Prezident İlham Əliyev: Mən həm
operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində
mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm
Azərbaycan
Prezidenti İlham Əliyev milli mətbuatın
yaradılmasının 140 illiyi münasibətilə Mətbuat
Şurasının İdarə Heyətinin üzvləri ilə
görüşüb
İyulun 21-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev milli mətbuatın
yaradılmasının 140 illiyi münasibətilə Mətbuat
Şurasının İdarə Heyətinin üzvləri ilə
görüşüb.
Dövlətimizin başçısı görüşdə nitq söyləyib: “Hörmətli Mətbuat Şurasının üzvləri.
Sizi səmimiyyətlə salamlayıram. Sizi və bütün Azərbaycan xalqını Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə təbrik etmək istəyirəm. Bu gözəl bayram ərəfəsində jurnalistlərin böyük bir qrupu - 200-ə yaxın mətbuat işçisi mənim sərəncamlarımla orden, medal və fəxri adlarla təltif olundu. Onları da təbrik edirəm və sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Doğrudan da böyük əlamətdar bir tarixdir. Biz fəxr edə
bilərik ki, milli mətbuatımızın böyük tarixi
var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir.
Ancaq bu da həqiqətdir ki, müstəqillik
dövründə Azərbaycan mətbuatı tam azad və
müstəqil mətbuat kimi fəaliyyət göstərməyə
başlamışdır. Bu barədə
biz sizinlə dəfələrlə
danışmışıq, - xüsusilə 1998-ci ildə
Prezident Heydər Əliyevin tarixi Fərmanı ilə
senzuranın ləğv olunması mətbuat üçün
yeni dövr açdı və Azərbaycan mətbuatı
artıq tam şəkildə azad mətbuat kimi fəaliyyət
göstərməyə başlamışdır.
Bu gün Azərbaycan mətbuatı, deyə bilərəm
ki, yeni səviyyəyə qalxa bilmişdir. Mən burada
ilk növbədə, Mətbuat Şurasının fəaliyyətini
qeyd etmək istəyirəm. Artıq 12
ildir ki, Mətbuat Şurası fəaliyyət göstərir.
Mətbuat Şurasının fəaliyyətini
həm Azərbaycan jurnalistləri, eyni zamanda, Azərbaycan
ictimaiyyəti də görür və hesab edirəm ki,
yüksək qiymətləndirir. Çünki
Şura yaranana qədər Azərbaycan mətbuatında gedən
proseslər, deyə bilərəm, imkan vermirdi ki, mətbuat
tam müstəqil mətbuat kimi fəaliyyət göstərsin.
Azərbaycan mətbuatının keçid
dövrü o illərdə olmuşdur. Mətbuat
Şurası isə böyük funksiyanı öz üzərinə
götürmüşdü. İlk
növbədə, jurnalistlərin hüquqlarını
qorumağa başlamışdır. Hesab
edirəm ki, bu istiqamətdə böyük nailiyyətlərə
çata bilmişdir. Zənnimcə, məhz
buna görə, bu gün jurnalistlərimizin mütləq əksəriyyəti
Mətbuat Şurasının fəaliyyətini yüksək
qiymətləndirir. Eyni zamanda, Mətbuat
Şurası iqtidarla mətbuat arasında bir körpü idi.
Mətbuat Şurası bu funksiyanı bu gün
də uğurla icra edir.
Bununla bərabər, hesab edirəm ki, bugünkü mətbuatımızın
yüksək səviyyəyə qalxmasında Mətbuat
Şurasının çox böyük rolu olmuşdur. Çünki
bu, fikrimcə, sadəcə olaraq mətbuatla bağlı olan
məsələ deyil. Bu, ümumiyyətlə,
cəmiyyətimizin inkişafı ilə bağlı olan məsələdir.
Çünki hamımız yaxşı
xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində
Azərbaycan mətbuatında bəzən gedən yazılar
bizim nə əxlaq normalarımıza, nə milli dəyərlərimizə
sığmırdı. Bu da yəqin ki,
keçid dövrünün bir əlaməti idi. Çünki azad mətbuat yaranmışdı və
senzura ləğv edilmişdi. Bəzi
hallarda təhqirlərə, yalanlara rast gəlinirdi.
Hesab edirəm ki, Mətbuat Şurasının bu sahədəki
fəaliyyəti bütün cəmiyyət üçün
çox dəyərli olmuşdur. Bu gün belə
hallara çox az-az rast gəlinir. Hesab edirəm
ki, biz gələcəkdə, ümumiyyətlə, milli dəyərlərimizə,
adət-ənənələrimizə, cəmiyyətdə əsrlər
boyu formalaşmış davranış qaydalarına xas olmayan
yazılara rast gəlməyəcəyik.
Ona görə, mən bir daha öz fikrimi bildirmək istəyirəm. Demək istəyirəm
ki, Mətbuat Şurasının çox böyük
funksiyası var. Mən bunu yüksək qiymətləndirirəm
və sizə gələcək fəaliyyətinizdə
uğurlar arzulayıram.
O ki
qaldı dövlət siyasətinə, hesab edirəm ki, bunu
jurnalistlər yaxşı bilir, görür. Bizim
siyasətimiz istənilən sahədə səmimidir və
birmənalıdır. Azərbaycan cəmiyyəti
bizim siyasətimizlə bağlı fikirləri
vaxtaşırı təbii ki, eşidir. Bizim hər bir
məsələ ilə bağlı mütəmadi qaydada
konkret yanaşmamız var. Hesab edirəm ki, istər siyasi və
iqtisadi islahatlarla, beynəlxalq məsələlərlə,
ölkə daxilində gedən proseslərlə, o cümlədən
mətbuatın inkişafı ilə bağlı Azərbaycan
iqtidarının mövqeyi cəmiyyət üçün
artıq bəllidir.
Mən tam əminəm ki, Azərbaycan bundan sonra da
demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu, bizim
şüurlu seçimimizdir. Biz bunu kiminsə
xoşuna gəlmək üçün yox, ona görə
edirik ki, bu, cəmiyyət üçün lazımdır.
Mən dəfələrlə demişəm,
siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə
aparılmalıdır ki, Azərbaycanın dayanıqlı
inkişafı təmin edilsin.
Bu gün Azərbaycanda azad cəmiyyət
formalaşıb. Mən cəmiyyətdə gedən prosesləri
yüksək qiymətləndirirəm. Azərbaycan
cəmiyyəti milli ideya ətrafında birləşmişdir.
Əlbəttə ki, burada mətbuatın rolu həddindən
artıq əhəmiyyətlidir. Azad mətbuatın
artıq formalaşması və uğurla fəaliyyət
göstərməsi demokratiyanın əsas əlamətlərindən
biridir. Azərbaycanda bütün başqa
azadlıqlar da - söz azadlığı, vicdan
azadlığı, sərbəst toplaşma
azadlığı təmin olunur. Azərbaycanda
yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və
radio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur və bu, bizim
böyük sərvətimizdir.
Bir daha demək istəyirəm ki, demokratik
inkişafı azad mətbuatsız təsəvvür etmək
mümkün deyil. Bir daha demək istəyirəm, həm
jurnalistlər bunu bilsinlər, həm bizim ictimaiyyət də
bir daha Azərbaycanın rəsmi mövqeyini eşitsin ki, Azərbaycanda
gələcəkdə də bütün azadlıqların təmin
olunması siyasəti davam etdiriləcək. Bu, bizim üçün prioritet məsələdir
və ölkəmiz məhz bu yolla uğurla inkişaf edə
bilər.
Əlbəttə, siyasi islahatlar iqtisadi islahatlarla da dəstəklənməlidir. Çünki
əks təqdirdə uğurlarımız
yarımçıq olar. Bildiyiniz kimi,
iqtisadi sahədə də islahatlar aparılır. Bu gün bütün dünyada, bölgədə
yaşanan böhranlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı
uğurla inkişaf edir, insanların rifah halı
yaxşılaşır və Azərbaycan öz taleyini
özü müəyyən edir. Hesab edirəm
ki, bu, bizim ən böyük sərvətimizdir. Müstəqillik dövründə biz sözün əsl
mənasında müstəqil siyasət aparırıq. Bu siyasətin mərkəzində Azərbaycan
dövlətinin, Azərbaycan vətəndaşının
maraqlarıdır. Bu maraqlar bizim
üçün hər şeydən üstündür.
Həmçinin milli dəyərlərimiz də
bizim üçün hər şeydən üstündür.
