Azərbaycan mətbuatı inkişaf
yolundadır
Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun icraçı direktoru Vüqar Səfərli
-
Vüqar müəllim, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 2 iyun 2015-ci tarixli "Azərbaycan
milli mətbuatının yaranmasının 140 illik yubileyinin
keçirilməsi haqqında" Sərəncamından irəli
gələn vəzifələrin icrası vəziyyəti barədə
məlumat verməyinizi xahiş edirik.
- Milli mətbuatımızın 140 illik yubileyi ərəfəsində böyük qürur və sevinc hissi ilə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə azad sözün və mətbuatın təminatçısı kimi kütləvi informasiya vasitələrinin inkişafı yönümündə bütün zəruri tədbirləri həyata keçirir. Möhtərəm Prezidentimiz ötən illərdə formalaşmış mütərəqqi ənənəni davam etdirərək 2015-ci il iyunun 2-də "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalaması ölkə mətbuatına yüksək diqqət və qayğının növbəti parlaq təzahürüdür. Bu sərəncamı mətbuatın cəmiyyət və dövlət həyatındakı roluna verilən ali qiymət kimi dəyərləndirirək ölkə jurnalistləri və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.
Sərəncama müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev 6 iyun 2015-ci il tarixdə Tədbirlər Planını təsdiq edilib. Tədbirlər Planının həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna və Azərbaycan Mətbuat Şurasına həvalə olunub.
Tədbirlər Planına uyğun olaraq milli mətbuatın yubileyləri iyul ayı ərzində Zərdab, Gəncə, Qəbələ, Masallı və Quba rayonlarında yerli icra hakimiyyəti orqanlarının, yerli və mərkəzi mətbuatın nümayəndələrinin iştirakı ilə geniş qeyd edildi. Həmin tədbirlərdə mətbuatın keçdiyi tərəqqi yoluna, müasir inkişaf təmayüllərinə, region mətbuatı ilə bağlı bəzi problemlərə nəzər salındı, qarşılıqlı faydalı müzakirələr aparıldı, qərarlar qəbul olundu.
Bundan əlavə, Tədbirlər Planı əsasında Bakı Dövlət Universiteti, habelə Mədəniyyət və Turizm Nazirliyi ilə birgə konfranslar keçirildi, mətbuatın keçdiyi inkişaf yolu, qarşıda duran vəzifələr geniş müzakirə olundu. Yekun tədbir isə iyulun iyulun 22-də Bakıda - "Gülüstan" Sarayında keçiriləcəkdir.
- Mətbuatımızın 140 illik tarixi inkişaf mərhələlərini ümumən necə dəyərləndirirsiniz?
- Azad söz, müstəqil fikir uğrunda mübarizə Azərbaycan xalqının tarixində mühüm yer tutur. Şifahi xalq ədəbiyyatımızın qədim nümunələrində, klassik yazıçı və şairlərimizin əsərlərində sözün müqəddəsliyini, ucalığını tərənnüm edən bədii, etik, fəlsəfi lövhələrə geniş rast gəlinir.
140 illik yubileyi dövlət səviyyəsində təntənə ilə qeyd edilən Azərbaycan milli mətbuatının formalaşma mərhələləri cəmiyyətin özünün inkişaf xüsusiyyətlərinə uyğun olaraq mürəkkəb təkamül yolu keçərək müasir səviyyəyə gəlib çatıb. Milli mətbuatın bu illər ərzindəki tarixi inkişafını əsasən 4 mərhələyə bölmək olar: birincisi, "Əkinçi" qəzetindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər olan dövr; ikincisi Cümhuriyyət dövrü; üçüncüsü, sovet dövrü; dördüncüsü müstəqillik dövrü.
Tarixi faktlar göstərir ki, Bakıda ilk qəzetin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid faktları XIX əsrdə Tiflisdə çıxan rus qəzetləri əks etdiriblər. 1832-cu ildə Tiflisdə Azərbaycan dilində nəşr olunan belə qəzetlərdən biri də «Tiflis əxbarı» qəzeti idi. Lakin çarizmin ideoloji-siyasi təsiri altında olan həmin qəzetlərin mövcudluğu ilə barışmayan Azərbaycan xalqı özünün milli mətbuatını yaratmaq üçün uzun illər mübarizə aparmalı oldu. Bu mübarizənin nəticəsi olaraq da 1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə Azərbaycanın ilk mətbuat orqanı – «Əkinçi» qəzeti işıq üzü gördü.
Zərdabi və məsləkdaşları Azərbaycan xalqını gerilikdən çıxarmaq, cəhalət və mövhumata ağır zərbə vurmaq, yeniliyi təbliğ etmək kimi çətin vəzifəni üzərinə götürmüşdülər. «Əkinçi»nin səhifələrində çarizmin mürtəce siyasəti kəskin tənqid edilir, insanların elm, təhsil, savad alması, maariflənməsi vacibliyi geniş təbliğ olunurdu. Məhz buna görə qəzet çarizmin aşkar təzyiq və təhdidləri ilə üzləşir, çapına ciddi əngəllər törədilirdi. Bu təzyiqlərin şiddətlənməsi nəticəsində Həsən bəy Zərdabi 1877-ci ildə «Əkinçi»nin nəşrini dayandırmalı oldu.
