Azərbaycanda sənayeləşmənin yeni regional strukturu formalaşır

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması nəticəsində ölkənin sənaye xəritəsinə 500 yeni müəssisə əlavə olunub, sənaye istehsalı 2,7 dəfə artıb

 

Yeni dünya çağırışları nöqteyi-nəzərindən innovativ sənaye quruculuğu hər bir ölkənin ümumi inkişaf səviyyəsini, müasirliyini, imicini səciyyələndirən amillər sırasında mühüm yer tutur. Bu baxımdan Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə yerli xammala əsaslanan yeni sənaye müəssisələrinin yaradılması böyük önəm daşıyır. Regionların iqtisadi potensialından daha səmərəli istifadə olunmasına geniş perspektivlər açan yeni sənaye müəssisələri, həmçinin, ciddi sosial mahiyyət daşıyan əhalinin məşğulluğu probleminin həllində əhəmiyyətli vasitəyə çevrilib. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində 2014-cü ilin ölkəmizdə “Sənaye ilielan olunmasını Azərbaycanın dövlət siyasətinin göstəricisi kimi səciyyələndirib. Ölkədə çoxsaylı sənaye müəssisələrinin yaradılmasından məmnunluğunu bildirən dövlət başçısı vurğulayıb ki, sənayeləşmə aparılmasaydı, biz həmişə neft amilindən asılı vəziyyətdə olacaqdıq.

Ölkədə sənayeləşmənin yeni mərhələsi başlayıb

Respublikamızda 1848-ci ildə dünyada ilk dəfə olaraq sənaye üsulu ilə neft hasilatına başlanması ilə sənaye inkişafının təməli qoyulub və ötən illərdə bu sahədə zəngin ənənələr formalaşıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə regionlarda yeni sənaye müəssisələrinin yaradılmasına start verilməsi ilə ölkədə sənayeləşmənin yeni mərhələsi başlayıb. Dövlət başçısının yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və hər rayonda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Təbii ki, bu zaman bölgələrin ənənələri və potensial imkanları əsas götürülür.

Yuxarıda vurğuladığımız kimi, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında bölgələrin ənənələrinə, xammal potensialına uyğun olaraq yeni sənaye müəssisələrinin yaradılması ilə bağlı konkret müddəalar öz əksini tapıb. 2014-cü il 8 oktyabr tarixində isə Prezident İlham Əliyev ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb. Respublikamızda sənayenin regional strukturunun formalaşdırılması, sənaye quruculuğunda regionların potensialından səmərəli istifadə edilməsi baxımından dövlət başçısının cari il 2 fevral tarixində imzaladığı “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncamı da mühüm əhəmiyyət daşıyır.

İlk növbədə onu vurğulamaq lazımdır ki, dövlət başçısının Neftçala rayonunda sənaye məhəlləsinin yaradılması ilə bağlı ayrıca Sərəncam imzalaması ölkəmizdə müasir sənaye quruculuğunun dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiqləyir. Qeyd edək ki, ölkəmizdə müasir sənaye quruculuğu, o cümlədən də, regionlarda yeni sənaye məhəllələrinin yaradılması real zəminə əsaslanır. Respublikanın zəngin əmək, xammalkadr potensialı, əlverişli biznes mühiti, investisiya qoyuluşunun təşviq edilməsi, institusional islahatların dəstəklənməsi, möhkəm daxili sabitlik, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması və digər müsbət amillər ölkəmizdə müasir sənaye quruculuğunu şərtləndirir.

Eyni zamanda, ölkəmizdə dövlət bu sahənin inkişafına güclü siyasi iradə nümayiş etdirir. Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq sənaye sahəsinin inkişafının hüquqi bazasını təmin etmək üçün əməli addımlar atılıb. Dövlət başçısı iqtisadiyyatın və regionların inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni yerlərinin açılması, müasir idarəetmə təcrübəsindən istifadə olunması, rəqabətqabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədilə hələ 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Ölkəmizdə “Xüsusi iqtisadi zonalar haqqında” ayrıca qanun qəbul edilib. Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib. Bu sənəd sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm baza sənədidir. Bundan başqa, Prezident İlham Əliyevin 2014-cü ilin “Sənaye ilielan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq ölkəmizdə 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanıb. Proqramda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş sənayenin uzunmüddətli inkişaf istiqamətləri əsas götürülüb.

Respublikanın sənaye xəritəsi dəyişir

Ölkəmizdə dövlət başçısının müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq müasir sənaye quruculuğu ilə bağlı həyata keçirilən tədbirlər gözəl nəticələr verir. Davamlı dövlət dəstəyinin sayəsində son 11 ildə Azərbaycan sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olub. Haqqında bəhs olunan Dövlət proqramlarının həyata keçirildiyi illərdə respublikamızın sənaye xəritəsi həm kəmiyyətcə zənginləşib, həm də onun regional strukturu əhəmiyyətli dərəcədə yenilənib. Belə ki, son 11 il ərzində respublikanın müxtəlif regionlarında 500-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib və bu layihələr üzrə 80-dən çox müəssisə istifadəyə verilib. Ötən illərdə ölkədə elektrik stansiyalarının enerji gücləri 50 faizdən çox artırılıb və Azərbaycan elektrik enerjisi idxalçısından ixracatçıya çevrilib. Respublikamızda ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişlənməsi ilə paralel surətdə yeni istehsal sahələri yaradılıb, əsas qida məhsulları və inşaat materialları ilə özünütəminat səviyyəsi yüksəlib. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən artaraq hazırda 50 faizi ötüb. Ümumilikdə, son 11 ildə sənaye istehsalı 2,7 dəfə, o cümlədən, tikinti materialları istehsalı 2,5 dəfə, elektrik avadanlıqları istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2, geyim istehsalı 2,5 dəfə artıb.