Əlbəttə ki, mətbuatın fəaliyyəti hər
bir insanı maraqlandırır. İnsanlar
bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən
Azərbaycanda mətbuat qərəzsiz olmalıdır,
çevik, operativ fəaliyyət göstərməlidir,
insanları məlumatlarla tam şəkildə təmin etməlidir.
Hesab edirəm ki, biz bunu Azərbaycanda
görürük. Çünki bu gün
Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə
qalxıbdır. Mən həm operativlik, həm
milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın
fəaliyyətini yüksək qiymətləndirirəm.
Müstəqilliyimizin ilk illərində bizə bəzən
elə gəlirdi ki, Qərbdə mövcud olan hər bir sahə
gərək Azərbaycanda da tətbiq olunsun. Bizim təsəvvürümüz
belə idi ki, ən mütərəqqi təcrübə
oradadır, ən azad cəmiyyət orada
formalaşıbdır. Ancaq illər
keçdikcə biz görürük ki, heç də hər
zaman belə deyil. O cümlədən yəqin ki, mətbuatla
bağlı olan fikirlər indi sizdə də, məndə də
var. Görürük ki, Qərb ölkələrində hər
hansı bir vacib mövzu ilə bağlı mətbuatda fikir
ayrılığı yoxdur. Əksinə, hər
hansı bir alternativ fikri tapmaq çox çətin olur.
Biz bunu istər ölkələrin daxili siyasəti
ilə, daha çox isə xarici siyasətlə bağlı əyani
şəkildə görürük. Qərb
mediası Qərbin siyasi maraqlarını maksimum dərəcədə
müdafiə edir. Əlbəttə ki, bu,
təqdirəlayiq bir haldır. Baxmayaraq ki,
bu, azad mətbuatın tam şəkildə təzahürü
deyil. Ancaq ölkələrin, yaxud da ki, təşkilatların
maraqlarını təmin etmək üçün bu, əlbəttə,
təqdirəlayiq bir haldır. Bizdə də
elə olmalıdır və hesab edirəm ki, biz də bu yolla
gedirik. Çünki cəmiyyətimiz
milli ideyalar, milli, strateji maraqlar ətrafında birləşib.
Cəmiyyətdə bizim strateji seçimimizlə,
ölkəni narahat edən əsas problemlərlə bağlı
fikir ayrılığı yoxdur. Bizim mətbuatımız
da əlbəttə ki, ilk növbədə, dövlətimizin
strateji maraqlarını, dövlətimizin gələcəkdə
də təhlükəsizlik şəraitində
yaşamasını müdafiə etməlidir və milli
maraqlarımızı beynəlxalq müstəvidə də
qorumalıdır. Mən hesab edirəm ki,
son vaxtlar, son illər ərzində bizim mətbuatımızda
bu istiqamətdə ciddi dönüş yaranmışdır.
Nəzərə alsaq ki, XXI əsr informasiya əsridir,
əlbəttə, biz bunu daim diqqətdə
saxlamalıyıq.
Əlbəttə, bizim mətbuatımız ölkədə
gedən müxtəlif proseslərlə bağlı operativ məlumat
verir. Onu da qeyd etməliyəm ki, bir çox hallarda
ölkədə, misal üçün, hər hansı
pozuntular baş verdikdə, qüsurlar olanda, yaxud da, hər
hansı bir xoşagəlməz vəziyyət yarananda mən
məlumatı, o cümlədən mətbuatdan əldə
edirəm. Bu, mənim üçün də
çox əhəmiyyətlidir. Çünki
yəqin, siz də bilirsiniz ki, Prezidentin hadisələrlə
bağlı bilavasitə mətbuata çıxışı
yoxdur, vasitəçilər, köməkçilər,
administrasiya işçiləri, digər mənbələr
var. Ona görə, bəzi hallarda məlumat ya gecikir, ya gəlmir,
ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər.
Ona görə, Azərbaycanda azad mətbuatın
mövcudluğu mənim də işimi yüngülləşdirir.
Administrasiyada, digər yerlərdə, digər
strukturlarda işləyənlər bunu bilirlər ki, mən bəzi
hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal
reaksiya verirəm. Ən azı, bu,
yoxlanılmalıdır, əgər həqiqətdirsə
ölçü götürülməlidir. Ona görə, sizin işiniz mənim
üçün də çox dəyərlidir, əhəmiyyətlidir
və mən bunu yüksək qiymətləndirirəm. Bu, belə də olmalıdır, çünki
ölkədə həllini gözləyən problemlər hələ
ki, çoxdur. Bir çox məsələlər
öz həllini tapıbdır. Ancaq hələ
ki, həm siyasi islahatlarla, iqtisadi inkişafla bağlı
görüləsi işlər çoxdur. Hesab edirəm ki, xüsusilə, idarəetmə
sistemində islahatlar daha da dərinləşməlidir.
Ölkədə sosial ədalətsizlik halları var. Məmur
özbaşınalığı halları, digər xoşagəlməz
hallar - korrupsiya, rüşvətxorluq, insanların
hüquqlarının pozulması halları var. Əlbəttə,
biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər
reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər
daha da böyük pozuntular törədəcək. Ona
görə, mətbuatın burada nadir rolu var. Mən bunu sizə
çox səmimi şəkildə deyirəm və sizdən
xahiş edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə
də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o
pozuntuları edən məmurlar bilsinlər ki, heç bir
yanlış hərəkət reaksiyasız qalmayacaq.
Son vaxtlar Bakının hər hansı bir yerində əgər
bir ağac kəsilirsə dərhal qəzetlərdə,
internet saytlarında bu barədə məlumat gedir. Dərhal
reaksiya verilir və ölçü götürülür.
Digər sahələrdə də, həmçinin.
Mən dəfələrlə həm iş adamlarına, həm,
ümumiyyətlə, vətəndaşlara müraciət
etmişəm ki, əgər hər hansı bir ədalətsizlik,
qanun pozuntusu, özbaşınalıq baş verirsə, dərhal
reaksiya verin. İndi bu reaksiyanı vermək
üçün kifayət qədər imkanlar var. Azərbaycanda
internet şəbəkəsi geniş yayılıb. Əhalinin 75 faizi internet istifadəçisidir.
Biz indi hər bir yaşayış məntəqəsinə
genişzolaqlı internetin çəkilişini təmin etməyə
çalışırıq.
Ona görə, mən bir daha qeyd etmək istəyirəm
ki, bu sahədə hələ görüləsi işlər
çoxdur. Şəxsən mənim üçün mətbuat
burada çox gözəl dəstəkçi rolunu
oynayır. Əminəm ki, gələcəkdə
biz bu əməkdaşlığı davam etdirəcəyik.
Mən burada Azərbaycanın beynəlxalq mövqeləri
haqqında məsələyə də toxunmaq istəyirəm. Əlbəttə,
dövlət öz siyasətini aparır. Bizim
beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir.
Bizimlə əməkdaşlıq etmək istəyən
ölkələrin sayı getdikcə artır və beynəlxalq
aləmdə Azərbaycanın çox gözəl nüfuzu
vardır. Əgər belə olmasaydı bir neçə
il bundan əvvəl 155 ölkə Azərbaycanı
BMT Təhlükəsiz Şurasına qeyri-daimi üzv
seçməzdi.
Bununla bərabər, siz onu da yaxşı görür və
bilirsiniz ki, Azərbaycana qarşı beynəlxalq mediada ədalətsiz
kampaniya aparılır. Bu kampaniya ona görə ədalətsizdir
ki, ikili standartlar əsasında qurulubdur. Hər
bir ölkədə qüsurlar, çatışmayan cəhətlər
və sair var. Biz özümüz onları yaxşı bilirik
və həll etməyə çalışırıq.
Ancaq ümumi regional kontekstdən Azərbaycanı
seçib hədəfə çevirmək, əlbəttə
ki, ikili standartlar və anti-Azərbaycan siyasətinin əlamətidir.
Xüsusilə, önəmli beynəlxalq tədbirlər
ərəfəsində bu kampaniya daha da ciddi formalar alır və
bizə qarşı əlaqələndirilmiş şəkildə
hücumlar təşkil edilir. Biz bunu Avropa
Oyunları ərəfəsində bir daha gördük və
bu, mənim üçün sürpriz deyildi. Əksinə,
bu, belə olmasaydı mənim üçün sürpriz ola bilərdi. Bunun müxtəlif
səbəbləri var. Siz də bunları yaxşı
bilirsiniz. Həm Azərbaycanın müstəqil
siyasəti, Azərbaycanın uğurları, Qərbdə
islamofobiya meyillərinin gücləndirilməsi. Ümumiyyətlə, hər bir ölkənin yerinin
müəyyən edilməsi siyasəti var. Elə bil ki, kimsə
burada bu ölkələrin reytinqini, yaxud da, tutduğu yerləri
müəyyən etməyə çalışır.