XIX əsrin sonları XX əsrin əvvəllərində isə Bakıda çap olunan «Kaspi», «Ziyayi-Qafqaziyyə», «Kəşkül», «Şərqi-Rus», «Bakinski listok», «Hümmət», «Həyat», «Füyüzat», «Açıq söz» və digər qəzetlər, habelə «Molla Nəsrəddin» jurnalı Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin formalaşmasında, azad sözün, müstəqil düşüncənin inkişafında mühüm rol oynayırdı. XX əsrin əvvəllərində Azərbaycan ədibləri demokratik mətbuatın ənənələrini inkişaf etdirirdilər.
1918-ci ilin mayında müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə milli mətbuatın inkişafında ikinci mühüm mərhələ başlandı. Cümhuriyyyətin 23 aylıq fəaliyyəti dövründə söz, fikir, mətbuat azadlıqlarının inkişafı istiqamətində müəyyən addımlar atıldı, «Mətbuat haqqında Nizamnamə» qəbul edildi. 1918-ci il iyulun 3-də Azərbaycan Cümhuriyyəti hökuməti «Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri»nin nəşri haqqında qərar qəbul etdi. Həftədə iki dəfə nəşr olunan hökumət xəbərlərində əsasən rəsmi qərarlar, əmrlər, təlimatlar dərc edilirdi.
Milli hökumət eyni zamanda Azərbaycan ətrafında mövcud informasiya blokadasını yarmağa, respublikanı dünya miqyasında tanıtmağa, fəaliyyəti haqqında xalqı məlumatlandırmağa ciddi ehtiyac duyurdu. Sentyabrın 15-də Gəncədə rəsmi dövlət orqanı «Azərbaycan» qəzetininın ilk sayının çapdan çıxması məhz bu zərurətdən irəli gəlirdi. «Azərbaycan» qəzeti 1918-1920-ci illər ərzindəki nəşri zamanı Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının ən müxtəlif sahələrini səhifələrində dolğun şəkildə əks etdirirdi.
Azərbaycan mətbuatının üçüncü mühüm dövrü sovet hakimiyyəti illərinə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və Bakıda bolşevik hökumətinin qurulmasından sonra respublikada müstəqil və demokratik mətbuat ənənələrinə, demək olar ki, son qoyuldu. Xalq Komissarlığı Soveti 27 oktyabr 1920-ci ildə «Mətbuat haqqında» Dekret imzalayaraq 2 ay ərzində 90-dan çox qəzetin fəaliyyətini dayandırdı. 1922-ci ildə ədəbiyyat və nəşriyyat üzərində senzura rolunu oynayan «Qlavlit» yarandı, 1933-dən həmin quruma mətbuatda hərbi və dövlət sirlərini qorumaq səlahiyyəti də verilmişdi.
Yalnız ötən əsrin 70-80-cı illərində – Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi illərində mətbuata ideoloji basqılar nisbətən azaldı, qəzet və jurnalların müstəqilliyi xeyli dərəcədə təmin olundu. Ulu öndərin prinsipial və qətiyyətli mövqeyinə istinad edən respublika mətbuatı o illərdə müxtəlif sahələrdəki problemlərlə bağlı çox cəsarətli, qətiyyətli yazılar dərc edirdi. Cəmiyyətdəki nöqsanlar əksər hallarda kəskinliyi ilə oxucuların diqqətinə çatdırılır, inkişafa mane olan amillər açıq göstərilirdi. Ulu öndər Heydər Əliyev demokratik ruhlu rəhbər kimi mətbuata müsahibəsində cəmiyyətin bu və digər nöqsanlarını açıq qeyd edirdi. Məsələn, 1981-ci ildə «Literaturnaya qazeta»da dərc olunmuş məşhur «Qoy, ədalət zəfər çalsın!» sərlövhəli müsahibəsində Ulu öndər Heydər Əliyev sovet cəmiyyətinin nöqsanlarını, qlobal problemlərini açıb göstərmişdi.
Ümumilikdə, müəyyən ideoloji çərçivələrə, standartlara baxmayaraq sovet hakimiyyəti dövründə mətbuat nəzəriyyəsi inkişaf etdi, jurnalistika müstəqil elm sahəsi kimi dərindən öyrənilməyə başladı, o zamankı Azərbaycan Dövlət Universititetinin nəzdində jurnalistika fakültəsi yarandı. Həmin dövrdə jurnalistikada yeni janrlar, yeni inkişaf təmayülləri formalaşdı. Etiraf etməliyik ki, milli mətbuatımızın inkişafında böyük xidmətləri olan, təcrübələrini bu gün də gənc nəslə bölüşən orta və yaşlı nəsil jurnalistlər məhz sovet illərində yetişiblər.
