istiqamətləri
hansılardır və ayrılan vəsaitin xərclənməsinə
nəzarət mexanizmi necədir?
- Dövlət Komitəsində dini icmalara
yardımın həyata keçirilməsi üzrə Qiymətləndirmə
Komissiyası yaradılıb. Komissiyaya komitə sədrinin
1-ci müavini rəhbərlik edir. Komitənin
aparıcı şöbələrinin müdirləri ora
daxildirlər. İcmalar layihəni ilk
olaraq Komitənin rayon şöbələrinə təqdim
edirlər. Rayon şöbəsi icmanın
fəaliyyətini nəzərə alaraq təqdim olunan layihəyə
baxır. Müzakirə olunduqdan sonra layihə
şöbənin təqdimatı ilə Qiymətləndirmə
Komissiyasına təqdim olunur. Komissiya
üzvləri layihəni bir daha müzakirə edərək
ona vəsait ayrılmasının məqsədəuyğun
olub-olmadığına dair rəy verirlər. Daha sonra sədr tərəfindən təsdiq olunan
layihə üzrə icma ilə DQİDK arasında
razılaşma sənədi imzalanır, öhdəliklər
götürülür. Öhdəliklərdən
biri də maliyyə hesabatının verilməsidir. Layihələr 3 aylığına verilir. Ona görə də, icma hər ay
görülmüş işlər barədə Komitəyə
maliyyə hesabatı verir.
Layihələr və həyata keçirilən tədbirlər
regionlar nəzərə alınaraq müxtəlifxarakterlidir. Onların
icrasına nəzarət mexanizmi isə belədir ki, bizim
şöbələrin nümayəndələri həmin
layihələrdə iştirak edirlər. Bunun
üçün bölgələrə ezam olunurlar. Eyni zamanda, yerli şöbələrin nümayəndələri
tədbirlərə qatılırlar. Layihələr
çərçivəsində gənclərlə
görüşlər keçirilir, müxtəlif tədbirlər
təşkil olunur, maarifləndirici çap məhsulları
hazırlanır, insanlara kiçik hədiyyələr verilir.
Təbii ki, burada başlıca hədəfimiz
maarifləndirmədir. Maarifləndirmədə
ekspertlər də iştirak edirlər.
Artıq onlarla icmaya yardım ayrılıb. Ramazan ayı ərzində
həyata keçirilən layihələrdə iftar süfrələrinin
açılması üçün müəyyən məbləğin
ayrılmasını nəzərdə tutan bənd əlavə
edilib. Bundan başqa, maarifləndirici iftar
süfrələri açmaq üçün 20-25 icmaya vəsait
vermişik və onlar da icra olunur. Bu layihələrin
effekti olduqca böyükdür. Ora toplanan
insanlar müzakirələr aparır, eyni zamanda, onların
diqqətinə müxtəlif məsələlər, əsas
da ənənəvi islami dəyərlərimiz və dövlət
maraqlarımız çatdırılır. Cənab Prezidentin imzaladığı Sərəncamda
nəzərdə tutulan məsələlər də həmin
layihələrdə tam əksini tapıb.
Həmin vəsaitin bir qismi - 400 min manat isə qeyri-islami
dini icmalara - pravoslav, katolik, yəhudi dini icmalarına
ayrılıb.
O vəsaitlər də icmalara layihələr əsasında təqdim
olunub.
“Sorğu mərkəzi”
- Sizin Türkiyə səfərindən
sonra DQİDK-nın nəzdində insanların dini sahədə
suallarının cavablandırılması üçün
“Sorğu mərkəzi” formasında bir mərkəz yaratmaq
planlarınız vardı. Bununla bağlı
işlər hansı mərhələdədir?
- Hazırda Komitədə “qaynar xətt”imiz fəaliyyət
göstərir və istənilən vətəndaş ora
müraciət edə bilər. Amma Türkiyədə
gördüklərimiz tamam başqa bir təsisat idi. Oraya müraciət edənlər dini bilgilər,
müəyyən məsləhət və tövsiyələr
ala bilirlər. Biz Azərbaycanda da bu təsisatın
yaradılmasını istəyirik. Vətəndaş
internetdə, televiziyada, kitablarda da maraqlandığı dini
mövzu ilə bağlı məlumat əldə edə bilər.
Lakin onu ani olaraq hansısa məsələ
maraqlandıranda və ya oxuduğu kitabda nəyi isə
anlamayanda, o zaman həmin mərkəzə müraciət edə
və hər şeyi özü üçün
aydınlaşdıra bilər. Lakin bu, bir az
xərc tələb edən bir məsələdir. Eyni zamanda, bunun üçün ayrıca bina,
texnika, ən əsası, lazım olan mütəxəssislər
olmalıdır. Yəni bu, çox gözəl
ideyadır, amma onun reallaşması üçün mütləq
maddi dəstək, təminat da olmalıdır. Əlbəttə ki, bizim ölkəmizin imkanları
genişdir. Sadəcə, zamana uyğun
olaraq, bunun üçün müəyyən məsələləri
həll etmək lazımdır.
Məzarlıqlarda
dinimizə, mentalitetimizə uyğun vahid bir sistem
yaradılmalıdır
- Son
dövrlər müzakirə edilən məsələlərdən
biri də qəbiristanlıqlarla bağlı problemlərin
aradan qaldırılması üçün real həyata
keçirilə bilən qanunvericilik bazasının
yaradılmasıdır. Bununla bağlı qanun
layihəsinin Milli Məclisdə müzakirəyə nə
zaman çıxarılmasını gözləmək olar?
- Ölkədə
qəbiristanlıqlar və dəfn mərasimləri ilə
bağlı sahənin hüquqi tənzimlənməsində
müəyyən problemlər və ziddiyyətlər
mövcuddur. Ölkə əhalisinin ictimai rəyinin öyrənilməsi
üzrə aparılmış araşdırmalar və
müşahidələr, eyni zamanda, Dövlət Komitəsinə
daxil olmuş çoxsaylı müraciətlər bir daha
göstərir ki, bu sahənin tənzimlənməsi
üçün normativ hüquqi aktın qəbul olunması
artıq zamanın tələbinə çevrilib. Bununla bağlı
qanun layihəsi üzərində iş yekunlaşmaq üzrədir.
Dövlət Komitəsi İqtisadiyyat və Sənaye
Nazirliyi ilə birgə “Qəbiristanlıqların
yaradılması, onların idarə olunması və dəfn
və məzarların qeydiyyatı haqqında” qanun layihəsi
hazırlayıb. Layihə Nazirlər Kabinetinə
təqdim olunub. Orada müəyyən
düzəliş və təkliflər irəli
sürülüb, daha sonra Prezident Administrasiyasının
müvafiq şöbəsində hüquqi ekspertizadan
keçib.
Qanun layihəsində məzarlıqlar, dəfn
mərasimləri, qəbiristanlıqların yerləşməsi,
qəbirlərin ölçüsü, müvafiq dinlərə
uyğun qəbirlərin hazırlanması və digər məsələlər
yer alıb. Mən çox istərdim ki, bu qanun qəbul
olunsun. Bizdə məzarlıqlarda dinimizə, mentalitetimizə
uyğun vahid bir sistem yaradılmalıdır. İndi, sadəcə,
ekspertlər toplaşaraq bir daha layihəyə
baxmalıdırlar. Daha sonra sənəd parlamentə təqdim
olunacaq. Böyük ehtimalla, qanun layihəsi bu ilin
payızında Milli Məclisin müzakirəsinə
çıxarılacaq.
Yeni Azərbaycan.-2015.-
17 iyul.- S. 5.