Erməni lobbisinin bizə qarşı fəaliyyəti. Əlbəttə,
bu da öz rolunu oynayır, çünki bir çox hallarda Azərbaycana
qarşı yazılan məqalələrin arxasında biz uzun
erməni qulaqlarını görürük və onlar bizi hədəf
seçiblər. Dünya erməniliyi
üçün bir nömrəli hədəf Azərbaycandır.
Mən bunu bir dəfə demişəm, bir daha
demək istəyirəm ki, bizim əsas düşmənimiz
erməni lobbisidir. Mən bunu istənilən
auditoriyada deyə və sübut edə bilərəm. Bu, erməni xalqına aid deyil. Erməni
xalqı özü kriminal diktatura rejimindən əziyyət
çəkir. Bu rejim erməni xalqını elə pis vəziyyətə
qoyub ki, o vəziyyətdən çıxmaq üçün
bəlkə 100 il vaxt lazım olacaq. Ancaq erməni lobbisi, bir neçə təşkilatda
birləşmiş qurumlar Azərbaycanı qaralamaq, şər-böhtan
atmaq və nüfuzdan salmaq üçün gecə-gündüz
çalışırlar. Onların
geniş maliyyə imkanları, əlaqələri var. Onlar
yaşadıqları ölkələrin hakimiyyət
orqanları ilə sıx bağlıdırlar, qanunvericilik
orqanlarının nümayəndələri ilə işləyirlər,
onlara pullar verirlər. Düzdür, bu,
lobbiçilik adı ilə gizlədilir. Ancaq
bu, əslində rüşvət deməkdir. Beləliklə, bizə qarşı təşkil
edilmiş kampaniyada erməni lobbisi ön plandadır. Ancaq bunlarla birləşən digər kateqoriyadan
olan qurumlar, insanlar bizə qarşı çox çirkin
kampaniya aparırlar. Yəqin ki, gələcəkdə
bu, davam edəcəkdir. Biz buna hazır
olmalıyıq və hazırıq.
Onu da qeyd etməliyəm ki, bu kampaniya Azərbaycanın
daxili və xarici siyasətinə heç bir təsir etməmişdir
və heç vaxt etməyəcəkdir. Çünki
bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır,
onun iradəsidir və onun maraqlarıdır. Bu gün Azərbaycan siyasəti xalqın iradəsinə
söykənir. İstər daxili, istər
xarici siyasət məsələlərində əsas amil
budur.
Əlbəttə ki, biz öz yolumuzdan dönməyəcəyik
və ölkəmizi uğurla inkişaf etdirəcəyik. Ancaq ona da
hazır olmalıyıq ki, biz bundan sonra da müxtəlif
xarici mətbu orqanlarda Azərbaycanla bağlı təhqiramiz,
yalan, böhtan əsasında yazılmış məqalələrlə
üzləşəcəyik.
Nə etməli? İlk növbədə, biz Azərbaycan
həqiqətlərini dünyaya çatdırmalıyıq.
Bu gün bu istiqamətdə fəal iş gedir. Həm dövlət orqanları, həm Azərbaycanda
fəaliyyət göstərən ictimai təşkilatlar, həm
də bizim mediamız bu sahədə böyük işlər
görürlər. Mən hesab edirəm
ki, gələcəkdə xarici dillərdə internet
saytlarının sayı daha da çox olmalıdır. Bu gün bu saytlar var və biz onların
sayını artırmalıyıq. Hesab
edirəm ki, Azərbaycanın ən reytinqli internet
saytlarının mütləq başqa dillərdə də
variantları olmalıdır. Çünki
biz ölkə daxilindəki problemləri, əlbəttə
ki, aşkar edirik, görürük, həll etməyə
çalışırıq. Ancaq biz Azərbaycan
həqiqətlərini dünyaya çatdırmalıyıq.
Bugünkü Azərbaycan necə inkişaf
edir? Hansı nailiyyətləri var? Dünya xəzinəsinə hansı töhfələr
veribdir? Bu istiqamətdə hələ
görüləsi işlər çoxdur. Burada əlbəttə ki, dövlət dəstəyi
də olmalıdır və olacaqdır. Xüsusilə
internet məkanında daha da böyük işlər
görülməlidir. Çünki getdikcə
məlumatı internetdən əldə edənlərin
sayı daha da artacaq.
Biz erməni təbliğatını ifşa etməliyik. Biz dünya
ictimaiyyətinə çatdırmalıyıq ki, bizə
qarşı olan hücumların arxasında nələr
dayanır. Bu da çox sadə bir
yanaşmadır. Erməni lobbisi nəyə
görə bizə qarşı bu fəaliyyəti aparır?
İlk növbədə, düşmənçiliyə
görə. Biz onların əbədi
düşmənləriyik. Bunu heç kim
heç vaxt yaddan çıxarmasın. Digər
tərəfdən, sübut etməyə
çalışırlar ki, Azərbaycanda demokratiya yoxdur,
insan haqları pozulur və beləliklə, erməni
azlığı gələcəkdə Azərbaycanın tərkibində
yaşaya bilməz. Halbuki bu, tam cəfəngiyatdır.
Azərbaycan çoxmillətli,
çoxkonfessiyalı ölkədir. Bütün
millətlərin, dinlərin nümayəndələri Azərbaycanda
qardaşlıq şəraitində yaşayırlar.
Bizim ölkəmizdə nadir şərait
yaradılıbdır və bu, indi bir çox ölkələr
üçün nümunə ola bilər.
Ancaq bu təbliğatın və anti-Azərbaycan
kampaniyasının arxasında əsas tezis məhz bundan ibarətdir.
Yenə də Qarabağ mövzusudur,
Dağlıq Qarabağ münaqişəsidir. Ona görə, biz Azərbaycanı dünya media məkanına
müasir, inkişafda olan, açıq, tolerant ölkə
kimi təqdim etməliyik. Bununla bərabər,
biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı həm tarixi həqiqətləri,
həm Azərbaycanın mövqeyini və ümumiyyətlə,
indiki vəziyyəti daha geniş
işıqlandırmalıyıq. Çünki
Ermənistan daim çalışır ki, mahiyyətlə
bağlı məlumatlar heç yerə çıxmasın.
Bəli, deyirlər münaqişə var, gəlin
bunu sülh yolu ilə həll edək. Amma
münaqişə necə yaranıb? Bunun
səbəbləri nədir? İşğalçı
kimdir? İşğalın qurbanları
kimlərdir? Yəni, bu barədə əlbəttə
ki, onlar və onlarla əlbir olan xarici media qurumları
heç bir məlumat vermirlər. Bu missiya
bizim üzərimizə düşür və həm
özümüz bunu etməliyik. Xarici
media resursları ilə bizim daha sıx əlaqələrimiz
olmalıdır. Bilirəm ki, indi xarici
jurnalistlər Azərbaycana vaxtaşırı səfərlər
edirlər. Həmçinin erməni təbliğatı
nəticəsində Azərbaycan haqqında
formalaşmış qeyri-adekvat rəy də onlar ölkəmizə
gələndən sonra tamamilə aradan
götürülür. Ona görə, həm
xarici media nümayəndələrini Azərbaycana dəvət
etmək, Azərbaycan jurnalistlərinin xaricə səfərlərini
təşkil etmək vacibdir. Qərbin
aparıcı media qurumları ilə əməkdaşlıq
formatı yaradılmalıdır, məsləhətləşmə,
yaxud da ki, sadəcə olaraq informasiya mübadiləsi
aparılmalıdır. Biz bu yolla, ilk
növbədə, Dağlıq Qarabağ münaqişəsinin
həqiqətlərini dünya ictimaiyyətinə
çatdırmaq üçün xarici media məkanına
daha çox çıxış əldə edə bilərik.
Əlbəttə, bu açıq, yəni, ədalətli
mübarizədə bizim arqumentlərimizə qarşı erməni
tərəfi heç bir arqument qoya bilməz. Dağlıq
Qarabağ əzəli Azərbaycan torpağıdır.
Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan əzəli
Azərbaycan torpağıdır. Bunu siz bəlkə
də hamıdan yaxşı bilirsiniz. Bugünkü
Ermənistanın ərazisində yerləşən şəhərlərin,
kəndlərin mütləq əksəriyyətinin adları
Azərbaycan mənşəlidir və Azərbaycan xalqı o
torpaqlarda əsrlər boyu yaşamışdır.