Nəhayət, jurnalistikamızın inkişafında dördüncü əsas mərhələ ötən əsrin 90-cı illərinin əvvəllərinə - Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrə təsadüf edir. Etiraf etməliyik ki, müstəqilliyin ilk illərində müəyyən obyektiv və subyektiv səbəblər üzündən ölkənin yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişdilər. Həmin dövrdə ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-iqtisadi və psixoloji durum, iqtisadi tənəzzül fikir, söz, mətbuat azadlıqlarının təmin edilməsinə, ciddi maneələr yaradırdı. Mövcudluğunu qoruyub saxlamağa çalışan o zamankı iqtidar çıxış yolunu yeni təşəkkül tapmaqda olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə görürdü. 1992-ci ildə hərbi senzuranın tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı.
- Müstəqillik illərində mətbuatın ictimai nəzarət institutu kimi yeni demokratik cəmiyyət quruculuğu prosesindəki rolunun gücləndirilməsi baxımından umummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən islahatların əhəmiyyəti nədən ibarət olmuşdur?
- Ümummilli lider Heydər Əliyev demokratik dəyərləri, insan hüquq və azadlıqlarını, sosial ədalət prinsipini uca tutan rəhbər kimi kütləvi informasiya vasitələrinin cəmiyyətdəki roluna hər zaman böyük önəm verirdi. Ümummilli liderin rəhbərliyi altında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edildi. Bu müddəanın Konstitusiyaya daxil edilməsi Azərbaycanın demokratik inkişaf kursu ilə yanaşı, respublikamızın qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlirdi.
Ulu öndər Heydər Əliyevin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük, tarixi xidməti 1998-ci ildə KİV üzərində senzuranın tamamilə ləğvidir. Orta və yaşlı nəslin nümayəndələri həmin dövrün qəzetlərindəki ağ zolaqları yaxşı xatırlayırlar. Senzuranın mövudluğu şəraitində medianın müstəqilliyindən danışmaq, əlbəttə ki, mümkün deyildi. Belə bi şəraitdə Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixdə imzaladığı «Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında» Fərman kütləvi informasiya vasitələrinin inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda mühüm addım oldu. Həmin fərmanla 1966-cı il 27 oktyabr tarixdə yaradılan və Azərbaycanın bütün informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv olundu. Bu qətiyyətli addım 1875-ci ildə «Əkinçi» qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi, yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanların açılması demək idi.
Həmin dövrdə Azərbaycanın özünün iqtisadi imkanlarının nisbətən zəif olmasına baymayaraq, Ulu öndər Heydər Əliyev maliyyə vəziyyəti ağır olan qəzetlərə maddi-texniki dəstəyin göstərilməsi təşəbbüsü ilə çıxış edirdi. 90-cı illərin ortalarında qəzetlərə birdəfəlik yardımlar, subsidiyalar verilmişdi. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli fərmanı «2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı» jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, kütləvi informasiya vasitələrinin istehsalı və yayımı ilə əlaqədar problemlərin həlli məqsədilə Əlaqələndirmə Şurasının yaradılmasını önə çəkirdi. Eyni zamanda, proqramda KİV subyektləri tərəfindən dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəsi və telefon rabitəsi üzrə müəyyən olunmuş tariflərin minimum məbləğdə ödənilməsi nəzərdə tutulmuşdu.
Ümumilikdə, Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş 7 dekabr 1999-cu il tarixli «Kütləvi İnformasiya Vasitələri haqqında», 19 iyun 1998-ci il tarixli «Məlumat azadlığı haqqında», 10 iyun 1997-ci il tarixli «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında», 3 aprel 1998-ci il tarixli «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» və digər qanunlar mətbuatın azad və müstəqil fəaliyyətinin təmin edilməsi sahəsində yaxşı imkanlar açdı.
Milli Məclisin 2001-ci il 13 mart tarixində «Gömrük tarifi haqqında» qanuna etdiyi dəyişikliyə əsasən, kütləvi informasiya vasitələri məhsullarının ixracına, habelə fəaliyyətinin təşkili üçün idxal etdikləri avadanlıq, zəruri xammal və digər vasitələrə görə gömrük rüsumundan, o cümlədən əlavə dəyər vergisindən azad edildilər. Sonrakı mərhələdə Ulu öndərin humanist addımlarından biri də çoxlu sayda qəzetin «Azərbaycan» nəşriyyatına olan borclarının 2005-ci ilədək dondurulması oldu. Bu addım, faktiki olaraq, bir çox qəzetləri tamamilə qapanmaq təhlükəsindən xilas etdi.
2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi kütləvi informasiya vasitələrinin təsis olunmasını və onlardan istifadə qaydalarını qat-qat asanlaşdırdı, bu sahədəki bürokratik əngəlləri tamamilə aradan qaldırdı. Azərbaycanda mətbu nəşrlərin qeydiyyatı ilə bağlı icazə sistemi aradan qalxıb və da inkişaf etmiş bir sıra Qərb ölkələrinin mətbuata dair qanunvericilik təcrübəsinə əsaslanır. Qeydiyyat sahəsində əngəllərin aradan qalxması söz azadlığı qarşısında baryerlərin əsaslı şəkildə aradan qalxmasını təmin etdi.