Bölgələrdə yeni sənaye müəssisələrinin yaradılması regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən yeni Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Dövlət Proqramının icrasının birinci ilində regionlarda 105 sənaye müəssisəsi açılıb. O cümlədən, 14 rayonda gündəlik istehsal gücü 820 ton olan 28 müasir çörək zavoduna 50 milyon manat güzəştli kredit ayrılıb və artıq 22 zavod istifadəyə verilib.

Sumqayıt Kimya Sənaye Parkında xaricidaxili infrastrukturun yaradılması işləri cari ildə başa çatdırılacaq. Hazırda parkda 3 rezident qeydiyyata alınıb, 2 rezident ilə danışıqlar yekunlaşmaq ərəfəsindədir və layihələr üzrə investisiya qoyuluşu 650 milyon manat təşkil edəcək.

Azərbaycanda yeni sənaye mərkəzləri formalaşır

Eyni zamanda, Azərbaycanın regionlarında yeni sənaye mərkəzlərinin formalaşması da xüsusi önəm daşıyır. Məlumdur ki, uzun illər ərzində ölkəmizin sənaye potensialı əsasən Bakı, Sumqayıt və müəyyən qədər də Gəncə şəhərində cəmləşib. Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan konfransdakı nitqində regionlarda yeni sənaye mərkəzlərinin yaradılması ilə bağlı hədəfləri açıqlayıb. Dövlət başçısı gələcəkdə Gəncə şəhərinin bütövlükdə Cənubi Qafqazın üçüncü böyük sənaye mərkəzinə çevriləcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev vurğulayıb ki, eyni zamanda, Mingəçevir də böyük sənaye şəhərinə çevrilməlidir. Hazırda bu məqsədlə zəruri tədbirlər görülür.

Bütün bu deyilənlərdən əlavə, yaxın gələcəkdə Azərbaycanın müxtəlif regionlarında yeni texnoparkların, sənaye klasterlərinin, nəhəng istehsal obyektlərinin yaradılması nəzərdə tutulub. Burada metallurgiya kompleksinin tikintisini xüsusi qeyd etmək lazımdır. Bu, Azərbaycan üçün yeni sənaye sahəsi olacaq. Əlamətdar haldır ki, ölkəmizdə metallurgiya kompleksinin bütün tsiklini təşkil etmək üçün zəruri xammal bazası və resurs mənbəyi vardır.

Regionlarda sənaye inkişafının hərəkətverici qüvvəsi ixrac potensialıdır

Son illərdə ölkədə sənayenin inkişafı ilə əlaqədar həyata keçirilən dövlət dəstəyi tədbirləri, o cümlədən, 124 layihənin maliyyələşdirilməsinə 380 milyon manat güzəştli kreditin verilməsi nəticəsində bir sıra sənaye məhsulları üzrə idxaldan asılılıq azalıb, bəzi istiqamətlər üzrə isə ixrac potensialı yaranıb. Məsələn, ölkədə sement istehlakı 4,4 milyon ton olduğu halda, ölkə üzrə istehsal gücü 5,2 milyon tona çatdırılıb. Bentonit istehlakı cəmi 8 min ton olduğu halda, 85 min ton bu növ məhsul buraxılır və 72 min ton ixrac olunur, istehsal gücü isə təxminən 250 min tona bərabərdir. Gips istehsalı 58 min ton daxili tələbata qarşı 193 min ton təşkil edir, potensial isə bundan da çoxdur. Eyni zamanda, Azərbaycan beton bloklara, borulara, bir sıra metal konstruksiyalara, poladdan uzun yayma məhsullara olan tələbatını da sırf daxili istehsal hesabına ödəyir.

Ölkənin regionlarında sənayenin belə sürətli inkişafı böyük perspektivlər vəd edir. Mütəxəssislərin qənaətinə görə, bu cür inkişaf templəri ilə Azərbaycan cəmi bir neçə ildən sonra daxili bazarı daha çox adda məhsulla tam təmin edəcək. Buna görə indidən ixrac yönümlü məhsulların istehsalı yeni bazarlara çıxmaq barədə düşünmək lazımdır. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsinin ixrac potensialı ilə bağlı olduğunu vurğulayaraq deyib: “Gələcəkdə Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsi ixrac potensialımız olacaq. İxrac potensialı yaratmaq olar və yaradırıq”.

 

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.-2015.- 17 iyul.- S. 16.