Məsələnin hüquqi tərəfi Azərbaycanın
mövqeyini birmənalı dəstəkləyir. BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi var. Postsovet məkanında
olan heç bir başqa münaqişə ilə bağlı
BMT Təhlükəsizlik Şurası heç bir qətnamə
qəbul etməmişdir. Yəni, bu, məsələnin
həlli üçün əsas sənəddir. Yəni, hüquqi, tarixi amillər bundan ibarətdir və
bu gün də Ermənistan, sadəcə olaraq, bir marionetka
kimi bu bölgədə xarici ianələr hesabına fəaliyyət
göstərir.
Ermənistan dövlət müstəqilliyini çoxdan
itiribdir. Ən yaxşı halda ona forpost deyirlər. Amma əslində o, bölgədə nökərlik
edir. Əgər erməni xalqının
seçimi budursa, biz heç nə deyə bilmərik. Amma inanmıram ki, erməni xalqı müstəqillik
arzuları ilə yaşadığı dövrdə bax bu
müstəqilliyi təsəvvür edirdi və bunun səbəbi
nədir? İşğalçı siyasətdir.
Əgər Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi olmasaydı, əlbəttə
ki, erməni xalqı da real müstəqilliyə qovuşa bilərdi.
Bir sözlə, hesab edirəm ki, xarici media məkanında
bizim fəaliyyətimiz bax, bu iki istiqamət üzrə
aparılmalıdır - münaqişə ilə bağlı
həqiqətlər və Azərbaycan reallıqları ilə
bağlı həqiqətlər. Biz bunları
çatdırmalıyıq. Biz istəyirik
ki, bizi daha da yaxşı tanısınlar. Avropa Oyunları zamanı bizə bəziləri irad
tuturdular ki, Azərbaycan bu Oyunları özünü
tanıtmaq üçün keçirir. Burada
heç bir qəbahət yoxdur. Hər bir
ölkə istəyir ki, özünü təqdim etsin. İnkişaf etmiş ölkələr istəmirmi?
Əlbəttə istəyir. İstəməsəydilər, onlar da buna bənzər
oyunları keçirməzdilər. Bu,
bizim təbii istəyimizdir. Biz istəyirik
ki, bizi tanısınlar, görsünlər necə inkişaf
edirik. Görsünlər ki, cəmi 24 il
ərzində biz nələr əldə etmişik, nələr
yaratmışıq. Kənardan heç bir
yardım almadan, heç bir himayədar olmadan bunları
özümüz yaratmışıq. Hələ
Qarabağ münaqişəsi ola-ola. Ona
görə, biz çalışacağıq bundan sonra da Azərbaycanda
müxtəlif beynəlxalq tədbirlər keçirilsin.
Azərbaycan təqdimatları keçirilsin ki,
xaricdə bizi daha da yaxından tanısınlar, daha da
çox hörmət etsinlər, bizimlə daha da çox
hesablaşsınlar. Belə olan halda, bizim
maraqlarımız daha da böyük dərəcədə təmin
ediləcək.
Hesab edirəm ki, bizim cəmiyyətimizdə bu məsələlərlə
bağlı çox müsbət proseslər gedir. Bir daha qeyd etmək
istəyirəm ki, cəmiyyətimiz vahid maraqlar,
xalqımız milli ideyalar ətrafında birləşib.
Biz hamımız çalışırıq və
çalışacağıq ki, ölkəmizi daha da gücləndirək,
Azərbaycan xalqının daha da yaxşı rifahını təmin
edək. Əlbəttə ki, burada həm
iqtidarın üzərinə böyük funksiya, həm də
mətbuatın üzərinə böyük vəzifələr
düşür. Qeyd etdiyim kimi, mətbuat
işçiləri bu vəzifələrin öhdəsindən
şərəflə gəlirlər. Sizi
bir daha salamlayıram, təbrik edirəm və sizə gələcək
uğurlar arzulayıram. Sağ olun”.
* * *
Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov
çıxış edərək deyib: “Möhtərəm cənab
Prezident.
Milli mətbuatımızın tarixi mərhələsinin
yaşandığı bu günlərdə bizləri - media
nümayəndələrini qəbul etdiyiniz üçün
Sizə dərin təşəkkürümüzü
bildiririk. Yubiley sevincini media təmsilçiləri ilə
bölüşməyiniz bizim üçün böyük fəxrdir.
Mətbuatımızın 140 illik yubileyinin
keçirilməsi haqqında Sərəncamınız ötən
müddətin yaşantılarına, mətbu irsimizə verilən
ən böyük dəyərdir. Bu dəyər
milli mətbuatımızın yubileylərinin qeyd edilməsi
ilə bağlı ənənəyə söykənir.
Ənənənin təməli isə Ulu
öndərimiz Heydər Əliyev tərəfindən qoyulub.
Media cəmiyyətin güzgüsüdür. Azərbaycan Prezidenti cəmiyyətin
fövqündə dayanan ali şəxsdir.
Ötən 140 ilin xalqımıza, millətimizə
bəxş etdiyi mənəvi dünya zənginliyi müstəqil
dövlətimizin gələcək varlığı
baxımından son dərəcə vacibdir. Bu dəyəri yaşatmaq missiyası, cənab Prezident,
Sizin tərəfinizdən uğurla həyata keçirilməkdədir.
Buna görə də milli mətbuatımızın
yubileylərindən ən böyük sevinc payı məhz
Sizə düşür.
Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti birinci
Avropa Oyunlarında qazandığımız möhtəşəm
qələbənin sevinci ilə yaşayır. Oyunlar təkcə
idman hadisəsi deyil, eyni zamanda, xalqımızın dünyaya
sülh çağırışı, mədəniyyətimizin
təbliği, mənəvi xəzinəmizin tərənnüm
meydanı idi. Sizin sayənizdə bu missiya
çox uğurla həyata keçirildi. Yüksək
diqqət və qayğınız, ölkəmizin birinci
xanımı Mehriban Əliyevanın ilk Avropa Oyunlarının
Təşkilat Komitəsinin sədri kimi yorulmaz fəaliyyəti
böyük uğurumuzun təminatı qismində
çıxış etdi.
Birinci Avropa Oyunları xalqımız və dövlətimiz
üçün tarixi sınaq idi. Qətiyyətlə və
fəxrlə deyə bilərik ki, biz bu sınaqdan ləyaqətlə
çıxdıq. Avropaya və dünyaya
varlığımızı,
böyüklüyümüzü nümayiş etdirməyi
bacardıq. Tam əminik ki, Sizin sayənizdə
Vətənimiz Yay Olimpiya Oyunlarına da ev sahibliyi edəcək.
Birinci Avropa Oyunlarının keçirilməsinə
jurnalistlərimiz də layiqli töhfə verdilər. Onlar ölkəmizə
qarşı yönələn anti-Azərbaycan kampaniyası ilə
mübarizədə vahid platformadan çıxış etdilər.
Mediamız siyasi yönümündən
asılı olmayaraq Azərbaycan cəmiyyətinin istək və
arzularının, duyğu, düşüncə və hisslərinin
ifadəçisinə çevrildi. Azərbaycan
mediası həmrəyliyi ilə tarixi imtahandan şərəflə
çıxdı.
Ümumən
Azərbaycan mətbuatının ötən 140 ili çoxsaylı sınaqlarla xarakterikdir. Həsən bəy Zərdabinin yaratdığı
“Əkinçi” xalqımızda milli kimlik hissini, milli
şüuru oyatdı. “Əkinçi”dən doğan
qığılcımlar “Ziya”, “Ziyayi Qafqaziyə”, “Kaspi”,
“Şərqi-rus”, “Həyat” qəzetlərinin, “Kəşkül”,
“Fyüzat”, “Molla Nəsrəddin” jurnallarının və digər
mətbu orqanların fəaliyyətlərində əbədi
məşələ çevrildi, dövlət müstəqilliyimizə
aparan yolun ideoloji bazasını formalaşdırdı. Bu baza o qədər möhkəm oldu ki, hətta
sovet dövrünün qadağaları belə milli
oyanış hissinin qarşısında dayana bilmədi.
Jurnalistlərimiz istiqlal mücadiləmizin
ön sıralarında getdilər. Onlar
ötən əsrin əvvəllərində olduğu kimi,
sonlarında da müstəqillik ideyasının
carçısı kimi çıxış etdilər. Xalqımızın Ümummilli lideri Heydər
Əliyev mediamızın məhz bu şərəfli
missiyasına həssas yanaşdı, ölkədə
demokratik cəmiyyət quruculuğu prosesində azad
medianın mühüm rolunu ön plana çəkdi. Məhz Onun sayəsində MDB məkanında ilk dəfə
Azərbaycanda senzura ləğv olundu. Bununla
da Azərbaycan mediasının inkişafında yeni mərhələ
başlandı.