Ölkə rəhbərliyi
demokratik inkişafın qarantı qismində
çıxış etdiyi üçün mətbuatda
özünütənzimləmə funksiyasını həyata
keçirən Mətbuat Şurasının
yaradılmasını mətbuat nümayəndələrinin
öz öhdəsinə buraxdı. 2003-ci ilin martında ölkə
jurnalistlərinin birinci qurultayında Mətbuat Şurası təsis
edildi.
Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan mətbuatının
yubileylərinin keçirilməsi kimi mütərəqqi ənənənin
əsası da məhz Ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulub. Hələ 2000-ci ildə ulu öndərin müvafiq
sərəncamı ilə Azərbaycan milli mətbuatının
yaranmasının 125 illik yubileyi təntənəli şəkildə
qeyd edilmişdi. Ulu öndər həmin tədbirdə
dərin məzmunlu geniş nitq söyləyərək mətbuatımızın
qarşısında duran vəzifələrdən söz
açmışdı.
Ümummilli lider bütün bunlarla yanaşı, ölkə
mətbuatının qüsurlarını, problemlərini də
hər zaman açıq şəkildə bildirir, jurnalistləri
milli-mənəvi, etik dəyərlərə riayət etməyə
çağırırdı. Ulu öndər Heydər
Əliyev Yeni Azərbaycan Partiyasının 1999-cü və
2001-ci ildə keçirilmiş birinci və ikinci
qurultaylarında kütləvi dövlətin informasiya vasitələrinin
fəaliyyətinin daha da müstəqilləşməsi,
demokratikləşməsi istiqamətində
apardığı siyasətin hüquq islahatlarının
ayrılmaz hissəsi olduğunu vurğulamış, bu sahədə
qarşıda duran vəzifələrdən söz
açmışdı.
- Son illər
Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinin
qlobal informasiya əsrinin tələblərinə
uyğunlaşdırılması istiqamətində atılan
addımlar barədə nə demək istərdiniz?
- Mətbuat
cəmiyyətin aynasıdır. Bu mənada, mətbuat
dövlətin iqtisadi imkanlarına və ictimai şüurun
yetkinlik səviyyəsinə uyğun olaraq təkmilləşir,
dövrün aktual çağırışlarını
düzgün dəyərləndirə bilir. Müstəqil Azərbaycan demokratik inkişaf yolu
seçən ölkə kimi mətbuatın dövlət və
cəmiyyət həyatındakı roluna mühüm önəm
verir, onun müstəqilləşməsi, mövcud problemlərinin
həlli istiqamətində ardıcıl tədbirlər həyata
keçirir. Bunun nəticəsi olaraq Azərbaycan
metbuatı inkişaf yolundadır.
Hüquqi dövlət və açıq cəmiyyət
quruculuğu yolunu seçən respublikamızın qlobal
informasiya məkanına daxil olması cəmiyyətin
informasiyaya olan tələbatının daha dolğun şəkildə
ödənilməsinə, kütləvi informasiya vasitələrinin
fəaliyyətinin təkmilləşdirilməsinə və
müasir dövrün tələblərinə
uyğunlaşdırılmasına ehtiyac yaradır. Dövrün
tələblərinə uyğun olaraq bu ehtiyacı
düzgün dəyərləndirən ölkə rəhbərliyi
kütləvi informasiya vasitələri ilə dövlət
qurumları arasında səmərəli əməkdaşlıq
münasibətlərinin inkişaf etdirilməsi, hüquqi
dövlət və vətəndaş cəmiyyəti quruculuğu
prosesində onların rolunun gücləndirilməsi məqsədi
ilə mühüm tədbirlər həyata keçirir.
Bu gün internet azadlığı şəraitində
ölkədə söz və mətbuat azadlığına
hansısa maneə yoxdur, jurnalistlər istədiklərini
mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə
çatdırırlar.
Kütləvi informasiya vasitələrinin son 12 ildə
dinamik inkişaf yolu keçməsi Ulu öndərin mütərəqqi
ənənələrinin layiqli davamçısı – Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi
xidmətləri ilə bağlıdır. Möhtərəm
Prezident İlham Əliyev respublikada kütləvi informasiya
vasitələrinin sərbəst fəaliyyətinin təmin
edilməsinə, jurnalistlərin öz iradələrini azad
şəkildə ifadə etmələrinə yönəlmiş
bütün mütərəqqi təşəbbüsləri
dəstəkləyir. Dövlətimizin rəhbəri
milli mətbuatımızın qabaqcıl dövlətlərin
mütərəqqi ənənələrinə əsaslanmaqla
və xalqımızın tarixi-milli xüsusiyyətlərini
qorumaqla inkişaf etdirilməsini vacib sayır.