Yeni mərhələnin davamı və uğurları, cənab
Prezident, Sizin adınızla bağlıdır. Bu mərhələni
xarakterizə edərkən kütləvi informasiya vasitələri
ilə bağlı qanunvericilik bazasının daha da zənginləşdirilməsini,
mediaya dövlət dəstəyinin sistemli şəkil
almasını və jurnalistlərin sosial-məişət
şəraitinin yaxşılaşdırılmasına yönələn
konkret addımları xüsusi vurğulamalıyıq. Mövcud istiqamətdəki ardıcıl fəaliyyətinizə
görə Siz Azərbaycan jurnalistlərinin dostusunuz. Bu dostluq ölkəmizdə vətəndaş cəmiyyəti
təməlinin daha da möhkəmlənməsinə xidmət
prinsipini rəhbər tutur.
Möhtərəm cənab Prezident,
çıxışlarınızda qətiyyətlə qeyd
etdiyiniz kimi, qloballaşan dünyada dəyərlərimizin,
milli maraqlarımızın və mənafelərimizin
qorunması son dərəcə önəmlidir. Bunun
üçün dəyişən dünyada baş verən
hadisə və proseslərə operativ reaksiyanın verilməsi
müstəsna əhəmiyyət daşımaqdadır.
İnternetin geniş vüsət
aldığı hazırkı dövrdə isə ictimai rəy
əsasən internet üzərindən yayımlanan media
orqanları, habelə sosial şəbəkələr vasitəsilə
formalaşdırılır.
Onu da vurğulayaq ki, internet media resurslarımız ilk
Avropa Oyunlarından əvvəl və Oyunların gedişində
anti-Azərbaycan təbliğatına qarşı xüsusi fəallıqları
ilə seçildilər. Onlar ümummilli
maraqlardan çıxış edərək ölkəmizlə
bağlı qarayaxma kampaniyalarına tutarlı, operativ cavablar
verdilər. Lakin internet media
resurslarımızın informasiya müharibəsi şəraitində
daha aktiv fəaliyyət göstərmələrinə ehtiyac
var.
Azərbaycan
dövləti Sizin şəxsinizdə ənənəvi
media orqanlarının bazar iqtisadiyyatının tələblərinə
uyğun fəaliyyətini təmin etmək məqsədilə
mühüm tədbirlər gerçəkləşdirməkdədir.
Hər il ölkənin tanınan, ictimai rəyə
təsir göstərən qəzetləri dövlət
büdcəsindən maliyyələşdirilir. Kütləvi
informasiya vasitələrinin cəmiyyət həyatının
müxtəlif istiqamətləri ilə bağlı təşəbbüsləri
qiymətləndirilir. Bu proses həm onları maddi-texniki
cəhətdən möhkəmləndirir, həm də
yaradıcılıq imkanlarına müsbət təsir
göstərir. İstərdik ki, bu mexanizmdən
internet media orqanları da faydalansınlar. Bunun,
eyni zamanda, ölkəmizin xaricdə təbliği
baxımından da vacibliyini düşünürük.
Onu da qeyd edək ki, ölkəmizin ədalətli
mövqeyinin təbliği üçün jurnalistlərimizin
xarici dilləri mükəmməl bilmələri, xarici təcrübəni
dərindən mənimsəmələri mütləqdir. Cənab Prezident, Siz də
çıxışlarınızda bu məsələyə
önəm verdiyinizi bildirmisiniz. Azərbaycanlı
tələbələrin xaricdə təhsili ilə
bağlı Dövlət Proqramı mövcuddur və
faydalı nəticələr verir. İstərdik
ki, jurnalistlərimiz də mövcud imtiyazdan bəhrələnsinlər.
Jurnalistikanın spesifik sahə olduğunu, eyni
zamanda, strateji əhəmiyyət
daşıdığını nəzərə alsaq,
yaxşı olardı ki, bununla əlaqədar ayrıca fəaliyyət
xətti müəyyənləşdirilsin. Belə
olarsa, biz Azərbaycan həqiqətlərini, əsasən də
Dağlıq Qarabağ həqiqətlərini xarici ölkələrdə
daha yaxşı tanıdarıq, eyni zamanda, erməni təbliğatına
qarşı daha fəal və ciddi mübarizə apara bilərik.
Möhtərəm cənab Prezident, müstəqillik illərində
Azərbaycan mediası bir çox müsbət vərdişlərə
yiyələnib. Mediamız hazırda istər texniki
xüsusiyyətlərinə, istərsə də
yaradıcılıq potensialına görə regionda
öncül mövqe tutur. Dünyanın
bir çox aparıcı kütləvi informasiya vasitələri
bölgə ilə bağlı məlumatlar yayarkən mənbə
kimi Azərbaycanın media orqanlarına istinad edirlər.
Əlbəttə, vəziyyət bir qədər
də təkmilləşdirilməlidir. Ölkəmizə
qarşı informasiya müharibəsinin getdiyi hazırkı
şəraitdə yüksək statusa yiyələnmək həqiqətlərimizin
dünyaya çatdırılması işini daha da sürətləndirər.
Bunun üçün isə jurnalistikanın
özünün institutlaşmasına ehtiyac var. Proses, ilk
növbədə, jurnalistikamızın peşəkarlığının
artırılması baxımdan vacibdir. Çünki
jurnalistika kifayət qədər dinamik sahədir. Onun yeniliklərinin mütəmadi
araşdırılması və tətbiqi mütləqdir.
Burada dünya mediasının fəaliyyətinin təhlilinə
yönələn iş prinsiplərinin birləşdirilməsi
də faydalı olardı.
Bu aspektdən çıxış etsək, bir
mühüm məqamın da üzərində dayanmaq istərdim. Azərbaycan
mediası dünyada baş verən, eyni zamanda, ölkəmizin
maraqları ilə kəsişən məsələlərlə
bağlı məlumatları əsasən xarici KİV-lərin
vasitəsilə əldə edir. Həmin məlumatların
əksəriyyəti isə bu KİV-lərin süzgəcindən
keçirilir, öz ölkələrinin maraqlarına
uyğun yayımlanır. Ona görə də,
cənab Prezident, bizim KİV-lərimizin xaricdəki müxbir
məntəqələrinin artırılmasına böyük
ehtiyac var.
Media ictimaiyyətini düşündürən
mühüm məqamlardan biri də reklam bazarının qənaətbəxş
səviyyədə olmamasıdır. Reklamçılar azad
sahibkarlardır. Redaksiyalar fəaliyyətləri
ilə onları özlərinə cəlb etməlidirlər.
Bu, məsələnin bir tərəfidir, daha
çox zamanla tənzimlənməlidir. Ancaq
biz rəsmi qurumların reklam və elanlarının KİV-də
yerləşdirilməsi ilə bağlı Türkiyə təcrübəsini
də araşdırmışıq. Məsələ
ətrafında Azərbaycan Mətbuat Şurasında
çoxsaylı müzakirələr aparılıb. Təhlillərdən sonra belə qənaətə
gəlmişik ki, Türkiyə təcrübəsinin Azərbaycanda
tətbiqi mümkündür. Bu, KİV-lərin
iqtisadi dayanıqlığının artırılmasına
mühüm töhfə olardı. Eyni
zamanda, bütövlükdə reklam bazarının
canlanmasına da müsbət təsir göstərərdi.
Mediamız keyfiyyət dəyişikliyi mərhələsini
yaşamaqdadır. Proses özünü istər ayrı-ayrı KİV-lərin
maddi-texniki bazasının gücləndirilməsində, istərsə
də jurnalistlərin sosial-məişət şəraitlərinin
yaxşılaşdırılmasında göstərir.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası
qoyulmuş mediaya dövlət qayğısı hazırda “Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi Konsepsiyası”nın, həmçinin bu sənədə
uyğun olaraq formalaşdırılmış Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun timsalında fundamental əsasa malikdir. Media nümayəndələrinin sosial-məişət
şəraitinin yaxşılaşdırılmasına gəldikdə
isə, bu istiqamətdə jurnalistlər üçün
inşa olunmuş bina ən mühüm tədbirlərdəndir.
Yeri gəlmişkən, cənab Prezident, onu da
deyim ki, jurnalistlərimiz səbirsizliklə Sizin Sərəncamınız
əsasında inşa edilən növbəti binanın da
onların istifadəsinə verilməsini gözləyirlər.