Milli mətbuatın
130 və 135 illik yubileylərinin dövlət səviyyəsində
qeyd edilməsi, 2005-ci ildə «Əməkdar jurnalist» fəxri adının
bərpası, yüzlərlə jurnalistin yüksək fəxri
adlara, təltiflərə layiq görülmələri, qəzetlərə
birdəfəlik maliyyə yardımlarının edilməsi və
digər mühüm tədbirlər ölkə rəhbərinin
mətbuata qayğısını əyani şəkildə
nümayiş etdirdi. Mətbuatın maddi-texniki bazasının
möhkəmləndirilməsi məqsədilə ölkə
başçısının 2006-cı il fevralın 8-də
imzaladığı «Qəzetlərin Azərbaycan nəşriyyatına
olan borclarının ödənilməsi barədə» Sərəncama
əsasən, qəzetlərin «Azərbaycan» nəşriyyatına
olan 450 min ABŞ dolları məbləgində borcu dövlət
büdcəsi hesabına ödənildi. Xüsusi
qeyd etmək lazımdır ki, borcları ödənilən qəzetlər
sırasında müstəqil və müxalifyönlü qəzetlər
çoxluq təşkil edirdi.
-
Vüqar müəllim, Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılması hansı zərurətdən irəli gəlirdi?
- Qeyd
etdiyim kimi, Azərbaycanda mətbuata dövlət
qayğısı ölkəmizin demokratik
inkişafının mühüm tərkib hissəsinə
çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı
ilə «Azərbaycan Respublikasında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
konsepsiyası"nın təsdiq edilməsi mətbuata
dövlət qayğısının ardıcıl və
sistemli şəkildə həyata keçirilməsi istiqamətində
mühüm addım oldu. Konsepsiyanın
imzalanması dövlət orqanları ilə kütləvi
informasiya vasitələri arasında səmərəli əməkdaşlıq
münasibətlərinin inkişaf etdirilməsi, kütləvi
informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və
jurnalistlərin peşəkarlığının
artırılması, vətəndaş cəmiyyəti
quruculuğunda kütləvi informasiya vasitələrinin
rolunun gücləndirilməsi məqsədindən irəli gəlirdi.
Həmin
Konsepsiyadan irəli gələn vəzifələrin gerçəkləşdirilməsi
məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 3 aprel 2009-cu il tarixli fərmanı ilə
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu yaradıldı. Fond son 6 ildə
həmin Konsepsiyadan irəli gələrək mətbuatın
maddi-texniki bazasının möhkəmləndirilməsi,
jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi
və sosial vəziyyətlərinin
yaxşılaşdırılmasına xidmət edən
çoxsaylı layihələr həyata keçirir.
Onu da
bildirim ki, Fond yeni yaradılmış qurum kimi hansısa
mövcud ənənəyə, praktiki iş təcrübəsinə
istinad etmirdi və bütün işləri sıfırdan
başlamaq tələb olunurdu. Buna baxmayaraq, biz
Konsepsiya, eləcə də Nizamnamə ilə üzərimizə
düşən vəzifələrin uğurla həyata
keçirilməsini təmin etmək üçün tamamilə
şəffaf və işlək mexanizmlər
formalaşdıra bildik.
-
Konsepsiya ilə Fond qarşısında müəyyənləşdirilmiş
mühüm vəzifələrdən biri də jurnalistlərin
peşəkarlığının artırılması,
redaksiyaların fəaliyyətinin müasir dövrün tələblərinə
uyğun təkmilləşdirilməsidir. Bu
istiqamətdə hansı işlər görülür?
- Cəmiyyətin
maraqlarını ifadə edən demokratik mətbuatın
formalaşması üçün, ilk növbədə,
peşəkar jurnalistlərin yetişdirilməsinə
xüsusi diqqətlə yanaşmaq lazımdır. Eyni zamanda, mətbuatın müasir dövrün tələblərinə
uyğun fəaliyyətində redaksiyalardakı mövcud vəziyyət
mühüm rol oynayır. Ötən 6 ildə
Fond məhz bu reallıqlarddan çıxış edərək
səmərəli layihələr həyata keçirir. Qəzetlərə metodiki və konsultativ xarakterli
yardımlar göstərilir, bu məqsədlə treninqlər,
görüşlər, konfranslar keçirilir. Layihə sənədlərinin və hesabatların
hazırlanması, habelə layihələrin icrası ilə
bağlı jurnalistlərə lazımi tövsiyələr
verilir.
Kütləvi informasiya vasitələrinin səmərəli
fəaliyyətinə zəruri təşkilati-texniki dəstəyin
göstərilməsi də diqqət mərkəzindədir. Fond Konsepsiyada
əksini tapmış 19 istiqamət üzrə layihələrin
həyata keçirilməsi məqsədilə ildə 2 dəfə
KİV-lər üçün müsabiqə elan edir. Bu müsabiqələrin şərtlərinə
cavab verən qəzetlər həmin istiqamətlər üzrə
6 ay ərzində layihələr icra edirlər. Fond həmin layihələrin monitorinqini həyata
keçirir və hər ayın sonunda qəzetlərə
növbəti maliyyə vəsaitini ayırır.
Fondun
maliyyə vəsaiti hesabına gündəlik,
günaşarı və həftəlik qəzetlərdə hər
il 6 min səhifədən çox layihə
materialı dərc olunur. Fondun maliyyə dəstəyi
ilə icra edilən layihə mövzuları cəmiyyət həyatının
bütün vacib sahələrini əhatə edir. Vətəndaş
cəmiyyəti, hüquqi dövlət quruculuğu; fikir,
söz və məlumat azadlığının, plüralizmin
inkişaf etdirilməsi; Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi haqqında həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması; Azərbaycanın
dünya birliyinə inteqrasiyası; Azərbaycanın dövlətçilik
tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği, gənc nəslin milli mənlik şüurunun
inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin
tərbiyəsi, regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi və
mühüm əhəmiyyət kəsb edən digər
mövzular mətbuatda geniş
işıqlandırılır, təhlil edilir.
Ümumiyyətlə, Fondun maliyyə yardımı
hesabına ötən illərdə bir çox qəzetlər
maddi-texniki bazalarını gücləndiriblər. Eyni zamanda,
peşə fəaliyyəti ilə bağlı zəruri
texniki vasitələr və avadanlıqlar alınaraq jurnalistlərə
paylanılıb, bəzi qəzetlərin internet
portallarının yenilənməsinə köməklik
göstərililib.
Fond jurnalistlərin peşəkarlığının
yüksəldilməsinə, habelə mətbuatda və
televiziyada ədəbi dilin normalarının qorunmasına xidmət
edən layihələri də uğurla reallaşdırıb. Fondun maliyyə dəstəyi
ilə hər il "Azərbaycan mətbuat məkanında ədəbi
dilin qorunması", "Azərbaycan teleradio məkanında
ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının
artırılması" mövzusunda layihələr həyata
keçirilir. Layihələr 6 ay müddətində
icra edilir, aparılan monitorinqlər zamanı Azərbaycan media
və teleradio məkanının dil problemləri
araşdırılır, onun tənzimlənməsi yolları
müzakirə edilir, müvafiq təkliflər verilir.
Fond
kütləvi informasiya vasitələrinin potensialından
dövlət və cəmiyyət üçün prioritet təşkil
edən məsələlərin həllində səmərəli
istifadə edilməsi, jurnalistlərin peşəkarlığını
artırılması, onların sosial müdafiəsini gücləndirilməsi
məqsədilə il ərzində 3 dəfə - Novruz
bayramı, Azərbaycan Milli Mətbuatının
yaranmasının ildönümü, 31 dekabr Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə
fərdi jurnalist yazıları müsabiqəsi təşkil
edir.
Yalnız
2014-cü ildə Fond bu müsabiqələrdən əlavə
Nizami, Binəqədi, Sabunçu, Səbail rayon icra hakimiyyətləri,
Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil
nazirlikləri, Azərbaycan Futbol Federasiyaları
Assosiasiyası ilə birgə 7 əlavə jurnalist müsabiqəsi
təşkil edilib. Ötən il ərzində
keçirilmiş 10 müsabiqədə 650 nəfər
jurnalist iştirak edib, onlardan 336 nəfəri qalib olub. Milli mətbuatın 140 illik yubileyi münasibətilə
Fondun keçirdiyi növbəti müsabiqənin nəticələri
isə iyulun 20-də açıqlandı və 111 nəfər
jurnalist ikiqat bayram sevinci yaşadı.
Kütləvi informasiya vasitələri ilə dövlət
və cəmiyyət arasında münasibətlərin
inkişaf etdirilməsi məsələsi də Fondun Nizamnaməsində
əksini tapmış mühüm məsələlərdəndir. Biz ötən
illərdə bu məsələni daimi diqqət mərkəzində
saxlayaraq bir sıra mərkəzi və yerli icra hakimiyyəti
orqanları ilə mətbuat-cəmiyyət münasibətlərinin
inkişafına xidmət edən tədbirlər
keçirmişik. Təkcə 2014-ci ildə Fondun təşəbbüsü
ilə İmişli, Şəmkir və Xaçmaz rayon icra
hakimiyyətləri ilə birgə "Yerli icra hakimiyyəti
orqanları ilə kütləvi informasiya vasitələri
arasında əməkdaşlığın inkişaf etdirilməsi"
və "İnformasiya əldə etmək haqqında"
qanunun şərhi sahəsində region KİV-nin maarifləndirilməsi"
mövzularında konfranslar keçirilib. Belə
görüşlər dövlət qurumları ilə kütləvi
informasiya vasitələri arasında qarşılıqlı
etimadın güclənməsinə, sivil əməkdaşlığın
formalaşmasına şərait yaradır.
Fond
ictimai əhəmiyyətini və müsbət nəticələrini
nəzərə alaraq belə tədbirlərin davam etdirilməsini
2015-ci il üzrə fəaliyyət planına
daxil edib. Hesab edirik ki, belə tədbirlərin
keçirilməsi ölkənin aparıcı mətbuat
orqanları ilə müxtəlif icra strukturları arasında
normal münasibətlərin formalaşması
baxımından vacibdir.