Azərbaycan jurnalistləri üçüncü dəfədir
ki, kütləvi surətdə dövlət
mükafatlarına və fəxri adlara layiq görülüblər. Dünən
isə 200-ə yaxın həmkarımıza bu sevinci bəxş
etdiniz, cənab Prezident. Buna görə də
Sizə bütün jurnalistlərimiz adından dərin təşəkkürümüzü
bildiririk.
Azərbaycan
dövlətinin hazırkı media siyasəti jurnalistikanın
ictimai həyatımızdakı önəmini vurğulayan son
dərəcə mühüm tədbirlərə əsaslanır
və üzərindən illər keçdikdən sonra da Sizin adınızla xatırlanacaq. Digər tərəfdən, biz jurnalistlər qlobal
dünyada baş verən bir sıra hadisə və prosesləri,
o cümlədən yaşadığımız həssas
coğrafi məkanla bağlı reallıqları nəzərdən
keçiririk. İstər Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
qətiyyətiniz, istərsə də beynəlxalq müstəvidə
Azərbaycanın mövqe və mənafelərinin
qorunmasına yönələn fikir və düşüncələriniz,
əməli fəaliyyətiniz Vətənimizin
sükanının etibarlı əllərdə olduğunu
söyləməyə əsaslar verir. Bu
günün Azərbaycanı dünya miqyasında öz
sözünü deyən, öz prinsiplərini diktə edən
ölkədir. Buna görə də
jurnalistlərimiz üçün Siz yalnız müdrik
dövlət başçısı deyil, eyni zamanda, ən
böyük vətənpərvər azərbaycanlısınız.
Möhtərəm cənab Prezident, icazə
verin, Sizə ölkə jurnalistlərinin bu
yanaşmasının nəticəsi olaraq Azərbaycan Mətbuat
Şurasının xüsusi mükafatını təqdim
edim.
Xüsusi mükafat. “Azərbaycanın
milli maraqlarının qorunmasında qətiyyətli
mövqeyinə görə təltif olunur, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev”.
Təbrik edirəm”.
Prezident
İlham Əliyev: Sağ olun.
Mükafat dövlətimizin başçısına təqdim
olunub.
Əflatun
Amaşov: Cənab Prezident, eyni zamanda, bizim Sizə bir yubiley hədiyyəmiz
var. Bu, Azərbaycan mətbuatının 140 illiyi ilə
bağlı kiçik hədiyyədir.
Yubiley hədiyyəsi Prezident İlham Əliyevə təqdim
edilib.
* * *
Prezident
İlham Əliyev: “Çox sağ olun, təşəkkür
edirəm. Biz qaldırdığınız məsələlərlə
bağlı lazımi tədbirləri görəcəyik.
Çox dəyərli təkliflərdir, həm
reklam bazarı, həm də ki, xaricdə müxbir məntəqələri
ilə bağlı. Doğrudan da bizə
bir çox hallarda artıq xarici medialardan məlumat gəlir.
Onların mövqeyi həmin məlumatın
daxilində öz əksini tapır. Biz gərək
həqiqəti çatdıraq və belə olan halda buna
böyük ehtiyac var. İndi biz hansı yolla, hansı istiqamət
üzrə bunu edəcəyik? Siz
baxın, təklif edin. İnternet mediaya
dövlət dəstəyi mütləq verilməlidir. Bəlkə indi buna daha çox ehtiyac var”.
* * *
Azərbaycan
Mətbuat Şurası idarə heyətinin üzvü, “Şərq”
qəzetinin baş redaktoru Akif Aşırlı
çıxış edərək deyib: “Hörmətli cənab
Prezident.
Azərbaycan milli mətbuatının yaranmasının
140 illiyi ilə bağlı verdiyiniz Sərəncama, Azərbaycan
jurnalistikasına göstərdiyiniz diqqətə və
qayğıya görə məxsusi olaraq Sizə dərin təşəkkürlərimi
bildirirəm.
Məndən öncə çıxış
edən Əflatun Amaşov Azərbaycan mətbuatının
keçib gəldiyi tarixi yola qısa bir ekskurs etdi və
müasir jurnalistikamızın problemləri ətrafında da
fikir və mülahizələrini bildirdi, ən çox da ənənələrdən
danışdı. Təbii ki, bu ənənələri
formalaşdıran böyük şəxsiyyətlərdir,
böyük ziyalılardır. Biz o şəxsiyyətləri,
o ziyalıları daim hörmətlə anırıq. Hesab edirəm ki, Azərbaycanda ənənələrin
formalaşmasında məxsusi rolu olan Ümummilli liderimiz Heydər
Əliyevdir. Ulu öndər Heydər
Əliyev Azərbaycan jurnalistlərinin çox yaxın dostu
idi. Ulu öndər Heydər Əliyev bizim
bütün problemlərimizə çox həssas yanaşan,
onları diqqətlə öyrənən və bu problemlərin
həlli yolunda çox ciddi addımlar atan böyük
dövlət xadimi idi.
Burada əyləşən baş redaktorlarımız və
jurnalistlərimiz də çox gözəl bilirlər ki,
1990-cı illərin sonlarında cəmiyyətin müxtəlif
sahələrində olduğu kimi, mətbuatımızda da
böhranlı hallar yaşanırdı. Bu
böhranı aradan qaldıran, bizi böhrandan çıxaran
Ümummilli liderimiz oldu.
Həmin dönəmdə problemlərin bir çoxu
kütləvi informasiya vasitələri haqqında mükəmməl
qanunların olmaması ilə bağlı idi. Çox
qısa müddət ərzində kütləvi informasiya
vasitələri haqqında nəinki Azərbaycanda, MDB məkanında,
hətta Avropa ölkələrinin qanunvericilik bazasından da
daha yaxşı, daha humanist və daha demokratik qanunlar
külliyyatı qəbul olundu. Senzura ləğv edildi,
bizim “Azərbaycan” nəşriyyatına olan borclarımız
birdəfəlik silindi, bu proses dayandırıldı. Ulu öndər Heydər Əliyev, ümumiyyətlə,
Azərbaycanda mətbuat üçün yeni bir ənənənin
də əsasını qoydu. Bu, mətbuat
gününün və mətbuatımızın yubileylərinin
dövlət səviyyəsində keçirilməsi ənənəsi
idi.
Azərbaycan mətbuatının 125 illiyi 2000-ci ildə
məhz Ümummilli liderimizin Sərəncamı ilə
çox yüksək səviyyədə keçirildi. Ulu öndərimiz
Heydər Əliyevlə bizim çox görüşlərimiz
olub. Biz Onun tövsiyələrini həssaslıqla
qəbul etmişik. Biz Ulu öndərin mətbuata
diqqət və qayğısını həmişə
yüksək dəyərləndirmişik. Biz həmin görüşlərin təəssüratını
həmişə yaşatmışıq və
yaşadacağıq. Çünki bu, biz
jurnalistlərin fəaliyyəti üçün çox
böyük önəm kəsb edir.
Mən istərdim ki, ilk dəfə mətbuatın
yubileyinin keçirilməsi mərasiminə toxunam və
kiçik bir xatirə danışım. Biz
keçmiş “Moskva” mehmanxanasının birinci mərtəbəsindəki
salonda yığışmışdıq və Ümummilli
liderin zala daxil olmasını gözləyirdik. Həmin salonun bir neçə istiqamətdə
qapıları var idi. Biz də hesab edirdik
ki, Ümummilli lider ya ön qapıdan gələcək, ya da
arxa qapıdan. İndi burada əyləşən
həmkarlarımın bir çoxu orada idi. Biz yan qapının ağzında dayanıb, gözləyirdik.
Bir də baxdıq ki, qapı açıldı
və Ümummilli lider göründü. Qapı ilə
bizim aramızda məsafə çox az
olduğundan bizim üçün daxili bir gərginlik
yarandı. Ulu öndər bizə
yaxınlaşdı. O müdrik insan
bayramımızı təbrik etdi və görünür,
üzümüzə baxıb gərginlik keçirdiyimizi hiss
etdi və bizimlə söhbət etməyə başladı.
Hətta bizə zarafatyana suallar verdi. Çox qısa bir zamanda bizim daxili gərginliyimiz
aradan qalxdı.
O söhbətdə,
o görüşdə, cənab Prezident, bizim
yaddaşımızda daim yaşayacaq bir məsələnin
şahidi olduq. Ulu öndər ölkədə
çıxan və ictimai rəyə təsir imkanı olan
bütün qəzetləri, onların baş
redaktorlarını tanıyırdı. Hətta,
adbaad tanıyırdı. Bu, bizim
üçün böyük məsuliyyət idi. Biz bu məsuliyyəti dərk edərək öz
işimizdə daha dəqiq, daha ciddi olmağa
çalışırdıq.