-
Vüqar müəllim, ölkə
başçısının müvafiq sərəncamları əsasında
son illər jurnalistlərin mənzil-məişət
yaxşılaşdırılması məqsədilə 1
yaşayış binası inşa olunaraq istifadəyə
verilib, digərinin inşası davam etdirilir. Bununla
bağlı oxucularımıza məlumat verməyinizi istərdik.
- Əvvəla demək istərdim ki, jurnalistlər
üçün dövlət büdcəsi hesabına
yaşayış binasının inşa edilməsi dünyada
analoqu olmayan addımdır və Azərbaycanda mediaya yüksək
dövlət qayğısının mövcudluğunu bir daha
təsdiqləyir. Ölkə başçısı 2010-cu il
iyulun 22-də jurnalistlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə
yaşayış binasının inşasını nəzərdə
tutan sərəncam imzaladı. Sərəncamla
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı.
Səbail rayonu Bayıl qəsəbəsi, 20-ci sahə ərazisində
17 mərtəbəli, iki girişli, 156 mənzilli
yaşayış binası inşa edilərək 2013-cü il
iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin iştirakı ilə jurnalistlərə təhvil
verildi. Ölkə başçısı elə həmin
gün - 22 iyul 2013-cü il tarixdə
"Azərbaycan mətbuat işçilərinin sosial
müdafiəsinin gücləndirilməsinə dair əlavə
tədbirlər haqqında" ikinci sərəncamı
imzalamaqla jurnalistlərin bayram ovqatına əlavə sevinc
qatdı.
Sərəncama
əsasən, hazırda Səbail rayonu Bayıl qəsəbəsi,
20-ci sahə ərazisində 17 mərtəbəli, 3
girişli, 255 mənzilli yaşayış binasının
tikintisi davam etdirilir. Yaşayış
binasının 2016-cı ilin sonunda istifadəyə verilməsi
nəzərdə tutulur.
-
Vüqar müəllim, Sizcə, keyfiyyətcə yeni mərhələdə
ölkə mətbuatının üzərinə düşən
vəzifələr nədən ibarətdir?
- Azərbaycanın
iqtisadi imkanları yüksəldikcə, kütləvi
informasiya vasitələrinə göstərilən dövlət
qayğısı da artır. Bu gün Azərbaycanda
kütləvi informasiya vasitələrinin azad, müstəqil
şəkildə fəaliyyət göstərmələri
üçün hər cür şərait yaradılıb.
Əminliklə demək olar ki, Azərbaycanda
media üçün yaradılmış bu şəraitə
yalnız dünyanın inkişaf etmiş ölkələrində
rast gəlmək olar. Ölkəmizdə
internet və sosial şəbəkələr üzərində
hər hansı inzibati nəzarət yoxdur və bu da
medianın müstəqilliyinin daha bir göstəricisidir.
Sərhəd, məkan, zaman tanımayan qlobal
informasiya mühiti şəraitində ölkə mətbuatı
fəaliyyətinin yeni aktual çağırışlara
uyğun qurur.
Hazırkı şəraitdə Azərbaycan dövlətin
mətbuatdan başlıca gözləntiləri milli informasiya
məkanın təhlükəsizliyini qorumaq, dövlətin,
xalqın maraqlarını daim uca tutmaq, peşə
etikasına riayət etmək, obyektivlik, qərəzsizlik
prinsipini qorumaqdır. Dövlət başçısı cənab
İlham Əliyev hələ 2010-cu ildə media rəhbərləri
ilə görüşərkən, mətbuatda milli
maraqların qorunması, ölkə həqiqətlərinin
dünya ictimaiyyətinə daha dolğun
çatdırılması ilə bağlı dəyərli
tövsiyələrini açıqlamışdı. Bu zərurət təkcə Azərbaycanın
müharibə şəraitində yaşaması, ərazisinin
20 faizinin işğal altında olması ilə şərtlənmir.
Nəzərə almalıyıq ki, hazırda bütün
planeti təsiri altına alan qloballaşma
prosesi bir sıra mütərəqqi cəhətləri ilə
yanaşı, xalqların tarixən formalaşmış dəyərlər
sisteminə təhdidlər doğurur. Belə bir şəraitdə
KİV-də milli-mənəvi və əxlaqi dəyərlərə
lazım olduğundan daha az diqqət
yetirilməsi mənəvi aşınma prosesinə rəvac
verə bilər.
Təəssüf
ki, bu gün ifrat siyasiləşmiş qəzetlər, habelə
xarici dairələrin təsiri altına düşmüş
jurnalistlər qərəzsizlik, obyektivlik, vicdanlılıq,
hadisələrə obyektiv baxış kimi başlıca
prinsipləri mütəmadi qaydada pozur, ayrı-ayrı
dövlət məmurlarının, ictimai-siyasi xadimlərin, vətəndaşların
şərəf və ləyaqətinə toxunan yazılar
yazırlar. Xaricdən maliyyələşən
bəzi qəzetlər hətta Azərbaycan xalqının
dövlətçilik maraqlarına və milli mənafelərinə
zidd olan yazılar dərc etməkdən də çəkinmirlər.