Cənab
Prezident, Siz hakimiyyətə gələndə ilk aylarda
Türkiyə qəzetlərinin birinə belə bir müsahibə
vermişdiniz. Mən dövlət idarəçiliyi
ilə bağlı hər hansı bir qərar qəbul edəndə,
sənədə imza atanda fikirləşirəm ki,
Ümummilli lider görəsən bu məsələni, bu
problemi necə həll edərdi. Mən az-çox ictimai
rəyi bilən bir insan, Sizin fəaliyyətinizi çox
yaxından izləyən, müxtəlif yönlərdən
siyasi şərhlər verən bir qəzetin yazarı,
sıravi bir qələm adamı kimi deyirəm: Sizin dövlət
idarəçiliyi ilə bağlı verdiyiniz hər bir qərar,
sənədə atdığınız imzalar Ümummilli liderimizin
imzalarının davamıdır. Məhz buna
görə biz Sizə təşəkkür edirik. Siz daxilən, ruhən demokratik insansınız.
Burada elə bir atmosfer yaradırsınız ki,
biz çəkinmədən alternativ fikirlərimizi, ürəyimizdən
gələn fikirləri səmimi şəkildə Sizə
çatdırırıq. Bu, Sizin daxili
demokratizminizdən, bizə, Azərbaycan ziyalılarına, qələm
sahiblərinə olan hörmətinizdən doğur.
Təbii ki, biz ötən dəfə də elə bu
zalda müxtəlif təkliflərlə çıxış
etdik. Bu təkliflər öz həllini tapdı.
Artıq ali məktəblərin jurnalistika
fakültəsinə daxil olan müəllim tələbəyə
sual ünvanlamır ki, sən jurnalist olmaq istəyirsən, ya
yox? Çünki əvvəlcə qabiliyyət
imtahanı yox idi. Jurnalistikaya çox təsadüfi
adamlar - hüquq, beynəlxalq münasibətlər fakültələrinə
balı çatmayan abituriyentlər diplom
xatirinə gəlirdilər. Artıq bu problem
aradan qaldırıldı. Həm Mətbuat
Şurası, həm Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası, həm KİVDF, həm baş
redaktorlar bu seçim prosesində çox şəffaf, azad
şəkildə iştirak edir və bizim gələcək
kadrların daha peşəkar, daha savadlı olması
üçün əllərindən gələni edirlər.
Burada ahıl jurnalistlərlə bağlı məsələ
qaldırılmışdı. Cənab Prezident, bizim ağsaqqal həmkarımız
Yusif Kərimov indi Mətbuat Şurasında müxtəlif
layihələr həyata keçirir. Özünü
jurnalistikaya həsr edən, Azərbaycan mətbuatının
inkişafında məxsusi yeri olan, sadəcə indi səhhətindəki
problemlərlə əlaqədar cəmiyyətdə baş
verən proseslərə qatıla bilməyən və diqqət-qayğı
uman ahıl jurnalistlər evlərində ziyarət olunurlar.
Onların problemləri öyrənilir və həlli
istiqamətində addımlar atılır.
Cənab
Prezident, biz belə problemlərimizin daha sürətli, daha
çevik həlli üçün Sizə bir daha təşəkkür
edirik. Biz Sizi özümüzə dost seçmişik və
çox istərdik ki, Siz bizim daim dostumuz olasınız. Çünki Əflatun Amaşov burada bizim yeni
mediamızın gətirdiyi yeni problemlər ətrafında
söhbət açdı. Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması istiqamətində
işlərimizi sürətləndirmək üçün
inanırıq ki, Sizin tərəfinizdən
zəruri tədbirlər görüləcək. Əminik ki, əvvəlki problemlərimiz kimi, bu
problemlərin də həllinə Siz öz
yardımınızı, köməyinizi göstərəcəksiniz.
Cənab
Prezident, biz çox istərdik ki, bir daha deyirəm, həmişə
bizim dostumuz olasınız. Çünki bu
dostluq bizim problemlərimizin həllində mühüm rol
oynayır”.
Prezident
İlham Əliyev: Yəni, bu, təmənnalı dostluqdur, eləmi?
Akif
Aşırlı: “Təmənnalı dostluq deyil. Təbii ki, dostluq birtərəfli deyil, dostluğun
iki tərəfi olur. Biz də
çalışırıq ki, Azərbaycan həqiqətlərinin,
milli maraqlarımıza söykənən fikirlərinizin,
ideyalarınızın, yürütdüyünüz müstəqil
siyasətin dünyaya çatdırılması istiqamətində
imkanlarımızı səfərbər edək, bu yolda fəaliyyət
göstərək.
Siz burada media haqqında həm nəzəri, həm də
təcrübi fikirlərinizi söylədiniz. Təbii ki,
media cəmiyyəti təkcə maarifləndirmə, yönləndirmə
institutu deyil, həm də cəmiyyəti öyrənmə
institutudur. Biz cəmiyyət içərisində
oluruq və ayrı-ayrı təbəqələrlə
ünsiyyət qururuq. Onların
yazılarını çap edirik. O insanların
ümumi fikri bundan ibarətdir ki, Siz Azərbaycanın müstəqilliyi
ideyasından bir addım kənara çəkilməmisiniz. Bu, böyük fədakarlıqdır. Bu fədakarlığa
görə Sizə “Çox sağ olun!”
deyirik.
Azərbaycan artıq özünü, öz müstəqil
dövlətçilik tarixini dünyaya təqdim edib. Bakı indi
artıq dünyanın, Qərb ölkələrinin dialoq mərkəzinə
çevrilib. Bakı Beynəlxalq Humanitar
forumlarının keçirilməsi buna əyani sübutdur.
Yeri gəlmişkən, orada Sizin media
haqqında dediyiniz bir fikri xatırlatmaq istəyirəm. Siz orada dediniz ki, media dördüncü hakimiyyət
deyil, media artıq birinci hakimiyyətdir.
Azərbaycan təkcə humanitar, iqtisadi sahələrdə
deyil, idman sahəsində də öz sözünü deyir. Əflatun
Amaşov ilk Avropa Oyunları ilə bağlı öz fikirlərini
çatdırdı. Oyunlar zamanı Azərbaycan
xalqı yekdil bir mövqe tutdu, dövlətini, dövlətçiliyini
və Sizin yürütdüyünüz
siyasəti dəstəklədi. Bu, məhz
xalqımızın uğurudur, cənab Prezident, Sizin
uğurunuzdur.
Cənab
Prezident, indi 140 illiyini qeyd etdiyimiz Azərbaycan mətbuatının,
jurnalistikasının qarşısında həmişə bir
problem olub. Elə “Əkinçi” qəzeti
yarananda Həsən bəy Zərdabinin əleyhinə yazan erməni
“Muşaq” qəzetinin redaktoru idi və Həsən bəy də
işini-gücünü atıb buna cavab verirdi. 140 ildir ki, artıq bu problem Azərbaycan jurnalistlərinin,
jurnalistikasının qarşısındadır. Çox xoşdur ki, bu gün Azərbaycanda peşəkar
jurnalist ordusu, söz ordusu var. Vətənimizə söz ilə
güllə atan o insanlara biz layiqli cavablarını veririk.
Siz də Ali Baş Komandan kimi hansı bir məqamdasa
bizi torpaqlarımızı işğaldan azad etməyə
çağırsanız rahat redaksiyalarımızı səngərə
dəyişməyə, səngər qəzetləri
çıxarmağa, yeni medianın imkan verdiyi formatda bunu etməyə
hazırıq. Hesab edirəm ki, Azərbaycan
tarixində bunun örnəkləri olub. İkinci
Dünya savaşında bizim jurnalistlərimiz məhz bu
cür davranıblar.
Cənab
Prezident, bizi qəbul etdiyiniz üçün Sizə təşəkkür
edirəm, minnətdarlığımı bildirirəm”.
* * *
Prezident
İlham Əliyev: Sağ olun. Biz burada səslənən
fikirləri ümumiləşdirib, qərar qəbul edəcəyik.
Çox dəyərli fikirlər, təkliflər
səslənib.
* * *
Azərbaycan
Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq
Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu
çıxış edərək deyib: “Möhtərəm cənab
Prezident.
İcazə verin, mən də milli mətbuatımızın
140 illik yubileyi münasibətilə bizləri bir araya gətirdiyiniz
üçün Sizə dərin minnətdarlığımı
bildirim. Bu
gün Sizin mətbuata və jurnalistikaya
göstərdiyiniz dəstək sayəsində ölkə
mediası sözün əsl mənasında keyfiyyət dəyişiklikləri
dövrünü yaşayır. Bu, ümumilikdə,
müstəqil Azərbaycanın mətbuat tarixində məzmun
etibarilə yeni, fərqli, daha dinamik, mütərəqqi mərhələnin
başlanması kimi dəyərləndirilə bilər.
Bəllidir ki, dövlətin və vətəndaş cəmiyyətinin
hərtərəfli inkişafında kütləvi informasiya
vasitələrinin, medianın özünəməxsus rolu
var. Media ictimai rəyin formalaşdırılması ilə
yanaşı, müxtəlif təmayüllərin cəmiyyətdə
təşəkkül tapması üçün əsas vasitədir. Biz çox yaxşı
anlayırıq ki, bu gün Sizin əzmkar və cəsarətli
siyasətiniz nəticəsində Azərbaycanın beynəlxalq
arenada söz sahibi olması, beynəlxalq münasibətlər
sistemində yerini möhkəmləndirməsi ölkəmizin
və dövlətçiliyimizin gücləndirilməsini istəməyən
qüvvələrin ürəyincə deyildir.
Amma fərəh
hissi ilə deyə bilərəm, ötən ay
paytaxtımızda təşkil olunan birinci Avropa Oyunları
göstərdi ki, milli mətbuatımız, vətəndaş
cəmiyyəti institutlarımız, bütövlükdə
xalqımız ağı qaradan seçməyi yaxşı
bacarır. Mətbuatımız Oyunlar müddətində bu
idman bayramını yüksək səviyyədə
işıqlandırmaqla bərabər, Azərbaycanın
uğurlarına qısqanclıqla yanaşan bəzi xarici media
orqanlarına və təşkilatlara sözün əsl mənasında
dirəniş göstərdi, onlara layiqli cavab verdi.
Bu, həm sosial mediada, həm də müxtəlif
yazılar, təhlil materialları, araşdırmalar şəklində
kütləvi informasiya vasitələrində
açıq-aydın hiss olunurdu.
Möhtərəm cənab Prezident, rəhbəri
olduğum Beynəlxalq Avrasiya Mətbuat Fondu iki böyük
beynəlxalq qurumda - Beynəlxalq Mətbuat İnstitutunun idarə
heyətində və Beynəlxalq Sülh Bürosunun Ali
Şurasında təmsil olunur.
Təşkilatımız BMT-nin İqtisadi-Sosial Şurasının əsas məşvərətçi statuslu üzvüdür. Təvazökarlıqdan uzaq olsa da, qeyd etmək istərdim ki, bizim kimi beynəlxalq statuslu bir media təşkilatının Azərbaycanda mövcud olması ölkəmizdə vətəndaş cəmiyyətinin yüksək səviyyədə inkişaf etməsinin bariz nümunəsidir və bununla bağlı ara-sıra səslənən əsassız iddialara layiqli cavab verir. Beynəlxalq təmsilçiliyimiz Azərbaycana qarşı qarayaxma kampaniyasına tutarlı cavab vermək, bəyanatlar yaymaq, dövlətimizin haqq səsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində bizə əlavə üstünlüklər verir və biz bundan layiqincə yararlanmağa çalışırıq. Qeyd etməliyəm ki, təmsil olunduğumuz beynəlxalq qurumlarda Azərbaycana qarşı formalaşdırılmış ikili münasibətlərin müsbət məcrada dəyişilməsinə müəyyən mənada nail olmuşuq. Bu da ölkəmizdə Sizin rəhbərliyinizlə aparılan inkişaf strategiyasının uğurlu icrası, media və bütövlükdə vətəndaş cəmiyyətinə diqqət və qayğınız, doğru informasiya mübadiləmiz sayəsində mümkün olmuşdur. Yeri gəlmişkən, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına əvəzolunmaz dəstəyiniz barədə bu ilin may ayında Əli Həsənovun iştirakı ilə keçirilən təşkilatımızın baş ofisinin açılışı mərasimində xarici ölkələrin Azərbaycandakı təmsilçiləri beynəlxalq təşkilatların nümayəndələrinə geniş məlumat verdi. Elə həmin tədbirdə Sizin adınıza təqdim etdiyimiz təşkilatımızın ali mükafatı da mərasim iştirakçıları tərəfindən çox yüksək səviyyədə qarşılandı.
Bu gün Azərbaycanın üzləşdiyi təhdidlər, ikili standartlar göz qabağındadır. Belə bir tarixi dönəmdə düşünürəm ki, Azərbaycan mediasının, bütövlükdə vətəndaş cəmiyyətinin məsuliyyəti torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan əsgərinin məsuliyyətindən heç də az deyildir.
Ona görə də hesab edirəm ki, ciddi beynəlxalq qurumlarda təmsil olunan vətəndaş cəmiyyəti təşkilatları və mediamızın ölkəmizin hüdudlarından kənarda fəaliyyətinin gücləndirilməsi məqsədilə əlavə imkanların yaradılması, dövlət orqanları ilə media və vətəndaş cəmiyyəti təşkilatları arasında sıx əməkdaşlığın qurulması zərurəti vardır. Sizi əmin edirəm ki, Azərbaycan haqqında doğru, dürüst informasiyanın geniş coğrafi məkanda yayılmasına bu, əlavə stimul yaradacaq. Sözsüz ki, Azərbaycan Mətbuat Şurasının medianın fəaliyyətini səmərəli şəkildə əlaqələndirməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun media qurumlarının inkişafına hərtərəfli yardımı nəticəsində bu istiqamətdə vəziyyəti nəzərəçarpacaq dərəcədə müsbət yöndə dəyişmişdir. Sevindirici haldır ki, son illər milli mətbuatımız ölkəmizdə gənc nəslə vətənpərvərlik hissinin aşılanması, dövlətçilik ənənələrimizin möhkəmləndirilməsi istiqamətində Sizin qarşıya qoyduğunuz vəzifələrin yerinə yetirilməsində böyük uğurlar əldə etmişdir.
Hörmətli cənab Prezident, Şərqdə ilk dəfə söz azadlığı, bəyan və təmin edilən Azərbaycan mətbuatının davamçılarını müqəddəs Ramazan bayramının da qeyd edildiyi bu günlərdə bir araya toplamaqla Siz medianın əhəmiyyətini, onun hüququ dövlət və vətəndaş cəmiyyəti quruculuğundakı vacib rolunu, dövlətimizin mətbuatımıza olan diqqət və dəstəyini bir daha göstərmiş oldunuz. Bu gün Sizin müəyyən etdiyiniz prioritetlər əsasında ölkəmizdə gerçəkləşdirilən tədbirlər, aparılan islahatlar, media və vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasət öz bəhrəsini verir.
Özüm və həmkarlarım adından bir daha əmin etmək istərdim ki, Sizin rəhbərliyiniz altında əldə olunmuş uğurların qorunmasında, Azərbaycanın haqlı mövqeyinin müdafiəsində milli mətbuatımız, bütövlükdə Azərbaycanın vətəndaş cəmiyyəti hər zaman Sizinlə birgə olacaq, nailiyyətlərinizin keşiyində duracaqdır. Təşəkkür edirəm”.
* * *
Prezident İlham Əliyev: “Sağ olun. Bir daha Sizi qarşıdan gələn bayram münasibətilə təbrik etmək istəyirəm. Burada səslənən təkliflərə baxılacaq və lazımi tədbirlər görüləcək. Mən də çalışacağam ki, bundan sonra da mətbuatın dostu kimi qalım. Əlimdən gələni edəcəyəm ki, Azərbaycan mətbuatı inkişaf etsin və media qarşısında duran problemlər öz həllini tapsın.
Dünən imzaladığım sərəncamlar əsasında böyük bir qrup mətbuat işçisi dövlət mükafatları ilə təltif olunubdur. Onların arasında Mətbuat Şurasının üzvləri də vardır. İstərdim ki, onlara bu təltifləri mən özüm şəxsən təqdim edim”.
Prezident İlham Əliyev Əflatun Əhməd oğlu Amaşova və Vüqar Müzəffər oğlu Səfərliyə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərini, Rauf Arif oğlu Abbasova və Azər Hacıqulu oğlu Həsrətə “Əməkdar Jurnalist” fəxri adlarının vəsiqələrini və döş nişanlarını təqdim edib.
* * *
Sonda xatirə şəkli çəkdirilib.
Yeni Azərbaycan.-2015.-
22 iyul.- S. 4.