Anti-azərbaycançı şəbəkənin
əlində vasitəyə çevrilən, düşmən
«dəyirmanına su tökən» bu qəzetlər
üçün milli maraq məhfumu da yoxdur.
Ölkəmiz
üçün müstəsna əhəmiyyət kəsb edən
ilk Avropa Oyunları ərəfəsində bir daha bunun əyani şahidi
olduq. Azərbaycana qarşı birləşən müəyyən
xarici və daxili qüvvələr bu Oyunları qısa
zamanda yüksək səviyyədə təşkil etməyi
bacarmış Azərbaycana qarşı ifrat qərəzli
kampaniya aparmağa başlasalar da, çirkin məqsədlərinə
nail ola bilmədilər. Azərbaycanın
vətənini, dövlətini sevən kütləvi
informasiya vasitələri bu qərəzli dairələrə
kifayət qədər tutarlı cavab verərək milli
maraqlara sadiqliklərini sübuta yetirdilər. İlk Avropa Oyunları zamanı Azərbaycan
jurnalistlərinin yüksək peşəkarlığı,
operativliyi, vətənpərvərliyi təsdiqini tapdı.
Ölkə KİV-ləri bu oyunlar zamanı
üzərilərinə düşən məsuliyyətin
öhdəsindən layiqincə gəldilər.
Hesab edirəm ki, ölkənin iqtisadi imkanlarının
artdığı, demokratikləşmə prosesinin keyfiyyətcə
yeni mərhələyə qədəm qoyduğu
hazırkı şəraitdə mətbuatın üzərinə
düşən vəzifələr nisbətən fərqli
mahiyyət kəsb etməyə başlayır. Yeni mərhələnin
siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə
rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini
artırır. Bu gün ölkə
ictimaiyyət ölkənin taleyüklü məsələlərinə
münasibətdə mətbuat nümayəndələrindən
daha yüksək prinsipiallıq, vətəndaş mövqeyi,
milli təəssübkeşlik tələb edir. Sevindirici haldır ki, qeyd olunan meyarlar Azərbaycan
mediasının yeni keyfiyyət göstəricisinə
çevrilir.
İnanırıq ki, ölkə başçısı
cənab İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən çoxşaxəli, səmərəli siyasətin
məntiqi nəticəsi olaraq mətbuatımız daha da
saflaşacaq, təkmilləşəcək, peşəkar
jurnalistika prinsipləri ilə çalışaraq cəmiyyətin
obyektiv informasiya ilə təminatında öz
sözünü deyəcəkdir.
Sonda media nümayəndələrini Azərbaycan milli mətbuatının
140 illik yubileyi münasibətilə ürəkdən təbrik
edir, onlara yeni-yeni yaradıcılıq nailiyyətləri arzu
edirəm.
bilmədilər.
Azərbaycanın vətənini, dövlətini
sevən kütləvi informasiya vasitələri bu qərəzli
dairələrə kifayət qədər tutarlı cavab verərək
milli maraqlara sadiqliklərini sübuta yetirdilər. İlk Avropa Oyunları zamanı Azərbaycan
jurnalistlərinin yüksək peşəkarlığı,
operativliyi, vətənpərvərliyi təsdiqini tapdı.
Ölkə KİV-ləri bu oyunlar zamanı
üzərilərinə düşən məsuliyyətin
öhdəsindən layiqincə gəldilər.
Hesab edirəm ki, ölkənin iqtisadi imkanlarının
artdığı, demokratikləşmə prosesinin keyfiyyətcə
yeni mərhələyə qədəm qoyduğu
hazırkı şəraitdə mətbuatın üzərinə
düşən vəzifələr nisbətən fərqli
mahiyyət kəsb etməyə başlayır. Yeni mərhələnin
siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə
rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini
artırır. Bu gün ölkə
ictimaiyyət ölkənin taleyüklü məsələlərinə
münasibətdə mətbuat nümayəndələrindən
daha yüksək prinsipiallıq, vətəndaş mövqeyi,
milli təəssübkeşlik tələb edir. Sevindirici haldır ki, qeyd olunan meyarlar Azərbaycan
mediasının yeni keyfiyyət göstəricisinə
çevrilir.
İnanırıq ki, ölkə başçısı
cənab İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən çoxşaxəli, səmərəli siyasətin
məntiqi nəticəsi olaraq mətbuatımız daha da
saflaşacaq, təkmilləşəcək, peşəkar
jurnalistika prinsipləri ilə çalışaraq cəmiyyətin
obyektiv informasiya ilə təminatında öz
sözünü deyəcəkdir.
Sonda media nümayəndələrini Azərbaycan
milli mətbuatının 140 illik yubileyi münasibətilə
ürəkdən təbrik edir, onlara yeni-yeni
yaradıcılıq nailiyyətləri arzu edirəm.
Yeni Azərbaycan.-2015.-
22 iyul.- S. 6.